Babasının komasında alıb ilk nəfəsi: Bu komada qurulub ilk beşiyi; burdan başlayıb ilk gecəsi, burda açılıb ilk gündüzü. Bu koma olub şeirinin ilk sözü, ilhamının mayası. Babasının dəyəsi olub könlünün bu həyatla ilk böyük qafiyəsi. Bir ömür yollarında ağır duyğularından daşıdığı yükü o koma verib ona. O koma olub evinin də kökü, şeirinin də kökü. İndi sahibsizdir o koma, kimsəsizdir:

 

“Sənə salam verən yox.

Nə gələn, nə gedən var.

İndi uçuq qapını tıqqıldadar yağışlar.”

 

İlk mənzili, ilk yuvası, laylalar dünyası: ümidlər, arzular, diləklər yuvası... Hər xalı bir ümid, güman olan ana laylasından ruhuna axan doğma vətəninə könül ziyarətinə gedən şair, təzə küçələrdə rahatlıqla gəzsə də, təzə evləri könül xoşluğu ilə seyr etsə də, gözləri ilk mənzilini, ilk yuvasını - uşaqlığından nişanə qalan beşiyini axtarır; şairə məhəbbət aşılayan, dünyanın zövqünü, səadətini ona daddıran beşiyi: 

 

“Bizim anaların laylalarından

Axdı ruhumuza Vətənin özü.

Beşik kökümüzdür...Ucalıb ordan

tanıdaq dünyaya öz kökümüzü!”

 

Soy-kökünü, doğma dilini bəyənmədiyindən öz övladını əcnəbi dildə oxutduran, lakin övladlarımıza ana dilində “Vətən”, “Vətən” deyə dərs keçən "ağıllı" müəllimlərimizin  riyakarlığına kim hayqırmaz?

 

“Niyə özümüzü ögey sayaq biz?

Niyə atamızı tanımayaq biz?

Özgəni sevirsən? İnanmıram mən!

Özünü sevməyən özgəni sevməz.

Vətənin dilinə gərəksiz deyən

Vətənin özünü necə sevir bəs?”

 

Bu günü dünənlə görüşdürən “Anamın kitabı”... Cəlilin çaldığı sarı simlərin havasında Azərbaycanın halı, şairin nəzərində bir təmsil misalı: ortada bir araba: xərcəng çəkir quruya, ördək balıqlara, kor balıq - suya...

 

“Sənin timsalınmış bu hal, ey Vətən!

Talandı bir zaman dövlətin, varın...

Varlıykən əl açdın sən özgələrə.

Yadlar yox, Səni də öz övladların

Çəkdi üç tərəfə, çəkdi üç yerə. “

Üz çevirdik anadan: Heyrət etdi yaradan! “Ayağı altında torpaq görmədim Anadan üzünü çevirənlərin.” Ana bel bağladı övladlara, övladlar da yadlara. Beləcə çəkildik dara: yamaq olduq yadlara; qalandıq odlara... Qonşuya ümid olub şamsız qaldığımız  vaxtda, - 

 

“Anamın kitabı çatdı imdada,

Dedi: "özünə bax, əl açma yada;

Vaxt çatıb uzağı, yaxını tanı,

Bil, sənin əvvəlin, axırın nədir,

Vətən xəstədirsə, onun dərmanı

Kənarda deyildir, öz içindədir..."

 

Bunlar nağıl deyil, tarixdir; onu bizlər yaşadıq. Yaşadıq və anladıq: “Vətən qeyrətini çəkməyən oğul həm özünə yükdür, həm özgəsinə.” O zaman bəs nədən özgəyə tapınırıq özümüzü bilmədən?  “Əvvəl evin içi, sonra da çölü”. Ata deyiminə söykənərək doğma dilinə yad olub özgə kitablara ümid bağlayanlara səslənir şair:

 

“Niyə özümüzü ögey sayaq biz?

Niyə atamızı tanımayaq biz?

Özgəni sevirsən? İnanmıram mən!

Özünü sevməyən özgəni sevməz.

Vətənin dilinə gərəksiz deyən

Vətənin özünü necə sevir bəs?”

 

Vətəni sevmək - xalqı sevməkdir, insanlığı, haqqı sevməkdir: Bunlar böyük əməkdir. Şairə görə, Xalq - bir dəryadır: “Ən böyük dəryanın birdir sahili. Onu hər tərəfdən döyər dalğalar”. İnsan haqqı qoruyar. İnsana yaraşmaz “mənə nə var?!”lar:

 

"Mənə nə var?!" dedin. Düzmü dedin sən?

Birləşir axırda ən uzun yollar.

Kənara çəkilmə, bil ki, bu gündən

Bu gün mənə varsa, sabah sənə var.

Daşqın böyrü üstə yıxsa bir dağı,

Yanındakı dağ da əyiləcəkdir.

Bu gün yeyilirsə birinin haqqı,

Sabah da səninki yeyiləcəkdir.”

 

Sinəsində at oynaqlayan Cıdır düzü! Üstündə nal ləpiri möhür bağlayan Cıdır düzü - İgidliyin arayışı! Və döyüşlərdə Koroğlunun, Bayandurun arxası, kişnəyəndə gur səsinə hər kəsi heyran qoyan ceyran gözlü Qarabağ atı! Keçmişimizin bu günümüzə amanatı... Kişnərtisi hünərimizin kişnərtisi, toppuzların gurultusu, qılıncların parıltısı, neştər səsi:

 

“Cilovunu gəmirdimi, hünəriniz varsa əgər,

o qızmamış qamçıların hədəsinə dayandırın!

Kişnədimi, o uçacaq. Kişnərtisi - qanadları!”

Qamçı vurma! Qamçı yola gətirərmi cins atları?”

 

Nə vaxtdır Cıdır düzündə eşidilmir o atların kişnərtisi. Bu gün “Qırat”, “Dürat” igidliyi kitablara köçürülüb, yaddaşlarda unudulub. İndi o, yad ellərdə, yad əllərdə; ekzotikaya, eksponata çevrilib. Bu hala üzülən şair,  Koroğlunun Nigarına üz tutur:

 

“Hanı dəlilərin, a nənəm Nigar?

Namərdlər doğuldu bu zəmanədə.

Dədəsi kor olan qoç koroğlular,

özləri kor oldu bu zəmanədə.”

 

Şairin “Alı dədəmizin gözü kor oldu, çağdaş gədələrin özü kor oldu” kinayəsi Koroğlu dəlilərindən törəyən savadlı, bilikli "ağıllılar"ın “təəssübkeş”liyindən qaynaqlanır. Şair, Nigarın "fərasətimiz çatışmır, ağıllı olmalıyıq biz" nəsihətinə qarşıdır:

 

“Məni əyən ağlı istəmirəm mən.

Həmişə danışdıq yerli-yataqlı,

Niyə azalmadı bir dərya dərdim?

Bizi ehtiyata çağıran ağlı

Bir çimdik qeyrətə dəyişdirərdim.”   

Koroğlu dəlilərindən törəyən “çağdaş gədələr”in korluğundan söz edən şair, bu savadlı, bilikli “ağıllılar”ın ağıllarının hünərə deyil, kölə ehtiyata səcdə qıldığına heyifsilənir. Ağıl vaxtın havasına baş əyən hava bürosudur. Bunu da şair deyir. Şairə görə “ağıl”, “ağıl” - deyən boş nağılların dalında həmişə qorxu gizlənir; qorxu isə zəfərə gedən yolları qapayır. Odur ki, şair   

 

“Dünyada açılan bütün yolların

əvvəli qeyrətdir, axırı zəfər.

Bizə qeyrət gərək, bizə od gərək,

Ölümə getməyə istedad gərək” -  deyir.

        

Bu yerdə zirvələrə çatmaq üçün dərə keçib, təpə aşan xalqımızın yoluna ilk xəyanət daşını diyirlədən, üzündəki gülüşü ilə xəyanətin zəhərinə bal qatan, bir ölkənin göz yaşını axıdan - tariximizin varağını ləkələməklə anamızı ağladan, gəliri də, çıxarı da, mayası da, maskası da bilməcə olan xəyanətin boz kölgəsi, namərdliyin yol yoldaşı, kişiliyin qənimi  Səhl-Sumbat yada düşür: 

 

“Səhl-Sumbat! Xalq qəhrəmanı

Babəki düşmən əlinə verən.

Sata bildin nəyi nəyə, kimi kimə?

Tək olsaydın, heç adını tutmaz idim,

mikrob kimi ələnmisən tariximə.” 

        

Şair “Arazın bu tayı Vətənim, o tayı Vətənim” deməklə ikiyə bölünən Azərbaycanın  ağrı-acılarını da içindən keçirir. O taylı qardaşın məktubunu ürək ağrısıyla oxuyur; göz yaşlarını -  vətən dərdini ata malı kimi yarıya bölür. O tayda qalan vətənini, qardaşını görə bilmədiyinə üzülür:

 

“Bu necə vətəndir?

Görmədim üzünü, çatsam da bu yaşa.

Ömründə bir dəfə

bəs salam verməzmi qardaş da qardaşa?”

    

Dağlardan ağır gələn bu dərdiylə Arazın suyuna qarışıb axır şair; Füzuli həsrətiylə qürbətdən Vətənə baxdığı kimi, Vətəndən-Vətənə baxır...

         “Vətən uğrunda ölənlər ölümündən doğular”. Ömürdən sonrakı ömürdü şairin ömrü. Ömrü yaşamaq üçün bir ömrə qıymaq gərək; sözdə dirilmək gərək... Şairə görə, dünyanın əlindən dad çəkəndə xəyal kölgəsinə daldalananlardı əsl şairlər. Şahların, çarların saraylarından alçaq daxmaları uca sananlar, ölümdən, sürgündən qorxmayıb, yanıb özünü oda atanlar, zindanlar küncündə ürəyinin qanıyla söz yaradanlar, sinə dağı içində kama çatanlardı şairlər. Yana-yana qaranlıqları könül atəşilə işıqlandıranlardı, zülmün əlində naşı olan, əzabdan zövq alan zalimlər, cahillər tərəfindən alçaldıldıqca ucalandı şairlər... “Mənim kimi şairciklərin ilhamı az olur, iddiası çox!“ Bu da şairin etirafı...

Şair -  həqiqətin müğənnisi, zamanın sözü, cəmiyyətin üsyan səsi, haqqın güzgüsüdür. Şair – insanlığın özüdür. O, vətən məcnunudur, el məcnunudur:  

 

“Məcnunluq gözəldir!  "Bu nədir?" - deyə

Hər cahil anlamaz bu ülviyyəti,

Yazıq o kəsə ki, yoxdur bir şeyə

Nə sonsuz nifrəti, nə məhəbbəti!”

 

Qara gecələr qorxulu gəlmir şairə. Bilir ki, zülmətin təşvişi hədərdir, çünki səhər gecənin bağrından doğulur. Buna görə də eloğlularına baba kölgəsinə daldalanmağı, kül olub kül üstə qalanmağı, çillə quşu kimi gizli yanmağı deyil, əksinə baba ocağının odundan od alıb aşkar yanmağı tövsiyə edir. 

Əsl şairin vəzifəsi vətəni sevməkdir. Bunun üçün heç bir qayda-qanuna ehtiyac duymur şair, çünki məhəbbət ölçü, sərhəd tanımır. Odur ki, vətəni pul kimi cibinə dürtən rüşvət düşkünü rütbəli nadanların gözümüzə kül üfürərək “vətəni sevməyin "qaydaları"ndan danışmasına, dərs deməsinə qarşı çıxır: “Millətin adından danışan çoxdur, Millətin dərdinə alışan gərək”.

Şair azadlığı, səadəti öz haqqı sayır. İstiqlalı yolunda qurbanlar verib istəyinə çatan xalqımızın bu günü üçün uca Tanrıya dualar edir. Ayıq olmağımız üçün o iblisin, o şeytanın   ölmədiyinə, hələ də amirlik taxtından düşmədiyinə işarə edir:

 

“Ey xırda millətlər, ayıq olun siz;

Hələ çalxalanır bulanıq dəniz.

Verdiyi vədini tez unudan var,

Bulanıq sularda balıq tutan var.”

 

Nə doğru söz: Hər kəs şair ola bilməz. Şair olmayan gecə-gündüz dərd-ələm çəkməz:

 

“Bu ağrı gəlməsin çox yüngül sizə.

Bəlkə də ən zəif, ən kiçik şair

Böyük vətəndaşdır Vətənimizə...”

 

Şeir üçün söz yerdən yığılmır: Şair deyir; bunu bilək. Ona görə şairlərimizi kimsəylə dəyişməyək.  Yaxşı söz önündə əyilək. Şair bolluğundan şikayət etməyək. Bütün insanların şair doğulmasını nədən istəməyək? Şairlik sənətdir; sənət amalla başlar. Şairin amalı şeirdi. Tüfeylinin nə amalı?

 

“Şairin bədəni - bu ana torpaq,

Nəfəsi - xəzridir, qanı - Kür, Araz.

Çox şey Vətənsiz də yaşayır, ancaq

Şeirsə Vətənsiz, elsiz yaşamaz...”

 

İlk könül nəğmələrini Şəki pıçıldayıb şairin qulaqlarına. Şəki bəxş edib onu Azərbaycana:

 

“Həmişə mən sənin həndəvərində

uçan bir quşam.

Bir eldə doğulub xoşbəxtəm ki,

mən böyük bir vətənə oğul olmuşam...”

 

“Bəxtiyar” sözünün açımı xoşbəxt olmaq deməkdir. Yəni sədaqətli, bəxtəvər, məsud və uğurlu... Uğurların bol olsun, Vətən!

 "Ulduz"

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə