![]() |
![]() ![]() |
Dəniz... şair məzarı... güllər...
(Esse)
Kimsə dedi ki, hava çox istidir.
- Bu vaxt həmişə isti olur - başqa birisi dilləndi.
- Yox e, həmişə belə olmur, bu il başqadır, görmürsənmi ağacların yarpağı belə tərpənmir. Günəş başımızı qatıb qorabişirən ayı tez gətirib.
İsti yay günündə, ləngərlə yeriyən sərnişin avtobusunda söhbət məni çəkmir, notbukumu açıb xəbərləri izləyirəm.
Xəbərlər bolluğunda xeyli gəzişdikdən sonra, özümə aid olanını tapıram, onun üzərində dayanıram. Dostum demişkən, bu dünyada hər kəs öz xəbərini oxuyur.
Xəyal Rza şairlər gününü xəbər verən bir elan yerləşdirib. ”5 iyun – Bakıda V şairlər günü keçiriləcək. Tədbirə başqa ölkələrdən də qonaqlar dəvət edilib. Qonaqlar əvvəlcə fəxri xiyabanı ziyarət edəcək, sonra təntənəli tədbir və...”
Xəyal Rza bu elanı keçən il də vermişdi. Amma bilmirəm keçən il hava bu qədər istiydimi? Keçən il bu vaxtlar günəş insanları aldadıb qorabişirən ayı tez gətirmişdimi? Amma tədbir yadımdaydı, keçən ilki də, əvvəlkilər də. Hamısında iştirak etmişdim. Hər biri təntənəylə qeyd edilmişdi və bir zarafatcıl şair dostum demişdi ki, şairin günümü olur?!
Xəbərlər bolluğundan keçib yenidən “öz xəbərimi” bənd- bənd oxuyuram. 3-cü bənd: “Şairlər günü hər il görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günündə qeyd olunur. Saat 17- 30 da dənizə - Müşfiqin “məzar” ına gül səpiləcək”. Məzar sözü dırnaq içərisində yazılıb. Hər şey bəllidir... Dırnaq içərisində yazılıbsa demək xüsusidir, fərqlidir. Dırnaq içərisində yazılan məzar –məzarsızlıqdır, məzarsızlıq - dənizdir...
Müşfiq öz insan taleyiylə, yaradıcılığıyla dənizə çox bağlı idi. Tez-tez bağa gedib dəniz sahilində gəzər, saatlarla dənizə tamaşa edər, sonra əlindəki kağıza nələrisə qeyd edərmiş.
Görəsən, Müşfiqin məzarı dənizin hansı tərəfindədir? Hansı tərəfdən gül səpilərsə ruhuna daha yaxın olar? Ağlıma öz-özündən gəlir bu fikir, suala çevrilir. İsti yay günündə necə tapmaq olar bu sualın cavabını? Bəlkə, Xəyal Rzadan soruşum, görəsən bilirmi? Elanı o verib axı...
Özümü sakitləşdirirəm:”Gül səpərkən məlum olacaq”. Sonucda insan şüurunda bütün cavabsız sualların utopiyası var axı...
Dənizə tərəf gedən yollarda sərnişin avtobusları az –az gözə dəyir. Boş qalmış geniş küçədən tez – tez velosiped sürən idmançı komandaları gəlib keçir. Gözlədiyim marşrut görünmür, heç gələnə də oxşamır. Böyükdən - kiçiyə, kimdən soruşsan deyəcək ki, şəhərdə keçiriləcək Avropa oyunlarına görədir, marşrutlarda dəyişiklik edilib. Odur ki, daha heç kimdən marşrut, filan soruşmuram.
Yolumu dəyişib başqa istiqamətlə gedirəm, axtardığım ünvana. Nə fərqi var ki, əsas olan vaxtında çatmaqdır.
Nişan verilmiş ünvanda – dənizkənarı parkda ilk gözümə dəyən qırmızı güllər olur. Güllərin içərisində qərənfillər də var, qızılgüllər də, yabanı çöl çiçəkləri də. Gülləri yaşıl otların üzərinə qoyublar. Yaşıl otun üzərindəki rəngbərəng güllərdən gözəl bir natürmört alınıb. Fikrimdən keçir ki, bu il yaşıllıq boldur. “Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur” . Ruhum yenə də Müşfiqin yanına uçur. Müşfiq bu mənzərəni görsə yəqin ki, həzin lirik bir şeir yazar, şairlərin “anasını ağladardı”. O vaxt Səməd Vurğun yarı ciddi, yarı zarafat deyirmiş ki, şairlər içərisində təkcə qorxum Müşfiqdəndir.
Dənizin kənarında xeyli adam var. Ziyarətçilər bir-bir yığılırlar. Dəniz sakit-sakit ləpələnir, dalğalar qırçın –qırçındır. Bir az yorğun, bir az da da xoşbəxt görünür dəniz. Dənizi uzaqdan gözlərimə yığıram, ürəyim sərinləyir.
Dənizin kənarındakı qağayı qanadlarını çırpa-çırpa sahilə tərəf gəlir, yem axtarır. Ora- bura vurnuxub reallığa baş vurur, heç nə tapmayıb yenidən öz aləminə qayıdır.
Gözlərim bəyaz qanadlı qağayıda Müşfiqi düşünürəm. Müşfiq şair ömrü yaşadı, öz dünyasından, duyğularından ayrılmadı. Real həyatla cəmi bir dəfə baş –başa gəldi, real həyat onu daşıya bilmədi, haqsızlıq etdi. Cəmi 28 il yaşadı, ölümüylə şeiri qocalmağa qoymadı.
Kimsə dillənir:
- Qağayıya baxın, qəribə qağayıdır. Sahilə yaxınlaşmaq istəyir, amma adamlardan çəkinir, ehtiyat edir.
Müşfiq dar qəlbli, xəbis insanlardan ehtiyat edirdi, ancaq gec idi. O insanlar onun həyatında yad cisimlər idi. Bacarmadı onlarla, məkrli niyyətlərin qurbanı oldu. Ürəyimdən Müşfiqin şeirini oxumaq keçir. Yanımda dayanmış gənc şairə xanım sanki ürəyimi oxuyur:
Yenə o bağ olaydı...
Yenə yığışaraq siz
O bağa köçəydiniz.
Qızın gözləri qaynar və parlaqdır, baxışları dənizə tuşlanıb.
Ürəyimdən dənizə bir az da yaxınlaşmaq keçir. Otun üzərindəki gül dəstəsini dənizə səpələmək üçün səbirsizlənirəm. Amma adamların gözlədiyini görüb dözməli oluram.
Dənizin kənarı ilə gəzişən mühafizəçi şəstlə o baş – bu başa addımlayır. Üzündə qürurlu, bir qədər də ədalı təbəssüm var. Hiss etdirir ki, dəniz onu daha yaxşı tanıyır, ona daha doğmadır. “Dənizə çox yaxın getməyin,” - deyə yüngülcə xəbərdarlıq edir. Mühafizəçi real dünyanın adamıdır, bura toplaşan adamlarsa ruh adamlarıdır. Burda hər kəs ruhuna təslim olub, Mühafizəçi də bir qədər var-gəl etdikdən sonra gəlib yaxınlıqda dayanır.
Müşfiqin ruhu incidildi, günahsız yerə edam edildi. Amma Müşfiqin incidilmiş ruhu bu gün şaddır. Buna əminəm. Ürəyimdə bir çoşqu yaranır.
Dənizdən sərin meh əsir. Göyə doğru uzanmış ağacların budaqları xoşbəxtcəsinə yellənir.
- Kitab üçün başqa ad da seçə bilərdim, özüm “Qalanlara” olmasını istədim. Tədbirin təşkilatçısı Xəyal Rza əlindəki təzəcə çapdan çıxmış şeir kitabını yuxarı qaldırıb məlumat verir. Bu kitab Nurəngiz xanımdan sonra geridə qalanlara – oxucularına, yaxınlarına yadigar olsun. Fikrim çözələnir. Bu ilki “Şairlər günü” həm də Nurəngiz xanım Günün xatirəsinə həsr olunub. Nurəngiz xanım da ruh şairi idi.
Dodaqlarımda təbəssüm.
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək.
Nurəngiz Gün şeirininin misralarını ürəyimdə təkrarlaya-təkrarlaya Müşfiq haqqında oxuduqlarımı xatırlayıram.
“Müşfiq 1938 –ci ildə, 15 dəqiqəlik məhkəmədən sonra ölüm hökmünə layiq görüldü. Yanvarın 6-da hökm yerinə yetirildi. Güllələndikdən sonra şairin cəsədi Xəzər dənizinə atıldı. Məzarı Xəzər dənizidir”.
Əllərimizdə güllər dənizin başı üzərində, Müşfiqin məzarının başında dayanmışıq. Bura dənizin bir küncüdür. Dalğalar sahildəki kələ -kötür qayalığı sığallayır. Demək burada, şairlərin dənizə gül səpdiyi istiqamətdədir məzar. Özümü inandırıram ki, həqiqət dayandığımız yerdədir. Qəlbimdəki müəmmaları boğmağa çalışıram. Dənizin bu hissəsi şəhərə daha yaxındır, bura həm də gizlin yerdir. Burda sular da müəmmalıdır, sirli görünür.
Əllərimdən dənizə doğru uçuşan güllər, bir qədər keçmiş dənizin sularında üzür. Dalğalar gülləri bir-birinə ötürür, sonra ucsuz - bucaqsız ənginliklərə - Müşfiqin ruhuna aparır. Uzun müddət gözlərimi suların üzərində ləngər vuran güllərdən çəkə bilmirəm. Gözlərimi yumub güllərin səsini eşidirəm. Rəngbərəng, qəribə səslərdir, səsiz sözlərdir eşitdiklərim. Belə səsi ancaq fəhmlə duymaq olur, ya da gözlərini yumub görə bilərsən. Güllər məni başa salır, hər biri ehmalca, ləçək –ləçək, ayrı –ayrı səslərlə pıçıldayır: Müşfiqin məzarı dəniz boydadır, istiqaməti axtarma, özünü yorma. Dəniz boyda məzardır!