![]() |
![]() ![]() |
Əsgər zəminin kənarına gəlib çatanda hər tərəfə qəribə sakitlik çökmüşdü.
Elə bil bu dolub-daşan günəş rəngli sünbüllərin yaxınlıqdakı müharibədən, səs-küydən, ölüm-itimdən xəbəri yox idi. Dünənki ağır, üzücü gecədən sonra gördüyü mənzərədən əsgərin eyni açıldı, çəkməsinin bağını bərkitmək üçün yerə çökəndə, sol çəkməsinin burnunun ucunda qarışqa yuvası gördü. Yaxşı ki, tapdalamamışdı. Qarışqa yuvası torpaqdan çıxan bulaq kimi qaynayırdı. Yem daşıyan, səfərə çıxan, yükünü yerbəyer edən qarışqaların səliqə-sahmanı, nizam-intizamı əsgəri mat qoydu. Nədənsə uzaqdan hıqqına-hıqqına gələn yükü özündən ağır qarışqa diqqətini çəkdi. Görəsən gətirirdiyi nədi? Maraq onu bürüdü, yükün nə olduğunu bilmək üçün səbirlə gözlədi. Qarışqa son qüvvəsini toplayıb mənzil başına çatanda, yükünün qarışqa cəsədi olduğunu görəndə əsgər diksindi. Dünən ağır döyüşdən sonra geri çəkilmək əmri veriləndə canının hayına qaldı, yaralı dostunu qoyub qaçdı. Ancaq dostunun baxışlarından qaça bilmədi, dostunun gözlərinin şəkli gözlərində ilişib qaldı. Bu baxışlarda nə yalvarış vardı, nə qorxu, nə qəzəb... bunların heç biri yoxuydu, amma nəsə, nəsə bambaşqa bir hiss vardı. Qara qarışqa qara tərini silib yükünü yuvadan içəri saldı. Əsgərin ürəyi titrədi, içində qara qarışqacan olmadığını andıran naməlum bir hiss baş qaldırdı. Əsgər qorxunu adladı, ölümü gözə alıb döyüş meydanına – yaralı yoldaşının arxasınca yollandı...