![]() |
![]() ![]() |
Şair-publisist Xəyal Rzanın doğum gününün 35-ci ilinə!
Hərdən düşünürəm ki, görəsən insana öz taleyini seçmək, özünə bəxt, qismət yazmaq imkanı verilsəydi necə olardı? Nə istəyərdi insan həyatdan? Nə kimi gözəlliklər, ucalıqlar diləyərdi? Və o zaman, xoşbəxtlik sözünün anlamı, dəyəri nə olardı - hamının payına yalnız və yalnız sevincli, səadətli günlər düşsəydi? Sonradan, seçdiyi qismətdən narazı qalardımı insan? Qalardısa da kimi günahkar görərdi bu seçimdə? Özünü? Bu dünyada özünü günahlandırmaqdan da çətin heç nə yoxdur axı!Və sonra da düşünürəm, elə insanlar var ki, dünyaya mükəmməl olaraq gəlirlər. Seçilmişlərdən olurlar. Gördükləri hər iş, toxunduqları hər şey gözəlliyə çevrilir. Onlara baxaraq Tanrının səxavətindən, ədalətindən əmin olursan!
Mənimçün yaradanın insana verəcəyi ən böyük hədiyyə – şairlikdir! Şairlik – insanın ruhi vəziyyətidir. Yazılasını yazmayanda özünə yer tapmırsan, yazandan sonra – yağışdan sonra torpağın yanğısı sönüb təravətlənən kimi, sənin də ürəyinin yanğısı sönür. Qəlbində bahar çiçəkləyir... Şairlik – Allah vergisidir! Onu inkar edənlər də, ona qarşı duranlar da günah edirlər!
Və belə fitri istedadlardan biri – ədəbiyyatda “oğlum”, həyatda “dostum” dediyim dəyərli qələm sahibi, tutduğu mövqeni ucalda bilən, vəzifəsindən asılı olmayaraq daima sabitliyini, ədalətini və vicdanını qoruyub saxlamağı bacaran sadə insan –şair, publisist Xəyal Rzadır!
Dünyada yeganə sevdiyim, sevdirmək istədiyim, yolunda hər şeydən imtina edə biləcəyim və hər şeyimdən keçə biləcəyim təkrarolunmaz, ədəbiliyinə əmin olduğum bir ucalıq var ki, o da ƏDƏBİYYATdır!Bu kəlmələri kimsə pafosla deyilmiş gəlişigözəl sözlər hesab edə bilər. Etsin! Bu, yalnız onun saxtalığının isbatı olar.
Rus şairi Y.B.Reyn deyir ki, xalqınyenilməz bayrağı – onun ədəbiyyatıdır!
“Mən Türkəm, Türk oğluyam,
Qanım Türkün qanıdır!
Ürəyim Türk ürəyi,
Biləyim Türk biləyi,
Canım Türkün canıdır!” - deyən Xəyal Rza da, o bayrağı uca tuta biləcək, onun müqəddəsliyini hər kəsə isbatlayacaq ədəbiyyat adamlarındandır. Yuxarıda ədəbiyyat haqqında dediyim fikirləri şamil edə bildiklərimdəndir. Ədəbiyyat fanatı, fədaisi, hər şeiyini sənət yolunda itirə biləcək insanlardandır o da.
Bəlkə də kimsə onu soyuqqanlı, təkəbbürlü biri kimi tanıyır. İnandırıram ki, yanılır. Hərdən soyuq və qürrəli görünən bu insanın qəlbində,kəm bir sözdən yaralanıb kövrələ bilən, uşaq gizlənir.
Hər kəsə məlum olan bir həqiqət var ki, körpələrə, qocalara və zavallı heyvanlara olan şəfqət – insanlığın birinci sübutudur. Mən də öz dostumu ilk günlərdən belə bir insan kimi tanımışam.Onun yetimxanalara və qocalar evinə dəfələrlə yardım etdiyini bilirəm. Maşınında sahibsiz pişik balaları üçün xüsusi yem alıb gəzdirdiyini də görmşəm. Xəstə bir heyvanın ölümünə gözlərinin dolduğunun da şahidi olmuşam.
Xəyal Rza Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi təyin olunduqdan sonra tez bir müddətdə Azərbaycan Yazarlar birliyinin ayb.az saytını yaratdı. Bilmirəm, fərqinə varan oldumu, amma saytın səhifəsində hələ də keçmiş mətbuat katibi mərhum Ədalət Əsgəroğlunun şəkli var. İndiki özünüreklam və eqoizm zamanında bu davranış - insanpərvərlik və dostcanlılıq mücəssəməsi olmaq demək idi. Bu, böyük bir qəlbdən gələn təbiilik idi, kimsədən “sağ ol” gözləmədən...
Amma onu da deyim ki, heç kimin xətrinə dəyməyi sevməyən Xəyal Rza, dostları üçün açıq kitab olsa da, ədəbiyyata biganə yanaşanlar üçün keçilməz qayadır. Mən onun ədəbiyyat sevgisinin vurğunuyam. Xəyalın bu sevgi uğrunda nələr etdiyini, hətta yeri gələndə, barmağındakı üzüyünü belə satıb, sevdiyi və həyatını bağladığı sənət yolunda xərclədiyini bilirəm.
Bəzən, bizimkilərin yersiz adama yersiz tərifi üz qızardır, tənqid isə çox zaman kimisə ruhdan salmaq, gözdən düşürmək, irəli gedənə həsəd aparmaq məqsədi güdür. Dostun səhvini üzünə vurmamaq, pisini gizlətmək, birləşmələr, qruplaşmalar və s... ürəkağrıdıcı hallar var... Yolunun üstə duranı, istedadlı da olsa, görməməzlikdən gəlmək var. Xəyal isə tam başqadır. Onun tənqidində qərəz olmur. Bəyəndiyinə qısqanclıq hissi duymur, bəyənmədiyini isə heç zaman tərifləmir. Qruplaşmadan, kütlələşmədən uzaqdır. Ədəbiyyatın boz qurdu kimidir o. Bir yandan yüzlərlə dostu-tanışı olan, bir yandan isə özlüyündə təklənən biridir... - təkliyində möhkəmlənən, mükəmməlləşən.
Müasir dövr elə bir dövrdür ki, düşünənlərin yerini düşünənləri müzakirə edənlər tutub. Düzdür, müasir ədəbiyyatda yaxşı, oxunaqlı, mənalı və dəyərli yazılar çoxdur. Mənasız, dəyərsiz, heç kimə lazım olmayan, oxucunun zövqünü xarab edən, müasir oxucu kütləsini şikəst edən yazılarsa ondan da çoxdur. Lakin yenə də, hər şeyə rəğmən gözəl yazan gənclərimiz var. Hər biri, zamanla, gələcəyin ünlü şairləri, nəsr ustaları olacaq yüksək potensiala malikdirlər. Bəzilərinin kitablarımı yoxdur? Çox yaxşı məlumdur ki, kitab məsələsi indi ancaq və ancaq maddi durumla bağlı problemə çevrilib. Pulu olan hər bir adam bərbad yazılarını toplum halına sala bilir, elə gözəl yazılar da olur ki, maddiyyat üzündən yığcam vəziyyətə gələ bilmir. Xəyal Rza bu yolda da gənclərə öz yardımını əsirgəmir, onları ruhlandırır.
Azərbaycanda Şairlər günü kimi təntənəli, getdikcə dillər əzbərinə çevrilən və ildən-ilə daha gözəl qeyd olunan bir bayramın adı Xəyal Rza ilə bağlıdır. Artıq, onun adı, bu günün təsisçisi və təşəbbüsçüsü kimi,yazıldı ədəbiyyat tarixinə.
İlk dəfə 2011-ci ilin iyun ayının 5-də (Mikayıl Müşfiqin doğum günündə) bir neçə şairin və ədəbiyyatsevərlərin əhatəsində qeyd etmişdik bu bayramı. 2014-cü ildə isə artıq Bakı Muğam Mərkəzində, yüzlərə yazarın, ədəbiyyatşünasın, jurnalistin və eləcə də Azərbaycan ziyalısının iştirakı ilə keçirldi bu əziz gün. Bir çox şairə Müşfiq mükafatı təqdim olundu. Bu məqamda Çeyhun Musaoğlunun sözlərini yada salmaq istərdim: “Təşkilatçılığın nə qədər ağır iş olduğnu anlayan adamam. İyunun 5-i tədbir təşkli etmək, özü də ədəbiyyat tədbiri... yalnız fantastik beyin gücünə malik olan azərbaycanlıya nəsib ola bilər.
...Nəhəng şairimiz Vaqif Səmədoğlunun Akademik Milli Dram Teatrında 75 illik yubileyi qeyd olunur. Beynəlxalq Muğam Mərkəzində şairlər günü keçiriləcək. Eyni gündü, eyni saatdı. Şairlərimiz Bulvarda aksiya düzənləyib. Müşfiqin, ümumiyyətlə bütün nakam şairlərin ruhu sevinsin deyə, dənizə güllər səpiləcək. Hamısı oldu. Muğam Mərkəzinin əsrarəngiz təsirli zalında oturmuşam. İnana bilmirəm: hamı burdadı. Bəs Vaqif Səmədoğlunun yubileyində kim var? Xəbər tuturam: və hamı həm də ordadı.
Mən çoxdan geri çəkilmişdim, çoxdan qərar vermişdim... Əgər əksər dövlət adamları, ədəbiyyatın yönləndiriciləri, Dram Teatrında yubiley gecəsinə qatılıblarsa, çoxdan öz tədbirimi – Şairlər Gününü başqa günə keçirərdim. Mən keçirərdim - jurnalist Ceyhun Musaoğlu. O, keçirmədi - şair Xəyal Rza. Həm də o keçirdi, möhtəşəm tədbir keçirdi!”
...“Qucaqlayaq qələmi,
Ataq dərdi, ələmi...
İlham gəlib, eləmi?
Bu gün şeir yazaqmı?
Günəşin baxışından,
Gecənin naxışından,
Ulduzun axışından
Bu gün şeir yazaqmı?
Yazaq – kədər olmasın!
Yazaq – gözlər dolmasın!
Qəlbimizdə qalmasın,
Bu gün şeir yazaqmı?”
Qələm bir Allaha, bir də yazarlara məxsusdur. Əminəm ki, o, bizə nahaqdan verilməyib. Oxumaqla həkim, müəllim, mühəndis olmaq olar, amma Allahdan gələn vergi olmasa yazar olmaq olmaz. Odur ki, qələmin dəyərini bilmək və onun yazmaq istədiyinin qarşısını almaq düzgün deyil. Əgər, vicdanın, istəyin əksinə gedib, o qələmi susdurursansa bunun bədəlini mütləq ödəyirsən - unudulmaqla, sevilməməklə, dəyərsizliklə...
Əlimə qələm götürdüyüm gündən bu günədək vicdanımın əksinə getməmişəm. Ola bilər ki, nə vaxtsa hansı iti bucaqlarısa hamarlamışam, kəsərli sözümü sətiraltı yazmışam... amma hər zaman yazmışam. İstəlilən halda, hər zaman həqiqətin, ədalətin tərəfində olmuşam. Hətta bu üzdən çoxlarına acı da görünmüşəm. Olsun! Düzlük hər baxış nöqtəsindən gözəl görünməz ki! Amma həqiqət olan yerdə susmaq- bizlik deyil. Söz deyilmək üçündür. Onu elə demək lazımdır ki, o, kəsərli, mənalı və yerində olsun! Yersiz zarafatdan, şitlikdən uzaq olsun!
İlk dəfə “Ugurun olum!” şeirilə tanıdığım, Xəyal Rza! Demək istəyirəm ki, sən çox xoşbəxtsən, çünki iti qələmin, susmayan ilhamın, ciddiyyətin, həm də səmimiyyətin var! Çünki sən müasir gəncliyin idealısan! Yüksək amalın, böyük arzuların var və... səni çox sevən iki şair anan var. Elə bu sarıdan, mən də xoşbəxtəm, çünki belə bir şərəfli insan məni öz anası kimi dəyərləndirir.
Şairə Tamaşa Xəyalinin şair oğlu! Doğum günün mübarək! Qoy bu mürəkkəb və təlatümlü dünyada Ədəbiyyat – uğurun olsun sənin!