Mənim böyük şairlərlə görüşüm, lap balaca yaşlarımdan, elə balaca bir otaqda olurdu. Bu kiçik xalça boyda otaqda, şairlərlə baş başa qalardım. Ancaq onlar danışar, mən dinləyərdim. Saatlarca dinləyərdim onları. Əslində mən də danışırdım, amma ürəyimdə söhbət edirdim onlarla. Ağıllı qız idim, səsimi də çıxarmazdım onlar danışanda. Məni bu uzun söhbətlərdən atam ayırardı. Amma  o şairləri  evə  elə atam özü gətirərdi. Bilirdi ki, mən onlarla danışanda xoşbəxt oluram.

 

  Bir gün evimizə daha bir şair qonaq gəldi. Mənimlə uşaq kimi danışmağa başladı. Düzdü, o qədər də uşaq sayılmazdım ,10 yaşım vardı axı...Əslində o, çox səmimi idi. O biri şairlərin dilini , o qədər də yaxşı başa düşmürdüm açığı. Amma hamısına hörmətim var idi. Bu şairlə söhbətdən sonra, ilk dəfə idi sual yarandı məndə. Özünə deyə bilmədim, atamı çağırıb sualı ona verdim.

-       Ata , bu şair hansı millətdəndi?

Atam təəccübləndi. İndiyə kimi belə sual verməmişdim ona.

-       Necə bəyəm, səninlə öz ana dilimizdə danışmırdı ki ?

-       Əlbəttə ana dilimizdə, özü də lap maraqlı danışırdı. Amma gözləri qıyıqdı. Elə bildim başqa millətdəndi...ya tacikdi, ya qırgız...onlara oxşayır .

Atam gülüb soruşdu:

-  Adını öyrənmədin bəs ?

 Öyrənmişdim. Atam düz deyirdi, sualım qəribə idi. Mənimlə bu qədər mehriban və doğma dilimdə danışan, adı və soyadı millətimə aid ,əsl türklərə xas siması olan  adam haqqında bu nə qəribə sual idi. Yox, özümü niyə qınayıram ki, uşaq olsam da, düz deyirdim, o fərqli idi. Nə isə... Sonralar yenə başqa yazıçı və şairlərlə görüşlərim oldu.Yaddaqalan və qalmayan, amma həmişə o şairin gözləri düşürdü yadıma.

 Gün gəldi mən o evdən, o balaca otaqdan köçdüm. Otağımdan ayrı düşdüm. Yeni evim daha böyük olsa da, o balaca otağım üçün darıxırdım. Şairlərlə görüşlərim azalmışdı, demək olar bir müddət sonra heç görüşmədim onlarla. Daha atam da, qonaq gətirmirdi onları mənim yeni evimə. Hamısı o balaca otaqda qalmışdılar. Mən bu böyük evə sığa bilmirdim. O qədər böyük şairlər balaca otağımdakı rəflərdə qalmışdılar. Əslində o otağın adı “Kitab otaq “ idi. Həə, özü də sadə taxtadan yığılmış,ayrıca gözləri filan olmayan, bir az səliqəli görünsün deyə qarşısına evin daha işlənməyən, köhnə pərdəsi  çəkilmiş,  çox “ zəngin “  kitab rəfimdə qoyub gəldim o böyük adamları. Mən çox gənc ailə qurub başqa evə gəlin köçmüşdüm. Birtəhər qopmuşdum uşaqlığımdan. Həyatımın hər anında,oxuduğum kitablar  mənə kömək, dayaq olurdu. Xatirimdəki misralar sirdaşlarım idi.

 Körpəm dünyaya gələndən sonra , mənimlə 10 yaşımda öz dilimlə danışan şairin şeirlərini tez- tez xatırlamağa başladım. O,dil açanda mən həmin şeirləri söyləyirdim.. Yuxudan qalxanda, əllərimizi bir birimizə göstərib, deyirdik.

Barmaqlarım ovcuma
Baş qoydular yatdılar.
Səhər ozumdən qabaq
Yerlərindən qalxdılar.

 Bu şeir balamın xoşuna gəlirdi. Çünki indi o şair mənim balamla da, onun öz dilində danışırdı. Və yadıma uşaqlığımda  anamla o şairin dilində danışmağım düşərdi..

-Otağı süpür, qızım
-Süpürmüşəm, anacan!
-Mənə su gətir, qızım
-Gətirmişəm, anacan!
-Paltarları yumusan ?
-Indi yudum, anacan!
-Çörəyini yemisən ?
-Yedim, doydum anacan!
-Di gözünü yum görüm ,
Sənə bir şey göstərim .
-Gözümü yumsam, ana
Sənsiz qalaram axı .
Istəmirəm bircə an ,
Mən sənsiz yaşamağı.
  

  Bu şeiri deyəndə anamın xoşuna gəlirdi. Özü də bu şeirin əvvəlini tullana-tullana, oynaya-oynaya desəm də, axıra yaxın kövrəlib dodağımı büzürdüm.Anam qucaqlayıb, başımı sığallayıb üzümdən öpərdi. Sonra xahiş edərdim ananın sözlərini o desin, balaca qızın sözlərini  özüm deyirdim. Anam buna razılaşanda , elə sevinirdim ki...

 Yavaş-yavaş kitablarımın hamısını gətirib, öz evimdəki səliqəli , xüsusi mebel materialdan hazırlanmış, göz oxşayan yeni rəfimə yığdım. O balaca “Kitab otağı”nı  köçürdüm evimə. Amma o köhnə pərdəli kitab rəfim üçün çox darıxırdım. Yenə vaxtaşırı görüşüb, söhbətləşirdim şairlərlə. Amma şeirlərini anama , balama dediyim o şairin kiabını tapmadım.Yəqin ki, mən köçəndən sonra , uşaqlı qonaqlarımızın birinə vermişdi atam. Belə düşünürdüm, çünki atam kitab bağışlayan idi.

 Artıq bu söhbətlər o qədər dərinləşmişdi ki, ürəyimdə danışa bilmirdim. Onlarla danışandan sonra, mən də öz ürəyimdəkiləri deyirdim. Şeirlər yazırdım. Getdikcə daha çox özümlə söhbət eləməyə başladım. Bu söhbətlər daha sirli, daha içdən idi. Rahatlaşırdım yazandan sonra. Artıq o böyük şairlərlə görüşmək az idi. Yeni görüşlərə, yeni söhbətlərə can atırdım.

 Sadə, balaca zal,  dəyirmi masa...Özüylə söhbət edən adamlar, bir birilə görüşə- söhbət eləməyə  gəliblər. Hamısı “sözbaz “ adamlardı. Söz güləşdirirlər ancaq. Kiminin əlində artıq çapdan çıxmış kitabı , kiminin əlində əl yazısı, kiminin əlində kağızda çap olunmuş şeirlər...Onu deyim ki, hələ o vaxt telefondan oxuyan  yox idi şeirlərini. Kitabı çıxmış şairlər başda özündən razı şəkildə oturub, gənclərə qafiyə, heca sayları öyrədirlər. Mənim də balaca dəftərçəm vardı, şeirlərimi yazmışdım. Amma bilmirdim neyləyim. Bunları oxuyummu, yoxsa ...Özü də başda biri oturub, kreslosunu da yaman o yan , bu yana fırladır. Deyəsən çoxdanın yazanıdı. Tanış gəlir, televiziyada zadda görmüş olaram. Deyilən şeirləri də tənqid edir. O birilər kimi, heca qafiyə demir, axtarış , yeni nəfəs, poeziya deyir . Sonra da başqa şairlərin şeirlərindən deyib, müqayisələr edir. Özü də hamının əlinə qalxan verib, döyüşə çağırır elə bil. Yox , mən öz şeirlərimi  oxumayacam. Elə mən bəri başdan şeir həvəskarıyam deyib, başqa şairin şeirini deyərəm. Amma indi  həyəcandan heç yadıma bildiyim  şeirlər  də düşmür. Bircə hər  səhər oyananda oğlumla dediyim o şairin şeirindən başqa...Vay, biabir olaram. Burda hamı sevgidən, güldən bülbüldən, vətəndən desin, mən də o uşaq şeirini ? Yox bu hardan ağlıma gəlir ? Öz şeirlərimdən oxuyaram. Cəhənnəm nə ola, ola...O başda oturan sözbazdan çəkinirəm bir az.

 Düzü bu məclisdə oxunan şeirlər elə də xoşuma gəlmirdi.Amma elə bilirdim mən bilməyən şeylər çoxdu. Adamların 3-4 kitabları çıxıb, mükafatlar alıblar. Birdən gözləmədiyim an, başda oturan adam mənə - İndi sən oxu – deyəndə , üzündəki işıqdan ürəklənib dəftərimi əlimə aldım. Oxuya-oxuya çalışırdım ki, baxım görüm adamların üzündəki ifadələr nə deyir .Diqqətlə qulaq asmaqları qüsur axtarmaq cəhdləri idi. Şeirim ordakıların şeirlərindən  çox zəif olmasa da ( Sonralar bildim əsl şeir nədir ) çoxu qəbul eləmədi. Mənim gözüm başdakı adamın üzündə idi. O şeirimi zalın öhdəsinə vermişdi. Təəcübləndim ki, özü irad tutmadı. Birdən sağol deyib, başqa adama söz verdi. Mən sonralar bildim ki, bu əslində -şeirin müzakirə olunacaq , haqqında söz deyiləcək səviyyədə deyil- deməkdi. O adam özü şeir deməyə başlayanda, ürəyimdə - bu adamın dediyi şeirdi ? – düşündüm.  Rəsul Rza, Əli Kərimdən təxminən  bu cür şeirlər oxumuşdum. Amma indi burda belə şeir oxuyan olmadı axı ...Amma qəribə təssürat yaratmışdı məndə indi eşitdiyim  və adını bilmədiyim janr . Nə bilim eyy, deyək ki, şeir. Bircə üzündəki işıq , o balaca –qıyıq gözlərindəki parıltı bəs idi ki, ona diqqətlə qulaq asasan. Deyəsən həm də , yaxşı adamdı axı...

 Bayaqdan bəri adını bilmədiyim bu şairi ,yanında oturan başqa sözbaz təqdim edəndə, üzündəki işıq düz yaddaşıma düşdü. Bu həmin şairdi, Qəşəm Nəcəfzadə...Elə bil doğma keçmişimi , uşaqlığımı tapdım. İndi icazə versəydilər dəftərimdəki bütün şeirləri ona oxuyardım .Axı mən  görüşüb söhbət elədiyim şairlərin heç birini bu qədər  həyəcanlı və canlı görməmişdim. Bax indi durub, onun  bayaq deməyə utandığım şeirini də deyə bilərəm.

 Həyatda canlı şair tanımışdım. Mən elə bilirdim bütün yaxşı şairlər Nizaminin, Füzulinin yaşıdıdırlar. Onlarla ancaq kitablarda görüşmək olar. Bu görüş mənim üçün böyük kəşf idi.

 Sonralar bu şairin rəhbərlik etdiyi “ Pərvanə” ədəbi birliyinə getdim. Burdakı ab-hava tamam başqa idi. Şeir müzakirələri, təhlillər, tənqid ...Artıq , burda sözün yerini  öyrənirdim. Hər şənbə günü saat 2 də Sabir adına Mərkəzi kitabxana gənc şairlərin  şeirlərinin nəfəsi ilə isinirdi. Burda Qəşəm müəllimdən əsl şeir dərsləri alırdıq. Və mənə elə gəlirdi Qəşəm müəllim 10 yaşından mənə dərs deyir. O , şeir haqqında fikir bildirməyi,   yaxşı şeir yazmaq qədər mühüm sayırdı. Beləliklə bizdə şeirə  fikir bildirmək  instiki yaranırdı. Misallarında, xatirələrində  ən çox qızlarla bağlı hekayələr danışardı. Bu onun daha hissiyyatlı oxucularının sevgisini önə çıxarmaq, diqqəti cəlb eləmək üsulu idi. Bilirdim ki, buna səbəb  Qəşəm müəllimin müəllimliyidir. Həmişə ətrafına tələbələrini yığıb şirin-şirin söhbət edirdi. Artıq mən də özümü onun tələbəsi kimi hesab edirdim. Dərs dediyi Universitetdə onunla görüş idi. Mən də getmişdim həmin görüşə. Orda tələbələrinin müəllimlərinə  sevgisinə həsəd apardım. Müəllimlərinin kitablarını dərs kitablarından ayırıb əllərində gəzdirirdilər. Doğurdan xoşbəxt tələbələr idilər, elə mən də...

 İllər bizi qələm yoldaşına , ailə dostuna , həyat dostuna , ata balaya çevirdi. Dostluğumuza qibtə edənlər, ağız büzənlər, düşmən olanlar çox oldu. Amma həyat göstərdi ki, bütün bunlara ramən uşaqlığıma, gəncliyimə, dostluğuma heç nə toxuna bilmədi. Özümə güvən hissini aldım bu gözəl insandan. Anladım ki, kamil insanla dost olmaq böyük qazanc imiş.

 Mən Qəşəm Nəcəfzadənin bütün kitablarını oxudum. Artıq müəllimimim  7 –si xaricdə olmaqla, 24 kitabı çap olunub. Şeirləri 20 dən çox dilə tərcümə olunub. Uşaqlıq oxucusu və artıq yaradıcılığına bələd olduğum , həmkarı kimi onun haqqında bu yazını yazıram. Qəribə stuasiyalarla , hadisələrlə dolu olan yaradıcılığı var . Onun poeziyasının səciyyəsi odur ki, hadisənin adını yox, əlamətini verir və ya yeni ad qoyur. Əşyaları  şeirə gətirmək  onun poeziyasında xüsusi ştrixlərdi. Şair  soyuducu, eynək, ayaqqabı, şifoner, kreslo kimi əşyaları həyatla, zamanla paraleləşdirməklə, onların yerini adi məişətdən oxucunun şüuraltına qədər dəyişdi .

Rast

O gəldi evinə at, at
Qızı yüyürdü qabağına don-don.
Oğlu diyirləndi dərs-dərs
Arvadı suyuldu ot, ot
Televizor-televizor yoruldu kişi.
Bir dostu zəng elədi it,it
Pişik-pişik bir zəng də gəldi.
Arvad qurdalandı yerində bit-bit
Durub lap telefonun yanına gəldi,
Nə olub soruşdi ərindən bit, bit
Telefon-telefon yoruldu kişi.
Arvad gileyləndi toz-toz
Üzünü bozartdı boz-boz
Sonra dingildədi qoz-qoz
Kişi gülümsündü duz-duz
Arvad, arvad yoruldu kişi
Kresslo-kreslo ötüşdü günlər,
şefoner-şefoner ağardı saçı.
Kişi gəlin-gəlin, qız-qız sınıxdı
Kürəkən-kürəkən yoruldu kişi.
Bir günahı da yox,
başı qarışsın
Əli vərəq-vərəq, ürəyi ağ-ağ.
Günahgar olanda adam yorulmur
Günahsız olanda yorulur ancaq.

 Özünə məxsus üslubda –öz qoşmasını, gəraylısını, müxəmməsini, bayatısını yazdı. Segah, rast, uzundərə, tərəkəmə yazdı. Şeiri hamının bildiyi şeirlikdən çıxartdı. Əsl poeziya incəsənətin nəfəsidir. Şeir təngnəfəsdisə, o uduzacaq.  Əslində heykəltaraş daşlarla, musiqiçi səslərlə, rəssam kətan üzərində rənglərlə şeir yazır. Yetər ki, bütün misralarda özün olasan. Qəşəm müəllimin yaradıcılığı çox gənclərin, eləcə də mənim yaradıcılığıma təkan verib. Amma maraqlısı odur ki, onun yaradıcılığı heç bir halda parodiya oluna bilmir. Poeziyasında əmr, hökm, didaktika yoxdu.Amma təsiri hökmrandı. Əsl poeziya oxucunu, bir az da müəllif kimi hiss etdirən, özündə oxucusuna yer saxlayandı. Qəşəm Nəcəfzadənin şeirləri dünya şeiridir. Vətəni də, dövləti də, sərhəddi də, bayrağı da insandı.Bu keyfiyyətlər onu avropa oxucusuna da sevdirir. Onu oxuyandan sonra anladım ki, başımıza gələnlər  , əslində gerçək olanlar yox, düşündüyümüz şeylərdi. Mövlanənin bir yaxşı fikri var : “ Nə qədər bilirsən bil, sənin bildiyin qarşındakının anladığı  qədərdi “. Sevgi kimi , həyat kimi poeziyanı da ayırd eləməyə çalışırıq.  Ağılla duyğunun qarşılaşması kimi...Əslində onları ayırmaq əvəzinə, fərqləndirməyi bacarsaq , daha yaxşı anlamış olarıq. Seçilmişlər bu ümumi şeyləri  xüsusi istedadın  hesabına ayırd edirlər. Güclü müşahidə qabiliyyəti , səssiz eşitmək kimi qabiliyyətlər Qəşəm müəllimin birinci uğurudur.

Mən qorxağam, igid deyiləm
Mən güclü deyiləm, zəifəm....
Mən kişi deyiləm, insanam
Mən həqiqət deyiləm, səhvəm.

 

  Müəllimimi və dostumu  sevdirən sadəliyi və səmimiliyidı . Fikir verirəm  ki, qadınlar onun yanında özlərini hündürdaban ayaqqabı geyminmiş, kişilər buxara papaq qoymuş , gənclər alçaq dağları yaratmış kimi hiss edirlər. Çünki, gənclərə həmişə dəstək olur, xoşuna gəlməyən şeirdə də, bir işıq gələn yer axtarır . “Azərbaycan  “ jurnalında  məsul şəxslərdən- poeziya bölməsinin rəhbəri olan Qəşəm Nəcəfzadə bu jurnalda çox gənc istedadlara çap imkanı yaradıb. Bilirəm ki, bu yazını oxuyanda sözümü təsdiqləyənlər çox olacaq.

 Bu yaxınlarda çap olunmuş şairin  yeni “ adı Qəşəm “ adlı şeirlər kitabı ilə də söhbətləşdim. Qəşəm müəllim burdakı şeirləri  və kitabın adı ilə oxucularına   səmimi bir görüş yaşatdı. Bu gün Qəşəm müəllimin ad günüdür.Ona uzun və sağlıqlı ömür, yeni- yeni yaradıcılıq uğurları arzulayıram. O kitabdan bir şeirlə hamınızı “Qəşəm günü” nə dəvət edirəm. Hamınız gəlin , Qəşəm müəllim də “ Bu saat gəlirəm “ deyir:

 

Bu saat gəlirəm

Oktyabrın əvvəlində gələcəkdim
Bağışla bir az gecikirəm.
Bir az əlimdə ömür var,
Bir az da qəm…

Mən gələnəcən mənimlə olduğun yerlərə get
Xüsusən dəniz qırağına.
Balıqçıdan soruş, sən məni Qəşəmlə görməmisən ki?
Desə hə,
Onda mən sabaha gəlirəm.

Məni bizə çay verən qadının yadına sal
De bir kök kişi,
Saçı dağınıq,
Yorğun, parıltısız dişi,
Düymə gözlü,
Adı Qəşəm,
Orda, bir vaxtlar,
Pəncərənin qabağında,
Mənimlə əyləşən görməmisən ki?
Desə görmüşəm,
Onda bu gün gəlirəm.

Ayağın altında nazlanan toza,
Quşların ağzından tökülən səsə,
Və yaxud gizləndiyimiz adamlara
Sual versən,
Mən onunla bu küçədə addımlayırdım
Gördünüzmü?
Əgər xatırlasalar,
Elə bu saat gəlirəm.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə