![]() |
![]() ![]() |
Ankaradakı bir otel odasında canını tapşıran Kərim müəllim də, Xəzərin kirli sahillərində quma bata-bata ağ qoça tərəf qaçan Məlik də üz-gözümüzün öyrəşdiyi bu dünyada muxtar aləmlər deyil, zəmanənin yetirdiyi kədərli obrazlardır. Və çox qəribədir ki, bu obrazların ruhundakı türk düşüncəsi istər İstanbulda, istərsə də Bakıda eyni dərdi paylaşır, eyni qəriblik və intellekt çiləsini yaşayır. Belə bir qənaət var ki, kapitalizm iqtisadiyyatın, demokratiya isə siyasətin dinsizliyidir. Kərim müəllim də, Məlik də həmin dinsizlikdən əziyyət çəkir. Hələ üstəlik əxlaqın dinsizliyi də bu dövrün həyat normasına çevrilib…
Bu böyük dərdlərimizin yazarı Anar vaxtilə İsmayıl bəy Qaspıralının, Əli bəy Hüseynzadənin başladığı yolu davam etdirdi. Ədəbiyyat tariximizdə ilk dəfə «Min beş yüz ilin Oğuz şeri» antologiyasını meydana çıxarmaqla 1500 illik Oğuz şerinin təsnifatını aparmaq üçün çox ciddi elmi zəmin yaratdı. Anarın tərtib etdiyi bu antologiya da onun böyük mənəvi Oğuznaməsinin tərkib hissələrindən biridir.. Anar «şeir də tarixdir… yaddaşlarda «poetik əksini tapmış bir tarix yazısıdır» – amacıyla tariximizin təfərrüatına varıb, bəzən oğuzun da sınırlarını aşaraq Manasdan, Orxon-Yenisey yazılarından, Dədə Qorquddan üzü bəri – Qaqauzdan Altaylara, Təbrizdən Axıska türklərinə, Qüzey Kıprısdan Balkanlardakı türk yurdlarına qədər, Kərkükdən İstanbulacan poetik düşüncəmizin nəsil ağacını – şəcərəsini tərtib edib, əqrəba şerimizin ulularını və vərəsələrini Oğuz ocağının başına toplayıb. Və bunu, nə yaxşı ki, ənənəvi şeir antologiyası yaratmaq üçün deyil, ortaq türk mədəniyyətinin elə ortaq, vahid varlığını ifadə etmək, xatırlatmaq üçün gerçəkləşdirib. Anarın bu əməli ədəbiyyat tariximizin orta dönəmdə bölünməz bir hadisə olduğunu bəlirləməklə poetik tarix yazısının hesabına Azərbaycanda oğuz yaddaşının bərpasını təmin edib, başqa sözlə, türk birliyini ədəbi müstəvidə yenidən canlandırıb, ona ehya verib. Yazılmış ədəbiyyat tarixlərimizin bəziləri Oğuz xanın mənəviyyat və fikir ocağına rəxnə salanda Anar xatırladıb: «Ümumi şeir tariximizi tək qanadlı, tək qollu göstərmək onu şikəst şəkildə təqdim etməkdir». Daha əvvəllər isə «Dədə Qorqud dünyası» araşdırması ilə ədəbiyyatşünaslıqda Əli bəy Hüseynzadədən başlayaraq Fuad Köprülüyə qədər gələn məktəbə mənsubluğunu büruzə verən Anar mənəvi baxımdan həm Nəvainin, həm də Füzulinin təəssübünü bir yerdə çəkib. 1980-ci illərin Azərbaycan gəncliyini də bu milli qürur duyğusunu bölüşməyə və paylaşmağa sövq edib. Türk atanın – Dədə Qorqud pirinin həm xadimi, həm də xidmətçisi olub.
Anar belə Anardır. Olcas Süleymenovun təbirincə (qismən onun təbirincə) desəm, tarix karvanımızdan unudulub qalmış, yaddaş səhralarına səpələnmiş bütün dəyərləri, mənəvi cəvahiratı çiyninə alıb gələcəyə aparan ən güclü nar – nər! Anar!
O, bu böyük işi qarğaşaya yol vermədən, «mən bu işi etdim», – deyə qürurlanmadan icra edib. Təqdir gözləməyib (əslində, bu işlərə görə adətən adamı təqdir etmirlər). Anar böyük türkçülər misalı davranıb. «Türkçü millətinə bir hizmət yaparkən, bunu bəyənilmək üçün deyil, görəv bildiyi üçün yapar» (Nihal Atsız). O da nə yapıbsa, nə iş görübsə bunu ümumtürk mədəniyyətinin minilliklərlə ölçülən ahəngini qorumaq amacıyla edib.
***
Anarın türkçülük istiqamətində gördüyü böyük işlər barədə yazmaq istəyirəm. Ancaq bu idealpərvər müasirimizin zehniyyətində dünya mədəniyyətinin bütün iqlimləri sərbəst cərəyan etdiyindən, Anar dünya uyğarlığının hər köşəsinə, bütün sivilizasiya mərhələlərinə fikir qanadlarını gərməyi bacardığından onu yalnız türkçülük müstəvisindən seyr etmək mümkün olmur. Məncə, ülul-əzm peyğəmbərlərin – Hz. Musa, Hz. İsa, Hz. Məhəmmədin dünyadakı yerini, İeqovanın musəvilərə, Boqun xaçpərəstlərə, Allahın müsəlmanlara sirayət etdirdiyi, əta qıldığı əxlaq və düşüncənin yozumunu, təfsirini Azərbaycan ədəbi-ictimai fikrində Anar qədər dəqiq və dərindən incələyən, ifadə edən başqa çağdaş yazarımız hələ ki, meydanda yoxdur.
Anarın dini düşüncədə ideal axtarıcılığı təkcə öz intellekt tarlasını daha bərəkətli, urvatlı etmək üçün deyil. Bütün dini mərhələlərdə (musəvilik, xristianlıq, islamla yanaşı, atəşpərəstlik də, zen buddizm də bu sıradadır) yalnız milli mədəniyyət böhranının qarşısını almaq təmənnası ilə güclü məntiq və parlaq ekspressiya axtaran və bunu görməyi bacaran Anar dini məsələlərdə estet olan ilk ziyalımızdır. Bu mənada o, «gəl, yenə gəl, istər məcusi ol, istər bütpərəst, necəsənsə, elə gəl» deyən Mövlananın fikir ardıcılıdır. Daha doğrusu, Mövlananın birləşdirmək idealı son dönəm türk ədəbiyyatında daha qabarıq şəkildə Çingiz Aytmatov və Anarın düşüncələrində ehtiva olunub. Anar özü bunu izhar etməsə də bütün hallarda monoteistdir, ancaq… Ancaq onun monoteizmi ərəb mənşəli deyil, türk mənşəlidir, yəni Türk düşüncəsinin tapındığı Tək Tanrı Anarın Tanrısıdır.
***
1970-ci illərdə Azərbaycan mədəniyyətinin Avropa tərzinə yönəldilməsi baxımından onun nəşr etdiyi «Qobustan» həlledici işlərdən birini görsə də, sovet partiya məmurları bu sənət toplusunu Avropa modelinə söykəniş tərzinə görə deyil, türkçülük meylinə görə suçlayırdılar. Avropa mədəniyyətinin geniş bir miqyasda Azərbaycana sirayət etməsi, Azərbaycan humanitar fikrinin Avropaya istiqamətləndirilməsi daha çox «Qobustan» vasitəsilə gerçəkləşirdi. Təkcə ədəbiyyatda deyil, bütün mədəni sferada müasir düşüncənin bayrağını dalğalandıranların ilki həm də «Qobustan» oldu. «Türk qanlı, islam imanlı, firəng fikirli» (Ə.Hüseynzadə) ziyalının, fədainin, aydının (və həm də ictimai fikrin) Avropa mədəniyyətinə qovuşması bu böyük və canlı sərvətimizin hesabına mümkün olurdu.
…«Qobustan» dönəminin Anarı fikir tariximizdə Əli bəy Hüseynzadənin ardıcılı olaraq qalacaq. Ancaq o, Azərbaycan təəssübkeşi Mirzə Cəlilin də ən sədaqətli və etibarlı varisidir. Daha doğrusu, Əli bəylə Mirzə Cəlil bizim çağda Anarın varlığında qaynayıb-qarışıb, birləşib. Anar tutaq ki, Əli bəydən fərqli olaraq ortaq türkcənin mümkünlüyünü qəbul etmir, özü də bunu israrla qəbul etmir və Oğuz türklərinin Azərbaycan qolunu müasir tariximizin çal-keçidlərindən salamat keçirməyə yönəlmiş məfkurəvi bir dəst-xətti hələ 70-ci illərdən başlayaraq bugünəcən davam etdirir. Ancaq onun xəyallarında qurduğu böyük və əbədi Turanın Bakısında – Bakının Türkan ərazisində – yeni salınmış Türkan şəhərindəki Mahmud Qaşqarlı Türk Dünyası Araşdırmalar Mərkəzində türklərin ortaq tarixi, ortaq ədəbiyyat tarixləri üzrə tədqiqatlar aparılır, ortaq və ikitərəfli lüğətlər, Ümumi Türk Ensiklopediyası hazırlanır, əlifba, dil və terminoloji uyğunlaşdırma komissiyası işləyir.
Türkandakı Dinlər meydanında «… Əhməd Yəsəvi məscidi, onun yanında xristian qaqauzlar üçün tikdirilmiş kiçik kilsə – sovmiyyə… yəhudi Qəraimlərin sinaqoqu… Budda məbədi və Yakutların şaman otağı yerləşirdi»…
Bu, Anarın zehniyyətində cərəyən edən qədim bir tarixi dövrün, xüsusən, xəzərlərlə bağlı mərhələnin məfkurəvi analoqudur. Xəzərlər dövründən bəhs edən İbn Havkalın, İstəxrinin, əl Məsudinin qənaətlərinə və müşahidələrinə görə, «Xəzərlər, əslində, əski Türk-bozkır dini olan, Tanrının birliyi inancına dayalı, Gök Tanrı (Tenqri Han) etiqadında idilər. Fəqət millətlərarası sıx münasibətlər nəticəsində, ölkədə islamlıq, xristianlıq və musəvilik də yayılmış olub, hər camaat tam bir vicdan hürriyyəti içində kəndi imanının gərəkdirdiyi ibadət və ayinləri icra etməkdəydi. Qaynaqlara görə, Xəzər şəhərlərində camelər, kilsələr, sinaqoqlar yan-yana bulunurdu».
Manas idman kompleksi də, İyirmi müstəqil və muxtar türk respublikasının səfirlikləri də, Turan oteli, Ərgənokon sarayı da, Türk muzeyi, Ziya Gökalp ocağı, Sultanqaliyev klubu da buradadır. Üç Orxon kitabəsinin on dəfə böyüdülmüş daş kopiyaları da Türkan şəhərindəki meydanlardan birindədir.
Beləliklə, Anar türklərin mədəni birliyini Bakıda şəkilləndirir. Təkcə mədəni birliyi deyil, onun ədəbi və məfkurəvi siyasəti daha qapsamlı bir çevrədə cərəyan edir. Qəraim yəhudələrinin sinaqoqu ilə yakut şamanlarının otağı, qaqauz kilsəsi ilə Budda məbədinin məhz burada yanaşı qurulması yalnız dini tolerantlığın göstəricisi deyil, daha çox inanc sistemi tariximizin neçə min illik varlığının izharı idi. Bu mənada Anarın Azərbaycançılıq düşüncəsi utopik bir bəhanə ilə türk tarixinin ən dərin qatlarına və türk coğrafiyasının ən ucqar guşələrinə qədər şaxələnir və yayılır.
«Ağ qoç, qara qoç»da elə təkcə bir məqam Anarın milli qurtuluş fəlsəfəsinin aydın istiqamətini nişan verməklə həm də onun romantik mənzərəsini yaradır; Onun təklif etdiyi Bakıda «Biləcəri tərəfdən şəhərin mərkəzinə irəliləyərkən… haçansa Qızıl Ordu abidəsinin yerində nəhəng bir tankın arxa tərəfini görürdün. Tank sanki at kimi şahə qalxmışdı. Qarşı tərəfdən baxanda isə yalın əlləriylə bu tanka qarşı çıxmış insanların gücüylə tankın qabaq tərəfinin havaya qaldırıldığı» görünürdü…. Şubanı dağı tərəfdən Qurd qapısında Boz Qurd heykəli var. Sonra 1918-ci ilin 15 sentyabrına dair işarətlər… Qafqaz Türk İslam Ordusunun Bakı uğrunda apardığı döyüşün anıtı – diaraması… Ənvər Paşa, Nuru Paşa və Mürsəl Paşa prospektləri…
Məncə, bundan sonra əlavə və təfərrüatlı şərhə ehtiyac qalmır…
***
O, neçə vaxtdır ki, hətta mən deyərdim, gəncliyindən üzü bəri ötüb keçən ömür haqqında xatirələr, anılar danışır, yazır.
Anar haqlıdır. Çünki bu keçən ömür yetmiş-səksən illik bir tarixlə qiyaslana və məhdudlaşdırıla bilməz. Anar çox nadir insanlarımızdan biridir ki, onun və daha geniş mənada mənsub olduğu nəslin varlığı istisna edilirsə müasir tariximiz haqqında dolğun təsəvvür yaranmayacaq. Ənvər Məmmədxanlı haqqındakı yazısının təbiriycə desəm, Anar həmişə Azərbaycanın ağrıyan həyatının rəmzi olub.
***
… İyirmi yanvarın ertəsi günü Anar «Danışa bilmirəm» adlı bir yazı yazdı. «Dünya sanki sözsüzlük səhrasıdır… Danışa bilmirəm. Düşünə bilmirəm», – dedi. Azərbaycan xalqına divan tutan Qorbaçov həm də SSRI parlamanında Anarın mikrofonunu söndürdü, xalqın canına qəsd ediləndən sonra onun danışan dili kimi məhz Anarın səsini, sözünü kəsdi...
***
… Anarın milliyyətçi düşüncəsinin ən böyük izharlarından, təkzibedilməz təsdiqlərindən və tanıqlarından, üstəlik, çağdaş Azərbaycan və daha geniş anlamda türk dünyası ədəbiyyatları kontekstində çox nadir məfkurəvi əsərlərdən biri olan «Ağ qoç, qara qoç» təəssüf ki, hələ də ünvanlandığı bəlli hədəfə toxtamayıb… «Ağ qoç, qara qoç» həm estetik çevrəsi və düzəni ilə, həm də məfkurəvi mahiyyətiylə müasir Azərbaycan ədəbiyyatının fövqəladə əhəmiyyətli və nadir əsərlərindən biridir. (Bunu Çingiz Aytmatov da etiraf etmişdi).
Utopik və antiutopik nağıllar adıyla rəvayət edilmiş «Ağ qoç, qara qoç», əslində, nağıl deyil, heç nağıl mətninin yeni anlamda yozumu da deyil. Onun yuxusunu yozacaq Yusif də artıq bu dünyada yoxdur. «Gecə düşüncələri»ndə Anar yazırdı ki, nağıllar xalqların yuxularıdır. Belə isə bəlkə «Ağ qoç, qara qoç» yüz il öncə absurda sövq edilmiş xalqımızın gördüyü yuxudur. Ənvər Məmmədxanlı demişkən, çoxu kaşmarla dolu olan röya.
***
Milli qurtuluş istiqamətinin çevrələrini təfərrüatına qədər meydana qoyan bu əsər müxtəlif düşüncələr doğurur, intibalar oyadır.
…Bir üzü müqəddəs, bir üzü vahiməli röyasında Anar böyük Turanın mənəvi mədəniyyət mərkəzi olaraq Bakının baş planını təqdim edib. Və mənə elə gəlir ki, bu utopik mərkəzdəki hədsiz firavan işığın və intellekt şəbəkəsinin, əslində, utopik olmaması, xeyrə yozulması üçün çox ciddi əsaslar var və bu gün Bakının memarlıq şəbəkəsini qurub-yaradanlar «Ağ qoç, qara qoç»u mütləq oxuyub və nağılçının, masalçının, yazıçının təklif etdiyi layihəni indidən gerçəkləşdirməyə təşəbbüs göstərə, yaxud bunu nəzərə ala bilərlər. Bir vaxt «Qızıl Alma» dastanının qəhrəmanı Ay Xanım qızıl almanın sorağıyla Bakıya gəlmişdi. Anarın təqdim etdiyi, uydurduğu Bakı isə Ay Xanımın dayandığı yerdən – İstiqlal Beşiyindən – Bakıdan (Z. Gökalp) başlayırdı və bu mənada Anar həmin əsərində qismən də Ziya Gökalpın fikir ardıcılı kimi təzahür edirdi. Anarın təklif etdiyi Birləşmiş Azərbaycan Respublikasının Bakı şəhəri türk tarixinin xülasəsi şəklində qurula bilərdi və açığını deyim, mən bu əsəri oxuduğum gündən bəri xəyallarımda Anarın qurub-yaratdığı Bakıda yaşadığımın fərqindəyəm.
İndi Bakının simasının günü-gündən dəyişdiyi bir çağda «Azadlıq meydanının yerinə Şeyx Səfi xalısının min dəfə böyüdülmüş əksi rəngli daşlarla düzülmüşdü» deyən Anarın xəyalında qurduğunu gerçəyə çevirmək məgər mümkün olmazdımı?
«Selcuq stadionu (əsasən dəyişdirilmiş və genilşəndirilmiş keçmiş respublika stadionu) qarşısında üç böyük Selcuq hökmdarının – Sultan Toğrulun, Alp Arslanın və Məlik şahın at belində heykəlləri ucalırdı»... Xəyaldır. Ancaq kim razılaşmaz ki, xam xəyal deyil. Bakını türk yurdu olaraq qoruyub saxlamaq üçün gerçəkləşdirilməsi mümkün olan müqəddəs və milli bir xəyaldır, deyilmi? Həm Əli bəy Hüseynzadənin, həm də Anarın xəyalıdır.
***
«Ağ qoç, qara qoç» Bakıda cərəyan edir. Fars təmayüllü Behişti-Badi Kubədəki havasızlıq, boğucu mənəvi iqlim (Əli bəyin «Məcnun və Leylayi-İslam» yazısında ifadə etdiyi kimi yüzbaşlı Zöhhak əjdahasının püskürdüyü atəş) Bakının tənəffüs yollarının qabağına çəkilmiş səddin hesabına meydana gəlmişdi və Bakı gizli məzhəb əjdahasının püskürdüyü şər tüstüsünün dumanından boğulurdu.
Anar Behişti-Badi Kubənin timsalında məzhəb boğanağına giriftar olmuş Bakıdan imtina edir. Bakı kommunasının, türk varlığını «yaxıb kül edən» Maratın timsalında bolşevik-rus Bakısından imtina edir. Baku Sitin timsalında geylərin seksual seyrəngahına çevrilmiş ingilis Bakısından imtina edir.
Anar türk Bakısını təklif edir və bu türk Bakısında mədəni müstəvi o qədər geniş və xeyirxahdır ki, burada milli azlıqların mədəni inkişafı üçün də misilsiz şərait var.
Türk atanın yerli ana ilə birliyini qoruyub saxlamaq Birləşmiş Azərbaycanda harmoniyanın, ahəngin davamlılığı və əbədi olması üçün ən tutarlı ideyadır. Və bu ideya son otuz ildə öz yaradıcısının – Anarın yazılarında başlıca xətt kimi keçməkdədir.
«Ağ qoç, qara qoç»un Baku Sitində baş verənləri, yaşananları müşahidə etdikcə Abdulla Cövdətin ötən əsrin ilk illərində qələmə aldığı «Türk-İslam və mədəniyyəti-axirə» məqaləsindəki bir məqam yadıma düşdü: «Ticarət əxlaq pozan bir şeydir… İngilislər, dünyanın ən böyük tacir milləti, eyni zamanda ən ziyadə əxlaqsız bir millətidir. Qafqazda Bakı şəhəri ən ziyadə ticarət yeridir. Ən böyük əxlaqsızlıq da oradadır».
Əli bəy Hüseynzadənin başçılıq etdiyi cərəyan gəlmələrin, yabançı əxlaq və sərmayənin zibilləyib bu hala saldığı Bakını təmizləyib qutsal bir türk yurduna çevirmişdi.
Anarın utopik adlandırdığı nağılının Baku Sitindən çıxıb gəlmiş Cəh-Cəh Can indi rastımıza küçədə, metroda, efirdə... çıxır və «Novrus, nourus, nyü-ryus. Ryus, ryus, ryus. Rus, rus, rus....», – deyə öz çirkab həngaməsini xırıd edir.
Talıbovun (bəlkə də Əbdürrəhim Talıbzadənin) xatırlatdığı o idbar keçmişlərin təkrar olunmaması, ağ qoçun cilvələndirdiyi türk ocağının hələ dünyadan çıxıb getməmiş ruhunu qoruyub saxlamaq üçün Anarın qələminə, düşüncəsinə necə böyük ehtiyacımız var…
***
Anar həm də ideoloqdur. O, çağdaş milli çıxarlarımızın təməl prinsiplərini – azadlıq, müstəqillik, bərabərlik, qardaşlıq, dostluq düsturunu irəli sürmüş ideoloqlarımızın öndə gələn ismlərindədir. «Azərbaycançılıq haqqında düşüncələr» əsərində milli-məfkurəvi konsepsiyanın versiyalarından birini də xalq yazıçısı Anar irəli sürmüşdür.
Anarın yozumunda azadlıq təkcə hüquqi deyil, düşüncə hürriyyətinə rəvac verən bir dəyərdir. Çünki insanlarının düşüncə azadlığına sahib çıxan məmləkət bir də heç zaman qeyri-müstəqil ola bilməz… Daha sonra Anar dünyanın birgəyaşama qanunlarına əməl edərək sona qədər tətbiq olunan milli müstəqillik, sinfi, milli, irqi, dini eşitliyə istinad edən bərabərlik, türk birliyini təmin edən qardaşlıq və bütün qonşularla, xüsusən, yaxın qonşularla dostluq prinsiplərini təklif edir.
***
… Anar Azərbaycanda Dədə Qorqudun bərqərar olması naminə uzun illər mücadilə verdi. O, Qorqud Atanı ehya qıldı. «Dədə Qorqud» povestini qələmə aldı, onun ssenarisi ilə «Dədə Qorqud» bədii, «Dədə Qorqud dühası» sənədli filmləri, «Dədə Qorqud oğuznamələri» televiziya serialı, «Basatın igidliyi» cizgi filmi çəkildi. Böyük alimliyinin ən mükəmməl ifadəsi olan «Dədə Qorqud dünyası» tədqiqatı elmi düşüncəyə yön verdi. Dədə Qorqud ensiklopediyasının yaradılması ideyasını da o, hələ 1980-ci illərin əvvəllərində irəli sürdü.
***
«Kitabi-Dədə Qorqud»u Azərbaycan oğuzlarının kitabı olaraq tədqiq edən Anar Steblevanın «Orxon Yenisey kitabələrinə «ən yaxın olan «Kitabi-Dədə Qorqud»un şeir mətnləridir» – qənaətinə haqq qazandırdı. Ancaq daha irəli gedərək ədəbi şəcərənin, obrazlar və dünyagörüşü, dünyaduyumu sisteminin oğuzun hər iki boyunda eyni olduğunu, hər iki yazıya istinad edərək çox mötəbər dəlillərlə isbat edən Anar Kültəkin abidəsindəki:
Görür gözüm görməz tək,
Bilir bildiyim bilməz tək oldu –
misralarını, Dədə Qorqudun:
Görür gözüm görməz kimi,
Bilir bildigim bilməz kimi oldu –
deyimi ilə qiyaslandırmaqla kökün vahidliyini, kökdəki, təməldəki, mayadakı birliyin, ümumtürklüyün, qardaşlığın Altaylardan Qafqazlara qədər 1500 ildir ki, diri və bütöv qaldığını zamanında xatırlatdı.
***
Bəzən Anarın bir cümləsinin arxasında görünən tarixi-milli miqyas qürur doğurur. Onun «Xalçanın hikməti» məqaləsi səksəninci illərin əvvəllərində yazılıb və xatırlayıram ki, Beynəlxalq Şərq Xalça Konqresi də səksəninci illərin əvvəllərində Bakıda keçirilirdi və o zaman YUNESKO baş katibinin müavini (sonralar Baş Katibi) Federiko Mayor həmin tədbirdə iştirak edirdi. Konqresdə Anar da çıxış etdi. Həmin tədbirdə Anar həm də Pazırıq xalçasını xatırlatdı. Pazırıq xalçasının bizim olduğunu, bizim ustalar tərəfindən toxunduğunu söylədi. Düşünürəm ki, Sovetlər birliyində, hər şeyin, hətta milli-mədəniyyət abidələrinin, o cümlədən, xalçaların da mənşəyinin rəsmi qərarlarla «dəqiqləşdirilib» təyin edildiyi bir çağda Ermitajda «qarabağlı bir erməni ustasının» işi kimi qeydə alınıb sərgilənən ən azı 2500 yaşlı Pazırıq xalçasının bizim olduğunu söyləməsi, əslində, Anarın deyil, millətimizin o illərdə böyük ideoloji zəfəriydi və dünya mədəniyyətinin ən qədim abidəsinin məhz Azərbaycan türkü tərəfindən toxunduğunu əsaslı dəlillərlə iddia eləmək təkcə erməni opponentlərə deyil, milli mədəniyyətimiz haqqında bədgüman olan hər bir kəsə Anarın timsalında vətənpərvər Azərbaycan aydınının verdiyi klassik bir cavab idi. Pazırıq xalçasının mənşəyi, ümumiyyətlə, xalçaçılığın tarixi barədə Anarın, tutaq ki, «Xalça sənətinin Azərbaycan ərazisində yaranması və inkişafı bir sıra obyektiv faktlarla bağlıdır» cümləsinin çəkisi o qədər ağırdır ki, bu barədə ötəri danışıb keçmək qətiyyən mümkün deyil. Dünya elmi fikrini Pazırıq xalçasını Azərbaycan türklərinin sənət arealında tədqiq etməyə sövq edən ilk dəfə Anar olmuşdu və Pazırıq xalçasının türk abidəsi olması barədə fikir hələ yalnız 1980-ci illərin əvvəllərində meydana çıxmağa başlayırdı. Türkmən alimi Axməd Bekmuradovun, türkiyəli Nəriman xanım Kırzıoğlunun, Almaniyada fəaliyyət göstərən Fuad Təkcənin dediklərini Anar daha əvvəl Bakıda söyləmişdi. Yerində və məqamında – Beynəlxalq Şərq Xalça Konqresində 25 əsr əvvəl yaradılmış böyük mədəniyyətimizin və təkcə bizim deyil, dünyanın ən qədim mədəniyyət abidəsinin soraqçısı olmuşdu.
Elə buna görə də dünyanın siyasi ahəngi dəyişəndən sonra özünü bütün məsələlərin çoxbilmişi kimi göstərənlərdən fərqli olaraq Anarın haqqı var ki, Pazırıq xalçasını öz utopik Bakısının sərgi salonlarından birində təqdim etsin: «Dünyanın ən qədim xalısı sayılan Pazırıq xalçası da ciddi mühafizə olunurdu – süzülüb dağılmış bu xalça güllədeşməz şüşənin arxasında asılmışdı».
***
«Mən heç vaxt yalqız olmuram, tənhalığım həmişə mənimlədir», – deyən Anarın tənhalığı bir yaradıcı şəxsiyyətin əbədi və tragik həsrətə meyli kimi dərk oluna bilər. Amma Vətənin və türk düşüncəsinin yetişdirdiyi nadir mütəfəkkirlərdən biri olaraq Anar tənha deyil. Onun məfkurəsinə bağlı, onun getdiyi yolun müqəddəsatını dərk edən insanların çevrəsində Anar tənha ola bilməz. Bir böyük haqqını da heç kəs dana bilməz ki, Anar müasir Azərbaycanın məfkurəvi qurucularından biridir. Onun tənha qalması, təklənməsi Vətən məfkurəsinin zədələnməsinə səbəb ola bilər. Və bu mənada Anar tənha ola bilməz və tənha qalmamalıdır. Anara atılan daşlar əvvəl Dədə Qorquda, Füzuliyə, Mirzə Cəlilə, Üzeyir bəyə toxunub sonra Anara dəyir. Yaxud əksinə. Zədələnəndə onlar bir yerdə zədələnirlər. Onlar bir yerdə zədələnəndə təkcə Azərbaycan deyil, Azərbaycanda mövcud olan uca milliyyət düşüncəsi zədələnir.
***
Böyük bir düşüncə çevrəsini yaradıb ona öndərlik edən Anar abidə şəxsiyyətlərimizdəndir… Hər tərəfdən baxanda görünən Azərbaycandır.
***
Dünyanı qapsayan düşüncə tərzi, tükənməz maarifçilik şövqü, təkrarsız ziyalılığı, böyük ədibliyi, diplomatik tövrü, mükəmməl şəxsiyyəti ilə Vətən anlamının sinonimini təşkil etməyi bacaran bu mütəfəkkir müasirimiz yüz ildə bir yetişən misilsiz Anardır. İllər ötüb keçəcək. Azərbaycan özünün Anar dövrünü hər zaman qürurla xatırlayacaq.
***
Günel Anarqızı, – «İstərdim Anarı anlasınlar», – deyir.
Günel xanımın bu kövrək arzusunu eşidəndə Əli bəy Hüseynzadənin dediklərini xatırladım: «Bir gün dostlarımdan, daha doğrusu dost bildiyim adamlardan biri bir məclisdə dedi ki, «Yaponiya Amerikadadır». Ehtimal, dostum axır vaxtlarda baş vermiş Yapon-Amerika ixtilafı münasibətilə böylə bir xətayə düçar olmuş idi. Biz bəyin səhvini düzəldərək dedik ki, «Ay oğul, Yaponiya Asiyadadır». Biz məclisdən çıxdıqdan sonra bəy əfəndi haqqımda demiş idi ki, «Əli bəy Hüseynzadə şarlatanın biridir. Nə gimnaziyada, nə də universitetdə oxumuşdur, Tibb darülfünununda professorluğu şöylə dursun, heç o darülfünunun qapısını da görməmişdir. Yalandan həkimlik edərək verdiyi əlaclarla bir qaç adam öldürdüyünü hər kəs bilir və i.a.» Şimdi hətta, bu sözlər doğru olsun. Bunun «Yaponiyanın Asiyadamı, yoxsa Amerikadamı» bulunmasına nə dəxli vardır…»
«Anarı anlasınlar». Ancaq Yunusun təbiriycə, bilməyən nə bilsin onu, bilənlərə salam olsun. Anlasalar da, anlamasalar da o – Anardır.