![]() |
![]() ![]() |
Xətrinə dəydim. Daha “bağışla” deməyə üzüm də yox. Allah öldürsün məni. Axı söz vermişdim özümə, bir də xətrinə dəyməyəcəm. Daha utanıram söz verməyə, vallah. Adam nə qədər yalançı olar, nə qədər söz verib tutmaz. Lap xəcalət çəkirəm.
Anamcanı, başım necə qarışıbsa, görməmişəm zənglərini. Nə olar, inan mənə. Yeyib-içmək məclisində ağız deyəni qulaq eşidir ki? Hamı danışır. Bilmirsən qulaq asan kimdir, danışan kim. O qədər zəng eləmisən, axırda telefonun enrjisi qurtarıb və öz-özünə sönüb. Sən də düşünmüsən ki, bilə-bilə söndürmüşəm. Küsmüsən buna görə, ağlamısan, darıxmısan...
Bacın dedi, həmin gün yuxun gəlməyib səhərə qədər, yatmamısan. Zəng çatmayan nömrəmə çoxlu mesajlar yazmısan. Sonra cavab gözləmisən. Mesajlarını səhər-səhər yerimin içində oxudum. Yorğanımı başıma çəkib xeyli gülümsədim də.
Allah haqqı, bircə-bircə mesajların üzündən öpdüm. Sən çox təmizsən, əzizim. Çox. Hisslərin o qədər istifadə olunmayıb ki, “rədd ol, başımdan, məni bir də narahat eləmə!” mesajının ardınca “aşkım, nə olar az iç, içki sənə ziyandı” sözünü yazmısan. O sözünü necə qucaqladım. Mən əclafın yekəsiyəm səni incitdiyimə görə.
Bayaqdan zəng eləyirəm. Telefonu niyə açmırsan? Baxdım, bloka da atmısan “Facebook”da. Ay Allah, nə edim? Bu gün də doğum günüdür. Bilirəm ki, darıxırsan. Hansı mahnılara qulaq asdığını da bilirəm. Özünə ayrı profil açıb statuslarımı izləyirsən, hə? Ki, görüm nə yazır, vəziyyəti necədir? Adım kimi əminəm.
Məsələn, elə bu yazımı oxuyan kimi zəng edəcəksən. Dəqiq. Özü də bilinməyən nömrəylə. Düzdü? Yüz faiz əminəm. Mənim həssas balacamsan. Çox dözə bilməzsən küsülü qalmağa. Həmişə deyirsən, niyə uşaq kimi baxırsan mənə? Uşaq deyiləm axı. Balacam, uşaqsan da, hələ 18 yaşın var. Sən mənim bapbalacamsan. Sənə ömür boyu uşaq kimi baxacam. Səni heç vaxt böyüməyə qoymayacam. Həmişə balaca qal. Adam böyüdükcə kirlənir, balacam, kirlənir.
Yadına gəlir, bir dəfə Sahil bağında görüşdük. Hava da soyuq. Yadımdan çıxmaz o gün. Qar da bir yandan. Soyuq səni qucaqlamağım üçün yaxşı bəhanə oldu ha. İkimiz bir canda üşüdük. Qəfil üzümə elə sevgiylə baxdın ki, ürəyim titrədi. İstədim o sevgini götürüm üzündən. Özü də barmaqlarımın ucu ilə. Yavaşca. Tərpənmə, əzizim, nə olar, tərpənmə, birdən üzündəki sevgi yerə yıxılar, tozlanar. Birdən o sevgi əzilər. Birdən o sevginin qolu sınar. Balaca uşaqların domino daşlarıyla qurduğu evə oxşayır o sevgi. Nə olar, gözlərini qəfil yumma, yavaşca yum. Birdən kimsə oğurlayar. Saçın üzünə dağılanda ehtiyatlı ol. Sevgi üzdə olur həmişə. Üzünü təmiz saxla, əzizim. Həmişə. Mən sənin üzünü sevirəm.
Uçub-dağılmışdım, sən təzədən qurdun məni. O günü yediyin dönərin içindən bir tikə ət götürüb ağzıma uzatmağın qurdu məni. Yanında olanda kəpənək əllərinlə üst-başımı təmizləməyin qurdu məni. Barmaqlarınla saçlarımı daramağın qurdu məni.
Mən sınmağa meyilli adamam. Məni sınmağa qoyma. Allah haqqı, elə bil pərt olmaqdan ötrü ölürəm. Qoyma pərt olum. Oturub çay içəndə ofisiant şokaladları, ləbləbiləri stolun üstünə yığanda etiraz elə. Pulumuz yoxdu axı.
Mən utanıram ofisinata deyəm ki, bunları geri qaytar. Özümü sındırmaq istəmirəm. Mənim dillənməyim yaxşı deyil. Pis çıxır. Sən dillən. De ki, lazım deyil bunlar. Biz sadə çay istəyirik. Hətta desəm ki, qoy qalsın, qoy qalsın, sən razılaşma, de ki, qalmasın. Yaxşımı?
Məni sənin gözündən salmaq üçün haqqımda çox söz deyə bilərlər. Heç kəsə inanma. Mənə inan. Bircə mənə. Həmişə inan. Həmişə. Başqa heç kim inanmasın mənə. Maraqlı deyil. Ömrünün axırına qədər inan mənə. Yalan desəm də, inan. Yalanıma da inan. Səni aldatsam, yenə inan. Səni atıb getsəm, inan ki qayıdacam. Sənə min dəfə söz verib, heç bir sözümün üstündə durmasam, inan yenə. Sənə xəyanət eləsəm də, inan. Sev məni. Qədrini bilməsəm də, yenə tək qoyma. Heç vaxt tək qoyma. Evə gec gəlsəm, səhərə qədər gözlə. Görsən ki, gəlmədim, sən də yatma. Görsən ki, içib küçədə yatmışam, gəl uzan yanıma, əzizim, gəl uzan yanıma.
Həm mənim haqqımda sənə nə deyə bilərlər ki? Elə özüm deyirəm də. Mən avarayam, fərsizin biriyəm, gecələr evə gec gəlirəm, bəzən heç gəlmirəm də. Çoxlu içirəm. Gic-gic yazılar yazıram. Maaşım da çox az. Özümü güclə dolandırır. Pulum yox. Üstəlik etibarsızam, yalançıyam, tərbiyəsizəm, ağzımı açanda söyüşlə açıram... Di bildin? De görüm, mənimlə bir ömür çürütməyə hazırsan? Razısansa, gəl bir yerdə darıxaq, bir yerdə ağlayaq, bir yerdə sınaq, bir yerdə pərt olaq, bir yerdə üşüyək...
Söz verirəm, pulum olan kimi sənə qəfəsdə bülbül alacam. Açıb buraxarsan havaya. Tullanıb əl çalarsan arxasınca, mənim balacam.
Aldığın ətirdən vurmuşam üstümə. Qəşəngdi. Çox sağ ol. Özün niyə gəlmədin ki? Bacından yolladın. Guya ki, küssən, hə? Uşaq! Ətirin üstündə balaca kağızı da gördüm. Oxudum yazdığın sözləri. O qədər səliqəylə yazmısan, sözləri o qədər aydın yazırsan ki, birdən nəyisə səhv başa düşərəm deyə. Çox həssassan.
O nədir, karvalol da tökmüsən məktubun üstünə? Romanımdan götürmüsən bunu? Orda yazmışam ki, qız sevgilisinə yazdığı məktubun üstünə iki-üç damcı karvalol da tökür. Öpdüm o kağız parçasını. Ovcuma alıb, sıxdım üzümə.
Səni çox sevirəm, əzizim! Çox, çox, çox, lap çox sevirəm. Dəli kimi, eşşək kimi, it kimi sevirəm. Ən çox da üzünü sevirəm, üzünü. O təmiz üzünü. Həmişə təmiz qal.
O qədər əminəm ki, məndən ayrıla bilməyəcəyinə. Düzdü, buna görə hərdən qudururam da. Yekəbaşlıq edirəm. Başlayıram özümü pisləməyə ki, əclafam, etibarsızam, yalançıyam... Amm sən məni yaxşı tanıyırsan, bilirsən necə adam olduğumu. Biz xoşbəxt olacağıq. Çox xoşbəxt. Pulumuz olmayacaq, amma təmiz üzümüz olacaq, baxıb doymaq üçün.
Narahat olma, evdəyəm. Oturub çay içə-içə yazı yazıram. İndi durub çiməcəm. Bu gün çıxmayacam heç yana. Dünən məclisdəydim, çoxlu içmişəm. Dayımgil də bizdəymiş. Bir az dayımla ağızlaşdıq. O da şapalağı qulağımın dibinə necə ilişdirdisə, qan təzyiqim qalxdı. Çimib yatacam. Məni sənin zəngin oyatsın. Pulum olan kimi sənə qəşəng gül də alacam. Söz.