Elə bil gözünü qan örtmüşdü. Bu dəfə atını həmişəkindən iki dəfə artıq yüklədi. Qoca yabı dönüb tərs-tərs sahibinə baxdı. Sahibinin əlacı olsa, meşəni belinə yükləyərdi.

 

Qoca yabı tamah dişi uzanan sahibinin əmrinə itaət edib yerindən qımıldandı. Eh, madyan vaxtlarında bu yükü yük saymazdı. İndi kindirini qocalıq kəsmişdi, yüklərin hamısı ona ağır gəlirdi.

Bu yol onları dərəyəcən aparırdı, sora qaratikanlı yoxuş başlayırdı.

Sahibi onu elə hey dəhmərləyirdi. Canını dişinə tutub dərəyəcən endi, yoxuşu qalxanda dirəndi. Dörd ayağı torpağa sancıldı. Şallaq zərbələri od kimi bədənini yandırsa da, xeyri olmadı. Axırda sahibi deyinə-deyinə, söyə-söyə atın yükünü boşaltdı.

Xeyirsiz heyvan! Gərək çoxdan canımı qurtaraydım səndən. Məni yarı yolda qoymağına bax, qudurğanlığına bax!!! – deyib ata bir-iki karlı təpik ilişdirdi.

At yenə tərpənmədi. Bu, sahibini təəccübləndirdi. Bir-iki addım irəli yeridi. At başını yerəcən sallamışdı. Elə bil nəfəs almırdı. Qəfildən böyrü üstə yerə sərildi...

Sonralar sahibi bu əhvalatı kəndin çayxanasında domino oynaya-oyanya zootexnikə danışanda, mal doxturu əl saxlayıb kədərlə dilləndi:

- Atın ürəyi partlayanda belə ölür. Gərək qədərindən artıq yükləməyəsən. Bu, insanlara da aiddir...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə