Sənə bağlanmağımdan, dəli-dolu olmağımdan, saatlarca gözlərinə baxıb quruyub qalmağımdan qorxursansa, görüşməyək. Həyat mənimlə çox amansız davrandı, əzizim. “Kasıb oğlandır, evi-eşiyi yoxdur”,- deyib ilk eşqimin qapısını üzümə elə bağladılar ki...

İtirmək, unutmaq deyil, “unudulmaq” adlı sınaqdan çıxdım deyəndə müayinə kağızında həkim “infarkt” yazmışdı...

 

         İtirmək saatlı bomba kimidir, vaxtı çatdımı, partlayacaq. Hərdən, daha doğrusu, səni düşünəndə (heç xəyalımdan çıxırsan ki) hiss edirəm ki, ürəyim kamikadzelik eşqinə düşüb özünü partlatmaq istəıyir.

Təkcə özün deyil, xəyalın belə mənə Ağ Ev kimidir. Qovuşmaq isə ölümə qucaq açmaqdır. Bilirəm mənə təskinlik vermək üçün ay işığının gümüşə döndərdiyi bulud gözlərin güləcək və bu dostluğu sevgiyə “qurban vermə” deyəcəksən. Şairsən, istəyirsən ki, hər şeyin üstündə sevgi yarlığı olsun fikrini mənə çatdırmaq üçün nələrsə uydurmağa çalışacaqsan və sənə verəcəyim suallardan qurtulmaq üçün susacaqsan...

Mən Xızır deyiləm, ancaq yenə də köməyinə çatıram:

Qorxursansa, görüşməyək...

Bilirəm, sənin də gözündə etiraf etmək adiləşib. Bu televiziyalar gözdən saldı adamları da, etirafları da...

İçində ələm kimi gəzdirdiyin, müqəddəsliyinə tapındığın, əzizdən belə əziz olan bir hissi etiraf etmək bir anlıq, bir dəqiqəlikdirmi? Yox!!!

Bir də görərsən ki, zaman adlı bir atlı səni qabaqlayıb deyər: Sənə çatası əmanət var. Onda nə əllərin tutar, nə də ki, gözlərin görər. Təkcə ürəyin lal suya atılmış daş kimi titrədər bütün vücudunu. Bir də yaddaş kartından nəyinsə sükut içində ürəyinə köçürüldüyünü hiss eləyərsən. Kimsə görməz, kimsə bilməz...

Ən ağır ölüm insanın öz içində dara çəkilməyidir. Ölünün sükutu ağırdan-ağır olur, buludgözlüm. Nəyisə xatırlayan bir insanı heç görmüsənmi? Xatırlamaq çox vaxt sevindirmir adamı, deyim, bunu da biləsən...

Mənim insana bağlanmağım bir radio və ya televiziya verlişində xətdə qoşula bilməyən, bağlantısı alınıb sonra kəsilən tamaşaçının, dinləyicinin yarımçıq cümləsinə bənzəyir. Səsini eşidənlər sonra necə üzüldüyünü görməzlər...

Bu görüşün bir adı da itirməkdir. Və mən etiraf edirəm:

Görüşməyək, qorxuram!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə