![]() |
![]() ![]() |
Onu şəxsən tanımamışdan əvvəl haqqında həmişə xoş sözlər eşitmişdim.Gözəl alim, xeyirxah insan, gəncliyin dostu, təvazökar, təmənnasız və s. Özü istedadlı,işıqlı insan olduğundan istedadlı gəncliyə qayğı və diqqətini heç vaxt əsirgəmirdi.Sakit,təmkinli adam idi. Axı o Arif idi.Sözün,insanlığın, elmin, dostluğun Arifi.Bütün varlığı ilə görünürdü.Bir dəfə Əliağa Kürçaylının AYB-nin “Natavan klub”unda xatirə gecəsini təşkil etmişdim. Arif müəllim Əliağa Kürçaylının qızı Ülkərlə bir qrupda oxumuşdu. O, Ülkərin faciəli ölümün, onunla bağlı xatirələrini danışanda göz yaşlarını saxlaya bilmədi. Çox kövrək insan idi.
Xəstəliyini eşidəndə sarsılmışdım. Qələm dostum Faiq Balabəyli telefon zəngi açdı. Həyat yoldaşı titrək səslə onun yatdığını dedi. Hər işə gələndə otağına baş çəkərdim. Stolunun üzərində oxunmamış qalaq-qalaq qəzetlər onu gözləyirdi. İş yoldaşları onu həddindən artıq çox istəyirdilər. Arif müəllim xəstə olub işə gəlmədiyi vaxtlarda Arifə xanımın, Tovuzun, Şəmsiyyənin, Arzunun, Məlahətin bir dəfə də üzlərinin güldüyünü görmədim. Bir gün onun ölüm xəbəri hamını sarsıtdı.Onun yoxluğundan kədərlənən işçilər hər gün baxışları ilə qapının ağzına qoyulan şəkilin, qərənfillərin tozunu alırdılar. Hər işə gələndə 40 gün şəkilin qabağında ayaq saxladım. Suallar verdim Arif müəllimə... Hərdən mənə elə gəlirdi ki, Arif müəllim iş otağındadır. Heç yana getməyib. O şəkli zarafatla qoyublar. Qərənfillər bəzək üçün gətirilib. O şəkli qoyublar ki, Arif müəllim şəkildən də həyatdakı kimi canlı baxır adamlara. Oktyabrın 28 də “Natavan klub”unun qapıları taybatay açılacaq. Hamıdan qabaq gündüzün günorta çağı Arif Əmrahoğlunun xatirə gecəsinə onun öz şəkli gələcək. Bütün zal bir dəqiqəlik susacaq. Açıq alnıyla, mülayim xasiyyəti ilə, vicdanıyla Arif müəllim gələcək 60 yaşının əlini sıxmağa. Gələcək sevənlərinin görüşünə.Hərə öz xatirəsini danışacaq. Anar müəllim onun gözəl dostluğundan, Fikrət müəllim vəfalılığından, Rəşad Məcid səmimiliyindən, Rauf müəllim qayğıkeşliyindən, Xəyal Rza işığından danışacaq. Həyat yoldaşı stəkanda soyuyan çayından, qızları isə toylarında verəcəyi xeyir-duadan söhbət açacaq. Arifə xanımın, Tovuzun, Şəmsiyyənin , Arzunun, Məlahətin üzündə kədər çat verəcək. Mən də şəklinə baxıb ürəyimdə bu misraları öz-özümə pıçıldayacam. Axı Arif müəllim mənim bu şeirimi çox sevirdi və eşidəndə başını bulayıb hələ tezdir demişdi bir dəfə.
Mən də çoxaldacam qəmin birin də,
Çalacaq qulağı desəm yerin də,
Günlərin birində,günün birində,
Xatirə gecəmə gələcək dostlar.
Məlahət əlində çiçək dəstəsi,
Dostların mən ollam elə siftəsi,
Yaxıb,yandıracam gör neçə kəsi,
Xatirə gecəmə gələcək dostlar.
Kim deyər,keçirdi bir ömrü hədər,
Üzləri bürüyər qəribə kədər,
Özümdən savayı şəklimə qədər,
Xatirə gecəmə gələcək dostlar.
Çoxunu gözləyər bu qəribəlik,
Anam tələsəcək əlində çəlik,
Bütün zal susacaq bir dəqiqəlik,
Xatirə gecəmə gələcək dostlar.
Yanacaq,astaca bir şam yanacaq,
Yanacaq sənətim,peşəm yanacaq,
Bəlkə,hamıdan çox Qəşəm yanacaq,
Xatirə gecəmə gələcək dostlar.