![]() |
![]() ![]() |
İlk dəfə “Natəvan”da görmüşdüm onu: yerində oturub çıxış edənlərin sözünə, şəklinə əl gəzdirirdi:
- Bunun üzü tanış gəlir, adı nəydi?
- Yazıçıdı...
- Ola bilməz canım, mən gedəndə şeir yazırdı!..
Az keçməmiş yenə səsi gəldi, yenə ara qarışdı, kimlərsə gülüşdü... Danışığı, şuxluğu, ərkyana zarafatları ilə dilsiz-ağızsız vaxta asanlıqla körpü salan bu adamın Türkiyədən yenicə qayıdan Tofiq Abdin olduğunu başa düşmüşdüm...
Əslində isə onu lap çoxdan – “Ulduz” jurnalında çap olunan “Adlerdə bir körpü var” povestindən tanıyırdım, əsərin xoş təhkiyəsini və qəhrəmanların taleyindən nigarançılığı illərdir ki, özümlə daşıyırdım. Elə ilk fürsətdəcə, bir uşaq sadəlövhlüyü ilə onların sonrakı taleyini soruşmuşdum. Ötəri cavab verib sözün yönünü şeirə, poeziyaya çevirmişdi...
O, şair idi: nəfəsi, ürəyi, müşahidəsi ilə... Sevdiyim ən gözəl şeiri isə “Adlerdə bir körpü var” idi... Amma bizim nəslin ürəyindəki bu xəyali Adler körpüsünü o çoxdan müasir dövrün Abdin körpüsünə çevirmişdi – özündə Şərqlə Qərbi, Azərbaycanla Türkiyəni, kəndlə şəhəri birləşdirən körpüyə...
“Dünyanın heç harasında adamlar yaşa dolduqca bədrəng geyinmir, bir dənə bizdə başlayırlar ki, ay nə bilim, bunun rəngi açıqdır, sənin yaşına-başına yaraşmır... Vallah-billah, ağsaçlı adam qara kostyumda lap biabırçı görünür...”
“Düşüblər üstümə ki, sən niyə türk sözlərini çox işlədirsən, deyirəm torpaqda qoyulan sərhədlə dil ayrılmır axı, ay başına dönüm...”
“Dar şalvarı, cinsi şəhər uşaqları geyinər, bu, rayon uşaqlarına, kənddən-kəsəkdən gələnlərə yaraşmaz – ta bundan gülməli öyüd-nəsihət, məntiq yoxdu ha...”
Qəzeti-qəzetçiliyi sevən bir ədəbiyyat adamıydı, amma:
“Redaksiyalara redaktorların, adı nədi – korrektorların əlindən girmək olmur... Adamı görən kimi də başının üstünü alırlar, filan yerdə vergül yadından çıxıb, orda nöqtə sözə yapışıb... Dünya dağılmayıb ki, canım, ondansa hərəniz yarım səhifə yazı yazın... Vallah, dost kimi deyirəm: bu nöqtə-vergül düzəltməklə uzağa getmək olmaz, bəlkə o yarım səhifə ilə bir yana çıxa bildiniz...”
Ədəbi-mədəni mühitə lap dolayısı ilə də dəxli olan nə varsa, onun diqqətindəydi:
“Bu Fehruz Səxavət var ha, çox mərifətli oğlandı, bu yaxınlarda da görmüşdüm Quluynan, indi eşitdim ki, atası dünyasını dəyişib, gərək yas yerinə gedəm, onun qardaşı yaman yaxşı oxuyurdu, heyf, qəfil qəzaya düşdü ... Cici xanıma çoxlu-çoxlu salamlar... ”
Amma Əmirxan kişinin yasına gedə bilmədi Tofiq müəllim...
Cici xanımın bu şairlər, yazıçılar məmləkətində türkcə danışan bir babası vardı: vaxtaşırı telefonla danışırdılar, bir yol da olsun ona “Tofiq baba” demədi, əvvəllər türkcə danışan babaydı, sonra olmuşdu Türk baba... Heç görmədi onu...
“Yeddinci qat”dan bu sətirləri bəyəndiyini tez-tez xatırladırdı:
Barış Mançoya
...Bu nağılçımız da köhnəldi,
Gəl, indi təzəsin uyduraq.
Ağ atlı oğlanlar getdi,
Biz ayrı işıq axtaraq.
Dünya fanilik oxuyur,
Gəl, biz həyatdan danışaq.
O, bizə ölüm toxuyur,
Biz ona çiçək yollayaq.
Ölmək də köhnə nağıldı,
Nağılçımız yuxulayır...
Ölüm yoxdu, ömürləri
Göy quşları oğurlayır...
O, yaşamağın, şuxluğun, şövqün, şeirin... sinonimi idi! Onun həyatında, yazısında, danışığında, zarafatında, ürəyində bircə ölümə yer yoxuydu – əlacı olsa, dünyamızdan təkcə bu məfhumu çıxarar (redaktəni heç sevməsə də!) və düzəlişini belə əsaslandırardı:
“Yer üzü doğulmaq və yaşamaq üçündü, ay başınıza dönüm, o dünyanın söhbətini bura qatmayın...”
Oralarda kimlər var – bu, onun sevimli axtarışıydı. Oralar alnına fani bir ömür yazılan insana yaxşı heç nə vəd eləmir... Orda xoşagələn nəsə olsaydı, çoxdan xəbər tutmuşduq – Tofiq müəllimi ki yaxşı tanıyırsınız, bir yol tapıb çatdırmışdı...
Buralarda Tofiq Abdinin doğum günüydü yenə... O gün yaydan payıza körpü saldı, fəsillər görüşdü yenə... Baxdıq ki, heç nə dəyişməyib – ədəbi nəsillərin, ən müxtəlif çevrələrin, nəzmlə nəsrin, yaşılla sarının, həyatla xəzanın arasındakı Abdin, ya da sadəcə Abi körpüsü olduğu kimi qalır elə...
P.S. İtkisindən, kədərimizdən yazmadım, yaza bilmədim... Bizim üçün Tofiq müəllimin yalnız doğum günü var!.. Hər il sentyabrda təbrik məktubu yazıb elektron ünvanına göndərirdim, bu yazını da abdin41@mail.ru-ya yollayıram yenə...