![]() |
![]() ![]() |
Bir insan üçün ən böyük bədbəxtlik onun varının, halının, övladının, evinin, maşınının, yaxşı işinin olmaması deyil, onun Vətəninin olmamasıdır. Bu gecə də Dağ İlməzlidəydim, bu gecə də kəndimizə dönməyimin sevincinə ürəyim dözməyib partlayacaqdı. Amma dözürdü, axı ağlamaq infarktın dərmanıdır. Sevinc, kədərlə doğulduğun yurdda, torpaqda qolboyun olanda insan ölümsüz olurmuş. Allah, sən xeyirə döndər, sən çin elə bu yuxumu...
Ümumi həyətdə, 15 ailəyə “vətən” olan bu darısqallıqda Allahın torpağının, suyunun, daşının, qayasının, gülünün, çiçəyinin bola-bol yaratdığı o yurdu heç olmasa yuxumda belə görmək xoşbəxtlik deyilmi deyirəm öz-özümə. Cavabını da özüm verirəm: Sən burda doğulduğun torpqasız yaşamağa xoşbəxtlik deyirsən? Sən burda yaşayırsan ki? Axşam düşəndə, səhər açılanda bəlkə də hər gün “Kaş indi İlməzlidə olaydım, kaş indi Hacı Xəlil Pirinin qoynunda uyuyan əzizlərimi ziyarət edəydim deməkdən çətin heç nə yoxdur bu dünyada mənimçün.
Payızın kövrəkliyi, “yetimliyi” sümüklərimə, ruhuma işləyəndə məni əsməcə tutur. Elə üşüyürəm ki, adam dolu bu dünyada. Doğru deyiblər: “Dünya adamla dolu, dərdini deməyə bir kimsə yox”... Dərdi deməkmi? Dərdi deməzlər e, yaşayıb ölərlər... Vətənsizlik, yurdsuzluq dirgözlü oda atılmaq deməkdir. Vətənsizlik unudulmaq, tanrının yadından çıxmaq deməkdir. Vətənsizlik bir uçurumdan keçən ömrə güzgü tutmaq deməkdir. Vətənsizlik dili olub danışmamaq, odu olub alışmamaq deməkdir. Atanın, ananın, uğurunda intihar edəcəyin bir qızın yoxluğu ilə barışmağa gücümüz çatır, səbrimiz boy verir. Vətənin yoxluğunu isə unutmaq olmur, vallah-billah olmur... Hansı səmtə dönürsəm gözümə Vətən görünür. Bütün müsəlmanların qibləsi bir olsa da, doğulduğu kəndi, torpağı itirənin bir qibləsi var: onun adına həsrət deyirlər... “Gülüstan”dan bu günə kimi Kür-Araz ovalığında, böyük Azərbaycanın hər qarışında sümüyü torpaq olanlar, Ağbaba, Dərələyəz, Vedibasar, Zəngibasar, İrəvan deyə-deyə göynəyənlər var. Nolar, məni səhv anlamayın. Ayrıseçkilikdən min ağac uzaq fikirdəyəm. Birdə ki, dili vətəni zikr eyləyənin elə fikri də Vətən olar! 26 il. Allah, sən bu həsrəti qərinə yaşına çatdırma. Qoyma, qıyma yaşıdım olsun. Ya məni öldür, ya onu. Mən övladlarıma Dağ İlməzlidə doğuldum, Bakıda öləcəyəm deməyim. Of, of bu yuxu... Bir qayanın başındaydım. Kəndimiz, evimiz ovucumun içindəydi. Kaş ki, yuxum çin olaydı...