Hər bir insanın hansı il, ay, gün, saatda, hansısa torpaqda,  ünvanda və hansı atanın və ananın övladı olaraq dünyaya gəlməsi özü tərəfindən müəyyənləşdirilmir. Buna görə də insanların hər biri bu sadaladıqlarımızdan birini dəyişdirmək məsuliyyətini daşımır...

Amma səndən asılı olmadan başqaları tərəfindən müəyyənləşən həyat şəraiti, yaşayacağın məkan və o torpaqda məskunlaşan ailənin vəziyyəti insanın qədərini və ömür yolunun istiqamətini də müəyyənləşdirir. Elə 4-cü Türk Dünyası Ədəbiyyat Dərgiləri Kongresi tərəfindən 2012-ci ildə Türk Dünyasında İlin Ədəbiyyat Adamı elan edilən Anar da kənardan baxılanda belə bəxtiyar bir taleyin sahibidir. Doğulduğu ildən başqa, yuxarıda söylədiklərimizin hamısı Anardan asılı olmadan mövcud olmuş və onun bəxtiyarlığına səbəb olan ünsürlərdir. Doğulduğu ailə mühitinə görə sanki bəxtiyarlıq da onunla birlikdə doğulmuş və onunla beşik yoldaşı olmuşdur. Anarın doğulduğu 1938-ci il İkinci Dünya Müharibəsi ərəfəsiydi. Yaşıdlarının  çoxundan fərqli olaraq Anar o il Azərbaycanın sayılıb-seçilən ailələrinin birində dünyaya gələcəkdi. Dünyaya gözlərini açan zaman dünya da müharibənin doğum sancıları içində olacaqdı. Divardan yapışıb yüyürməyə başlayanda qarşısına müharibə çıxacaqdı: İkinci Dünya müharibəsi! Sənətkarın karyerası deyil, qədəri vardır deyənlər yanılmırlar. Iki tanınmış şairin oğlu kimi doğulmaq bəxtiyarlığı, əlbəttə ki, hər bir insanın qisməti olmaz. Dünya ədəbiyyat tarixini araşdırsaq belə bir hadisənin bənzəriylə rastlaşarıqmı, bilmirəm. Anar əlinə qələm aldığı ilk  andan başlayaraq ədəbi qayəsini açıq bəyan etsə də (Mənim yazılarımı atamın nüfuzuna görə deyil, ədəbi keyfiyyətinə görə dəyərləndirin)həm atası Rəsul Rzanın (ən çox  da onun), həm də anası Nigar Rəfibəylinin şair kölgəsi hələ uzun zaman Anarın yazıçı taleyinin üzərindən çəkilməyəcəkdi.

Çoxları yaşının az olduğunu nəzərə alaraq Anarın qazandığı ilk ədəbi uğurların şair ana və atasının sayəsində olduğunu söyləyərək bunu onların nüfuzu ilə bağlayacaqdılar. Ona qarşı günümüzədək davam edən qısqanclığın, həsrət və qibtənin əsas səbəbini Anarın inkaredilməz istedadından başqa atası və anasının şəxsiyyətində, nüfuzunda da axtarmaq lazımdır. Anara sadəcə istedadına görə deyil, eyni zamanda şair bir atanın və ananın oğlu olmasına görə də qibtə ilə baxmışlar. Ancaq bir başqasının atasının müharibədə şəhid olmasında nə Rəsul Rzanın, nə Nigar Rəfibəylinin, nə də qibtə ilə baxılan Anarın heç bir aidiyyatı yoxdu. Əlbəttə ki, bunda onların heç bir günahı da yoxdu. Ancaq bu da bir həqiqətdir ki, Anarın ədəbiyyat aləminə sağlam addımlarla ayaq basdığı (biz Anar ilə eyni ədəbi nəslin təmsilçisiyik) 1960-cı illərdə Azərbaycanda meydana gələn 60-cılar ədəbi nəsli “atalar” və “atasızlar” deyə iki qrup yazıçı və şairdən ibarət idi.  Belə bir vəziyyət bizdən əvvəlki ədəbi nəsillərdə olmamışdı, olması da mümkün deyildi, çünki Anar və mənim də təmsil olunduğumuz 60-cılar ədəbi nəslinin nümayəndələrinin bir qisminin atası həyatdaykən bir qisminin atası İkinci Dünya Müharibəsində həlak olmuşdu. “Atalılar” və “atasızlara” hansı gözlə baxırdılar bilmirəm, amma o illərdə atasızların bir çoxu atalılara mənim baxdığım kimi baxacaqdı. Aradan uzun zaman keçməsinə baxmayaraq bu baxış tərzi çeşidli nəsillərin düşüncəsində bəlkə bu gün də eyni şəkildə yaşayır.

Sanki XX əsrin 60-cı illərində ortaya çıxan ədəbi nəsli gözlə görünməyən bir əl seçib ayırmışdı. İşin maraqlı tərəfi odur ki, əgər ədəbiyyat tarixinə nəzər salsaq (xüsusilə, rus ədəbiyyatı tarixinə) hər əsrdə bir 60-cılar nəslinin yetişdiyini görərik. Bu, 19-cu əsrdə də beləydi, 20-ci yüzillikdə də belə oldu. Qoy bunun səbəbini  ədəbiyyat tarixçiləri və ədəbiyyat sosioloqları araşdırsın...

 Anarın Azərbaycanın seçilən, ziyalı bir ailəsində dünyaya gəldiyindən bəhs etdim. Hazırda Azərbaycanda özündən çox əvvəl yaşayan ədəbi şəxsiyyətlərə hücum edən bir nəsil var ki, onlar yerli-yersiz, heç düşünmədən, bəlkə də Anarın get-gedə artan şöhrətinə qısqanclıqdan, üstəlik sadəcə Anara deyil, eyni zamanda illər öncə haqqın rəhmətinə qovuşmuş  anasına və atasına  da dil uzadırlar. Bəzi istisnaları nəzərə almasaq deyə bilərəm ki, ata yaxud da anası sənət adamı olan yazıçıların heç biri ilə yaxın münasibətim və ailəvi tanışlığım olmayıb.

Anar və atası Rəsul Rzayla üz-üzə ilk dəfə 1968-ci tanış oldum. O zaman mənim silsilə şeirlərim ilk dəfə “Ədəbiyyat qəzeti”ndə çap olunmuş və ədəbi dairələrdə müsbət  qarşılanmışdı. Küçədə rastlaşarkən, Anar məni deyəsən əvvəlcədən tanıyırdı ki, atasına dönüb: “Bu, şeirlərini bəyəndiyin Məmməd İsmayıldır”, -dedi və ata-oğul şeirlərimə görə məni ürəkdən təbrik etdilər. Bu hadisə mənim, ataları tanınmış sənət adamı olan gənc yazıçılar haqqındakı vaxtsız hökmümü xeyli dəyişdirmişdi. Məqsədim xatirə yazmaq olmadığından bunu da əlavə edim ki, bir dəfə təsadüfən Anarın ata yurdu Göyçaydakı evlərinə getmək və ailəliklə, anası möhtərəm Nigar Rəfibəyli, atası Rəsul Rza ilə daha yaxından tanış olma fürsəti tapmışdım. O zaman Zaqatala şəhərində Gənc Yazıçıların Qurultayı keçirilirdi. Əslində Anarın da, mənim də  gənclik yaşımızın sonlarıydı və bizi bu tədbirə qonaq kimi dəvət etmişdilər. Yolumuzun üstündə olduğundan Anarın dəvəti ilə Göyçayda, onun ata evində düşdük. Elə o gün Anarın ana və atası ilə ailə şəraitində daha yaxından tanış olmuşdum. O isti ailə ocağını əsla unutmadım, unuda bilmədim. Nigar xanım bir ana şəfqəti ilə hamımızı eyni süfrə başında qulluq etmişdi...

 Sonralar Anarla birlikdə keçmiş Sovetlər Birliyinin müxtəlif şəhərlərində təşkil olunan müxtəlif tədbirlərə də qatıldıq. Bu tədbirlərə qatımaq üçün birlikdə yola çıxdığımızdan mən onun nə qədər yaxşı bir yol yoldaşı olduğunun və eyni zamanda mötəbər məclislərdə ədəbiyyatımızı çox yüksək səviyyədə təmsil etdiyinin də şahidi oldum. Bunu da xatırlamaq lazımdır ki, bu cür məclislərdə bir adam az deyil, milyon adamsa çoxdur!

Anar Azərbaycan ədəbiyyatı və mədəniyyətinə xidmətlərinə görə bir çox ödüllərə layiq görülmüşdür; amma Türk dünyasında ilin ədəbiyyat adamı elan edilmənin sevinc hissi bir başqadır! Əlbəttə, Türk dünyasında bu ödülə layiq görülməli başqa sənətçilər də vardır. Eləsə nəyə görə Anar? Çünki Anar sadəcə Azərbaycan ədəbiyyat və mədəniyyət səmasında parlayan bir ulduz deyildir. Dəyərli əsərləriylə bütün Türk dünyasında tanınan Anarı hər yönü ilə göy qurşağına bənzətmək mümkündür. Göyqurşağının yeddi rəngi, yeddi yönü Anar yaradıcılığının da mayasını təşkil edir.

Yazıçı Anardan bəhs edərkən öncə onun Azərbaycan nəsrinə gətirdiyi yenilikləri xatırlamağımız lazımdır. Yazdığı qısa hekayələrindən romanlarına qədər  bütün əsərlərini oxuyanlar o an onun Türk dünyası ədəbiyyatında fərqli bir yerə sahib olduğunu anlayacaqlar. Anar ədəbiyyat dünyasına qədəm basdığı anda oxucusuna yeni bir üslub təqdim etdi ki, o, ədəbiyyata gətirdiyi bu yeni üslubu ilə özündən əvvəl gələn heç bir yazıçıya bənzəmədiyi kimi açdığı sənət cığırında da elə azaddır ki, özündən sonra gələn bir çox ədəbi nəsli də arxasınca aparır. Əgər onun publisistikasından, ədəbi səriştəsindən bəhs etməli olsaq Anar yalnız bu sahədə ortaya qoyduğu əsərləri və bu yöndəki fəaliyyətləri ilə belə ədəbiyyat tarixində yerini tuturdu. Qurucusu və redaktoru olduğu, Azərbaycan mədəniyyətini ən incə nüanslarına  qədər, hərtərəfli tədqiq edən və bu gün də yaşayan “Qobustan” jurnalını ədəbiyyat dünyamıza töhfə edən Anar sadəcə bu jurnalla belə əbədiyyən yaşamaq haqqına sahib olacaqdı.

Anardan bir ssenarist kimi bəhs etsək onun bir sənətkar kimi yeni bir xarakteristik özünəməxsusluğu da üzə çıxacaqdır. Yazdığı teatr əsərləri Azərbaycanda olduğu qədər dünyanın bir çox ölkəsinin çeşidli teatrlarda səhnələşdirilmişdir. Onun yazdığı və filmlərə çəkilən ssenariləri həm millilik, həm də ümumbəşərilik yöndən üzərində dayanılacaq mühüm mədəni hadisələrindəndir. O ssenari yazmaqla kifayətlənməmiş, yazdığı ssenarilərin bir çoxu filmə çəkilərkən bu filmlərin rejissoru da özü olmuş, bir rejissor kimi bu sahədə də uğur qazanmışdır.

Bunlarla bərabər, çox istedadlı bir tərcüməçi olan Anardan da bəhs etmək gərəkir. Dünya ədəbiyyatından dilimizə çevirdiyi şeirlər və digər ədəbi əsərlər onun tərcüməsiylə oxucuya Azərbaycan türkcəsində təqdim olunmuşdur.

Anarın çox bilinməyən bir yönündən, şairliyindən də, xüsusilə bəhs etmək glazımdır. Bəzən gəncliyində şeir yazıb uğur qazanmayanlar sonralar qələmlərini nəsrdə  sınayar və bir yazıçı olaraq məşhurlaşdıqdan sonra isə ömürlərinin son anında yenidən ilk gənclik illərində ugur qazana bilmədikləri şeirə üz tuturlar.  Bu gözlənilməz hadisə çox zaman oxucular arasında xəyal qırıqlığına səbəb olur. Belələri nəsrdə az ya da çox qazandıqları uğurlara da kölgə salır. Anar bu yönüylə də bir istisna təşkil edir. O şeiri az, amma kəsərli yazır. Onun şeirlərini oxuyanda ədəbiyyatın bir sahəsində istedadlı olan hər bir insanın istəsə hər sahəsində də ugur qazana biləcəyinin həqiqət olduğunu dərk edirik.

Ədəbiyyatımıza sonrakı illərdə gələn gənc nəsillər Anarı bu və ya başqa formada, insaf ölçülərinə sığmayacaq şəkildə tənqid edirlər. Əlbəttə, xətasız qul olmaz, qüsursuzluq, mükəmməllik yalnız Allaha məxsus bir cəhətdir. Bir həqiqəti dəfələrlə, xüsusilə qeyd etmək gərəkir ki, Anar düşməni olsa belə istedadlı insanları dəyərləndirməyi, qoruyub himayə etməyi də bacaran nadir ziyalılarımızdandır.

Keçmiş Sovet respublikalarında Yazıılar Birliyi adıyla fəaliyyət göstərən qurumlar müstəqillik dövründə bazar iqtisadiyyatıyla ayaqlaşa bilmədiyindən özü özünü ləğv etmək vəziyyətində qalmış, fəaliyyətlərini dayandırmışlar. Anarın uzaqgörənliyi müstəqillik illərində də ortaya çıxmışdır. Azərbaycan Yazıçılar Birliyi bu gün də yaşayır və fəaliyyətini hələ də uğurla davam etdirirsə bu, Anarın idarəçilik bacarığı ilə mümkün olmuşdur.

Bir göyqurşağının yeddi rəngi, bir taleyin yeddi yönü! 2012-ci ildə Türk Dünyasında İlin Ədəbiyyat Adamı adlı mükafat hər yönüylə ömrünün hikmət çağlarını yaşayan dostumuz Anarın haqqıdır!

Yeni ünvanın xeyirli, uğurlu olsun,  köhnə dost!

 

 



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə