Başım qəbul imtahanlarına qarışmışdı. Hər şey yaxşı qurtardı, Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspiranturasına qəbul ola bildim. Bu, mənim üçün böyük uğur, illərlə çəkdiyim əziyyətin ürəkaçan nəticəsi idi.

 

Qalibiyyətimin sevincindən başım ayazıyanda facebook hesabımın ana səhifəsindəki statuslara, saytlarda gedən xəbərlərə baxmağa başladım. Sevincim cılızlaşıb buğda dəni boyda oldu. Dünyada nələr baş verirmiş?! Öz doğma torpaqlarında əsir götürülüb gözü çıxardılmış, əzablara düçar edilmiş soydaşlarımın ağrısı, Ukrayna göylərində vurulan təyyarədə həlak olan insanların faciəsi, Qəzzada baş verənlər... Adil Mirseyidi, Azər Mirzəyevi də itirdik. Və Arif Əmrahoğlu...

Mənə Türk xalqlarının ədəbiyatını sevdirən bir insanı, çox hörmət bəslədiyim müəllimimi itirdik. Arif müəllimlə sonuncu dəfə ötən il Yazıçılar İttifaqında görüşdüm. Gənc Türk Yazarlar Birliyinin təşkil etdiyi konfrans çərçivəsində türkdilli ölkələrin Bakıda toplanmış nümayəndələri Anar müəllimlə görüş üçün Yazıçılar İttifaqına yığışmışdılar. Arif müəllim tədbirə qatılmamışdı. Ancaq mən buradan onununla görüşməmiş ayrıla bilməzdim. Otağına gedib görüşdüm, özümü təqdim etdim. "Tanıdım"- dedi. Bəlkə də, mənim xətrimə dəyməmək üçün belə dedi, çünki Arif müəllimin məni kimi minlərlə tələbəsi olub. Xeyli söhbət etdik. Ayrılanda mənə bir qucaq kitab bağışladı. "Yenə gəl, başqa kitablardan da tapıb verəcəm. Apar, ədəbiyyatımızı yaymağa, tanıtmağa çalış".

O kitabları qonaqlardan birinə hədiyyə etdim, qoy Türk dünyası yaxınlaşsın, bir-birini olduğu kimi tanısın deyə. Bu gün səhərdən Arif müəllimlə bağlı olan epizodlar yaddaşımda vərəqlənir, gözlərimin önündən keçir. İmtahan idi. Xoşqədəm adlı qrup yoldaşımız imtahanda əla cavab verdi. Sonda Arif müəllim soruşdu: - Sənin adını niyə Xoşqədəm qoyublar? -Çünki mən doğulanda Laçında təzə evimizə köçmüşük. - Kaş indi də Laçınımıza qayıda bilək, evlərimizə köçək. Arif müəllim bizə təkcə Türk xalqlarının ədəbiyyatını tədris etmirdi, ümumiyyətlə ədəbiyyata, həyata, insanlara özünəməxsus yanaşma tərzini, dərinliklərini anlamağı öyrədirdi. Bir dəfə Mirzə Cəlilin məşhur Novruzəli obrazını təhlil edirdik. Mən özüməməxsus çılğınlıq və pafosla (tanıyanlar bunun necə bir şey olduğunu bilirlər) Novruzəlini tənqid etməyə başladım. Cahillikdə günahlandırıb inkşaf edə bilməməkdə təqsirləndirdim. Arif müəllim o zamanda adi tələbə üçün əlçatmaz olan mobil telefonunu cibindən çıxardıb mənə uzatdı. -Al, bunu işlət görüm. Gözümü döydüm. -Deməli, sən də Novruzəlisən.

Bu, mənə ömürlük dərs oldu. Ondan sonra kimisə nədəsə qınayandı daha çox düşünməyə və ehtiyatlı olmağa başladım. Və Arif müəllim Ziya Göyalpın " Türkçülüyün əsasları" kitabını oxumayana zaçot yazmırdı! Arif müəllim özündən sonra iz qoymağı bacardı. Onun xatirəsi minlərlə tələbəsinin yaddaşında hələ neçə onilliklər yaşayacaq.



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə