![]() |
![]() ![]() |
Adil Mirseyid mənim sevdiyim və öyrəndiyim, böyük hesab elədiyim şairlərdən biri idi. 1995-ci ildə tanış olmuşuq. Bəlkə 100 kilometrlərlə piyada yol qət eləmişik, tonlarla çörək yemişik, nə bilim meqabaytlarla söhbət etmişik. Adil Mirseyidlə bir kiçik həmkarı kimi ən çox ədəbiyyat, poeziya söhbəti edən adam yəqin ki, mən olmuşam, çünki söhbətimiz tuturdu.
Mən həmişə onun hörmətini, yolunu təkcə şair kimi yox, elə yaşca kiçik bir adam kimi də saxlamağa çalışmışam. O qədər maraqlı günlər yaşanıb, o qədər çox şey olub ki... Amma bunları indi danışmaq istəmirəm. Son söhbətimizdən bəzi fraqmentləri xatırlayım. Rafiq Həşimovla Bakı Sağlamlıq Mərkəzinə Adil Mirseyidə baş çəkməyə getdik. Söz-sözü çəkdi, şairlikdən, poeziyadan və dindən danışdıq. Miloşdan çevirdiyim bir şeirdən danışdım Adil müəllimə, sonra da Qurandan “Şairlər” surəsini xatırladıq. Nəsə araya tibb bacısımı, ya kimsə, nəsə girdi, mən komodun üzərindən Adilin kitabını götürüb bir 5-6 səhifə oxudum. Susdum. Bir müddət sonra Adil müəllim dedi ki, nədi, vərəqləyə bildin? Gülümsünüb dedim ki, vərəqləmədim, bir xeyli oxudum. Və yazısından bir yeri səsləndirdim: “Mənim poetik təcrübəmə güvənsək, ilk misra qeybdən gəlir, ikinci misranı içimdəki mən yazır”, - cümləni oxuyub əlavə eldim ki, bu fikri Miloşun “Ars poetika” şeiri haqqında yazanda sitat edəcəm. Pauza yarandı. Söhbət ürəyincə olanda adətən gözlərindən uşaqca xeyirxahlıq yağır, xoş təbəssüm yaranırdı üzündə:
-Nazim yadındadır?
- Hansı şeiri? – sual eləsəm də cavab gözləmədən başladım oxumağa. “Sonu yaxşılıqla bitən kitablar göndərin mənə...”
Niyə axı məhz bu şeiri niyə oxudum, söhbətimizə dəxli yoxdu. İndi fikirləşirəm, bu şeiri ona görə oxudum ki, Adilə yaxşı olsun, ağrıları azalsın, təskinlik tapsın, xeyrə, yaxşıya ümidi artsın.
- Yox, bu şeiri demirəm...- quyunun dibindən çıxan asta və xeyirxah səsi ilə oxumağa başladı, amma səsi o qədər zəif idi ki, hansı şeiri oxuduğunu anışdıra bimədim. Komodun üstündə yaxşı təsvir vardı. Kitablar və Adilin eynəyi. Rafiq də, mən də dedik ki, Adil çox yaxşısan, düzələcəksən, möhkəm ol.
O gün onu gördüyümüz ilk dəqiqədən və yanında olduğumuz bir saat ərzində xeyli dirçəlmişdi. Ümidlənmişdi. Dedi ki, əlbəttə, ruhum güclüdür. Sonra da dedi ki, elə ruhumun gücünə yaşayıram da bu neçə vaxtı.... Sonra infarkt keçirtdi.
Reanimasiyada yenə Rafiqlə baş çəkdik. Həkimlə içəri girməyə qoymasalar da şüşəli qapıdan ona əl elədim. O da təbəssümlə əl ellədi mənə. Sonra da Rafiqlə (o içəri keçmişdi) mənə çatacaq və ömrüm boyu xatırlayacağım bir ismarıc göndərdi. Bir də dünən gördüm Adil Mirseydi. Ağrıkəsicilər vurmuşdular. Yatırdı. Ramazan ayında vəfat etdi... Allah rəhmət eləsin! Yeri behişt olsun! Mən Nüşabə xanıma, Ayana və Ayaza başsağlığı verirəm. Allah səbr versin!”