ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATI  LAUREATLARI

“Ulduz” jurnalı ilə  ayb.az saytının birgə layihəsi

İlham Abbasovun təqdimatında

Onun ədəbiyyat üzrə Nobel mükafatına layiq görülməsi barədə İsveç Kral Akademiyasının təqdimatında və Nobel Mükafatları Komitəsinin qərarında hər hansı bir əsərinin yüksək bədii dəyəri, yaxud yaradıcılığının ümumi estetik məziyyətləri deyil, məhz ənənələri ustalıqla davam etdirməsi xüsusi olaraq vurğulanmışdı: “İspan dramaturgiyasının şanlı ənənələrini ustalıqla davam etdirdiyinə görə.” Beləliklə, adları XX əsr dünya ədəbiyyatının aparıcı simaları sırasında bu gün də tərəddüdsüz çəkilən K.Hamsun və A.Frans kimi çox görkəmli sənətkarlardan sonra 1922-ci ildə Nobel mükafatçısı titulu yenə də sağlığında adı dövrün korifeyləri sırasına düşməyən, bu gün isə, demək olar ki, tanınmayan və xatırlanmayan bir yazıçıya qismət oldu. Söhbət İspaniyanın görkəmli teatr xadimi – dramaturq, rejissor və aktyor Xasinto Benaventedən gedir.

       Xasinto Benavente-i-Martines 1866-cı il avqustun 12-də Madriddə həkim ailəsində dünyaya gəlmişdi. Onun atası Mariano Benavente Qonsales şəhərin ən məşhur uşaq həkimi idi. İxtisaSca incəsənətdən uzaq olsa da, doktor Qonsales və onun xanımı möhkəm teatr həvəskarı idilər. Ailənin kiçik oğlu Xasinto da ata-anasının marağına uyğun olaraq hələ balaca yaşlarından daimi teatr tamaşaçısına çevrilmişdi və hətta özü də uşaq tamaşalarında iştirak edirdi. 

       1882-ci ildə ailəsinin təkidi ilə Madrid Universitetinin hüquq fakültəsinə daxil olan Xasinto 1885-ci ildə, atasının vəfatından sonra universiteti üçüncü kursdan tərk edir. Gələcək həyatı barədə konkret planları olmayan gənc bir il İngiltərə, Fransa və Rusiyada səyahətdə olur, vətənə qayıtdıqdan sonra daha bir il kübar məclislərində vaxt keçirir və nəhayət ki, ürəyincə olan bir məşğuliyyət seçmək barədə düşünməyə başlayır. Əvvəlcə yeni sirk təşkil etmək fikrinə düşür, lakin bu işdə uğur qazana bilməyərək taleyini teatr sənətinə bağlamaq qərarına gəlir və Madrid teatrının aktyor truppasına qəbul olunur. Bununla da həyatda öz yerini dürüstlüklə tapan gənc bütün yaradıcılıq istedadını teatra həsr edir və burada özünü həm aktyor, həm rejissor, həm də teatr təşkilatçısı kimi realizə edə bilir. Amma hər halda onun varlığındakı sənət eşqi ilk növbədə ədəbi yaradıcılıqla, daha dəqiqi dramaturgiya ilə bağlı idi və 1892-ci ildə X.Benaventenin kiçik dramatik etüdlərdən ibarət olan “Fantastik teatr” adlı ilk kitabı işıq üzü görür. Bir il sonra isə onun ilk şeir və hekayə topluları nəşr olunur. Lakin həyatın sonrakı gedişatı da göstərir ki, onun ədəbi yaradıcılıq stixiyası poeziya və nəsr yox, məhz dramaturgiya imiş. 1894-cu ildə X.Benavente gələcək yaradıcılıq yolunun əsas istiqamətinə qədəm qoyaraq “Özgə yuvası” adlı ilk dram əsərini yazır. Burada müəllif kübar cəmiyyətində hökm sürən saxta mənəviyyat mühitini kinayəli bir üslubla tənqid edirdi, lakin dram əsəri üçün ən vacib sayılan cəhət – bədii konflikt zəif idi. Bu əsər teatrın repertuarına qəbul edilməsə də, sonra yazdığı “Məşhur adamlar” pyesi tamaşaya qoyulur və gənc dramaturqa ilk populyarlıq çələngini qazandırır. İlk uğurdan ruhlanaraq bir-birinin ardınca qələmə aldığı pyeslər oxucu və tamaşaçıların rəğbətini qazanır. Tezliklə X.Benaventenin adı ölkənin ümidverici gənc yazıçıları sırasında çəkilməyə başlayır.

       XX əsrin ilk illərindən başlayaraq ispan ədəbiyyatında əsasən gənclərdən ibarət olan “98-cilər nəsli” adlandırılan yazıçılar qrupu aparıcı rol oynamağa başlayır. 1898-ci ildə ABŞ-la müharibədəki acınacaqlı məğlubiyyətdən sonra bir zamanlar dünyaya meydan oxumuş İspaniya İmperiyasının tam süquta uğramasını milli faciə kimi qəbul edən ədəbiyyatçılar qrupunun təmsilçiləri heç olmasa ədəbiyyat sahəsində ölkələrinin əvvəlki nüfuzunun bərpa edilməsi uğrunda çalışırdılar. “98-cilər nəsli”nə X.Benaventedən başqa İspaniyanın M.Palastos, M.Unamuno, M.Maçado, R.Maestu, R.Baroxa, X.Ximines kimi tanınmış yazıçıları da daxil idi. İndi Madriddə “98-cilər nəsli” parkında məhz X.Benaventenin möhtəşəm heykəli ucalır. Tezliklə bu qrupun liderinə çevrilən gənc dramaturqun təşəbbüsü ilə 1899-cu ildə onlar Madriddə yeni teatr açır və hərəkatın ideyalarını təbliğ etmək məqsədilə “Ədəbi həyat” adlı jurnal nəşr etməyə başlayırlar. X.Benavente teatrın bədii rəhbəri və jurnalın baş redaktoru təyin olunur.

       Bundan sonrakı illərdə ictimai fəaliyyətlə yanaşı məhsuldar dramaturji yaradıcılığını da davam etdirən X.Benavente həmin dövrdə ispan dramaturgiyasının ən nüfuzlu nümayəndəsi sayılan, əvvəlki nəslin təmsilçisi, 1904-cü ilin Nobel mükafatçısı Xose Eçeqarayın pyesləri sayəsində ispan teatrında aparıcı mövqe qazanmış romantik melodram janrının hegemonluğuna son qoymaq uğrunda mübarizəyə başlayır. X.Benavente öz əsərlərində yüksək pafoslu deklamasiyaçılığı ictimai satira və yumşaq ironiya üslubu ilə əvəz etməyə çalışır, adi adamların adi həyat məsələlərini səhnəyə gətirməyə üstünlük verirdi. X.Eçeqaray dramaturgiyasından fərqli olaraq, dolaşıq, çoxgedişli intriqalar üzərində qurulmuş süjet onun pyeslərinin əsas xəttini təşkil etmir, bunun əvəzində o, kəskin, yığcam dialoqlar vasitəsilə personajların psixoloji portretini yaratmağı, mənəvi dünyasının incəliklərini ifadə etməyi daha vacib sayırdı. Bu baxımdan onun dramaturq kredosunu rus ədəbiyyatında  A.P.Çexovun mövqeyinə bənzətmək olar. Onun bu dövrdə yazılmış əsərlərində ümumən yaradıcılığı üçün səciyyəvi olan kamera – salon komediyası üslubu daha aydın müşahidə olunmağa başlayır. Eyni zamanda bu pyeslərdə sırf ispan həyatı və ictimai mühiti üçün xarakterik sayılan milli kolorit də öz qabarıq ifadəsini tapırdı.

        Əyalət şəhərinin əhvalatlarını satirik dillə ifadə edən “Qubernatorun arvadı” (1901), elitar cəmiyyətdə hökm sürən qeyri-səmimi insani münasibətləri alleqorik üsulla tənqid edən “Şənbə axşamı” (1903), yenə də yüksək cəmiyyətin həyat normalarını ifşa edən, buradakı mənəviyyatsızlıq və xəyanətkarlıq mühitinin məğzini araşdıran “Payız qızılgülləri” (1905) və “Şahzadə xanım Bebe” (1906) kimi pyeslər onun yaradıcılıq konsepsiyasını dolğun əks etdirməklə bərabər, həm də tamaşaçı kütləsi arasında geniş şöhrət qazanmasına zəmin yaratdı.

        X.Benaventenin  dramaturgiyası janr baxımından çox zəngin və rəngarəngdir. Ümumən yüz yetmışdən artıq dram əsəri yazmış sənətkarın qələmindən komediyalar, dramlar, faciələr, vodevillər, farslar, librettolar, uşaq nağıl-pyesləri, folklor mövzusunda dramatik səhnəciklər çıxmışdır. Komik səciyyəli dram əsərlərində yazıçı cəmiyyətdə insani münasibətlərin maddi maraqlar mövqeyindən qurulmasını tənqid edir, sosial dramlarında isə çağdaş cəmiyyətin vulqar və bayağı həyat normalarına qarşı əsl məhəbbət, xeyirxahlıq və fədakarlıq ideyalarını qoyur, ictimai konfliktlərin dinc yolla – “xristian əxlaqı” mövqeyindən həll edilməsini vacib sayırdı.

        1907-ci ildə yazıçı italyan maska komediyası üslubunda özünün ən məşhur əsərini, haqlı olaraq onun dram yaradıcılığının zirvəsi sayılan “Maraqların oyunu” pyesini qələmə alır. Burada müasir cəmiyyətin tipik hadisələri və xarakterləri ənənəvi maska komediyası vasitələrilə təqdim olunmuşdur. Əsərin baş qəhrəmanı “ağa”sını varlı qızla evləndirməyə çalışan hiyləgər “xidmətçi” Krispindir.

         Tamaşa Krispinin pərdə qarşısında söylədiyi proloqla başlayır. Bu proloq fars janrının təqdimatından, onun haqqında tərifli sözlərdən ibarətdir. O, xüsusi olaraq diqqətə çatdırır ki, fars janrı tamaşaçıdan həyata nağıl kimi baxmağı, uşaqcasına təbii və səmimi, şən və qayğısız olmağı tələb edir. Maska və kukla tamaşalarında olduğu kimi, farsda da zaman və məkan şərti xarakter daşıyır. Beləliklə, bu maarifləndirici giriş hissəsi tamaşaçıları əsəri qavramağa və qəbul etməyə hazırlayır.

          ...Sonra pərdə açılır və... Leandro və Krispin adlı iki dost tanımadıqları bir şəhərə gəlib çıxırlar. Dostları ciddi çətinliklər gözləyir, çünki heç birinin pulu yoxdur. Daha fərasətli və diribaş olan Krispin vəziyyətdən çıxmaq, hətta varlanmaq üşün cəsarətli bir plan  qurur. Onun planına görə, Leandro özünü bu şəhərə vacib dövlət işi üçün gəlmiş zəngin və tanınmış bir adam kimi qələmə verməlidir. Özünü isə onun xidmətçisi kimi təqdim edən Krispin dostunun qarşısına belə bir şərt qoyur ki, hər şeyi onun öhdəsinə buraxsın və yalnız onun dediklərini etsin, o isə hər şeyi yoluna qoyacaq. Əvvəl qorxaraq bu planla razılaşmaq istəməyən Leandro sonra vəziyyətin çıxılmazlığını görüb dostunun təkidləri qarşısında təslim olur.

         Dostlar şəhərin ən bahalı mehmanxanasında ən yaxşı otağı kirayələyərək  bahalı nahar sifariş verirlər. Krispinin ədalı davranışı mehmanxana sahibini onların çox vacib qonaqlar olduğuna inandırır. Dostlar yerli fırıldaqçıları da öz oyunlarına cəlb edərək Leandronu şəhərin ən zəngin adamının qızı Silviya ilə evləndirmək üçün məkrli tədbirlər tökməyə başlayırlar. Bütün bu hiylələrdən qorxuya düşən Leandro şəhəri tezliklə tərk etmək fikrindədir, ancaq Silviyaya həqiqətən aşiq olaraq hər şeyi açıb ona danışır. Qız da ona həqiqətən vurulmusdur və ailəsini atıb onunla birlikdə şəhərdən qaçmağa hazırdır. Leandro Silviya ilə evlənmək qərarına gələrək Krispindən ayrılır. Belə bir sonluq Krispini də təmin etdiyi üçün əsər qarşılıqlı anlaşma ilə başa çatır.

        Modern ifadə vasitələrinin üstünlüyü ilə yazılmış bu əsərdə Krispin həm də bir teatr tamaşası, bir oyun olaraq qurduğu hiyləgər planın rejissoru kimi iştirak edir. Yeri gəlmişkən, pyesin ilk tamaşasının həm də rejissoru olan dramaturq özü eyni zamanda Krispin rolunu ifa edirdi. O, tamaşada iştirak edən yeganə aktyor idi. Digər surətlərin hamısı marionet  kuklaların “ifasında” təqdim olunurdu. Onu da qeyd etmək istərdik ki, buna bənzər bir quruluşu tamaşaçılarımız Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrındakı tamaşasında görüblər. Məşədi İbadı ölməz aktyorumuz Yaşar Nuri, qalan rolları isə kuklalar “oynayırdı”.  

         “Maraqların oyunu”nun ümumi məzmununda və ayrı-ayrı detallarında rus klassik ədəbiyyatının görkəmli nümayəndəsi N.V.Qoqolun Azərbaycan oxucusuna və tamaşaçısına yaxşı tanış olan məşhur “Müfəttiş” komediyasının təsirini görməmək olmaz. Amma bir həqiqəti də etiraf etmək lazımdır ki, Nobel mükafatçısının “şah əsəri” XIX əsr klassikinin şedevri ilə müqayisədə həm ədəbi-bədii, həm də ictimai-sosial parametrlərinə görə xeyli solğun və sönük görünür. Yalnız teatrallıq baxımından bu əsər daha yüksək qiymətləndirilə bilər. Bu da, yəqin ki, müəllifin birbaşa teatr xadimi olması ilə əlaqədardır.

          1908-ci ildə kənd həyatından bəhs edən “Sahibə xanım” pyesini yazdıqdan sonra 1908-1912-ci illərdə Madridin “İmparcial” (“Tərəfsiz”) qəzetində ədəbi tənqid rubrikasının daimi köşə yazarı kimi çalışan X.Benavente dramaturji yaradıcılığına fasilə verərək İspaniyanın ən məhsuldar və nüfuzlu tənqidçisi kimi məşhurlaşır. O vaxta qədər pyesləri Avropanın bir çox ölkələrində çap olunmuş və tamaşaya qoyulmuş dramaturq 1913-cü ildə qələmə aldığı “Ehtiras qurbanları” pyesi ilə yenidən dramaturgiyaya və teatr mühitinə qayıdır. Bu əsər təkcə Avropa ölkələrində deyil, yazıçının pyesləri içərisində ilk olaraq həm də ABŞ-da tamaşaya qoyulur və böyük uğur qazanır. Həmin ildə yazılmış digər bir əsərdə -- “Bəxtsiz qadın” pyesində məhəbbət mövzusu fəlsəfi planda təqdim olunur. Mənəvi-əxlaqi mövzuda yazılmış “Başımıza gətirilən bəlalar” pyesi dramaturqun yaradıcılığında ictimai problemlərə meylin güclənməsindən xəbər verir.

          Ədəbi yaradıcılıqla paralel ictimai fəaliyyətini də davam etdirən ədib 1912-ci ildə İspaniya Kral Akademiyasına, 1918-ci ildə isə ölkə parlamentinə üzv seçilir. 1920-ci ildə X.Benavente İspaniya Milli Teatrının baş rejissoru təyin olunur və bundan sonra ümumən çağdaş ispan dramaturgiyasının və teatrının inkişaf meyillərinin müəyyənləşməsində həlledici rol oynamağa başlayır. Ancaq qəribədir ki, elə həmin ildən başlayaraq onun ədəbi yaradıcılığında böhran dövrü başlayır, dram əsərlərinin səviyyəsi həm kəmiyyət, həm də keyfiyyət baxımından hiss olunacaq dərəcədə aşağı düşür. Peşəkar yaradıcılığa başladığı dövrdən bəri ilk dəfə olaraq o, dörd il ərzində bir dənə də pyes yazmır.

          Ən qəribəsi isə məhz elə bu dövrdə -- 1922-ci ildə dramaturqa Nobel mükafatının verilməsidir. Nobel mükafatçılarının hamısının yaradıcılığında yüksəliş və eniş mərhələləri olub. Lakin X.Benaventedən başqa heç kimə ali ədəbiyyat mükafatını yaradıcılığının böhran mərhələsində qazanmaq “xoşbəxtliyi” nəsib olmayıb. Bir unikal cəhət də o idu ki, X.Benaventeyə Nobel mükafatı bir dramaturq kimi verilsə də, əslində o, həm də mövcud olmayan bir nominasiya – teatr sənəti üzrə laureat sayıla bilərdi.

          Onun namizədliyinin müzakirəsi zamanı İsveç Akademiyasının üzvü Pyer Xalstrem yazıçının yaradıcılıq məziyyətlərini belə qiymətləndirmişdi: “X.Benavente dünyanı nadir dərəcədə iti və nüfuzedici nəzərlərlə müşahidə etməyi, həssas və dərin zəka ilə dəyərləndirməyi bacarır. Onun əsas məqsədi həyatın dolğunluğunu və zənginliyini əks etdirmək, xarakterlərin qarşıdurmasını və mübarizəsini maksimal dərəcədə həqiqətə uyğun göstərməkdir.” Amma, hər halda, Nobel mükafatı ona ənənələrin davam etdirilməsinə görə verilmişdi.

           İspan ədəbiyyatının ən dəyərli nümunəsi böyük Servantesin dahiyanə “Don Kixot” romanı sayılsa da, bu xalq dünya mədəniyyəti xəzinəsinə neçə-neçə dəyərli poeziya və nəsr nümunələri bəxş etsə də, ispan ədəbiyyatında aparıcı rolu çox zaman məhz dramaturgiya oynamışdır. Bu, bəlkə də, dünya miqyasında unikal bir hadisədir. Peşəkar ispan dramaturgiyası XVI əsrdə formalaşmışdır. İlk dram əsərlərinin müəllifi də Servantes olmuş, lakin dramatik növdə ciddi uğurlar qazana bilməmişdi. Onunla bir dövrdə yaşamış başqa bir böyük ispan yazıçısı Lope de Veqa (1562-1635) isə ədəbi yaradıcılıqda əsas uğurlarını məhz bu sahədə  qazanaraq dünya dramaturgiyasının ən böyük simalarından biri kimi misilsiz şöhrət qazandı. Onun qələmindən çıxmış pyeslərin ümumi sayı ili minə yaxındır. Bədii yaradıcılığın bütün sahələrində bu cür məhsuldar olan L.de Veqanın təxminən əlli illik sənət ömrü müddətində yazdığı lirik şeirlərin ümumi həcmi 20 cilddən coxdur.

        Sonrakı dövrlərdə də ispan dramaturgiyasının Xuan Ruis Alarkon, Pedro Kalderon,Tolas Rodriges Rubi kimi dünya şöhrətli nümayəndələri olmuşdu. Elə X.Benaventenin öz müasiri, 1904-cü ilin Nobel mükafatçısı X.Eçeqaray da ilk növbədə dramaturq idi və bu ali ədəbiyyat ödülünə “ispan dramaturgiyası ənənələrinin dirçəldilməsində xidmətlərinə görə” layiq görülmüşdü. X.Benavente bax bu cür ənənələrin davamçısı idi. Mükafata layiq görülərkən o, Amerika universitetlərində mühazirələr oxumaq üçün ABŞ-a dəvət olunmuşdu. Buna görə də təqdimat mərasimində iştirak edib nitq söyləyə bilmədi. Mükafat İspaniyanın İsveçdəki səfirinə təqdim olundu.

        1924-cü ildə isə X.Benavente öz ölkəsinin ən nüfuzlu ədəbiyyat mükafatı sayılan Böyük Alfons xaçı ilə təltif olundu və Madridin fəxri vətəndaşı tituluna layiq görüldü. Bundan sonra yenidən dramaturji yaradıcılığa qayıdan yazıçının “Yaxşı məhəbbətin dərsləri” pyesi Milli Teatrın səhnəsində böyük uğurla tamaşaya qoyuldu. Sonrakı illərdə X.Benavente bədii yaradıcılığını əvvəlki fəallıqla davam etdirsə də, mütəxəssislərin yekdil rəyinə görə, onun Nobel mükafatından sonra yazdığı dram əsərləri bədii keyfiyyətinə görə əvvəlkilərdən geri qalırdı. Bu dövrə aid “Eyhamlar” dramında müəllif cəmiyyətin dözümlülük və anlaşma şəraitində inkişafına mane olan irticaçı qüvvələri satirik mövqedən ifşa edir. Sonra yazılan “Donsel ata” (1828) pyesi də ideyasına görə bu əsərlə səsləşir.

       30-cu illərin ikinci yarısında İspaniyada faşistlərlə respublikaçılar arasında gedən hakimiyyət mübarizəsində X.Benavente respublikaçıların tərəfində idi. Lakin sonra başlanan vətəndaş müharibəsi zamanı o yoxa çıxdı. Bir neçə il onun yerini bilən olmadı. Hətta general Frankonun tərəfdarlarının onu güllələməsi barədə şayiələr də yayılmışdı. Yalnız müharibə faşistlərin qələbəsi ilə başa çatandan sonra məlum oldu ki, bütün bu illər ərzində o, Argentinada mühacirətdə yaşayırmış. Bir neçə ildən sonra yazıçı vətənə qayıtdı və general Frankonun faşist rejimi ilə barışaraq tərəfdarlarını dərindən məyus etdi.  

       1944-cü ildə yazıçının dram yaradıcılığının 50 illiyi bütün ölkədə böyük təntənə ilə qeyd olundu. Onun əsərləri, demək olar ki, bütün teatrların səhnəsində yeni quruluşda tamaşaya qoyuldu. 1948-ci ildə isə o, “İspan mətbuatında dərc olunmuş ən yaxşı qəzet məqaləsinə görə” xüsusi mükafata layiq görüldü. Bu mükafat onun təkcə bədii deyil, publisistik yaradıcılığının da böyük dəyərinin təsdiqi idi. Dramaturqun İkinci Dünya müharibəsindən sonra yaratdığı əsərlər içərisində ən çox şöhrət qazananı “Xanım qız” (1945) pyesi, sağlığında tamaşaya qoyulmuş son əsəri isə “Canavarı qorxudan Qırmızıpapaq” komediyası oldu.

       X.Benavente heç zaman ailə qurmamış, ömrü boyu subay yaşamışdı. Hətta bəzi ispan tədqiqatçıları onun qeyri-ənənəvi oriyentasiyaya mənsub olduğunu yazırlar.

        Yaradıcılığının çiçəklənmə dövründə onun dram əsərləri yalnız vətənində deyil, ümumən Avropa və ABŞ-ın ən nüfuzlu teatrlarında tamaşaya qoyulmuş, böyük uğurlar qazanmışdı. 1920-ci ildə tanınmış ingilis yazıçısı Storm Ceymson onu “ən böyük ispan dramaturqlarından biri” adlandıraraq yazırdı: ”Onun dram əsərləri üçün fövqəladə yaradıcılıq fantaziyası, poetik zəriflik, texniki kamillik və intellektual yetkinlik xarakterikdir.” 1942-ci ildə Amerika ədəbiyyatşünası Horatsio Smit yazırdı ki, “X.Benaventenin əsərləri onu müasir dövrün ən görkəmli yazıçılarından biri kimi qiymətləndirməyə əsas verir. Şübhə yoxdur ki, bu əsərlər müəlliflərindən daha artıq yaşayacaq.” Bununla belə, qeyd etmək lazımdır ki, tarix tənqidçinin bu ümidlərini doğrultmadı, ölümündən sonra onun yaradıcılığına oxucu və tamaşaçı marağı kəskin şəkildə azaldı. Bu münasibəti ədəbi tənqidin mövqeyinə də aid etmək olar. İspan ədəbiyyatşünası Alfredo Markerin fikrincə, “X.Benavente teatrı bir sıra xüsusiyyətlərinə görə O.Uayld və B.Şou ilə ortaq cəhətlərə malik olsa da, yeni ideya və fəlsəfi müşahidələrdən məhrum olduğuna görə müasir dövrün tələblərinə cavab vermir. Ancaq müəllif hətta intellektual tamaşaçıları belə aldatmaq üçün kifayət qədər ağıllı və istedadlıdır. O, buna ilk növbədə surətlərin orijinal xarakteri sayəsində nail ola bilir.”

        X.Benavente dünya şöhrəti qazana bilməsə də, pyesləri Avropanın bir çox dillərinə tərcümə olunmuş, nüfuzlu teatrların səhnəsində tamaşaya qoyulmuşdu. Ancaq onun nəinki əsərləri, heç adı da Azərbaycan oxucusuna tanış deyil. Həqiqət budur ki, ötən əsrdə dünya ədəbiyyatının Azərbaycan oxucusuna təqdim olunan həm klassik, həm də müasir nümunələrinin əksəriyyəti rus dilindən tərcümə olunurdu. Rus tərcümə ədəbiyyatı isə hələ çar dövründən başlayaraq dünyanın, demək olar ki, bütün elm və mədəniyyət nümunələrini əhatə edirdi. Yalnız ideoloji cəhətdən Rusiya və Sovet rejiminin hansısa prinsiplərinə “cavab verməyən” əsərlər diqqətdən kənarda qalırdı. Elə buna görə də haqqında söz açdığımız ispan yazıçısının rus dilinə geniş tərcümə olunmaması təəccüb doğurur. Onun nə yaradıcılığında, nə də ictimai fəaliyyətində Rusiyanı təmin etməyəcək bir məqam yox idi. O, 1933-cü ildə İspaniyada Sovet İttifaqının Dostları Cəmiyyətinin yaradıcılarından biri olmuş, hətta rus inqilabçıları haqqında pyes də yazmışdı. Amma onun böyük külliyyatından rus dilinə bircə əsər – “Maraqların oyunu” pyesi tərcümə olunmuşdu. Heç Rusiya mövzusunda yazdığı əsəri də tərcümə etməmişdilər. Bizcə, XX əsr boyu X.Benaventenin Azərbaycan ədəbi mühitinin maraq dairəsindən kənarda qalmasının əsas səbəblərindən biri də məhz bu amildir. Başqa sözlə desək, əgər o, Rusiyada geniş tərcümə və təbliğ olunsaydı, sorağı, yəqin ki, Azərbaycana da gəlib çatardı...

        Xasinto Benavente 14 iyul 1954-cü ildə Madriddə 87 yaşında vəfat edib və böyük hörmət-izzətlə dəfn olunub. 

 

X.BENAVENTENİN AFORİZMLƏRİNDƏN SEÇMƏLƏR

        

- Heç nə insanları bir-birinə gülüş qədər yaxınlaşdıra bilməz.

         - İnsan öz vərdişlərinin köləsidir. Bu vərdişlərin ən pisi isə hər gün yeməkdir.

         - Musiqi həmişə nələrisə gizlətməyə kömək edir.

         - İnsan xəyalının səmalarda uçması bəzən yerdə onun köməyinə çatır.

         - Aşiq olmuş kişi adətən cəsarətsiz olur və bu zaman qadının təşəbbüsü öz əlinə alması lazım gəlir.

- Şüur daim həqiqəti axtarır və onu tapa bilməyincə bəzən yalana uyub özünü də itirir.

- Asılaraq edam edilmış adamın evində kəndirdən danışmazlar.

- Sevgi olmayan yerdə pulun heç bir dəyəri yoxdur, amma pulsuz sevgi də bir şeyə dəyməz.

- Bəzən göylərdən insanın qəlbinə günəş şüası kimi incə bir tel – məhəbbət teli uzanır. Bu tel insanı dəyişdirir, qanadlandırır, çöhrəsini işıqlandırır. Və bu zaman hiss edirik ki, həyatımız yalnız mənasız oyundan ibarət deyilmiş, onda oyun qurtardıqdan sonra da qalan ülvi, həqiqi, əbədi olan nələrsə varmış.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə