Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Qazaxıstan mətbuatına müsahibə verib. AYB.az həmin müsahibəni təqdim edir.

 

Dədə Qorqud -  məşhur dastanın qəhrəmanıdır. Ölümsüzlük axtarışında dünyanın dörd bir tərəfini gəzdi, lakin hər yerdə qəbirlərinə rast gəldi. Sonra Dədə Qorqud  vətəninə qayıtdı və əlinə qopuz  götürdü. Sehirli alət çalarkən, Ölüm ona yaxınlaşa bilmirdi. Bir gün Dədə Qorqud yuxuya getdi və Ölüm ilan obrazında ona tərəf süründü. Oğuz tayfalarının qəhrəmanlıq dastanı Orta Asiya, Yaxın Şərq və Qara dəniz sahillərinin böyük bir ərazisində geniş yayılmışdır. Lakin "Dədə Qorqud" dastanı daha çox Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan xalqları arasında məşhurdur.

 Dədə Qorqud bir çox alimlərin araşdırma mövzusu oldu. QAZAQSTAN TARİHY portalı Türk ədəbiyyatında Qorqud  fenomeninin tədqiqatçısı kimi tanınmış Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri,  Anarla görüşdü. Anar Qazaxıstana Asiya ölkələri yazıçılarının birinci forumunun fəxri iştirakçısı kimi gəlmişdir. Nur-Sultanda məşhur yazıçı forum iştirakçılarına türkdilli xalqların ədəbiyyatından danışdı.

-Dədə Qorqudu türk sivilizasiyasının nailiyyəti adlandırmaq olarmı?

-"Kitabi Dədə Qorqud" təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün türk ədəbiyyatının ən böyük abidəsidir. Qorqudun adı Qazaxıstanda geniş yayılmışdır, Qızılorda vilayətində onun abidəsi ucaldılmışdır, ona görə də bu, bizim ümumi ulu babamız əcdadımızdır. Buna görə fikirləşdim ki, bu mövzu qazax dinləyiciləri üçün maraqlı olacaq.

- Həqiqətən, bu dastan bizi bir-birimizə bağlayır.Mifik qəhrəman Dədə Qorqud qazax folklorunda qorunub saxlanmışdır.Dastan kifayət qədər böyükdür. Onun öyrənilməsi ilə nə vaxtdan məşğul olmağı başlamısız?

- Mən çoxdan bu əsərin tədqiqi ilə məşğulam. Dastanı ilk dəfə 14 yaşımda oxumuşam. O məni valeh etdi, və hər dəfə onu oxuduğum zaman, yenidən mənim üçün açılır. "Dədə Qorqud" dastanı əsasında 2 hissəli bir film üçün ssenari yazdım, motivləri əsasında povest yazdım, kitab üç dəfə Rusiyada, Türkiyədə və İranda nəşr olunub. Qazaxıstanda da dərc edilmiş "Dədə Qorqudun Dünyası" adlı böyük essem var. 2 cildlik Dədə Qorqud Ensiklopediyasının təşəbbüskarı və baş redaktoru olmuşam. Kitab Bakıda nəşr olundu. Demək olar ki, bütün həyatım boyu bu eposla məşğul olmuşam.

- Dastan bir çox xarici dillərə tərcümə edilmişdir.Onun hansı tərcüməsini daha orijinal hesab edirsiniz?

- Avropa dillərinə çoxlu tərcümə edilmişdir, amma mən Azərbaycan, Türkiyə nəşrindən istifadə edirəm. Rus dilinə akademik V. Bartold tərcümə edib. Daha sonra onun tərcüməsi Azərbaycan alimlərin-qorqudşünasların H.Araslının, M. Təhmasibin şərhlərilə çıxdı. Epos həqiqətən bir çox xarici dillərə, ingilis, alman, fars dilinə tərcümə edilmişdir. Ən son tərcümələrdən birini bu yaxınlarda aldım. Qazaxıstana getməzdən əvvəl, mənə ön sözlərim ilə Çin dilində nəşr  olunmuş “Kitab”ı gətirdilər.

- Demək olarmı ki, ortaq türk mədəniyyətinin bu dəyərli abidəsi dövrümüzdə aktual olaraq qalır?

- Əlbəttə, hər bir ölməz sənət əsəri kimi, o da bütün dövrlərdə aktualdır. Burada iki məqamı vurğulamaq lazımdır. İlk növbədə, Dədə Qorqud obrazının özü. Bu obraz qazaxlarda da var. Dədə Qorqudun ölümdən necə qaçdığına dair Qazax əfsanəsi qorunub saxlanılmış, Muxtar Auezov bu mövzuya aid novella yazmışdır. Azərbaycan variantında belə bir süjet yoxdur. Dastan on iki fəsildən ibarətdir və “Kitab-i dədəm Qorqud” adlanır. Bu kitab Oğuz dilləri qrupuna aiddir - onu Azərbaycan-Türk-Türkmən kitabı adlandırmaq olar. İkincisi, coğrafi cəhətdən dastan Azərbaycanla bağlıdır, çünki burada Azərbaycan şəhərləri qeyd olunub: Gəncə, Dərbənd, Bərdə. Cəmi bir neçə ay əvvəl toponimlərin coğrafiyası tamamilə Azərbaycana aid olan kitabın üçüncü fəsli aşkar edilmişdir. Bu boyda da təsvir olunan bütün hadisələr müasir Azərbaycan ərazisində baş verir.

- "Kitabı Dədəm Qorqud" dastanında Azərbaycan, qazax, türk, türkmən xalqları ilə bağlı ümumtürk elementləri varmı?

-Əlbəttə ki, var. Bu kitab öz ilkin formasında islama qədərki mədəniyyətin abidəsidir. O, türk xalqlarının İslama qədər olan inanclarını ifadə edir. Burada şamanizm, tengriçilik elementləri var, köçəri həyatın təfərrüatları geniş təsvir edilmişdir. Dastanın qəhrəmanları köçəri və oturaq həyat yaşayırlar, bu, bütün türk xalqlarını bir araya gətirir. Daha sonra dastan islam dövründə yenidən yazıldığı zaman islam motivləri, peyğəmbərin adları onda qeyd olunmuşdur. Amma mətnə görə, bu, İslam dövrünün abidələrindən daha erkən bir dövrün abidəsidir.

- Bu dastanın adı ilk dəfə nə vaxt çəkilmişdir? Onun xronoloji çərçivəsi nədir?

-XIX əsrdə alman alimi, İstanbuldakı səfir Henrix Fridrix fon Dits "Kitabi-Dədəm Qorqud" un fəsillərindən birini dərc edərək Homerin "Odisseya" ilə müqayisə etdi. Məsələn, birgözlü nəhəng Təpəgöz haqqında boy Siklop Polifem sujeti ilə üst-üstə düşür. Fridrix fon Dits, Oğuz eposunun  "Odisseya"dan daha qədim olduğu fikrini irəli sürdü. Məlum olduğu kimi, Homer e.ə. VII əsrdə yaşayıb, Qorqud isə, deyilənə görə, Məhəmməd Peyğəmbərin çağdaşı olub. Yəqin alman şərqşünası Henrix Fridrix fon Dits belə böyük xronoloji fərqə baxmayaraq bu ehtimal üçün müəyyən əsaslara malik idi.

- Hər halda, Qorqud-mifoloji, əfsanəvi obrazdır, yoxsa bu ad altında real şəxsiyyət gizlənir?

- O, indi əfsanəvi obraza çevrilib. Lakin dastanın hər fəsli bu sözlərlə bitir: “Dədə Qorqud gəldi və bu boyu qoşdu”. Yəni Qorqud bu dastanın müəllifidir. Mən öz essem də yazmışdım ki, Homer “İlliada” və “Odisseya” nın müəllifi adlandırılmaq hüququna sahib olduğu kimi, Dədə Qorqud da bu dastanın müəllifi adlanmaq hüququna sahibdir. Mətndə deyilir ki, Dədə Qorqud Məhəmməd Peyğəmbərin dövründə yaşayırdı, gələcəyi qabaqcadan deyirdi, onunla məsləhətləşirdilər  və bu dastanı o yaradıb. Beləliklə, o, mifik və eyni zamanda real bir şəxsiyyətdir.

- "Kitabi Dədə Qorqud"dan başqa, türk xalqlarını hansı əsərlər birləşdirir?

-Bütün türk xalqlarını türk dillərindəki ən qədim mətnləri birləşdirir - bunlar Orxon mətnləri, Kul-Təgin və Tonyukok abidələridir, bunlar türk dilinin ilk yazı nümunələri, bütün türk ədəbiyyatının başlanğıcıdır. Ümumi türk abidələri Mahmud Kaşqarının “Divan lüğət at türk”, Yusif Balasaqunlunun “Kutadqu bilik” əsərləri. Özbək-Nəvai, azərbaycanlı- Füzuli, Nəsimi, qazax- Abay, Muxtar Auyezov, qırğız Çingiz Aytmatov kimi məşhur şəxslərsə bütün türk dünyasına məxsusdular.

-Türkdilli dövlətlərin, məsələn, Azərbaycanın və ya Qazaxıstanın müasir ədəbiyyatını necə qiymətləndirirsiniz?

- Təəssüf ki, mən müasir qazax ədəbiyyatı ilə o qədər də tanış deyiləm, bir neçə yazıçı tanıyıram, bunların arasında dostlarım Oljas Süleymenov və Muxtar Şahanov var. Əlbəttə, Azərbaycan ədəbiyyatında gənc, istedadlı yazıçılar var, amma mən deyəndə ki, indi 60-cı illərdəki ədəbiyyatdan yoxdur, məndən inciyirlər. Ümid edirəm ki, hər halda olacaq. Ötən əsrin 60-70-ci illəri təkcə ədəbiyyatda deyil, musiqidə, rəssamlıqda, teatrda, kinoda da parlaq dövr olmuşdur.

- Yaxın dostunuz Oljas Süleymenov haqqında danışın:

- Dostum Oljas gözəl şairdir. Təəssüf ki, son vaxtlar çox az şeir yazır. Mən onu qınayıram: "Niyə belə az şeir yazırsan?". Zarafatla cavab verir: "Qafiyə tapmıram!". Mən deyirəm:" İndi şairlər qafiyəsiz yazır, sən də qafiyəsiz yaz" . Onun elmi araşdırmaları türk dünyası üçün çox qiymətli olan "Az və Ya" kitabından başlayır. O, çox gözəl insandır, ziyalıdır, vətənpərvərdir, türkoloqdur və mənim dostumdur!

-Sizin möhkəm dostluğunuz xalqlarımız arasında sıx münasibətlərin rəhnidir, gənc şairlər üçün nümunədir.Yeri gəlmişkən, müasir gənc nəslə nə tövsiyə edərdiniz?

- Müasir gənc nəsil az oxuyur. İnternetdə, smartfon ekranının qarşısında daha az olmaqlarını, kitabxanalarda daha çox vaxt sərf etməklərini, daha çox kitab oxumağı və daha əvvəl olanların hamısını inkar etməməklərini məsləhət görərdim. Bəlkə də bizdən əvvəl olan ədəbiyyatdan bizim də xoşumuza gəlmirdi, amma biz ona hörmətlə yanaşırdıq, öyrənirdik, təkrar etməməyə çalışırdıq, amma eyni zamanda, inkar etmirdik. Bəzi gənclər düşünürlər ki, əvvəlki hər şeyi inkar etməklə onlar yeni bir şey açırlar. Amma əslində belə deyil. Bir çoxları yalnız dəbdə olan ədəbiyyatı bilir, amma ədəbiyyatçı olmaq üçün təməlləri də bilmək lazımdır – Homeri, Danteni, Puşkini, Tolstoyu. Belə təməl olmadan, Murakamini oxumağı başlaya bilməzsiniz!

- Buna məktəb illərindən yanaşmaq lazımdır."Kitabi Dədə Qorqud" dastanı isə Azərbaycan məktəblilərinin tədris proqramına daxildir?

-Əlbəttə. İş ondadır ki, oğuz-türk dilində yazılmış qədim mətn gənc oxucu üçün mürəkkəbdir.Mən onu, müasir nəslə uyğunlaşdırmağı və yaxınlaşdırmağı qarşıma məqsəd qoymuşam. Bu məqsədə həm bədii film, həm də povestin işlənməsi səbəb oldu. Qorqud haqqında ancaq alimlər və mütəxəssislər bilirdi, çoxları filmdən sonra öyrəndilər.

 Mənim yazdığım əsərin mətninə mən öz sözlərimi əlavə etdim: "əgər torpağı əkmirsənsə, onu qorumağa dəyməz. Əgər torpağı qorumursansa, onu əkməyə də dəyməz". Tezliklə bu fikir sitata çevrildi. Tədqiqatçılar bu cümləni təkrar etməyə başladılar: "Dədə Qorqud dediyi kimi, əgər torpağı əkmirsənsə, onu qorumağa dəyməz!". Beləliklə, Qorqudun yaradıcılığına yeni bir kəlam əlavə olundu.

 

Arman Süleymanov

Rus dilndən çevirən: Elvira

AYB.az 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə