“Səhər-səhər” rubrikası üçün bu yazını martın 31-də yazıram. Martın 31-i unudulmaz öndərimiz Heydər Əliyevin təşəbbüsüylə Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

99 il bundan qabaq  məşum mart günlərində  Şaumyanın rəhbərlik etdiyi   bolşevik-daşnak Bakı Kommunası  on minlərlə azərbaycanlını amansızcasına qətl etdi. Akademik Ziya Bunyadov yazırdı: “Daşnaklar Bakıda qırğın törətdilər. T.Əmiryan, Şaumyan va Lalayanın idarə etdikləri quldurlar Bakıda 10 min azərbaycanlını məhv etdilər, şəhərdə xeyli ev qarət edib yandırdılar,o cümlədən, indi Akademiyanın yerləşdiyi Cəmiyyəti Xeyriyyə binasını da oda qaladılar. Bakıdan sonra Şamaxıya keçib orda daha da artıq qanlı cinayətlər törətdilər”.

Bu yazım “525-ci qəzet”də apreldə çıxacaq. Aprelin  1-i  Rəsul Rzanın ölüm günüdür. Atamın vəfatından  36 il ötür. İndi mən atamdan səkkiz yaş böyüyəm.

Bu otuz altı ildə dünyanın gərdişində, SSRİ tarixində, Azərbaycanın taleyində nələr baş vermədi? Guya ki, soyuq müharibə bitdi və  belə adlanmasa da faktiki olaraq Üçüncü Dünya müharibəsi başlandı. Həm də tarixdə ilk dəfə olaraq bu müharibənin qurbanları döyüşən orduların əsgərləri yox,ancaq və ancaq dinc əhalidir - qadınlar, uşaqlar, qocalar,  heç bir silahı olmayan kişilər,heç bir günahı olmayan,sadəcə gəzintiyə, alış-verişə, turist səfərlərinə  çıxanlar... 

Əfqanıstandan, İraqdan, Suriyadan,Liviyadan İstanbula, Nitsaya, Parisə, Londona, Nyu-Yorka, Brüsselə, Berlinə,  Beslana, Moskvaya, Donbassa qədər uzanan və sərhəd tanımayan bu müharibənin ən qarşısıalınmaz müdhiş silahı isə öz canına qıyaraq minləri özüylə o dünyaya aparan canlı bombalar-intiharçılardır. 

Bu otuz yeddi ildə tarixin ən böyük imperiyalarından biri SSRİ - əslində rus Sovet sosialist imperiyası - çökdü, dağıldı, parçalandı. Onun tərkibində olan on beş respublika müstəqilliyinə qovuşdu. O sıradan nəsil-nəsil insanlarımızın uzaq  və əlçatmaz xülya kimi qəlblərində yaşatdıqları  bir arzu - Azərbaycanımızın azad, bağımsız, sərbəst yaşamaq arzusu həyata keçdi. Bu hadisədən sonra başımıza gətirilən bütün  acı fəsadlara baxmayaraq müstəqilliyimizə qovuşmağımız atamı çox sevindirər, xoşbəxt edərdi. Axı elə Sovet dövründə yazdığı  “Azadlıq” şeirində  bu müqəddəs istəyin öngərənliyini ifadə etmişdi:

Qara bir gündə
Yaralı bir ölkənin üstündə
Dikəldi qüvvədən sərxoş 
Qan ləkəli bayraq.
Günəşli bir gündə
qəzəbli bir ölkənin üstündən
Endirildi ölüm kölgəli  bayraq.
Qollarını geniş-geniş açdı insan.
Qucaqlaşdı günəş, hava, torpaq.

Amma Rəsul Rza bir neçə il artıq yaşasaydı  bu sevinclə, fərəhlə, bəxtiyarlıqla yanaşı Qarabağ   faciəsini, Şuşa itkisini, qəsb olunmuş bölgələrimizin, didərgin salınmış yüz minlərlə insanımızın ağrı-acısını da duymalı olacaqdı. Axı Qarabağa, Şuşaya tamah salanların qara niyyətini hələ o vaxtlarda hiss etmiş, qələmə almışdı:

Sənə Qarabağ dedilər
Adın qədimdir
Xalqımın mübarizə tarixi kimi.
Nəğmələrin
Qürurla doldurur qəlbimi
Qəlbimdəsən, gözümdəsən
Hara gedim, hara baxım
Mənim doğma Qarabağım.
                                               1970

Sinəsi qabarıq, nağıllardan gəlmiş
Pəhləvandır Şuşam mənim
Mərdliklə, gözəlliklə qoşam mənim 
Azərbaycan torpağının nur parçası
İncə mahnılar yuvası
Pənahların yadigarı.
Sənin doğma torpağında 
neçələrin gözü qalıb
Vətən adlı doğma yurddan
püşk olarmı?
Pay olarmı?
Yüz bir şəhər adı çəkim
Gözəllikdə
biri sənə tay olarmı?
                                                 1980       
                   
Bir yazıda 31 Mart Soyqırımı günü  və aprelin 1-ni - atamın vəfat gününü birdəşdirməyim təsadüfi deyil. Öz xalqını təmtəraqsız, hay-küysüz, parıltılı  sözlərsiz, gurultulu şüarlarsız  sevən Rəsul Rza heç bir xalqa qarşı da  deyildi. “Nəsimiyə, Füzuliyə, Sabirə açıq məktub” adlı proqram şeirində böyük ustadlara müraciətlə deyirdı:

Sağ olun!
Sağ olun ki,heç bir zaman
başqa xalqa xor baxmadınız.
Tarixə insan düşdü,
insan qaldı adınız.
Mən xalqımı sevirəm!
Bu sözün arxasında
Ömrümün çətin illəri var.
Ümidləri, arzuları. 
nisgilləri var.
Bu sözün arxasında
Məhəbbət var
yaxşı insanlara,
başqa xalqlara,
taleyinə yadlar
hökm eləyənlərə daha çox.
Çox yaşayın, əziz böyük babalar,
sözünüzdə nə qərəz,
nə başqa xalqa nifrət var.
Sizə ustadım,
sizə babam deməyə,
sizə atam deməyə 
haqqım var...

Müxtəlif şeirlərindən seçdiyim  misraları burda əbəs gətirmirəm. İstəmirəm ki, bundan sonra yazacağım sözlər hər hansı xalqa nifrət kimi səslənsin. Erməni faşistlərinə, nasistsayağı Qarabağı anşlyus edən  işğalçılara, beşikdən türk, müsəlman düşmənliyini övladlarına yedirdən daşnak xislətli, qəddar və acımasız məxluqlara nifrətim elə atamın nifrəti qədərdir. Amma elə onun kimi bir xalq  olaraq heç bir xalqa nifrət bəsləmirəm. Atam xəstəliklərinə, diabetinə rəğmən  Raffinin, Sero Xanzadyanın, Silva Kaputikyanın kin, düşmənçilik, zəhər püskürən kitablarını oxuyub əsəbiləşirdi, şəkəri yüksəlirdi. Silvaya qəzəbli cavab yazdığını da  yaxşı xatırlayıram. Xəlil Rza Ulutürkün  “Ustadım Əkrəm Cəfər” adlı bu yaxınlarda çıxmış kitabında belə bir cümləyə rast gəldm. 24 yanvar 1964-cü il tarixli gündəliyində Xəlil yazır: “Mehdi Hüseyn təklif edir ki, gələn çərşənbə günü rəyasət heyəti qarşısında çıxış edib hesabat verim, tələblərimi deyim. Razılaşırıq.. Silva Kaputikyanın,Ovanes Şirazın yazdığı “Sən getdin...” şeirinin tərcüməsini oxuyuram. Hər iki şairin ünvanına qeyri-mətbu  bir söyüş fırladan R.Rza tərcüməni dinləməkdən boyun qaçırır, kabinəni tərk edir”.

Mənim  çatdırmaq istədiyim fikir budur ki, hər iki xalqın-  azərbaycanlıların da, elə ermənilərin özlərinin də ağır günlərinə səbəb olmuş Sero Xanzadyanlara, Silva Kaputikyanlara, Zori Balayanlara, bu gün Ermənistanda hakimiyyətdə olan müharibə  canilərinə görə  aldadılmış, beyni zəhərlənmiş, qəlbinə nifrət, kin, qisasçılıq toxumları səpilmiş sıravi erməni insanlarına bəlkə də  nifrətlə yox, hallarına acıyaraq  yanaşmalıyıq ki, özləri özlərini belə yaman günə qoyublar, sözdə  “müstəqil” dövlətlərini  başqalarının maraqlarına xidmət edən buyruq quluna çeviriblər, ara qarışdırmaq işini boynuna götürmüş “forpost” olublar. İnanmaq istəyirəm ki, hər bir  xalqın içində olduğu kimi ermənilər  arasında da  ağılla, məntiqlə düşünə bilən adamlar tapılacaq,  “dənizdən dənizə Böyük Ermənistan” kimi xam xəyallara qapılmış, qonşu torpaqlarına heç bir vaxt baş tutmayacaq iddialarla başı gicəllənmiş  sadə xalq ayılıb özü öz fırıldaqçı ideoloqlarının, əliəyri siyasətçilərinin cəzasını verəcəkdir.

1905-ci il,1918-ci il,1920-ci il,1937-ci il,1989-cu ildən üzü bəri hələ də davam edən  düşmən qəddarlıqlarına qarşı qürurumuzu qoruyaraq, ağlayıb sızlamadan inkişaf edəcəyik, gün gündən güclənəcəyik, haqq işimizi dünya axır ki, dərk edəcək, səsimizi, sözümüzü  eşidəcəkdir. Qəsbkar da  layiq olduğu cavabı şübhəsiz, alacaqdır. Bir il qabaq, keçən apreldə aldığı kimi...

Ölümünün ildönümü günü oxuculara çatdırılacaq bu yazımı da Rəsul Rzanın 1942 - ci ildə yazdığı, amma bu gün üçün də aktual səslənən misralarıyla tamamlamaq istəyirəm:

Sizədir sözüm mənim eloğlu, doğma qardaş
Yaranan tarix üçün səhifədir bu savaş.
Ürəyi bölmək olmaz bu yaxın, uzaq deyə,
Yurdu ayırmaq olmaz bu dərə, bu dağ deyə.
Bəlkə də Murovdağın daha yüksəkdir başı
Çadırdağ dura bilməz Qoşqarımla yanaşı.
Ancaq alıb torpağı ovucunla qoxlasan
Ana Vətən qoxusu yayılar dörd bir yana.
İndi bir taun kimi  ölümdən yol salaraq
Düşmən qarşıda durmuş əlində qanlı yaraq
Məzarlığa döndərib elini, oylağını
Viran qoymaq istəyir məhsullu torpağını
Qurudub bulaqları qan axıtmaq istəyir
Şəhər küçələrində meyitdən dağ istəyir.
Bəşərin tarixindən silib sənin adını
Rüsvay etmək istəyir qızını, arvadını.
İstəyir unudasan Vaqifin nəğməsini
bulaq kimi çağlayan doğma dilin səsini
O sənin torpağında istəyir olsun ağa
Çökdürüb dizi üstə səni quru torpağa
Torpaq ki hər qarışı sulanmışdır tərinlə
Hər otu, hər ağacı bəslənmiş əllərinlə.
Vətən tapşırdı sənə azadlıq bayrağını
Verdi məhəbbətini: dedi: məhv et yağını!
Vuruş ki, bu gün, sabah qalib gələndə yurdun
Hamı bilsin ki, sən də vətəni qoruyurdun! 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə