Mən səni qorudum uşaqlığından,

Mən səni qorudum cavanlığından,

Qorudum səni mən baba olunca,

Demirəm izlədim, gəzdim dalınca...

Bu sözü atalar deyib əzəldən:

“ac qarın özünü verər qılınca”.

Bəlkə yaxşı ata ola bilmədim,

Səni öz əlindən ala bilmədim.

Sən öldün amma mən ölə bilmədim.

Indi yaşayıra qalan vaxtımı

Yaşamaq... yəni bu yaşamaqdımı?

 

15.03.2017

 

 

Oğluma layla çalıram - “Hamıya borcluyam” kitabından (1963)

Gecələr günəş kimi yatan,

Gündüzlər ay kimi xumar,

                     mənim mamlımatan

                     qəşəngim,

Hələ nə adın,

                   nə də taleyin var.

Hələ süd rəngli

                      Yuxular içində üzürsən.

Gah üzünə yuxu kimi isti

                      Bir təbəssüm qonur,

Gah da dodaqlarını

                   büzürsən.

Dünyadan xəbərin yox,

Bilmirsən –

Havalar olur gah isti,

                    Gah da soyuq.

Bilmirsən –

Ölümün də səninlə

                     əkiz gəlib cahana.

Qoşa böyüyürsünüz

Bir beşikdə

                  yan-yana.

Sən də böyüyürsən,

                     Sevincin də, dərdin də;

Neçə dostun, neçə düşmənin

                      böyüyür  hər tində...

Bax, oğlum, sənə

Aldığım hədiyyədir –

qıçlarını yorası yollar, küçələr.

Gözlərinin nurunu oğurlayası

                        yığın-yığın

                        yuxusuz gecələr.

Saçlarını ağardası – gündüzlər.

Əllərinə qabar salası – çöllər,

                    düzlər... 

Çöldə - yağış,

Otaq – isti.

Çöl tərəfdən pəncərəmizin

                      şüşəsi ağlayır...

Çöldə səni gözləyir

                    qəhrəmanlığın,  

                    təbiətlə vuruşlar.

Səni döyüş meydanlarında

                      küləklər gözləyir,

     Çöldə çiçəklər,

                           göydə quşlar.

Hələ yat, gücün artsın,

                      bala, yat,

Süd rəngli bir yuxuya

                   Bənzəmir həyat!

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə