Azər­baycan Dövlət Elmi-Tədqiqat İnstitutunun (Az.DETİ. 1929-1932) Ədəbiy­yat və dil bölmə­si şöbə statusunda olsa da, professor Vəli Xuluflunun rəhbərliyi ilə geniş səlahiyyətlərə malik, humanitar sahəyə aid bir universitetin funksiyalarını həyata keçirirdi. Az.DETİ-nin 1932-ci il 16 iyul tarixli ləğvindən  sonra onun Ədəbiyyat və dil bölməsinin bazası əsasında Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutu (Az.DƏSİ) yaradılması üçün prof. V.Xuluflu Azər­bay­can Xalq Maarif Komissarlığına rəsmi müraciət etdi, xüsusilə komissarlığın elm sektorunun müdiri A.B.Bukşpanla sıx əməkdaşlıq şəraitində problemin tezliklə kollegiya iclasında baxılmasına nail oldu. Museyib Şahbazovun sədrliyi ilə Azər­bay­can Xalq Maarif Komissarlığının 1932-ci il 29 iyul tarixli kollegiya iclasında elm sektorunun müdiri A.B.Bukşpan “Dil, Ədəbiyyat və Sənət İnstitutunun yaradılması haqqında” məruzə etdi. Azərbaycan XMK Kollegiyasının 1932-ci il 29 iyul tarixli qərarında yazılırdı: “Dil, Ədəbiyyat və Sənət İnstitutunun yaradılması haqqında.

 

1. Dil sahəsində işlərin inkişaf etdirilməsi məqsədilə (terminologiya, orfo­qrafiya, lüğət işi, türk dilinin qrammatikası və Azərbaycanda milli azlıqların dili), Azərbay­can ədəbi dilinin, ədəbiyyatının və incəsənətinin əsas məsələlərinin kon­kret inkişaf yolunun işlənilib hazırlanması, eləcə də Xalq Maarif Komissarlığı yanında (Elm sektoru üzrə) yüksək dərəcəli, siyasi cəhətdən hazırlıqlı redaktor­ların, tərcümə­çilərin yetişdirilməsi məqsədilə sabiq Az.DETİ-nin Ədəbiyyat və Dil Bölməsinin bazası əsasında Azərbaycan Dil, Ədəbiyyat və Sənət (musiqi bölməsi istisna olmaqla) İnstitutu (Az.DƏSİ) təşkil edilsin.

2. İnstitutun tərkibində yalnız dil və ədəbiyyat sahəsi üzrə aspirantura saxlanılsın, onların fəaliyyəti istehsalat işi ilə əlaqələn­dirilsin.

3. Elm sektoru on gün müddətində institut haqqında əsasnaməni tərtib etsin. Direktor vəzifəsini müvəqqəti icra edən Vəli Xuluflu təyin olunsun, ona dil sek­torunun (terminologiya, orfoqrafiya, elmi qrammatika və lüğət işi) həvalə edilsin.

4. İnstitutun qəbulu üzrə aşağıdakı tərkibdə komissiya yaradılsın: yol. Vəli Xuluflu, Cahangirov və Surxay Hacıyev” (AR Dövlət Arxivi, fond-2, siyahı.-1, s.v.-5, qutu -1).

Xalq Maarif Komissarlığının qəbul etdiyi proqram xarakterli bu qərar respubli­kada dil, ədəbiyyat və incəsənət sahəsini ilk dəfə müstəqil institut statusu səviyyəsinə yüksəltməklə elmi-tədqiqat mərkəzinə çevirmək məramı tarixi hadisə idi. Sələfindən “yalnız dil və ədəbiyyat sahəsi üzrə aspirantura”nı qəbul etməklə geniş fəaliyyət meydanına atılan Az.DƏSİ dil, ədəbiyyat və incəsənət sahəsi üzrə elmi araşdırma­ların aparılması, yeni dərsliklərin hazırlanması və nəşri qayğılarını da öz üzərinə götürürdü. Professor Vəli Xuluflunun rəhbərlik etdiyi Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutu elmi-tədqiqat təmayüllü araşdırma mərkəzi idi.

Professor Vəli Məmmədhüseyn oğlu Xuluflu 1894-cü ildə Şəmkirin Tərs-Dəllər kəndinin Xuluflu məhəlləsində anadan olmuşdur (Özünün 1933-cü il 17 dekabr tarixində yazdığı tərcümeyi-hala əsasən doğum tarixi dəqiq deyil, sonralar bu tarix ekspert-həkimlər tərəfindən müəyyənləşdirilibdir). Valideynləri əkinçilik və heyvan­darlıqla məşğul olur, tərəkəmə həyat tərzi keçirir, bəzən üç-dörd ay yaylaqda olur­dular. İrandan azsavadlı bir seyid Xulufluya gəlir, burada məktəb açır, 7 nəfər şagirdə, o cümlədən Vəliyə də dərs deyir. Bir ildən sonra Vəli Gəncə şəhərinə, dayısının yanına gəlir. Onu burada molla yanına göndərirlər. İki il molla yanında köhnə üsulla oxuyur. 1907-ci ildə “Ruhani mədrəsəsi”nə daxil olur, burada həm də dünyəvi elmlər də tədris edilirdi. Vəli Xuluflu 1912-ci ildə 5-ci sinfi bitirir, 1913-cü ildə “Ruhani mədrəsəsi”ndə aşağı siniflərə dərs deyir. Onun müəllimliyi uzun sürmür. Altı aydan sonra valideynlərinin yanına, Xulufluya qayıdır, 1917-ci ilin noyabr ayınadək əkinçilik, pambıqçılıq işləri ilə məşğul olur. 1918-ci ildə Gəncə şəhərinə gəlir, iki aylıq pedaqoji kursu bitirir. Mədrəsədə ibtidai siniflərə dərs deyir. 1920-1921-ci illərdə Gəncə quberniyasının sovetləş­məsində iştirak edir. Bakıya 1922-ci ildə gəlir, Azərbaycan Dövlət Universitetinə daxil olur, eyni zamanda Yeni Türk Əlifba Komitəsində işləyir. 1927-1929-cu illərdə “Azərnəşr”, “Bakı fəhləsi” nəşriyyatında redaktor, 1929-1932-ci illərdə Az.DETİ-də elmi katib, direktor müavini vəzifələrini icra etmiş, dosent, 1932-ci ildə professor elmi adına layiq görülmüşdür.

Professor Vəli Xuluflunun rəhbərlik etdiyi Az.DƏSİ-də 1932-ci ilin sentyabr ayında 22 nəfər əməkdaş çalışırdı. İnstitutun tədris hissə müdiri Q.P.Firidolin, məsul katib N.V.Minkeviç təyin edilmişdi. Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutunda Əli Nazim (ədəbiyyat şöbəsinin müdiri), Qulam Bağırov (dil şöbəsinin müdiri), Hüseyn Cavid (ədəbiyyat şöbəsinin məsləhətçisi), Ələsgər Ələkbərzadə (ədəbiyyat şöbəsinin elmi işçisi), İdris Həsənov (redaktor), Yusif Əliyev (redaktor), Abdulla Tağızadə (dil nəzəriyyəsi seksiyasının müdiri), Paşa Sultanov (tərcüməçi), Liliya Vəkilova və C.Hüseynova (redaktor köməkçisi) və b. (AR DA fond-57, siyahı-1, iş-1002) tanınmış ədəbi simalar fəaliyyət göstərir, aspirantlarla birbaşa təmasda olurdular. Faktlar təsdiqləyir ki, Az.DETİ-nin ləğvindən sonra aspirantlardan Mir Cəlal Paşazadə, Səməd Vurğun, Mirzə İbrahimov, Ağasi Məmmədov, Y.Nəsirli və b. ədəbiyyat üzrə ikinci kurs aspi­rantura təhsilini Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutunda davam etdirirdilər.

İnstitut hətta aspirantlara ayda 170 manat təqaüd də verirdi. Səməd Vurğunun aspirant təqaüdünün artırılması xahişi ilə yazdığı unikal bir sənəd dövrün və mühitin əhval-ruhiyyəsini əks etdirmək baxımından maraq doğurur. 1932-ci il 7 oktyabrda qələmə alınan ərizədə gənc aspi­rant yazırdı: “Az.DƏSİ-nin təqaüd komissiyasına. Ədəbiyyat şöbəsinin II kurs aspirantı Səməd Vurğundan ərizə. Mən baxmayaraq ki, heç bir yerdə işləmirəm və təyin edilmiş 170 manat miqdarında təqaüdlə yaşayıram – bu məbləğ məni təmin etmir. Bundan əlavə mənzil, işıq, təmizlik üçün vəsait ödəyirəm. Xahiş edirəm mənə 280 manat miqdarında təqaüd və kommunal xərclərini ödəyəsiniz. Əgər İnstitut göstərilən məbləği mənə ödəməkdən çəkinsə təhsilimi davam etdirmək imkanı olmayacaq. Səməd Vurğun. 7/X-32”

İnstitutun aspirantlara çətin və ağır zamanda təqaüd verməsi problemi yalnız Az.DƏSİ ilə bağlı məsələ deyildi. Maliyyə ayrımları birbaşa Xalq Maarif Komis­sarlığının səlahiyyətlərinə daxil idi. Bütün çətinliklərə baxmayaraq prof. Vəli Xuluflu Azər­baycan XMK Elm sektoruna 21 noyabr 1932-ci ildə müraciət edərək Az.DETİ kitab­xanasından kitab verilmədiyini əsas gətirərək 1933-cü ildə xarici ədəbiyyat almaq üçün beş yüz manat məbləğində vəsait ayrılmasını xahiş edirdi.

İnstitut rəhbərliyinin 1932-1933-cü illər üçün həyata keçiriləcək elmi işlərin siyahısında yazılırdı: “Azərbaycan Dil, Ədəbiyyat və Sənət Elmi-Tədqiqat İnstitutu (Az.DƏSİ). İnstitut 1932-ci ildə yaradılıb, Azərbaycan SSR Xalq Maarif Komis­sarlığının tabeli­yindədir. Ünvan: Bakı, Kommunist (indiki İstiqlaliyyət – A.R.) küçəsi, ev № 10. Az.DƏSİ üzrə elmi-tədqiqat problemlərinin 1933-cü il üçün siyahısı. Ədəbiyyat­şünaslıq bölməsi üzrə: 1. Azərbaycanın rayonlarına folklor materialları toplamaq üçün ekspedisiyalar təşkil etmək. Müasir ədəbiyyat sektoru: 1. İkinci beşil­lik və sovet türk ədəbiyyatının vəziyyəti. 2. Molla Nəsrəddin sənətkar kimi. 3. Səməd Vurğunun yaradıcılığı. 4. Talıblı sənətkar kimi. 5. Aprel və Azərbay­can ədəbiyyatı. 6. Əbdül Həsən və onun yaradıcılıq yolu. 7. Müsavat­çı­lığın sosial kökləri və türk ədəbiyyatı. 8. Hüseyn Cavid və müasirlik. 9. Türk ədəbiyyatının illik xülasəsi. 10. Müasir ədəbiyyat üzrə biblioqrafik göstəricinin tərtibi. Ədəbiyyat tarixi sektoru: 1. Azərbaycan ədəbiyyatı tarixinin əsas problemləri. 2. Azərbaycan ədəbiy­yatı tarixində burjua konsepsiyasının tənqidi. 3. Azərbaycan bədii ədəbiyyatında pantürkizmin mərhələləri və tarixi kökləri. Dilçilik bölməsi üzrə: “Ali məktəblər üçün dil üzrə proqramların hazırlanması”. “Orta məktəblər və texnikumlar üçün dil üzrə proqramların hazırlanması”. “Türk dilinin tədris meto­dikası üzrə kitab” və s. (AR Dövlət Arxivi. Fond-57, siyahı-1, saxlama vahidi-1002, səh.57-60).

Qaynaqdan bəlli olur ki, Az.DƏSİ elmi-tədqiqat profilli institutdur və Türk Mədə­niyyəti Sarayının (indiki AMEA RH - A.R.) binasında fəaliyyət göstər­mişdir. Yeni yaradılan bu elmi-tədqiqat ocağı struktur etibarilə üç bölmədən, on bir sektor və komissiyadan ibarətdir. Dilçilik bölməsi: 1. Elmi-tətbiqi dilçilik, 2. Yazı mədəniyyəti komissiyası 3. Elmi-meto­diki komissiya, 4. Nəzəri dilçilik 5. Lüğət – terminologiya, 6. Lüğət komissiyası, 7. Terminologiya komissiyası. Ədəbiyyat­şünaslıq bölməsi: 1. Müasir ədəbiyyat, 2. Nəzəri ədəbiyyatşünaslıq, 3. Ədəbiyyat tarixi, 4. Yaxın şərq ədəbiyyatı. Sənət­şünaslıq bölməsinin tərkibində sektor və ya komissiya nəzərdə tutulmamışdır.

Nəzəri ədəbiyyatşünaslıq sektorunun iş planına “M.F.Axundovun fəlsəfi baxış­ları”, “Molla Nəsrəddin dramaturq və publisist kimi”, “Hüseyn Cavid və türk poezi­yası” mövzusunda monoqrafiyaların yazılması məsələsinin daxil edilməsi uzaq­görənliklə müəyyənləşdirilmiş mütərəqqi hadisə idi. Müasir ədəbiyyat sektorunun “Səməd Vurğunun yaradıcılığı” adlı tədqiqat işini planlaşdırması isə Az.DƏSİ-nin aspirantı, 26 yaşlı gənc şairin gələcə­yinə böyük ümidlərdən xəbər verirdi.

Professor Vəli Xuluflu instituta, onun gələcəyinə daha geniş diapazodan baxır, elmi-tədqiqat ocağının təşkilati məsələlərinə dərhal reaksiya verirdi. O XMK Elm sektorunun təklifini və sifarişlərini nəzərə alaraq Az.DƏSİ-nin 1933-cü il üçün nəzərdə tutulan ştat cədvəlini və smetasını da hazırlayıb Xalq Maarif Komissar­lığına göndər­mişdi. Layihəyə əsasən Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutunda 1933-cü il üçün 51 nəfər əməkdaşın çalışacağı nəzərdə tutulurdu. Onlardan institutun rəhbərliyi və texniki işçiləri üçün 15, Dilçilik şöbəsi üçün 22, Ədəbiyyat şöbəsi üçün 9 və Sənətşünaslıq şöbəsi üçün 5 ştat nəzərdə tutulmuşdur. Az.DƏSİ-nin 51 nəfərlik əməkdaşı üçün smetada əməkhaqqı olaraq bir ayda 13 470 manat vəsaitin ayrılması istənilirdi. Ştat cədvəlində əməkdaşların sayını iki dəfədən çox artırılması, yalnız əməkhaqqı üçün illik 160 min manatdan çox vəsaitin təmənnasında bulunmaq o dövr üçün asan həll edilə biləcək məsələlərdən deyildi. Məlum idi ki, Moskva Az.DETİ-ni ona görə ləğv etməmişdir ki, hətta onun bir bölməsi əsasında mərkəzin nəzarətindən kənarda müstəqil Az.DƏSİ yaradılsın. Bu elmi-tədqiqat ocağının başı üzərində qara buludlar dolaş­maqda idi. Azərbaycanda Xalq Komissarları Sovetinin rəhbərli­yinə Mir Cəfər Bağırov gələndən sonra isə bütün elmi-tədqiqat yönümlü institutların, təşkilat­ların, mərkəzlərin, müəssisələrin, laboratoriyaların bir məcraya yönəldilməsi, XKS-in çətiri altında birləşdirilməsi ideyası təhdid edilirdi. Azərbaycan KP (b) MK Katibliyi hələ 1932-ci il 16 iyulda SSRİ Elmlər Akade­miyası Zaqafqaziya Filialının Azər­bay­can Bölməsinin yaradılması (Bu adın rus dilində Az.OZFAN abre­viaturası mütəxəssislər arasında məşhurdur – A.R.), yeni qurumun respublika büdcəsi tərəfindən maliyyə­ləşdirilməsi barədə qərar qəbul etmişdir. Birləşmiş Azərbaycan KP (b) MK və Bakı Komitəsinin 1932-ci il 21 sentyabr tarixli qətnaməsində yazılırdı: “Bakı şəhərində SSRİ Elmlər Akade­miyası Bölməsinin yaradılması haqqında. 1.SSRİ Elmlər Akade­miyasının Zaqafqaziya Filialının yaradılması ilə əlaqədar Azərbaycan Təbii İstehsal Resurslarının Öyrənilməsi İnstitutunun bazasında Azərbaycan Bölməsinin (Az.OZFAN) təsisi zəruri hesab edilsin... 4. SSRİ Elmlər Akade­miyasının preziden­tindən Az.OZFAN-ın direktorunun akademik Levinson-Lessinq və ya Fers­manın təyin olunması xahiş edilsin. 5. Az.OZFAN-ın direktor müavinləri yol.C.Kazımov və X. Qarber təsdiqlənsin... Azərbaycan KP (b) MK katibi Polonski (Gürcüstan MEA Baş Arxivi, Fond-4, siyahı-1, iş-84).

Azərbaycan kommunustlərinin qərarına SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti və rəhbərliyi sayğı ilə yanaşdı. Ümumittifaq elmlər akademiyasının 1932-ci il 10 noyabr tarixli iclas protokolunun 6-cı paraqrafında Azərbaycan Təbii İstehsal Resurslarının Öyrənilməsi İnstitutunun bazası əsasında SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan Bölməsini (Az.OZFAN) yaratmaq, iki dekada (iyirmi gün) müddətində Azərbaycan MİK-nin nəzdində olan elmi-tədqiqat institutunun ləğv edilərək elmi və maddi-texniki bazası ilə birlikdə SSRİ Elmlər Akade­miyası Zaqaf­qaziya Filialının Azərbaycan Bölməsinə təhvil verilməsi, yeni struk­turun direktorluğuna namizədin müəyyənləşdirilməsi, direktor müavinləri vəzifəsinə X.İ.Qarberin və C.C.Kazımovun seçilməsi tövsiyə edilmişdir. Yeni akademik quru­mun yaradılması sahəsində işlərin sürətləndirilməsi Az.DƏSİ-nin gələcək fəaliyyətini şübhə altına alırdı və institutun direktoru, professor Vəli Xuluflu məxfi aparılan pro­seslərdən tam xəbərsiz deyildi. Amma ona çatdırılan, bəzi mötəbər qaynaqlardan sızdırılan informasiyaları da dəqiqləşdirmək müşkül məsələ idi. Çünki, elmi-tədqiqat institutlarının bir mərkəzdə cəmləşdirilməsi, bir çətir altında birləşdirilməsi prosesi ilə bağlı yazışmalar “Tam məxfi” qrifi altında həyata keçirilirdi.

Az.DƏSİ-nin Marksizm-Leninizm İnstitutu və Xalq Maarif Komissarlığının Elm sektoru ilə birgə 22 dekabr 1932-ci ildə Türk Mədəniyyət Sarayında (indiki AMEA RH binasında, Bakı, İstiqlaliyyət küç.-10 – A.R.) müşavirə keçirməsi nəzərdə tutuldu. Müşa­virədə iştirak etmək üçün  XMK Elm sektorundan Niko­layev, MLİ-dən Şafranski, Az.DƏSİ-dən Fridolin, Jamkoçan və Qulam Bağırov dəvət edilmişdir. İclasın sədri, prof. V.Xuluflu, katibi N.Minkeviç seçildi. Müşavirənin gündəliyinə iki məsələ daxil edilmişdi: “1.Azərbaycan Sovet Ensiklopediyasının tərtibi və nəşri haqqında. 2. Dil, ədəbiyyat və incəsənət üzrə elmi-tədqiqat işləri haqqında” (AR Dövlət Arxivi. Fond-57, siyahı-1, saxlama vahidi-1002, vərəq-7).

Müşavirənin gündəliyində toxunulan birinci məsələdən məlum olur ki, professor V.Xuluflunun rəhbərlik etdiyi instituta respublikanın ictimai-mədəni həyatı üçün yüksək əhəmiyyət kəsb edən Azərbaycan Sovet Ensiklopediyasının tərtibi və nəşri kimi mühüm vəzifənin yerinə yetirilməsi həvalə olunmuşdur. Ensiklopedik işlərin Az.DƏSİ-nin iş planına daxil edilməsi yeni təsis olunmuş institutun taleyinə və gələcəyinə möhkəm əminliyin ifadəsi idi. Qısa müddətdə görülən işlərin gedişatı ilə bağlı sədrin məlumatı müşavirə iştirakçıları tərəfindən məmnunluq hissi ilə qarşılan­mış, qərarda ensiklopediya üçün terminlərin tərtibi ilə bağlı işlərin sürətləndirilməsi vurğulanmışdır.

Müşavirənin gündəliyində duran: - “Dil, ədəbiyyat və incəsənət üzrə elmi-tədqiqat işləri haqqında” adlı ikinci mövzu ilk baxışdan ənənəvi illik hesabatı xatırladır. Prof. Vəli Xuluflu təsdiqlənən iş planlarının mövcud durumu, yerinə yetirilmə müddəti və öhdəliklər haqqında məlumat verdikdən sonra ilk çıxışçı Marksizm-Leninizm İnstitu­tunun nümayəndəsi Şafranski oldu. Çıxışçı mövzudan kənarlaşaraq bəyan edir ki, təmsil olunduğu Marksizm-Leninizm İnstitu­tunun elmi-tədqiqat işləri ilə məşğul olması mümkünsüzdür. Çünki, institut təhsil müəs­sisəsidir, dil, ədəbiyyat və incə­sə­nət üzrə elmi-tədqiqat işləri onun imkanı xaricindədir. Şafranski çıxışında Az.DƏSİ-nin yeni yaradılacaq Az.OZFAN-a təhvil verilməsini məqsədəuyğun hesab etmişdir. Bu açıq fikirdən sonra Az.DƏSİ-nin əməkdaşlarına məlum oldu ki, müşavirə “hesa­bat” üçün yox, elmi-tədqiqat institutunun ləğvi ilə bağlı çağrılmışdır və bu fikir bütöv­­lükdə Azərbaycan rəhbərliyinin birmənalı qərarıdır. Direktor Vəli Xuluflu əsəbi tonla Şaf­ran­skinin səsləndirdiyi fikrə belə münasibət bildirdi ki, dil, ədəbiyyat və incəsənət üzrə elmi-tədqiqat işlərinin Az.OZFAN-a təhvil verilməsi barədə qərar Leninqradda (o vaxt SSRİ Elmlər Akademiyası Leninqrad şəhərində yerləşirdi və V.Xuluflu bu fikri ilə həmin elm ocağının 1932-ci il 10 noyabr tarixli iclas protoko­lunun 6 paraqrafına və eyni zamanda Azərbaycan elminin Leninqraddan asılılığına işarə vururdu –A.R.) qəbul edilib. O, Az.DƏSİ-nin Marksizm-Leninizm İnsti­tu­tun tabeliyinə keçməsinə etiraz etmiş, dil, ədəbiyyat və incəsənət üzrə elmi-tədqiqat işlərinin Az.OZFAN-a təhvil verilməsini məqsədəuyğun saymışdır.

XMK Elm sekto­runun nümayəndəsi Nikolayev çıxışında bildirdi ki, elmi-tədqiqat institutu Az.OZFAN-a verilməlidi. Bu məsələ yaxın günlərdə Tiflisdə həll oluna­caq­dır. Azərbaycan KP MK katibi yol.Polonski də Az.DƏSİ-nin elmi-tədqiqat işlərinin Az.OZFAN-a verilməsini məqsədəuyğun sayır.

Beləliklə, prof. V.Xuluflunun sədr, N.Minkeviçin katib olduğu birləşmiş müşavi­rənin qərarında yazılırdı: “Az.DƏSİ-nin elmi-tədqiqat işləri bir yerdə cəmləşdirilərək tam həcmdə Az.OZFAN-a təhvil verilsin (AR Dövlət Arxivi. Fond-57, siyahı-1, saxlama vahidi-1002, vərəq-7).

Müşavirədən sonra Az.DƏSİ-ni ləğvetmə komissiyası yaradıldı. Tsitaşi, Minkeviç və Cəfərzadə Az.DƏSİ və XMK Elm sektoru tərəfindən, Mövsümzadə, Viqdorov və Dadaşyev (Məmməd Arif Dadaşzadə - A.R.) Az.OZFAN tərəfindən ləğvetmə komis­siyasının üzvləri idi. Komissiyanın 1933-cü il 21 yanvar tarixli birgə imza­ladıqları akta əsasən Az.DƏSİ-nin bütün əmlakı, o cümlədən; 531 adda 1055 nüsxə kitab, incəsənət üzrə 1141 ədəd biblioqrafik kartoçka, 66 adda (yeni və köhnə) terminoloji materiallar, 29 adda əlifba cədvəli və çoxsaylı müxtəlif materiallar Az.OZFAN-a təhvil verilmişdir.

22 dekabr 1932-ci il tarixini Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutunun (Az.DƏSİ) ləğv edildiyi gün də adlandırmaq olar. Bu tədqiqat ocağı cəmi beş ay (29 iyul – 22 dekabr 1932) səmərəli fəaliyyət göstərdi. Az yaşasa da, humanitar sahədə ilk elmi-tədqiqat institu­tumuz olan Az.DƏSİ qısa müddətdə dil, ədəbiyyat və incə­sənət sahəsində yüksək səviyyəli mütəxəssislərin, peşəkar tədqiqatçıların yetişdiyini üzə çıxartdı, stabil əmək ahənginə, elmi araşdırma bacarığına nail olduğunu əyani isbatladı...

Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutunu az yaşamasına baxmayaraq bu gün Milli Elmlər Akade­miyamızın divarları arasında, çətiri altında milli-mənəvi dəyərlərimizi araşdıran, fəaliyyət göstərən, böyük uğurlara imza atan Ədəbiyyat, Dilçilik, Folklor və İncəsənət institut­larının tarixi sələfi, humanitar sahədə ilk  elmi-tədqiqat ocağı adlandırılmağa layiqdir.

 

 

Asif Rüstəmli

AMEA Nizami adına Ədəbiyyat İnstitutu

Mətbuat tarixi və publisistika şöbəsinin müdiri,

 filologoya elmləri doktoru, professor

asif_rustemli @yahoo.com

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə