(Arxiv materialları əsasında ilk dəfə)

 


Görkəmli yazıçı, ədəbiyyatşünas, Əməkdar elm xadimi, filologiya elm doktoru, pro­fessor Mir Cəlal Paşayev eyni zamanda ədəbiyyat tariximizin yaradıcılarından biri, Nizami adına Ədəbiyyat İnstitutunun təşəkkülündə və tərəqqisində müstəsna xid­mət­lər göstərmiş fədakar elm təşkilatçısıdır. Onun Ədəbiy­yat İnstitutundakı uzunmüd­dətli və səmərəli fəaliyyətini özündə əks etdirən çox­saylı tarixi sənədlərin son zamanlar araşdırmalar apararkən müxtəlif arxiv fondlarından aşkarlanması, üzə çıxması şübhəsiz ki, böyük ədibin həyatının və elmi yaradı­­cılı­ğının unudulmuş bir sahəsinə - Aka­de­miya divarları arasında milli ədəbiy­yatşünaslıq uğrunda apardığı mücadilə yoluna geniş miqyasda aydınlıq gəti­rəcək, diqqətdən kənarda qalmış, ziddiyyətli məqamların dəqiqləşdirilməsi pro­se­sinə  işıq salacaqdır.

Araşdırmalar təsdiqləyir ki, Mir Cəlal Mir Əli oğlunun ömrünün son onil­lik­lərində yazdığı tərcümeyi-hallarla, şəxsi “Anket”lərlə müqayisədə 1930-cu illərdə qələmə aldığı eyni missiyalı sənədlərdə daha fərqli və mötəbər məqam­lar vurğu­lan­mış, ədibin elmi bioqrafiyası üçün müstəsna əhəmiyyət kəsb edən fakt­lar, arqu­mentlər öz təcəssümünü tapmışdır.

Ədibin 21 may 1938-ci ildə yazdığı tərcümeyi-hala və “Kadrların uçotu üzrə şəx­si vərəqə”sinə əsasən o 1908-ci ildə Təbriz vilayətinin Əndəbil kəndində (Şəbüs­tər yaxınlığında – A.R.) dünyaya göz açıb. Atası Mir Əli Mir Paşa oğlu onu və bö­yük qardaşını 1916-17-ci illərdə Gəncə şəhərinə gətirir. Onlar burada aşbaz, çörəkçi peşəsində halal zəhmətlə çalışır, Mir Cəlal isə Gəncə şəhərində ibtidai mək­təbə daxil olur. Lakin ailənin sevincli günləri uzun sürmür. 1918-ci ildə Mir Əli Mir Paşa oğlu vəfat edir (Mir Əli kişinin dünyasını dəyişməsinin Gəncə­dəki ictimai-siyasi hadisə­lərlə, erməni terroru ilə bağlılıq dərəcəsini müəyyənləşdirmək üçün ciddi tədqi­qata ehtiyac vardır – A.R.). Dövrün kəşməkəşinə, sosial ehtiyac­ların sərt­ləşməsinə baxmayaraq Mir Cəlal Mir Əli oğlu böyük qardaşının himayəsi və xeyriyyə cəmiy­yətlərinin maddi dəstəyi ilə təhsilini davam etdirir. O, 1923-cü ildə Gən­cədəki I dərəcəli şəhər mək­təbini bitirərək buradakı Darül­müəlliminə (Pedaqoji Texnikuma – A.R.) daxil olur. Cəncə Darül­müəllimində oxuduğu illərdə (1923-1927) Mir Cəlal Mir Əli oğlunun elmə və bədii yaradıcılığa böyük həvəsi, müəllim və tələbə­lərlə ünsiyyət qabliyyəti, yüksək təşkilatçılıq bacarığı üzə çıxır. Darül­müəllimin kollektivi tərəddüd etmədən gənc Mir Cəlalı həmkarlar təşkilatının sədri seçirlər. Darül­müəllimin illərində, birgə yaşadıqları pansionat həyatında Heydər Hüseynov, Cəfər Xəndan və Mir Cəlal tan­demi təhsildə şücaətin, uğurun – dost­luqda səda­qətin, qürurun simvoluna çevrilir. Bu ağır günlərin saf dostluq duyğularını, ülvi münasibətlərini onlar qanlı-qadalı repressiyaların qorxulu sınaq­larından, müharibə­nin məşum fəlakətlərindən, sovet rejiminin təzyiq və təpkilə­rindən qoruyub  əsl nümunəyə, bəşəri miqyaslı örnəyə çevirməyi bacardılar.

Mir Cəlal Paşayev 1927-ci ildə Gəncə Darül­müəllimini (Pedaqoji Texnikumu) bitirərək vaxtilə təhsil aldığı Gəncə şəhər I dərəcəli məktəbdə müəl­lim­lik fəaliy­yətinə başlayır. 1928-29-cu illərdə isə Gədəbəydə 7 illik natamam orta məktəbin direktoru vəzi­­fəsində işləyən gənc pedaqoqa böyük etimad göstərilir. O, ictimai fəallığına görə Gədəbəy Rayon İcraiyyə Komitəsinin üzvü seçilir.

Mir Cəlalın elmi yaradıcılığa ciddi marağı da Gədəbəydə işlədiyi dövrdə özünü büruzə vermişdir. Ədibin “Maarif yolu” jurna­lının 1928-ci il 10-11, 12 və 1929-cu il 1-2-ci saylarında işıq üzü görən “Ədəbiy­yatda romantizm” adlı ədəbiyyat­şü­naslığa dair ilk sanballı və irihəcmli məqaləsi ədəbi-elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. Çalışdığı sahələrdə uğurlar qazanmasına rəğmən gənc Mir Cəlal ali təhsil almağa, sistemli elmi araşdırmalar üzərində çalışmağa güclü mənəvi ehtiyac duyurdu. Beləliklə, 1930-cu ildə Qazan Dövlət Universitetinin ədəbiyyat-lin­qvistika şöbə­sinə (bəzi sənədlərdə Qa­zandakı Şərqşünaslıq İnstitu­tuna – A.R.) daxil olur. Ədibin həyat yolundan bəhs edilən əksər monoqrafiya­larda, o cümlədən M.F.Axundzadə adına Milli Kitabxana tərəfindən hazırlanan və 2006-cı ildə çap olunan “Mir Cəlal” adlı geniş biblio­qrafiyada da böyük sənətkarın ali təhsilini yarımçıq qoyaraq Qazandan Bakıya qayıtması yanlış olaraq 1932-ci ilə aid edilmişdir.

Lakin, Mir Cəlalın 1938-ci ildə yazdığı və şəxsən imzaladığı ömürna­mə­sində indiyədək məlum olmayan yarımçıq qayıdışın səbəbi və tarixi haqqında qeydlər mövcuddur: “1930-cu ilin sonunda təhsil almaq üçün Qazana getdim. Şimal mühiti səhhətimə mənfi təsir etdiyi üçün 1931-ci ilin əvvəllərində Bakıya qayıtdım, Az.DETİ-nin I kursuna imtahan verdim. Az.DETİ 1932-ci ildə ləğv edildikdən sonra isə APİ-nin aspiranturasına köçürüldüm” (AMEA, fond-39, s.v.-250, qutu-74, səh. 21).

Ədibin eyni vaxtda doldurduğu “Kadrların uçotu üzrə şəx­si vərəqə”sində isə qeyd edilmişdir ki, o “1931-ci ilin aprel ayında” təhsil almaq üçün Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutuna daxil olmuşdur. Rəsmi sənədlərinə əsasən Az.DETİ-nin Dil və Ədə­biyyat Bölməsi üzrə aspiranturasına 1931-ci ilin aprelində 8 nəfər qəbul edil­miş­dir. Bu elmi-tədqiqat ocağının 6 iyun1932-ci il tarixli iclasının protokoluna əsasən attestasiyadan keçirilən dilçi və ədəbiyyatşünas aspirantlar haqqında belə qərar verilmişdi: “Dil və Ədəbiyyat bölməsi. II kursa keçirilsin: 1.Vəkilov S. 2.Paşa­zadə Mir Cəlal. 3.İbrahimov M. 4.Nəsirli Y. 5.Məm­­mədov Ağasi. Çıxa­rıl­sın: Həsənzadə Pəri və  Kərimova Q. MK-ya göndə­rilsin: Jamkoçan” (Azər­bay­can Dövlət Arxivi, fond-387, siyahı-1, s. v.-107).

Bu mənbədə və daha əvvəlki qaynaqlarda Mir Cəlalın soyadının Paşazadə variantına rast gəlinsə də, 1934-cü ildən böyük yazıçının rəsmi sənədlərdə familyası Paşayevdir. O, Qazan­dan Bakıya qayıtdıqdan sonra təhsilini davam etdirmək, elmə xidmət yolunu seçmək üçün dövrünün ən nüfuzlu elmi-tədqiqat müəssisəsinə daxil olur. Azər­baycan Dövlət Elmi Tədqiqat İnstitutu Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiy­yətinin (1923-1929) bazasında yaran­sa da, 15 elmi strukturu özündə birləşdirən ilk və müstəqil Milli Elmlər Akademiyamız idi. Bu elmi-tədqiqat ocağının Dil, Ədə­biy­­yat və İncəsənət Bölməsi bütövlükdə bir insti­tutun statusunu həyata keçirirdi. Bölməyə əvvəl professor Bəkir Çobanzadə, qısa müddət (1 may – 24 iyun 1931) tanınmış tənqidçi, dosent Əli Nazim, sonra isə Az.DETİ-nin direktor müavini, professor Vəli Xuluflu rəhbərlik etmişdir. Mir Cəlalın yaxından tanıdığı və ondan əvvəl oxuyan aspirant­lardan Feyzulla Qasım­zadə  1931-ci ildə bölmənin folklor seksiyasına rəh­bər təyin edilir, Məm­mə­dağa Sultanov isə ədəbiyyat seksiyasına işə qəbul olunur.

Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu güclü və çoxsahəli elmi potensiala, müstəqil fəaliyyət dairəsinə, diqqətçəkən uğurlara nail olsa da, 1932-ci ilin iyul ayında Moskvanın göstərişi və Azərbaycan MK-nın (Polonski) qərarı ilə ləğv edilir. Professor Vəli Xuluflunun rəhbərlik etdiyi bölmənin bazası əsasında Xalq Maarif Komissar­lığı­nın 29 iyul 1932-ci il tarixli qərarı ilə əsasən təhsil yönümlü Azərbaycan Dil, Ədəbiy­yat və Sənət İnstitutu (Az.DƏSİ) təsis edilir.  Az.DETİ Dil və Ədə­biyyat Bölmə­sinin aspirantları, o cümlədən Mir Cəlal Paşazadə yeni yara­dılmış Az.DƏSİ-yə köçürülür. Lakin bu institut da uzun müddət fəaliyyət göstərə bilmir. Professor Vəli Xuluflunun direktor, sənətşünas, professor Pyotr Fridolinin tədris hissə müdiri işlədiyi, Hüseyn Cavid, Əli Nazim, İdris Həsənov, Qulam Bağı­rov, Abdulla Tağızadə və b. görkəmli ziyalıların çalışdığı elm və təhsil ocağı 1932-ci il dekabr ayının 22-də ləğv edilir, bu qrumun bütün əmlakı yeni yaradılan SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinə (Az.OZFAN) təhvil verilir, aspirantları isə Ali Pedaqoji İnstitutun müvafiq şöbəsinə köçürülür. Mir Cəlal Paşa­zadə 1934-cü ilin yazında (Bu tarix bəzi sənədlərdə təhrif olunaraq 1935-ci ilə aid edilir – A.R.) APİ-nin aspiranturasını əla qiymətlərlə bitir­diyinə görə institutun rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə təltif olunur və burada müəllim vəzifəsində saxlanılır.

Rəsmi sənədlərdə Mir Cəlal müəllimin 1931-34-cü illərdə aspirant olmaqla yanaşı, əvvəl “Kommunust” qəzetində şöbə müdiri, sonra isə “Gənc işçi”də məsul katib vəzifəsində işlədiyi və səmərəli fəaliyyətinə görə qiymətli hədiyyələrlə müka­fat­­lan­dırıldığı qeyd olunmuşdur. Professor Vəli Xuluflu hələ Az.DETİ–nin aspiranturasına daxil olanda (1931) diqqətini cəlb edən, uğurlarını fərəh hissi ilə izlədiyi Mir Cəlalı 1934-cü ilin noyabr ayında Az.OZFAN-ın tərkibində fəaliyyət göstərən Azərbay­can Şura Ensiklopediyasına işə dəvət edir. AŞE-nin elmi katibi V.Xuluf­lunun 15 noyabr 1934-cü ildə (M.C.Paşayevin AŞE-yə qəbul olunduğu tarix) imzaladığı 35 saylı əmrdə göstərilirdi ki, Mir Cəlal Paşayev bu il noyabr ayının 14-dən üç yüz manat əməkhaqqı ilə AŞE-nin terminlərlə iş üzrə mütəxəssis vəzifəsinə təyin edilir. Bu əmr ədibin akademiya sisteminə daxil olduğu  tarixi təsdiqləyən ilk sənəddir.

Az.DETİ-nin aspiranturasında onunla eyni vaxtda (1931-1932) oxuyan Heydər Hüseynovun 1936-cı ildə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Ensik­lo­pediya və Lüğətlər İnstitutuna (ELİ) direktor təyin edilməsi Mir Cəlalın fəaliy­yətində müsbət dəyişikliyə səbəb oldu. O, səmərəli işinə və təşkilatçılıq bacarığına görə terminlərlə iş üzrə mütəxəs­­sislikdən elmi işçi, daha sonra isə ədəbiyyat şöbə­sinin müdiri vəzifəsi­nədək irəli çəkildi. M.C.Paşayev 1934-cü ilin noyabrın 14-dən 1939-cu il fevral ayının 5-dək böyük həvəslə Ensiklopediya və Lüğətlər İnstitu­tunda çalışmışdır. Amma təəccüblüdür ki, böyük ədibin dörd ildən çox Ensik­lopediya və Lüğətlər İnstitutunda göstərdiyi fəaliyyət barədə “Mir Cəlal” (2006) biblio­qra­fi­yasına məlumat daxil edilməmişdir (Ümumiyyətlə arxiv sənədləri ilə bu biblio­qrafiya arasında xeyli ziddiyyətlər müşahidə olunur və yeri gəldikcə belə məqamlara to­xun­maq niyyətindəyik - A.R.).

Mir Cəlal Paşayevin Ensiklopediya və Lüğətlər İnstitutundan çıxmasının səbəbləri yaranmış mövcud maliyyə böhranı, bu elmi-tədqiqat ocağında fəaliyyətin zəiflə­məsi və bir sıra obyektiv zərurət ilə şərtlənsə də, çox güman ki, ən başlıca qayə - böyük elm yol­ları ilə ədəbiyyatşünaslıq məbədinə doğru addımlamaq arzusu olmuşdur.

Onu da xatırladaq ki, Heydər Hüseynov Ensik­lo­pediya və Lüğətlər İnstitutunun rəhbəri olmaqla yanaşı 1939-cu ilin yanvar ayının 1-dən Az.FAN Rəyasət Heyə­tinin qərarı ilə Nizami adına Ədəbiyyat və Dil İnstitutunun da yarım ştat direktoru seçilir. O vaxt SSRİ EA-nın vitse-prezidenti, geoloq-alim, akademik İvan Mixayloviç Qubkin (1871-1939) həm də EA Azərbaycan Filialınin (Az.FAN) 1937-ci ildən sədri idi və öz səlahiyyətlərini azərbaycanlı həmkarı, sədr müavini, geoloq-alim Əhəd Yaqubova həvalə etmiş­dir. Heydər Hüseynovun 1939-cu il 4 fevral tarixli Az.FAN Rəyasət Heyətinin sədr müavini Əhəd Yaqubova ünvanla­dığı məktubda yazılırdı: “Ensiklopediyada işlərin müvəqqəti dayandırıldığına görə Ensik­lo­pediya və Lüğətlər İnstitutu Ədəbiyyat şöbəsinin müdiri Mir Cəlal Paşayev yoldaşın Nizami adına Ədəbiyyat və Dil İnstitutuna köçürülməsi üçün sərəncam verməyinizi Sizdən xahiş edirəm.”

Heydər Hüseynovun müraciəti özünü çox gözlətmədi. Ertəsi gün, fevralın 5-də Az.FAN Rəyasət Heyətinin iclasında müraciətə baxıldı. Seçim çox dəqiq idi. Fəaliyyət meydanını genişləndirməyə çalışan Ədəbiyyat İnstitutuna istedadlı, gənc, böyük potensiala malik bir ədəbiyyatşünas göndərilirdi. Az.FAN Rəyasət Heyə­tinin 1939-cu il 5 fevral tarixində keçirdiyi 8 saylı protokolda yazılırdı: “Ensik­lo­pediya və Lüğətlər İnstitutu Ədəbiyyat şöbəsinin müdiri Mir Cəlal Paşayev yoldaş bu ilin fevralın 5-dən aylıq əməkhaqqı 700 manat olmaqla Nizami adına Ədəbiyyat və Dil İnstitutuna böyük elmi işçi vəzifəsinə köçürülsün. Sədr – Yaqubov Ə.Ə. Katib – Ostrouxov N.N.”

Nizami adına Ədə­biy­yat və Dil İnstitutu 1 yanvar 1939-cu ildə 3 şöbədən (Ədəbiyyat, dil və folklor, eyni zamanda 3 otaqdan - A.R.) və 17 işçidən ibarət idi. İnstitutun direktor müavini vəzifəsini Məmməd Arif Dadaş­zadə, katib ştatını isə Yevgeni Mixailovna Voskresen­skaya tuturdu. Ədəbiy­yat şöbə­sində cəmi altı nəfər - Həmid Araslı (b.e.i), Mi­ka­yıl Rəfili (b.e.i), Feyzulla Qa­sım­zadə (b.e.i), Cəfər Xəndan Hacıyev (b.e.i), Məmməd Mü­bariz Əlizadə (k.e.i), Tamara Əh­mə­dova (laborant) çalışırdı. Beş-altı ay içərisində bu şöbəyə Mir Cəlal Paşayev, Mehdi Hüseyn (Doğrudur, M.Hüseyn institutda çox az işlədi və oradan inciyib getdi -A.R.) Paşa Ağayev, Musarza Əsgərli, Firudin Məcidov, Yusif Məmmədov və b. işə qəbul edildi. Ədəbiy­yat şöbə­sinin əməkdaşları 28-35 yaşlı istedadlı, fədakar, qalibiyyət əzmi ilə mübarizə aparan gənclər idi və mübaliğəsiz demək olar ki, ədə­biy­yat institutunun bütün ağırlığı yeni ədəbiyyatşünaslar nəslinin çiyninə düşürdü.

Onu da vurğulamağa ehtiyac duyulur ki, Heydər Hüseynov 26 fevral 1939-cu il tarixli, 32 sayli əmri ilə fevralın 16-dan Ədəbiyyat şöbəsinə müvəqqəti müdirliyi Ədəbiyyat İnstitutuna yenicə daxil olan Mir Cəlal Paşayevə həvalə etmişdir. Doğ­ru­dur, müvəqqəti şöbə müdirliyi uzun sürməsə də, bu fakt gənc Mir Cəlal üçün onun elmi-təşkilatçılıq imkanlarından xəbər verən sevindirici hadisə idi.

İnstitutun direktoru Heydər Hüseynovun sədrliyi ilə 1939-cu il mart ayının 23-də (protokol № 2)  Ədə­biy­yat şöbəsinin geniş iclası keçirilir, plan işləri təsdiq olu­nur.  Protokola əsasən bir il müddətində Feyzulla Qasımzadə M.F.Axundzadənin IV cildini (20 ç.v.) çapa hazır­lamalı, A.A.Bakıxanov haqqında monoqrafiya (12 ç.v.) yaz­malı, Mika­yıl Rəfili “M.P.Vaqifin ədəbi irsi” (6 ç.v.) adlı araşdırma üzərində çalışmalı, Hə­mid Araslı Füzulinin (30 ç.v.) və Vaqifin (20 ç.v.)  əsərlərini toplamalı və tərtib etməli, Mehdi Hüseyn “Danabaş kəndi” adlı tədqiqat işi yaz­malı, Cəfər Xəndan Hacıyev “Sabir inqilabi satirik kimi” dissertasi­yasını tam bitir­məli, Məmməd Arif “Cəfər Cabbarlının drama­tur­giyası” (5 ç.v.) işini gös­tə­rilən müddət­də tamamla­malı, Mir Cəlal Paşayev “Füzuli yaradıcılığının poetik xüsu­siyyətləri” (5 ç.v.) adlı monoqrafiyasını və Ə.B.Haqver­di­yevin əsərlərinin III cildi­nin (20 ç.v.) tərti­bini başa çatdırmalı idi. Nəzərə alınmalıdır ki, tədqiqat və tərtib işlərinin oxunub rəyləşdirilməsi kimi vacib sahə ümumi həcmə daxil deyildir və Ədəbiyyat  şöbəsində plandankənar yerinə yetirilən resenziyalara çox ciddi yana­şılır, böyük əhəmiyyət verilirdi. Şöbə müdiri Həmid Araslının 22 səhifəlik “Qara­bağ yazıçıları” adlı məqaləsinə həmin şöbənin böyük elmi işçisi Feyzulla Qasım­zadənin redaktəsindən sonra Mir Cəlalın rəyi obyektivlik baxımından maraq doğurur: “Resenziya. Araslı yoldaşın “Qara­bağ yazıçıları” adlı məqaləsini oxu­dum. Bu məqalə 18, 19 və 20-ci əsrlərdə Azərbay­canın Qarabağ mahalında yetişib yaşamış şairlər haqqında, Şuşada olan ədəbi məclislər və ədəbi həyat haqqında maraqlı məlumat verdiyi üçün faydalıdır.

Lakin, bu aşağıdakı nöqsanlar, yaxud natamamlıqlar düzəlsə yaxşı olar.

  1. Əsərin başında Qarabağ haqqında yazan yazıçılardan, onların əsərinin təhli­lindən danışılır. Həmçinin Şuşa şəhərinin tarixindən və milli qırğınlardan danışılır. Bu, əsl tema ilə az əlaqədardır.
  2. 12, 13, 14, 15-ci səhifələrdə gətirilən şeir sitatı çox uzundur. İxtisar oluna bilər.
  3. Qrankalarda olan sual işarələrinin göstərdiyi söz və ifadə anlaşılmazlıqlarını avtor düzəltməlidir. Mir Cəlal Paşayev. 25.V.39” (AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Arxivi. İnv. 179).

Rəyin məzmununda, ruhunda obyektivlik və xeyirxahlıq hissinin çırpındığı göz önündədir. Böyük elmi işçi vəzifəsini icra edənin şöbə müdirinin məqaləsi haq­qında qüsurları cəsarətlə vurğulaması da diqqətdən yayınmamalıdır. Mir Cəla­lın iradlarını Həmid Araslı səmimiyyətlə qəbul etmiş, məqalə üzərində işlədikdən sonra “Qarabağ yazıçıları”nı “EA Azərbaycan Filialının Xəbərləri” jurna­lında (1939, № 4, səh., 63-72) dərc etdirmişdir.

Nizami adına Ədəbiyyat və Dil İnstitutuna qəbul edildikdən dörd ay sonra böyük ədibin fərdi iş planı ilə bağlı hazırladığı yarımillik hesabat Akademiya siste­mində yaradıcı əməyə yeni baxışların təzahür forması olmaqla yanaşı, nümunə etiketidir. Ədəbiyyatşünaslıq sahəsində görülən nəhəng işlərin miqyasını təsəvvür etmək üçün də Mir Cəlal Paşayevin hesabatı müqayisə baxımından yetərlidir: O yazır: “Ədə­biy­yat şöbəsinə (Ya­rımilliyin yekunları haqqında məlumat). 1939-cu ildə plana görə mən 1.Haqverdiyevin proza­çılığını çapa hazırlamalı 2. Füzu­li­nin poetik xüsusiy­yətlərini yazmalı idim.

İyunun 15-nə qədər Haqver­diyevin əsərlərinin prozaçılığını kommentariyası ilə bərabər hazır­layıb, şöbəyə təhvil vermişəm. Plandankənar Füzulinin I cildini resen­ziya etmişəm. Disser­tasiya temasının əsas materiallarını (Füzu­linin divanını) oxu­muşam, qeydlər götürmüşəm.

Məzuniyyətdən sonra qalan üç ayda (X-XII) temamı yazıb qurtaracağam. İnstitutun elmi işçisi: Paşayev Mir Cəlal”(AMEA, fond-23, arxiv-46, qutu-2).

Bir elmi işçinin qısa müddət ərzində bu qədər ağır və əhatəli işi öz üzərinə götürməsi, həm də müxtəlif mövzularda elmi-tədqiqat planını uğurla yerinə yetir­məsi ciddi və mötəbər ənənənin mövcudluğundan xəbər verməklə yanaşı Elmlər Akademiyasında çalışanlar üçün də örnək sayılmağa layiqdir.

Doğrudur, yarımillik hesabatın sonunda xatırladılır ki, fərdi iş planı ilin conu­nadək yerinə yetiriləcəkdir. O vaxta qədər isə respublikadankənar arxivlərdə və kitabxanalarda araşdırmalar aparmağa ciddi ehtiyac duyulurdu. Mir Cəlal Paşayev isə belə fürsətdən yetərincə faydalanmaq məqsədilə niyyətini institut rəhbərli­yindən gizlətmədi. 1903-cü ildə Aşqabadda anadan olan, 1939-cu ilin yanvarın 21-də institutun folklor şöbəsinə laborant qəbul edilən, iyunun 20-də elmi katib vəzi­fə­sinə irəli çəkilən Fəzləddin Hüseyn oğlu Babayev avqust ayında Nizami adına Ədə­biy­yat və Dil İnstitutunun direktoru vəzifəsini icra edirdi. Şübhəsiz ki, Mir Cəlal Paşayev qarşıdan gələn avqust-sentyabr aylarında səmərəli işləmək məqsə­dilə məziniyyət və elmi ezamiyyət məsələlərini Fəzləddin Babayevlə müzakrə etməli və müsbət qərara nail olmalı idi. Çünki, “Füzulinin poetik xüsusiyyətləri” mono­qra­fiyasını dolğun, operativ yazmaq üçün Moskva, Leninqrad (İndiki Sankt-Peter­burq) arxivlərindən faydalanmaq zərurəti, daha dərin tədqiqatlar aparmaq həvəsi onu rahat buraxmırdı. Fəzləddin Babayevlə fikir mübadiləsi, elmi ezamiy­yətin məramı və onun gerçəkləşməsi üçün arqumentlərin mötəbərliyi 137 saylı əmrlə nəticələndi. Sənəddə yazılırdı: “EA Az.F Nizami adına Ədə­biy­yat və Dil İnstitutu üzrə Əmr № 137, 21 avqust 1939-cu il. Ədəbiyyat şöbəsinin böyük elmi işçisi v.i.e. Mir Cəlal Paşayev yodaş Lenin və Saltıkov-Şedrin adına kitabxana­lar­da, eləcə də arxivlərdə mühafizə edilən Azərbaycan ədəbiyyatı tarixi üzrə material­larla tanış olmaq üçün Moskva və Leninqrad şəhərlərinə elmi ezamiyyətə göndə­rilir. Ezamiyyət müddəti 1939-cu il sentyabrın 1-dən oktyabrın 1-dək.

EA Az.F Nizami adına ƏDİ-nin direktoru v.i.e. F.Babayev”

Gənc ədəbiyyatşünas ezamiyyətdə olduğu şəhərlərin kitabxana və arxivlərində mövzu ilə əlaqədar zəngin materiallar üzə çıxarır, Bakıya döndükdən sonra fərdi iş planını yüksək səviyyədə yerinə yetirərək institutun elmi şurasına təhvil verir.

İnstitutun 1939-cu il üzrə elmi nailiyyətləri sırasına Nizami Gəncəvi “Xə­msə”sinin elmi-tənqidi mətninin və Azərbaycan dilində akademik nəşrinin hazır­lanması, “Sabirin yaradıcılığı haqqında” və “Mirzə Şəfi haqqında” monoqrafiya­ları ilə yanaşı Mir Cəlal Paşayevin “Füzulinin poetik xüsusiyyətləri” adlı tədqiqat işi də daxil edilmişdir.

SSRİ EA Azərbaycan Filialının Rəyasət Heyətində institutların illik hesabatının dinlənildiyi 4 yanvar 1940-cı il tarixli iclasında Nizami adına Ədə­biy­yat və Dil İnstitutunun direktor v.i.e. Məmməd Arif Dadaşzadə məruzə zamanı zəngin faktlara, obyektiv elmi materiallara əsas­lanaraq ədəbiyyat­şünaslığımızın 1939-cu il mənzərəsinin geniş panoramını təq­dim etmiş, institutun perspektiv planları və görəcəyi işlər üçün konkret təkliflərini səsləndirmiş, əməkdaşların elmi fəaliy­yə­tinə münasibətini açıq şəkildə bəyan etmişdir: “Folklor şöbəsinin kiçik elmi işçisi Məhəmmədhüseyn Təhmasib yaxşı işləyir, plandankənar 25 ç.v.-dən çox material çapa hazırlayıb.

Yaxşı işçilərdən Mir Cəlal Paşayevi göstərə bilərəm. Baxmayaraq ki, o Azər­baycanın görkəmli yazıçılarından biridir, çox diqqətlə və vicdanla işləyir. Mən yazı­çı­ları yaxşı tanıyıram, onlar elmi istiqamətdə səhlənkardılar, ancaq öz yaradıcı­lıqları ilə məşğul olurlar. Paşayev onlardan elmi işinin sanbalına və keyfiyyətinə görə fərqlənir” (AMEA, fond-5, siy.-1, s.v.-35, qutu-3).

Rəyasət Heyətinin illik hesabat iclasında gənc direktor Məmməd Arif çoxsaylı suallara açıq və səmimi cavablar versə də, Az.FAN-ın sədr əvəzi Əhəd Yaqubov yekun nitqində institutda müşahidə olunan müsbət dəyişikliklərlə yanaşı elmi şuranın fəaliyyətini tənqid etmiş, M.C.Paşayevin “Füzulinin poetik xüsusiyyətləri” adlı dissertasiyasının müzakirə olunmadığını, əsərin elmi əməkdaşlar üçün namə­lum qaldığını xüsusi vurğulamışdır. Akademiyanın ən ali məclisində narahatlıqla səsləndirilən məsələnin bir ucu şübhəsiz ki, böyük ədibin elmi araşdırmalarına olan ciddi maraqla bağlıdır.

Nizami adına Ədə­biy­yat və Dil İnstitutu 1940-cı ili dahi şairin 800 illik yubileyi münasibətilə Nizami ili elan etdi. Elmi-tədqiqat işlərində ciddi dəyişiklik oldu. Hətta A.A.Bakıxanovla bağlı başlanmış araşdırma dayandırılaraq 1941-ci ilə keçirildi. Rəyasət Heyətinin 4 yanvar 1940-cı il tarixli qərarı ilə “İnstitutun ştat kon­tin­gentinin 1939-cu il səviyyəsində saxlanılması” təsdiqlənsə də, sentyabrın 6-da elmi katib vəzifəsi ixtisar edilərək Fəzləddin Babayev elmi katiblikdən kiçik elmi işçi vəzifəsinə keçirildi.

Ədəbi-ictimai gərginliyə baxmayaraq Mir Cəlal 1940-cı ildə həyata keçirəcəyi çoxsaylı planlarının meydanını daraltmadan böyük mütəfəkkirin yubiley tədbir­lərinin hazırlıq prosesinə böyük həvəslə qoşulur. “Yeddi gözəl” poemasından “Çin qızının hekayəsi”ni nəsrə çevirərək “Revolyusiya və kultura” jurnalının 1940-cı il 8-ci sayında (səh.80-87) çap etdirir. Həmin il böyük ədəbiyyatşünasın elmi və bədii yara­dıcılığı uğurlu olur. M.C.Paşayev “Füzulinin poetik xüsusiyyətləri” adlı dissertasi­ya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcə alır və eyniadlı mono­qrafiyasını (1940, 96 səh.) Az.FAN-ın nəşriyyatında çap etdirir. Ədəbi-tən­qidi və publisistik məqalələri ilə yanaşı bədii əsərlərindən “Bir gəncin manifesti” (“Uşaq­gəncnəşr”, 1940, 258 səh.) romanı, müxtəlif mətbuat orqanlarında 17 hekayəsi, rus dilində “Seçilmiş hekayələr” (“Azər­nəşr”, 1940, 328 səh.) toplusu işıq üzü görür. Moskvada Azərbaycan ədəbiy­yatı deka­dasında “Bədii nəsrimizin baniləri” adlı məruzəsində Cəlil Məmmədqulu­zadə və Əbdürrəhim bəy Haqver­diyev yaradıcılı­ğından geniş söz açır. Cəfər Xəndanın “Azərbaycan ədəbiy­yatı” (“Azər­nəşr”, 1940, 112 səh.), “Ədəbiyyat nəzəriyyəsi” (“Azər­nəşr”, 1940, 68 səh.) kitabları və “Bayatılar” (“Azər­nəşr”, 1940, 188 səh.) toplusu üzərində ciddi redaktə işi aparır... Onun elmi, ədəbi-bədii yaradıcılıq sahəsindəki ziyalı mövqeyi, alim fədakarlığı yüksək dəyərlən­dirilir. Mir Cəlal 1940-cı ildə Azərbaycan ədəbiyyatı sahəsindəki xidmətlərinə görə Respublika Ali Sovetinin Fəxri Fərmanı ilə (Bu faktın “Mir Cəlal” biblioqrafiyasında öz əksini tapmaması təəssüf doğurur – A.R.) təltif edilir.

Arxiv sənədlərinə əsasən M.C.Paşayevin namizədlik dissertasiyası 1941-ci ilin əvvəlində Ali Attestasiya Komissiyasında təsdiq olunduqdan sonra onun əmək­haqqı martın 1-dən 800 manata yüksəlir. Az.FAN Rəyasət Heyətinin 20 mart 1941-ci il tarixli, 12 saylı qərarı ilə Mir Cəlal filologiya elmləri namizədi alimlik dərə­cəsi alması münasibətilə Nizami adına Ədəbiyyat və Dil İnstitutunun böyük elmi işçi vəzifəsini icra edəndən böyük elmi işçi vəzifəsinə keçirilir və bu qərarın təs­diq­lənməsi SSRİ EA Rəyasət Heyətindən xahiş edilir. Müraciət məktubunu EA Azər­baycan Filialının sədri v.i.e. Heydər Hüseynov və katib R.S.Qudelis imzala­mış­dır.

Birinci yarımillikdə Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən nəsrlə tər­cümə işini davam etdirir, geniş müqəddimə yazaraq onu kitabça şəklində geniş oxucu auditoriyasının ixtiyarına verir. “EA Azərbaycan filialının Xəbərləri” jurnalında “Füzuli şerindəki elm və bədii məntiq haqqında” (1941.- № 1, s.25-34), “Klassik bədii nəsrimiz haqqında” (1941.- № 5, s.9-20) adlı elmi məqalələri çap olunur.

Təəssüf ki, Böyük Vətən müharibəsinin başlanması çoxları kimi 33 yaşlı Mir Cəlalı da çox sevdiyi və böyük həvəslə çalışdığı elmi yaradıcılıq sahəsindən mü­vəq­qəti də olsa ayırdı. Müharibənin ilk günlərində hərbi komissarlıq tərəfindən o da səfər­bərliyə alınır. Hətta, buna görə çalışdığı Nizami adına Ədəbiyyat və Dil İnstitu­tundan da azad edilir. Bir aylıq həyəcanlı günlər, intizar dolu gözləntilər Bakı şəhər Hərbi Ko­mis­sarlığı­nın 1941-ci il 22 iyul tarixli 2207 saylı rəsmi sənədi ilə nəti­cələnir. Bu münasibətlə İnstitut üzrə verilən əmrdə yazılmışdı: “Az.FAN Nizami adına Ədəbiyyat və Dil İnstitu­tu üzrə əmr № 91, 22.VII. 1941.

Paşayev Mir Cəlal Əli oğlu – Ədəbiyyat şöbəsinin böyük elmi işçisi, xüsusi sərəncam verilənə qədər hərbi səfərbərlikdən azad edilən, bu ilin iyul ayının 22-dən İnstitutda işdə hesab edilsin. Əsas: Şəhər Hərbi Komissarlığının 22.VII. tarixli və 2207 saylı məktubu və institut direktoru yol. Dadaşzadənin dərkənarı.

Az.FAN Nizami adına Ədəbiyyat və Dil İnstitu­tunun direktoru M.A.Dadaş­zadə” (AMEA Arxiv, Fond-39, s.v.-250, qutu-74).

Bəzi tədqiqatçılar ədibin sonralar “Qafqazın müdafiəsinə görə” (1944), “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə” (1946) medal­ları ilə təltif olunmasına əsaslanaraq onun müharibədə iştirak etdiyini (bax: A.Qorx­maz. “Mir Cəlal Paşayevin dosent qızı”, Modern.az, 25.01.2015) vurğula­mışdır. Bu sənəddən də göründüyü kimi gənc alim səfərbərliyə alınmamış və onun müharibədə iştirak etdiyini təsdiqləyən faktlar da mövcud deyil. Çox güman ki, Komissarlıq Mir Cəlal Paşayevi hərbi səfərbərlikdən azad edəndə şübhəsiz ki, istedadlı alimin və gənc yazıçının arxa cəbhədə daha böyük və əhəmiyyətli işlər görəcəyinə ümidlər bəsləyirdi.

Mir Cəlal müharibədə iştirak etməkdən azad olunsa da, onun sosial-mənəvi təz­yiq­lərindən kənarda qala bilmədi. Müharibənin qara kölgəsi və boz bürküsü bütün yaradıcı ziyalılar kimi onun da ədəbi-bədii yaradıcılığında dərin izlər burax­dı.

Ədibin son biblioqrafiyasında (2006, səh.15) Mir Cəlalın Ədəbiyyat İnstitu­tun­da 1944-ildən şöbə müdiri işlə­diyi qeyd edilmişdir. Lakin arxiv sənədləri bu faktın dəqiq olmadığını göstərir. Az.FAN Rəyasət Heyətinin 1941-ci 15 sentyabr tarixli, 18 saylı protokoluna əsasən böyük elmi işçi Mir Cəlal Paşayev ştat cədvəlinə uyğun olaraq 900 manat əməkhaqqı ilə Nizami adına Ədəbiyyat və Dil İnstitu­tu ədəbiyyat şöbəsinin müdiri təyin edilmişdir. İki gün sonra isə institutun direktoru v.i.e. M.A.Dadaşzadə imzaladığı 112 saylı əmrlə Az.FAN RH-nin qərarının icra­sına rəvac vermişdir.

Etiraf edilməlidir ki, müharibəyə səfərbərlikdən tərxis olunan Mir Cəlalın elm cəbhəsində Ədəbiyyat şöbəsinin rəhbərliyi sükanı arxasına gətiril­məsi hadisəsi çox ağır və mürəkkəb bir zamanda baş verirdi. İki ildən çox üzərində bir institutun ça­lış­dığı fərdi və killektiv iş planlarına müharibə ağır zərbələr endirdi. Dahi Azər­baycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinin təntənə ilə qeyd edil­məsi məsələsi gündəlikdən çıxarıldı və arxa plana keçirildi. Arxa cəbhənin ideo­loji-ədəbi maretialların tədqiqinə və təbliğinə meyllənməsi birbaşa ön cəbhənin sifarişi idi. Qələmin süngüyə çevrildiyi, alimin, şairin, ziyalının “Müsəlləh əsgərəm mən də bu gündən” (S.Vurğun)  dediyi bir zaman yetişmişdi. Nüfuzlu qələm əhli, qa­baq­cıl elm, ədəbiyyat və mədəniyyət xadimləri əsgərlər arasında vətənpərvərlik ruhunda təbliğat işi aparmaq üçün ön cəbhəyə, ciddi təhlükənin gözlənildiyi Uzaq Şərqə göndərilirdi. Ədəbiyyat İnstitutunun şöbə müdiri Mir Cəlal Paşayev də bu müqəddəs missiyadan kənarda qalmadı. O, Az.FAN Rəyasət Heyətinin 1942-ci il 9 may (Bu tarix 3 ildən sonra faşizm üzərində qələbə gününə çevriləcək - A.R.) tarixli (Əmr № 56) qərarı ilə iki ay müddətinə - mayın 10-dan iyulun 10-dək Uzaq Şərqə ezam olundu. Vladivostokdan qayıtdıqdan sonra isə Az.FAN Rəyasət Heyətində hesa­bat xarakterli məruzə etdi, təəssüratlarını mətbuatda yayınladı.

Az.FAN-ın avqust ayında keçirilən iclasında Mir Cəlal Paşayevin elmi-təşkilatçılıq fəaliyyətinin miqyasını genişləndirən, məsuliyyətini artıran daha bir tarixi qərar qəbul edildi. SSRİ EA Azərbaycan Filialı Rəyasət Heyətinin 1942-ci il 15 avqust tarixli Büro iclasının 13 saylı protokolunda yazılırdı: “1. Az.FAN Nizami adına Ədəbiy­yat və Dil İnstitutu Əlyazmalar fondunun işi haqqında.

  1. Azərbaycan ədəbiyyatı tarixinin yazılmasına yüksək şərait yaratmaq məqsə­dilə Nizami adına Ədəbiy­yat və Dil İnstitutu Əlyazmalar fondu ilə həmin institutun Ədəbiyyat və dil şöbəsinin birləşdirilməsi məqsədəuyğun hesab edilsin.
    1. Fond işinə rəhbərlik Ədəbiyyat və dil şöbəsinin müdiri, filologiya elmləri namizədi Mir Cəlal Paşayevə həvalə edilsin.
    2. Yol. Nuriyeva A. təyinatına uyğun gəlmədiyinə və işi bacarmadığına görə Az.FAN Nizami adına Ədəbiy­yat və Dil İnstitutundan azad edilsin.
    3. Az.FAN Nizami adına Ədəbiy­yat və Dil İnstitutu Əlyazmalar fondunun təhvil-təslimini Az.FAN Rəyasət Heyətinin komissiyası aşağıdakı tərkib­də həyata keçirsin: Paşayev M.C., Araslı H., Ələsgərzadə A., Qazıyeva M.Q. (sədr) və İnstitutun mühasibi Əmirahova.

Protokolu imzaladılar: Büro iclasının sədri – H.N.Hüseynov, Büro üzvləri – Ş.A.Əzizbəyov və A.A.Klimov” (AMEA Arxivi, fond-39, s.v.-250, qutu-74).

Elmlər Akademiyasının tarixində ilk dəfə idi ki, ədəbiyyat, dil və əlyazmalar fon­du bir şöbənin strukturuna daxil edilirdi və institut səlahiyyətlərinə bərabər bu birləşmiş qurumun ilk rəhbəri Mir Cəlal Paşayev seçilmişdir. Qaçılmaz struktur dəyişikliyini zərurətə çevirən amillərdən biri müharibənin təsiri ilə şöbələrdə işçi­lərin seyrəlməsi, ştatların ixtisarı idisə, digəri gənc alimin yüksək istedadının, zəh­mət­­se­vərliyinin və təşkilatçılıq qabiliyyətinin özünü parlaq büruzə verməsilə şərt­lənir. Təsadüfi deyildir ki, pedaqoji fəaliyyətlə də sıx bağlı olan ədəbiyyatşünas-alim 1942-ci ildə dosent elmi adına layiq görülür.

M.C.Paşayevin müharibə dövrü elmi yaradı­cılığı, tədqiqat sahələri mövzu və mahiyət etibarilə tutumlu və rəngarəngdir. Onun 1942-1945-ci illərdə yazıb çap etdirdiyi ədəbi-tənqidi əsərləri bu qənaətə gəlməyə tam əsas verir. Mir Cəlalın “Anamın kitabı”nda vətənpərvərlik”  (1942), “Füzulinin "Rind və Zahid"əsərində yenilik və köhnəliyin mübarizəsi” (1942), “Xalq ədibi” (1942), “Xalq yaradıcılığı” (1942), “Məhəbbət dastanı” (1942), “Haqverdiyevin yaradıcılığı” (1943), “Nizami­nin müsbət obrazları” (1943), “Məhəmməd Hadinin yaradıcılığı haqqında” (1943), “Şair-vətəndaş” (1943), “Müharibə və ədəbiyyat” (1943),  “C.Məmmədquluza­də­nin dramaturgiyası” (1944), “Füzulinin lirikası” (1944), “XX əsr Azərbaycan ədəbiy­yatı” (1944), “Səhhətin romantikası” (1944), “Böyük ədib və dramaturq” (1945), “Mirzə Fətəli Axundovun farsca yazan şagirdləri” (1945), “Sənət və həqiqət” (l945), “Süleyman Sani Axundov” (1945), “Füzuli və Nizami” (1945) və b. əsərləri mübaliğəsiz demək olar ki, Azərbaycan ədəbiyyatının və ədəbi simaları­nın elmi-estetik panoramını özündə ehtiva edir.

(Mabədi var)

Asif Rüstəmli,

AMEA Nizami adına Ədəbiyyat İnstitutu

 Mətbuat tarixi və publisistika şöbəsinin müdiri,

filologiya üzrə elmlər doktoru, professor

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə