Bu yaxınlarda Finlandiyada yaşayan həmyerlimiz Tahirə Cəfərovanın tərtib etdiyi “Azərbaycanın lirika antologiyası” işıq üzü görüb. İlk dəfə Finlyandiyada fin dilində nəşr olunan antologiyada Azərbaycan klassik şeiri nümayəndələrinin və müasir şairlərin yaradıcılıqlarından nümunələr yer alıb.

 

   “Azərbaycan lirika antologiyası”nda nəşr olunan şeirləri fin dilinə Tahirə Cəfərova və  Finlandiya şairləri tərcümə edib.

    Tahirə Cəfərova Azərbaycan Yazıçılar Birliyinin, Finlandiya Yazıçılar İttifaqının, CEATL Avropa Tərcüməçilər Birliyinin  və Fin-Pen klubunun üzvüdür.  Tampere şəhər Yazıçılar Birliyinin üzvü olan Tahirə xanım uzun illər Tampere Universitetində Ədəbiyyat və İncəsənət kafedrasında çalışıb.  20 ildən artıqdır ki, fin ədəbiyyatı tərcüməsi ilə məşğul olur. İlk tərcüməsi fin klassiki Vero Meri-bilin “Bir dollarlıq nahar” əsəri olub və Moskvada “Xarici ədəbiyyat” jurnalında dərc olunub. 1982-ci ildə fin uşaq ədəbiyyatına müraciət edərək, bir neçə yazıçıların uşaqlar üçün yazdıqları əsərlərini tərcümə edib. Həmçinin fin dramaturgiyasına da müraciət edərək bir sıra pyesləri tərcümə edib.

     Azərbaycan Yazıçılar Birliyinə təşrif buyuran Tahirə xanım Finlandiyada nəşr olunan “Azərbaycanın lirika antologiyası”nın yaranması və nəşri haqqında məlumat verib.

    Antologiya Tahirə Cəfərovanın giriş məqaləsi ilə başlanır. Məqalədə müəllif  Azərbaycan ədəbiyyatı nümayəndələrinin ən yaxşı poeziya nümunələrini seçib tərcümə etdiklərini qeyd edir. O, Süleyman Rüstəmin “Qarabağ mahnısı” və Təbriz haqqında silsilə şeirləri haqqında oxuculara məlumat verib. Məqalədə həmçinin Azərbaycan Respublikasının tarixi, ədəbiyyatı haqqında danışılıb, onun müstəqillik illərində qazandığı uğurlar vəsf olunub.

    Tahirə Cəfərova məqaləsində “Kitabi-Dədə Qorqud”dan üzü bəri Azərbaycan ədəbiyyatını bütövlüklə təhlil edib. Yunesko tərəfindən “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsini,  bizim tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın qədimliyini, eyni zamanda tarixi köklərimizin 1300 il bundan əvvəlki dövrə təsadüf etdiyini,  xalqımızın böyük bir eposu olduğunu fin oxucusunun diqqətinə çatdırır.   Məqalədə həmçinin türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin  təşəbbüsü ilə XX əsr Azərbyacan mütərəqqi romantizminin banilərindən biri olan Hüseyn Cavidin nəşinin qalıqlarını 41 ildən sonra  uzaq Sibir torpağından Azərbaycana gətirilməsi və doğma yurdu Naxçıvanda torpağa tapşırılması tarixdə nadir hadisələrdən olaraq çoxəsrlik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirərək zənginləşdirən qüdrətli söz ustasına böyük sevgi və ehtiramın təzahürü olduğunu diqqətə çatdırır.

    Antologiyada yer alan  XIX əsr Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Natavanın qəzəllərini, Azərbaycanın xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin şeirlərini fin dilinə Tahirə Cəfərova uyğunlaşdırıb.

    “Ntamo” nəşriyyatında çap olunan “Azərbaycanın lirika antologiyası”nda Tahirə Cəfərova oxuculara müəlliflərin hər birinin həyat və yaradıcılıqları haqqında yığcam məlumat verib.  

    Naşir, şair, tərcüməçi Leevi Lehto vaxtilə Ömər Xəyyamın qəzəllərini fin dilinə tərcümə edib və mükafat alıb. Antologiyada çap olunan Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsimi, Füzuli qəzəlləri fin dilində Leevi Lehtonun tərcüməsində verilib.

    Hannu Məkelə Füzulinin “Leyli və Məcnun” əsərinin tərcüməçisidir. Bu antologiyada nəşr olunan M.Ə.Sabir, Hüseyn Cavid, Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Kamal Abdulla, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Hamlet İsaxanlı, Nəsib Nəbioğlu, Anar, Əli Kərim, Zəlimxan Yaqubun şeirlərini fin dilində oxuculara Hannu Məkelə təqdim edib.

    Yukka Mallinen Finlyandiya Pen klubunun keşmiş sədri, ictimai xadimdir. Vahid Əzizin və Səlim Babullaoğlunun şeirləri onun tərcüməsində işıq üzü görüb.

   Şair, ədəbiyyatşünas Timo Malmi Finlandiyanın  Tampere şəhərindəndir.

Fikrət Qoca, Çingiz Əlioğlu və Məmməd İsmayılın şeirlərini o tərcümə edib.

    Tahirə Cəfərova daha sonra qeyd edib ki, bu yaxınlarda Skandinaviya ölkələrində – İsveç, Norveç, Danimarka və İslandiyada “Azərbaycanın lirika antologiyası”nın nəşri nəzərdə tutulub.

    Daha sonra ayb.az saytına öz yaradıcılığı haqqında söz açan Tahirə Cəfərova hal-hazırda köhnə Bakı və ailə şəcərəsi haqqında kitab hazırladığını nəzərə çatdırıb.

    Kitabda məşhur azərbaycanlı  milyonçu, mesenat, Rusiya imperiyasının həqiqi mülki müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev, ictimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-nin sədri Nəriman Nərimanov, həmçinin Azərbaycanın ilk milli professorları – Həsən bəy Zərdabi muzeyinin yaradıcısı,  bioloq, professor Rəhimbəy Cəfərov, Fransada təhsil alan, Azərbaycan Dövlət Universiteti hüquq fakültəsinin dekanı, professor Qasımbəy Cəfərov, Tibb Universitetinin professoru, Respublikanın əməkdar həkimi, t.e.d. Xalıqbəy Cəfərov və başqalarının həyat və yaradıcılıqlarının əks olunacağını diqqətə çatdırıb.

 

AYB.az

Məlahət Qənbərova

   

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə