Tanınmış şair və rəssam Adil Mirseyid dünyasını dəyişdi. Uzun zamandır qara ciyər sirrozundan əziyyət çəkən şair bü gün səhər saatlarında vəfat edib. AYB Mətbuat Xidmətinin rəhbəri Xəyal Rzanın AYB.az saytına verdiyi məlumata görə mərhum ailəsinin israrı ilə Ağdaş rayonunda dəfn ediləcək. "Şairin dəfn edilməsi üçün Hövsanda yer razılaşdırmışdıq. Düşündük ki, sevənlərinin ziyarət edə bilməsi üçün Bakıda dəfn edilməsi daha yaxşı olar. Ancaq həyat yoldaşı israrla Ağdaşda dəfn edəcəklərini bildirdi. Belə olan halda məsləyə müdaxilə etmək doğru olmazdı" - deyə Xəyal Rza bildirib.
Məlumat üçün qeyd edək ki, A.Mirseyid uzun müddət idi qaraciyər serrozundan əziyyət çəkirdi.Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib (1975-1978). Sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb (1978-1983). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində iki il redaktor vəzifələrində çalışıb (1992-1993).
Allah rəhmət eləsin.