Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi qardaş Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara dəstək üçün aylıq məvaciblərinin bir hissəsini yardım fonduna köçürüb.  

Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqı da Birliyin əməkdaşları adından AFAD-a maddi köməklik göstərib. Bu barədə AYB.az saytına Həmkarlar İttifaqının sədri, şair Firuzə Məmmədli məlumat verib: “Qardaş və bacılarımızın, körpələrimizin əziyyət çəkdiyi bu dəhşətli təbii fəlakət xəbərinə sarsıldıq. Belə bir çətin gündə biganə qalmayaraq, əlimizdən gələni etmək istədik. Zəlzələdə dünyası dəyişmiş insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik”.  

Qeyd edək ki, martın 4-də, saat 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyi tərəfindən xeyriyyə tədbiri keçiriləcək.  “Bir yumruq, bir ürək, bir can” adlı poeziya axşamında tanınmış şairlərin öz ifalarında şeirləri səsləndiriləcək. Tədbirdə qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən əziyyət  çəkən insanlar üçün vəsait toplanılacaq. Əldə edilmiş vəsait yardım fondlarından birinə köçürüləcək. Bütün üzvlərimizi, qələm dostlarımızı, şeirsevər, xeyirsevər vətəndaşlarımızı tədbirdə iştirak etməyə dəvət edirik.

 

 

Azərbaycan Yazıçılar Birliyi

Mətbuat xidməti

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə