Dilimizin saflığı milli məsələdir. Prezident İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında göstərilir ki, dövlətimiz dilimizin saflığının qorunması məsələsinə daim prioritet vermiş və maneəsiz inkişafı üçün münbit zəmin yaratmışdır. Mühüm sənəddə müasir Azərbaycan dilinin mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik olduğu vurğulanmaqla yanaşı, onun hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi hallarının da geniş yayıldığına diqqət cəlb olunur. Xüsusilə televiziya və radioda, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normaları, leksik və qrammatik qaydalar pozulur, məişət danışığından istifadə olunur, yeri gəldi-gəlmədi əcnəbi söz və ifadələrə ifrat müraciətlər edilir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin lazımınca olmaması dil pozuntularının hiss ediləcək qədər artmasına səbəb olur. Bütün bu səbəblərə görə, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” yaradılıb, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı” və əməli təkliflər hazırlanaraq həyata keçirilməyə başlanıb. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbir məhz dilin saflığının və nitq mədəniyyətinin qorunması məsələsinə həsr olunmuşdu. Tədbiri giriş sözüylə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açaraq tədbir iştirakçılarını salamladı: “Sonuncu Qurultayda demişdim ki, yaxın gələcəkdə AYB-də dil haqqında, dərsliklər və tərcümələr haqqında tədbirlər təşkil etməyi düşünürük. Bu silsilədən ilk müzakirəmiz dilimizə həsr olunub. Dilimizlə bağlı çox ciddi problemlər var”

Sonra ağsaqqal yazıçı Seyran Səxavətin bu barədə daha çox praktik müşahidələrə əsaslanan məruzəsi dinlənildi. O, televiziya və radio reportajlarında, sayt xəbərlərində rast gəlinən nitq yanlışlıqlarından, dil qüsurlarından misallar gətirdi. Bəzən fikirlərini nisbətən kəskin şəkildə ifadə edən məruzəçi hətta dedi ki, ağacın dibinə nöyüt tökülüb qurudulduğu kimi, bilərəkdən və ya bilməyərəkdən dilə də qəsd olunur. Bu isə tamamilə yolverilməzdir. Yazarlar, aparıcılar, natiqlər cümlələri hədsiz yükləməkdən, ağırlaşdırmaqdan çəkinməlidirlər ki, bu enerji xəttində, necə deyərlər, qısa qapanmalar baş verməsin. Məruzə ətrafında müzakirələr maraqlı keçdi. Uzun illər Baş nazir müavini vəzifəsində çalışaraq bu sahədə hökumət səviyyəsində görülən işlərdə, ictimai-siyasi tədbirlərdə bilavasitə iştirak etmiş Xalq yazıçısı Elçin Əfəndiyev Azərbaycan dilinin hazırkı səviyyəsi ilə bağlı nikbin olduğunu söylədi, ədəbi mühitdə dil hadisələrinə, terminologiyaya zəruri diqqət kimi aspektlərə toxundu. Azərbaycan Atatürk Mərkəzinin direktoru, AMEA-nın həqiqi üzvü, Milli Məclisinin deputatı, Əməkdar elm xadimi Nizami Cəfərov dili cəmiyyətin ümumi səviyyəsinin göstəricisi kimi dəyərləndirdi, bədii, elmi və danışıq dillərinin əsasında formalaşan nitq mədəniyyətimizin səviyyəcə yüksəldildiyini, çoxdialektli dil coğrafiyamızın özəlliklərini qeyd etdi. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva qurumun gördüyü monitorinq tədbirləri barədə məlumat verdi və nəzərdə tutulan işlərdən bəhs etdi. Tanınmış dilçi-alim, professor İsmayıl Məmmədov da çıxışında dövlətimizin və elmimizin dilin saflığı məsələlərinə həssas münasibətindən danışdı, orfoepiya, linqvistika, lüğətçilik sahələrinə diqqətin daha da artırılması zərurətini önə çəkdi. Tədbirdə çıxış edən Millət vəkili Aqil Abbas, AMEA Dilçilik İnstitunun baş direktoru Nadir Məmmədli, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rafiq Həşimov, tanınmış teleaparıcı Nailə İslamzadə və başqaları mövzuyla bağlı fikir və təkliflərini bildirdi. İşgüzar ruhda keçən, ana dilimizə təəssübkeşlik duyğuları ilə süslənən müzakirələrdə real vəziyyət, perspektiv qayğılar və hər bir vətəndaşın dilə məsuliyyətli münasibət göstərməsi zərurəti dönə-dönə qabardıldı.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə