Dekabrın 16-sı Bakı İdman Sarayında təşkil olunan “Yeni il Kitab Sərgisində” Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun dəstəyilə çap olunan “Bütün yollar Şuşaya aparır” kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsi ilə nəşr olunan kitabın ideya müəllifi Elçin Hüseynbəyli burada toplanan məqalə və reportajların Azərbaycan mediası üçün əvəzolunmaz olduğunu və bu nəşrin fikrinin elə Şuşada yarandığını vurğuladı. “Hələ Şuşada ikən qələm dostlarımız Şuşa haqqında yazılar yazacaqlarını deyirdilər. Gördüm ki, artıq ən az 10 yazıçının Şuşa haqda yazısı az qala hazırdır. Orda qərara aldıq ki, bu yazıları kitab halında toplayaq. Birliyin sədri Anar müəllim də fikrimizi dəstəklədi və bu cür nəfis kitab ərsəyə gəldi. Müəllifləri təbrik edir, əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Tədbirdə çıxış edənlər arasında Səyyad Aran da kitab haqqında öz fikirlərini bildirdi. Təəsüratlarından bəhs edən yazıçı Şuşanı ilk sevgi kimi xatırladığını və bu ilahi məkanı bir dəfə görənin ona əbədi vurulduğunu qeyd etdi.

Daha sonra “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunusov MİMTA Fondunun yazçılarımıza verdiyi dəstəkdən bəhs etdi. Xüsusilə “Vaqif poeziya günləri”nə həsr olunan bu kitabın fond adından azadlığına qovuşmuş Şuşamıza töhfə kimi dəyərləndirdi. MİMTA Fondunun keçmişdən bu günə qədər olan fəaliyyətindən bəhs etdi.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid də kitab haqqında xoş təəssüratlarını bildirərək belə önəmli bir toplunun nəşrinə verdiyi dəstəyə görə MİMTA Fonduna minnətdarlığını ifadə etdi.

Tədbir iştirakçılarından Yunus Oğuz kitabın ingilis dilinə tərcümə edilməsinin lazım olduğunu vurğuladı və ölkə xaricindəki kitabxanalara göndərilməsinin əhəmiyyətindən bəhs etdi.   

Tədbirin digər çıxışçıları kitabda toplanan məqalə və reportajların poetik təəssüratlarından bəhs etdilər. 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə