İyulun 12-də Azərbaycanın dövlət sərhədində, Tovuzda baş verən məlum hadisə zamanı havada uçan güllələrdən biri sanki mənim ürəyimə sancıldı. Bir ana, bacı və yaxın dost kimi kədərləndim, ürəyim ağrıdı. Azərbaycan xalqının acısını və iztirabını ürəkdən hiss etdim. Mən Azərbaycandan coğrafi baxımdan uzaqlarda olsam da, o gecə qəlbən Azərbaycan şəhidlərinin valideynləri, övladları, qardaş və bacıları, həm də bütün Azərbaycan xalqının yanındayam. Bu gün Tanrıdan Azərbaycanın xoşməramlı xalqına səbir diləyirəm. İnanıram ki, bu qüdrətli dövlət vəhşiliklərə adekvat cavab verəcək. Bu xalq sivilizasiyalar və mədəniyyətlərarası dialoqa, dini, milli dözümlülüyə, bəşəri tərəqqiyə gözəl töhfələr bəxş edib.

Bu sözləri Özbəkistanın tanınmış şairi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Daşkənddə çap edilən “Kitob dunyasi” qəzetinin baş redaktoru, xalqımızın dostu Xasiyyət Rüstəm deyib.

Xasiyyət Rüstəm bildirib ki, iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri bölmələrinin təxribatları, atəşkəs rejimini və Azərbaycan sərhədini kobud surətdə pozaraq Tovuz istiqamətindən minomyotlarla, iriçaplı silahlarla Azərbaycanın mövqelərini atəşə tutması, dinc əhalinin yaşadığı kəndləri nişan alması heç bir beynəlxalq normaya sığmır. Ermənilərin bu hücumu Dağlıq Qarabağdan yüzlərlə kilometr uzaqda olan Tovuz rayonunun ərazisində həyata keçirməsi onların məkrli planlarından soraq verir. Bu təcavüz nəticəsində Azərbaycan Ordusunun hərbçiləri həlak olub və yaralanıb. Ermənistan tərəfdən Azərbaycanın mülki məntəqələri də atəşə tutulub və bir yaşlı insan həyatını itirib. Bu, insanlığa yaraşan hərəkətdirmi?

Xasiyyət Rüstəm bildirib ki, 30 ilə yaxındır Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi davam edir. Ermənistan öz havadarlarının köməyi ilə Dağlıq Qarabağı, ondan başqa, bu vilayətə aid olmayan yeddi rayonu işğal edib. Bir milyondan çox azərbaycanlı öz ölkəsində köçkünə çevrilib. Bununla bağlı BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan bu qətnamələrə məhəl qoymur, öz təcavüzkar siyasətini davam etdirir. Dünya birliyi 30 ildir ki, susur, təcavüzkarı yerində oturtmaq istəmir və nəticədə ermənilər daha da azğınlaşır.

Xasiyyət Rüstəm söhbətinin sonunda deyib: “Mən dost Azərbaycan xalqına və dövlətinə sülh, əmin–amanlıq, firavan həyat, münaqişənin tezliklə başa çatmasını, Azərbaycan torpaqlarının tezliklə işğalçılardan azad olunmasını arzulayıram”.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə