Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlqələr  Mərkəzi  Oman Mədəniyyət Klubu ilə ədəbi-mədəni əməkdaşlığını davam etdirir. Bu çərçivədə tanınmış şərqqşünas alim, professor İmamverdi Həmidovun rəhbərliyi altında f.ü.f. d. M. Həmidov, E.Zeynalova, Xosrov  və S.M.Əsridən ibarət  tərcümə qrupu “Oman haqqında məqalələr” kitabını hazırlayır. Kitabın bir fəsli Omanın və ümumiyyətlə ümumislam dünyasınının məşhur mədəniyyət və ədəbiyyat adamlarından, söz və mətbuat sahəsində çalışan xadimlərindən bəhs edir, ensiklopedik məziyyət daşıyır. O insanlardan birini təqdim edirik.

 

Oman Sultanlığının görkəmli mədəniyyət və mətbuat xadimi olan Əbdüləziz Bin Məhəmməd Ər Rəvvas 2001-ci ildən əlahəzrət Sultanın mədəniyyət işləri üzrə məsləhətçisidir. Sultanlığın yeni dövr dirçəlişində onun ciddi iştirakı olub. Ər Rəvvas bir müddət Küveyt dövlətində diplomatik işdə çalışmış, sonra isə sultanlığa qayıdaraq İnformasiya Nazirliyi sistemində fəaliyyətini davam etdirmişdir. O, eyni zamanda, mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr sahəsində London İnformasiya Mərkəzi, BBC, “Tayms” qəzeti kimi Böyük Britaniyanın müxtəlif nüfuzlu mətbuat-media təşkilatlarında, müəssisələrində  kurslarda olmuş və həmin vaxtlarda müxtəlif mövzularda tədqiqatlar aparmışdır.

Əbdüləziz Bin Məhəmməd 1979-cu ildə İnformasiya və gənclərlə iş naziri, 1983-cü ildə ikinci dəfə İnformasiya naziri təyin edilmiş, bir müddət isə Gənclərin idman  və mədəni fəaliyyəti üzrə dövlət  komitəsinin işlərinə rəhbərlik eləmiş, həmçinin tələbə gənclər  festivalına birbaşa nəzarət etmişdir.

Əbdüləziz Bin Məhəmməd sultanlığın İnformasiya naziri işlədiyi zaman Omanın mətbuat-informasiya tarixində çox mühüm nailiyyətlərin əldə olunmasına nail olub. Oman Mətbuat Klubunun təşkili (1999),  Oman Radio və Televiziyasının internetə bağlanması (1996), rüblük  “Nizva” mədəniyyət  jurnalının nəşri (1994) bu qəbildən olan işlərdəndir. O, 1981-ci ildə gündəlik “Oman observer” qəzetinin ilk sayının ingilis dilində nəşr olunmasının təşəbbüsçüsü kimi çıxış etmişdir. Ərəb dilində “Oman” qəzetinin (1980),  gündəlik “Vətən” qəzetinin nəşri, radio və televiziyanın süni peyklərlə əlaqələndirilməsi də onun fəaliyyətinin nəticəsidir. 1984-cü ildə Oman Ənənəvi Musiqi Mərkəzinin təsis edilməsi və Ümumdünya Ənənəvi Musiqi Mərkəzinin köməyilə Beynəlxalq Musiqi Konfransının Omanda təşkili, bu məqsədlə ənənəvi musiqi toplusunun hazırlanması (1983) da cənab Ər Rəvvasın nəzarəti ilə baş verib.

Cənab Rəvvas Oman tarixinə  xüsusi maraq və qayğısı ilə daim seçilib. O, 1991-ci ildə Oman tarixinin yazılması üçün lazım olan materialların toplanması ilə məşğul olan milli komissiyaya rəhbərlik eləyib. O dövrdə Ərəb Tarixçiləri Birliyinin iştirakı ilə keçirilən “Oman tarix boyu” sessiyasının nəticələrinə əsasən “Tarixdə Oman” kitabı nəşr edilib ki, kitab da Əbdüləziz Ər Rəvvasın birbaşa iştirakı ilə çapa hazırlanıb.

1992-ci ildə əlahəzrət Sultanın sərəncamı ilə Əbdüləziz Bin Məhəmməd Ər Rəvvas Omanda qədim-tarixi, milli irs nöqteyi-nəzərindən zəngin ərazilərə nəzarət  edən milli komitənin sədri təyin edildi. Rəvvasın birbaşa göstərişinə əsasən Zofar Mühafizəsinin Səlalə məntəqəsində Əl Bəlid milli parkı yaradıldı. O, həm də ölkədəki ən nümunəvi tarixi muzeylərdən biridir. Bura sultanlığın müxtəlif tarixi dövrlərdəki ticarət əlaqələrini, coğrafi mövqeyini ifadə edən, Oman tarixi, mədəniyyəti və gözəl yerləri haqqında məlumatlar verən vəsaitlərlə zəngindir. Muzeyə girən ilk növbədə Cami Kəbirin, Böyük Məscidin sütunlarını müşahidə edir. Orada qiblə istiqamətinə yönəlmiş 13 simmetrik cərgədə çoxu səkkiz tinli olan 144 sütun  vardır. Bundan başqa bu park-muzeydə başqa kiçik məscidlər, hakimin iqamətgahı, şəhər bazarı, əhalinin yaşayış evləri, dəniz panoramı nümayiş etdirilir.

Rəvvas Zofar Mühafizəsində Xurrəvidəki Səməhrəm tarixi abidələr parkına da nəzarət edir. Səməhrəm qədim ərəb qəbiləsinin adıdır və həmin ad bu tarixi şəhərin darvazasında əbədiləşdirilib. Qədim romalılar şəhərə buxur, ətir və qəsrlər ölkəsi, yunanlar isə xoşbəxtlik ölkəsi adı vermişdilər. 

Əbdüləziz Bin Məhəmməd Ər Rəvvas Doka vadisində ləbən ağaclarının da qayğısına qalıb, onların qorunmasını təşkil edib. Artıq onun sayəsində beynəlxalq abidələr siyahısına ləbən yurdu Vubarın adı da daxil edilib.

Cənab Rəvvasın ölkənin mədəniyyətinə və tarixinə xidmətləri sırasında  Bəhla vilayətinin Bisya adlanan yerində Sulut qalasının aşkar edilməsi də var.

Əbdüləziz Bin Məhəmməd Ər Rəvvas 1994-cü ildə ilk Məsqət Beynəlxalq Kitab Sərgisinin təsis komissiyasına başçılıq etmiş, 2001-ci ilə qədər əsas komissiyanın dəyişilməz sədri olaraq qalımışdır. Mədəniyyət və informasiya sahəsində xarici əlaqələrin möhkəmlənməsində Rəvvasın böyük rolu vardır. Körfəz Ölkələri Əməkdaşlıq Şurası və Ərəb Ölkələri Liqası nazirləri səviyyəsində keçirilən bir çox konfranslarda o, sultanlığın nümayəndə heyətinə başçılıq eləyib.

Ər Rəvvas Körfəz Ölkələri Başçılarının VI Məsqət görüşündə (1985), habelə  1989 və 1995-ci illərdəki X və XVI Məsqət görüşlərində rəsmi sözçü kimi çıxış etmişdir. O körfəz ölkələri və ərəb ölkələri başçılarının bir çox görüşlərində Omanın rəsmi dövlət və hökumət nümayəndə heyətinin tərkibində olmuş, eyni zamanda ABŞ-ın bir çox təşkilat və universitetlərində Omanı təmsil etmişdir.

Əbdüləziz Rəvvas ölkə daxilində və xaricdə bir çox ordenlərlə təltif olunub. Sonuncu dəfə o, 2017-ci ildə “Ərəb  irsinin  adamı” adını alıb. Həmin ada daha əvvəl, 1976-cı ildə də layiq görülən  Əbdüləziz Bin Məhəmməd Ər Rəvvas 1991-ci ildə Ərəb Tarixçiləri Birliyinin  fəxri doktoru adını da alıb.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə