Son xəbərlər

 

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin birgə təşəbbüsü ilə Birliyin sədri, Xalq yazıçısı Anarın Sumqayıtda oxucularla görüşü keçirilib. 

AYB katibi Rəşad Məcidin də iştirak etdiyi görüşdən əvvəl qonaqlar yeni inşa edilmiş Heydər Əliyev mərkəzi, 3 saylı uşaq incəsənət məktəbi, Sumqayıt Dövlət Dram Teatrı və yeni salınmış bulvarla tanış olublar.

Əli Kərim adına Poeziya evində gerçəkləşən, mədəniyyət işçilərinin və şəhərin ədəbi ictimaiyyətinin qatıldığı görüşü Sumqayıt  Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov açıb. Qonaqları sumqayıtlılar adından salamlayan idarə rəisi  bu görüşdən məmnunluq və qürur duyduqlarını bildirib.

Rəşad Məcid çıxışında deyib ki, Xalq yazıçısı Anar bu gün burada təkcə AYB sədri olaraq deyil, həm də görkəmli yazıçı və ziyalımız olaraq iştirak edir. Sumqayıtda böyük hörmət və sevgi ilə qarşılandıqlarını bildirən AYB katibi bu görüşlərin davamlı olacağına inandığını qeyd edib. 2018-ci ildə Anarın 80 illik yubileyi münasibətilə bir sıra tədbirlərin keçiriləcəyini bildirən R.Məcid Sumqayıtda da belə tədbirlərin, görüşlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb. R.Məcid AYB Sumqayıt bölməsinin mərhum sədri Sabir Sarvanı anaraq, onun fəaliyyəti ilə bağlı xoş sözlər deyib, bölmənin yeni rəhbərliyinə uğurlar arzulayıb.

Daha sonra şairə, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt qəzətinin baş redaktoru Qüdrət Muğanlı, Əli Kərim adına Poeziya evinin direktoru  şair İbrahim İlyaslı, AJB Sumqayıt bölməsinin sədri Rafiq Oday, Sumqayıt ədəbi mühitinin nümayəndələri Almaz Sahilə, Rafiq Yusifoqlu, bədiyə ustası Namiq Məna çıxış edib,  şeirlər oxuyublar.

Sonda AYB sədri, Xalq yazıçısı Anarçıxış edib. O, Sumqayıtda son illər görülən işləri yüksək qiymətləndirib. Şəhərdəki  ədəbi mühitə yaradılan şəraitə görə təşəkkürürünü bildirən Xalq yazıçısı bunu dəyərləndirməyi və belə bir şeir ocağında yüksək səviyyəli tədbirlərin keçirilməsinin zəruri olduğunu deyib. O, Sumqayıt ədəbi mühiti haqqında xoş sözlər söyləyib, AYB Sumqayıt bölməsinin fəaliyyəti ilə bağlı tövsiyələrini verib.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə