Bakıda V Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib.
 
APA-nın məlumatına görə, tədbirdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, müxtəlif ölkələrin nəşriyyat nümayəndələri iştirak edib.
 
Nazir Əbülfəs Qarayev bildirib ki, beynəlxalq tədbir 28-30 sentyabr tarixlərini əhatə edəcək: “Sərgi-Yarmarkada iştirakla bağlı 100-dək yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatlar qeydiyyatdan keçib. Üç gün davam edəcək sərgi-yarmarka zamanı yerli və xarici nəşrlərin nümayişi və satışı ilə yanaşı, tanınmış yazarların oxucularla görüşü, kitab təqdimatları, yerli və xarici naşirlərin işgüzar toplantıları və digər çoxsaylı tədbirlər keçiriləcək”.
 
Nazir əlavə edib ki, sərgiyə maraq ildən-ilə artır: “Bu fakt göstərir ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası uğurlu layihə kimi artıq özünü təsdiq edib. Nüfuzlu nəşriyyatların nümayəndələri Bakıya təşrif buyurublar. Onlar Azərbaycanda çox səmərəli əməkdaşlıq görüşləri keçirəcəklər. Kitab hər zaman olduğu kimi, Azərbaycanda yaşayır və bundan sonra da yaşayacaq”.
 
Xalq yazıçısı Elçin Əfəndiyev bu sərginin kitab bayramı olduğunu söyləyib: “Kitab bayramı xalqın bayramıdır. Çünki xalqın formalaşmasında, mədəni səviyyəsinin yüksəlməsində kitabın fövqəladə rolu var. Bu sərginin mütəmadi keçirilməsi göstərir ki, kitaba Azərbaycanda böyük məhəbbət və sevgi var”.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə