Son xəbərlər

 


Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində xalq şairi Zəlimxan Yaqubun poeziyasına həsr olunmuş xatirə günü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Kəpənəkçi kənd orta məktəbinin direktoru Ziyatxan Sərdarov Z. Yaqubun həyat və yaradıcılığı haqqında danışıb.
 
O bildirib ki, iki dəfə Gürcüstanın “Şərəf” ordeninə layiq görülən Z. Yaqubun gürcü və Azərbaycan xalqları arasında dostluğun inkişaf etdirilməsində xidmətləri olub.
 
Azərbaycan Aşıqlar Birliyinin katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu isə Zəlimxan Yaqub poeziyasının mənasından və əsərlərinin məziyyətlərindən bəhs edib. O, Z. Yaqubun bir ildən artıqdır dünyasını dəyişdiyini, lakin gözəl və mənalı şeirlər, poemalar, qoşmalar müəllifi kimi xalqın yaddaşlarında yaşadığını bildirib. M. Nəbioğlu Z. Yaqubun anadan olduğu kənddə onun adına Poeziya Evini inşa etməyi və ənənəvi Z. Yaqub poeziya günlərini keçirməyi təklif edib.
 
Tədbirdə Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət, Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağəli İbrahimov, şairə Səadət Buta və başqaları çıxış ediblər.
 
Tədbirdə həmçinin Z. Yaqub adına mükafatın təsis olunması da təklif olunub. Bildirilib ki, Z. Yaqubdan bəhs edən xatirələr kitabının nəşr ediləcək.
 
Sonda Aşıq Telli və aşıq Həvəskar Zəlimxan Yaqubun sözlərinə yazılan aşıq mahnılarını ifa ediblər.
 
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirliyinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Zaur Darğallı, Bolnisi rayon bələdiyyəsinin rəsmiləri və bələdiyyə deputatları, məktəb direktorları və jurnalistlər iştirak ediblər. 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə