Noyabrın 7-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Ulduz” jurnalı və AYB.az saytının birgə təşkil etdiyi Qarabağ mövzusunda esse müsabiqəsinin yekunu ilə bağlı mətbuat konfransı keçirilib. Tədbiri jurnalın baş redaktoru Qulu Ağsəs açıb: “Bir neçə ay əvvəl Xəyal Rza və Umud Rəhimoğlu ilə danışdıq və bu qərara gəldik ki, Qarabağla bağlı bir layihə reallaşdıraq. Əlbəttə, aprel hadisələrinin də bu müsabiqə ilə əlaqəsi var. Biz istəyirdik gəncləri sınayaq, onların mövzuyla bağlı yanaşmalarını öyrənək. Təxmini qırxdan çox yazı göndərildi. Onlardan yalnız on altısı esse janrının tələblərinə uyğun gəldi. Və Əsəd Cahangir o on altı nəfər haqda bir yazı hazırladı. Ekpertin yazısı həm gənclər, həm də Qarabağ haqda bir esse kimi müsabiqənin müəllifləri üçün nümunəvi bir yazı oldu”. Q. Ağsəs əlavə edib ki, gənclər esse janrında o qədər də təkmilləşməyib. Bu janrda davamlı müsabiqələrin keçirilməsi essenin gündəmə gətirilməsində mühüm rol oynayacaq.

Birliyin katibi Rəşad Məcid Qarabağ mövzusuna müraciət olunmasının önəmindən danışıb: “Qulu Ağsəsin “Ulduz” jurnalında keçirdiyi layihələr təqdirəlayiqdir. Eynən Qarabağ mövzusunda da yeni bir layihənin həyata keçirilməsi sevindiricidir. Fikrimcə, qiymətləndirmə də obyektivdir. Rəşid Bərgüşadlının peşəkar olduğunu düşünürəm. Birinciliyə layiq görülən essesi xüsusilə təsirlidir”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib: “Mövzu olduqca maraqlı və əhəmiyyətlidir. Əlbəttə, müsabiqədə önəmli olan mövzuya yanaşmadır. Qarabağ probleminin gəncləri düşündürməsi, mövzuya  müasir baxış müsabiqənin üzə çıxarmalı olduğu məqamlardır. Bu mənada layihənin uğurla reallaşdığını  deyə bilərəm”.

Tənqidçi Əsəd Cahangir ekspert olaraq düşüncələrini bölüşüb: “Bu müsabiqə sayəsində mən bir sıra yeni imzalarla tanış oldum.  Bununla yanaşı, esse janrı ilə bağlı gənclərin nə düşündüklərini, onların Qarabağ haqqında fikirlərini öyrəndim. Müsabiqədə uğurlu esselər yox deyildi. Onlar arasında Elşad Barat, Emin Piri və başqaları da var idi. Ancaq ən uğurlu esse Rəşid Bərgüşadlıya məxsusdu. Yazarın “Tikanlı cığırlar” essesinin özəlliyi o idi ki, Qarabağın iyirmi beş ildən sonrakı durumunu ən aydın şəkildə ifadə etmişdi”.

AYB-nin Mətbuat katibi Xəyal Rza “Ulduz” jurnalı ilə mütəmadi layihələr həyata keçirdiklərini və esselərin aybKitab layihəsində çap edilə biləcəyinin mümkün olduğunu deyib. Şair Qəşəm Nəcəfzadə qeyd edib ki, essenin aktuallaşdırılıması Azərbaycan ədəbi düşüncəsində janrın yeni status qazanmasında böyük rol oynayır.

Sonda müsabiqənin qalibi Rəşid Bərgüşadlı və ekpert Əsəd Cahangirə diplomlar təqdim edilib. Qalib çıxış edərək layihənin reallaşmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, müsabiqənin hər il müntəzəm olaraq təşkili nəzərdə tutulur.

 

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə