Son xəbərlər

 

Mənim əziz mələyim Sara!

 Siz platformada görünməz olduqda məni qəribə bir yalnızlıq hissi və hüzn bürüdü. Hərgah vəzifə qarşısındakı borc olmasaydı, tozlu vaqondan yerə atılaraq səninlə birlikdə sakit evimizə qayıdardım.
Uzun müddət pəncərə qarşısında duraraq uzaqlarda qırpınan lampıçkalara baxıb, xəyala dalmışam.
Bir daha bu şeylər üzərinə qayıtmayacağam. Qoy mənim ləkələrim, mənim vicdanımı ağrıtsın, hərgah səni xoşbəxt edə bilməsəm, bu əzabları daha yüngül keçirərəm....
Dünən gecəni çox narahat yatmışam. Hər saatda neçə dəfə ayılaraq “bura haradır?” deyə konduktorun üstə qaçmışam. Səhər Tovuza çatan kimi Rəsula rast gəldim. Mehmanxanaya getdik. İkimiz çox da ləyaqətli olmayan bir kiçik otaqdayıq. Səhər bu məktubu başladım. Lakin raykomdan gəldilər ki, “kolxozlara gedək”, ona görə məktub yarımçıq qaldı. Şamlıq deyilən dağ rayonu kolxozlarına getdik. Nə qədər gözəl, nə qədər səfalı yerlərdir. Saat 12-də çıxan, saat 8-də evə qayıtdıq. Raykomda məktəblilər mənimlə görüşmək üçün güllər, çiçəklərlə gəlmişdilər. Bütün bunlar insanı o qədər həyəcana salır ki...
Elə raykomdan da sənə teleqram yazdım. Neçə dəfə telefonla danışmağıma cəhd etdimsə, bir şey çıxmadı. Hərgah hər gün sənə zəng edə bilməsəm, məni məhzur tut.
Bu günki təəssüratım olduqca müxəffəf (ixtisar edilmiş - tərtibçi) və zəngindir. Təbiətin gözəllikləri və buradakı adamların saf səmimiyyəti məni heyran etmişdir.
Məktub çox uzandı, Saracan. Onsuz da hisslərimi yazmaqla bitməyəcəkdir!..
...Rəsul sənə salam göndərir. Məndən anana, Əskərə və evdəkilərin hamısına salam de. Öpürəm səni, Saracan.
Sənin Mirzən
 
Sevimli Saram!
 
Bu məktubu sənə raykomdan yola çıxmaq ərəfəsində yazıram. Dünən bütün günü pambıq kolxozlarını gəzdik. Axşam rayonda aqronomların müşavirəsini keçirmişik. Gecə saat 12-yə doğru fiziki və sağlam yorğunluqla evə qayıdıb, daş kimi yatmışıq. Bu gün səhər sənə zəng edə bilmədim. Rza Nigarla danışdı. Xahiş etdim sənə zəng etsinlər. Vəziyyətimiz yaxşıdır. Axşam sakitlikləri zamanı çox darıxır və səni elə görmək istəyirəm ki... Yox, yalnız axşam sakitlikləri deyil, hər an, hər dəqiqə səni görmək arzusu ilə çırpınıram. Sən həmişə mənim qəlbimin içində yaşayırsan, əzizim.
Bu saat biz Rza ilə dağ rayonunun Kişmişli adlanan kolxozuna yola çıxacağıq. Deyirlər ki, gecəni rayona qayıtmaq mümkün olmayacaqdır. Oralara yol çox uzaqdır...
...Burada gəlib mane olurlar, Saracan. Saracan, bu sətirlər böyük səhranın balaca bir nişanəsini sənə çatdıra biləcəklərmi? Gəldilər ki, gedəkmi? Məktubu burada kəsdim. Qalan məsələləri də özün bilirsən. Əsgərə, mamaya və hamısına salam.
Öpürəm səni, mənim Saram.
 
Mənim əzizim, mənim mələyim Sara!
 
Səndən ayrıldıqdan sonrakı kədərin dərinliyindən danışmayacağam. Onsuz da mən sənə kədərli şeylər və ümumiyyətlə, kədər haqqında yazmamağa söz vermişəm. Lakin, kədər hələ də həyatın labüd bir əhatəsi olaraq qalırsa, onun haqqında susmaq olarmı? İctimai kədərdən danışmıram, Saracan, çünki bu cəhətdən yaşıdların və müasirlərin xoşniyyət çağırılanlarındanam. Mən elə bir kədərdən danışmıram ki, o ayrılıqdan, insan ruhunun əbədi dəyişən arzularından digər bir arzulara doğru həris hərəkətdən doğan kədərdir. Bu kədəri kiçicik bir ümid bir sevincə çevirir ki, onun hüdudu olmayır.
Sara, bu gün davam gətirə bilməyib Səmədə (Səməd Vurğuna - red.) teleqram vurdum. Səhər telefonu götürüb sizə zəng etdim. Halbuki, evdə heç kəs olmadığını bilirdim. Gözəl illüziyalar belə, insana ən yaxşı təsəlli ola bilər. Dünən axşam Əsgərlə filarmoniyada idik. Şostakoviçin V Simfoniyasına qulaq asdıq. Bu gün axşam mən, Cəmşid, Əsgər bağa gedib, yenə qayıtdıq. Gəlcək sənin teleqramını aldım. O qədər şad oldum ki! Bağdan qovun gətirmişik. İndi onu yedik. Əsgər tar çalır. Nə çalsa yaxşıdır? Əlbəttə, “Şikəstə”.
İki gündür Bakının istisi son dərəcə artmışdır. Dünən maşında, evə gələrkən Qulama “bərk başım ağrıyır” dedim. Sonra “Saranın yeri bilinir, Qulam” dedikdə, o “elə baş ağrının da səbəbi odur” deyərək cavab verdi.
Mənim Saram, doğrudan da, sizin yeriniz bilinir. Əsgər də darıxır. Lakin o daha davamlıdır, bunu bildirmir. Mən isə... bu cəhətdən qüsurluyam. Demək olar ki, bütün həyatımda hisslər mənə qalib gəlmişdir.
Saracan, hələ “Məhəbbət” üzərində işləyə bilmirəm, başlamamışam. Lakin, deyəsən, qanım qaynamaqdadır. Yaxında başlaya bilərəm. İşlər, işlər o qədərdir ki... Hamıya salam, Saracan, hamıya. Ana da, sən də darıxmayın. Biz özümüzü yaxşı hiss edirik. Və sizə gözəl istirahət diləyirik. Rzaya, Nigara, Səmədə salam.
Öpürəm səni, mənim Saram.
Həmişə sənin Mirzən
 
Mənim Saram, pak və təmiz Saram!
 
“Ürək bir xəzinədir, o elə bir xəzinədir ki, nə satılar, nə də satın alınar. O ancaq havayı verilir, bağışlanır”.
Flober
 
Mənim məktublarım sənə ruhumun ehtiyacı olaraq yazılacaqdır. Ona görə də ara-sıra sənə verdiyim sözü pozmuş olursam incimə, vəfasızlıq zənn etmə...
...Bu gün bütün günüm ağır düşüncələrlə dolu olmuşdur. Əvvəla, sizin Kislovodskidə pis qarşılandığınızı eşitdikdə çox pis oldum. İnsanların yağlı dilləri adamın zəhləsini tökür. Bir az bundan qabaq Əvəz bütün vəziyyəti mənə nəql etdi. Hətta Səməd Vurğun - mənim səmimiyyət və dostluğuna bu qədər inandığım Səməd Vurğun böylə sizi qarşılamağa da gəlməmişdir. Həyatım boyu mənimlə böylə şeylərin (və bundan daha dəhşətli şeylərin) şahidi olduğum halda, yenə də uşaqcasına həqiqi ideal dostluğa inandığım üçün mən axmaq deyiləmmi? Qoy belə olsun. Saf qəlb və yaxşı xəyal bizi çox şeylərdən müdafiə edir.
...Bu gün raykomda da bərk davamız olmuşdur. İdarədə işləməyim hər gün qeyri-mümkün hala gəlir. Cəhənnəmə gedənlər kimi, özümü zorlayıb ora gedirəm. Mən bütün məsuliyyəti duyaraq xüsusiyyətini anlayıram. Lakin axı hərənin bir şeyə bacarığı vardır. Mən işləmək üçün lazım olan çox keyfiyyətlərdən məhrumam. Təbiət bu cəhətdən məni kasıb yaratmışdır. Gərək lazım gəldikdə başını əyməyi, min dənə “lakinlərdən” ibarət cümlələr qurmağı, susmağı, daxildəki qan atəşini söndürməyi, hətta, yaltaqlanmağı belə bacarasan. Bütün bunlar mənə nə qədər yabançıdır. Bu isə çoxlarının xoşuna gəlməyir. Buna görə də şəxsi mundirinə toxunduğum bir adam mənim “kommunistə layiq olmayan hərəkətlərim” məzmununda raykomda məsələ qoymuşdur. Rus demişkən “boq snimi”, qoy nə bilirlərsə eləsinlər.
Mən isə bizim cəmiyyət, bizim partiyanın ədalətlilik və bu böyüklüyünə inanıram. Saracan, bütün bunlar səni az da olsa narahat etməsin. Çünki həyat mübarizədir...
...Bir tərəfdən də mən belə adamlara, öz daxili mənasızlığını yalançı, quru sözlərlə gizlətməyə çalışan adamlara minnətdaram. Çünki onlar məni daha artıq yazmağa, ehtirasla mübarizə etməyə vadar edirlər... Yuxarıda sözlərini yazdığım Flober gör nə gözəl deyir. “Həmişə sənətlə məşğul olayım. O, xalqlardan, tac və şahlardan yüksəkdir. O əbədidir və şahlıq taxtında ilhamla yüksəlir...”
Saracan, baqi qəlbim sakitləşir. Sanki qarşımda oturub bütün bunları dinləyirsən və mən rahat oluram...
...Saracan, sizə neft məsələsini burada danışmışam. Güman edirəm ki, orada sizi rahatlıqla təmin etmək üçün yaxın günlərdə kağız göndərərəm. Məni bağışla, Saracan, sabah sənin adresinə min manat pul teleqrafla göndərirəm. Heç bir şeyə ehtiyac hiss etməyin. Bu saat Əsgərlə Cəmşid o biri otaqda nərd oynayırlar. Yaxşıyıq. İstilərə də alışmışıq. Mən axşamları evdə məşğul olmağımı qərara almışam. Anaya, qızlara salam söylə. Nigara salam. Zənn edirəm ki, o sənə yaxşı yoldaş olar. Başqalarından isə gözüm su içmir. Ağamoğlanın keyfi necədir? Hamısına salam. Məktub yaz.
Öpürəm səni mənim ümidim.
Sənin Mirzən
 
Həyatda ümid və pənahım
Mənim əziz Saram!
 
“Niçin əzilib dağılırsan
sən ey insanın bədəni?!..”
Hamlet
 
Bu sətirləri yazarkən bilaixtiyar gözlərimdən yaş axır, Saracan. Ağlayıram... Qəlbin dərin riqqətilə ağlayıram. Mən ömrümdə üç dəfə ağlamışam. Anam öldükdə, atamın ölümündən sonra küçələrdə başsız qaldığım zaman və dayım məni evindən qovduğu gün. Budur, indi də ağlayıram.
Qəlbimdə elə bir kədər, elə bir kədər var ki, bu kədər nədəndir, nə üçündür, bilmirəm.
İndi gecə saat 12-dir. İki əqrəb biri-birinin üstündə durmuşdur. İnsanın ömrü də belədir. Əqrəblər işləyir və birləşirlər. Saat 12-ni vurur. Və biz həyatla vidalaşaraq, kərtənkələlərə yem oluruq.
Bu gün balkona çıxmışdım. Küçədən həzin musiqi ilə ölü aparırdılar, örtüklü. Qabaqda onun şəkli gedirdi. Onu çiçəklərlə bəzəmişdilər. Tabutun içərisində, arxadan onun simasını gördüm. İlahi, nə qədər dəhşətlidir. Bu zaman bir uşaq sevinclə küçənin bu tərəfindən qaçaraq o biri tərəfinə keçdi. Həm də düz tabutun qarşısından keçdi. Yazıq... İnsan həyatına yazıq!..
…Təklik insanı daha qəsdli düşüncələrə sövq edir.
Saracan, bu gün mənim müavinimin yoldaşını aparmışlar. O, axşam idarəyə gəlmişdi. Ölü kimi idi. O mənə bu barədə demədi. Elə bilir ki, mən bilməyirəm. Mən də söhbət açmadım. Mən gələrkən onun kabinetinə baxdım. Qaranlıq otaqda başını qolları arasına alaraq ürək parçalayan bir vəziyyətdə oturmuşdu. Qəlbim parça-parça oldu. Budur mənim zəifliyim. Həyat üçün, praktik fəaliyyət üçün yaramazlıq və bədbəxtəm. Budur, düşmənimi belə əzilmiş, ağlar halda gördükdə hər bir şeyi bağışlayıram. Ürəyim kədərlə vurur. Saracan, dünyada insan faciəsindən daha vəhşətli nə ola bilər? Haçan insanlar insan kimi yaşayacaqlar, yer üzündən xəyanət, alçaqlıqlar götürüləcək, tam səadət, doğruluq, sədaqət və ədalət hakim olacaqdır, Saracan?
Saracan, bu gün işdən sonrakı iki saat ərzində qəzetlərə baxmışam. “İnternatsionalnaya literatura” jurnalında Volterin məktublarını və bəzi şeirlər oxumuşam. İlahi, biz nə qədər cahilik. Dünyadan, böyük bəşər kulturası xəzinəsindən xəbərsizik. Saracan, qoy mənim halım sənə sirayət etməsin. Deyilən dərd yüngülləşir. Haman jurnalda gözəl bir şer oxumuşam. İngiliscədən tərcümə. Gör nə gözəldir:
Yesli v bratskoy moqile
Zaroyut menya qde-nebud
Lyubvi moyey ne zabud...
Öpürəm səni, Saracan.
Anaya, qızlara salam.
Bütün varlığımla sənin Mirzən
 
Mənim sevimli Saram!
 
İndi sənə çıxacaq günəş haqqında.
Diqqət yetirirəm. Günəş! Günəş! Onun nə olduğunu bilirsənmi? O olmasaydı, nə qandakı bu atəş, nə məhəbbətdəki bu ehtiras, nə fikirdəki bu parlaqlıq, bu kəskinlik olardı. O olmasaydı, biz hamımız böyük bir buzluq aləmində donub gedərdik. Hələ mən təbiətləri etibarilə “soyuq” yaradılanlardan danışmayıram, vay onların halına...
...Sənin məktublarını kravatımın yanıma qoymuşam. Dəfələrlə oxuyuram. Axı ayın 18-dən mən işə çıxıram. Malyariya atama od vurub. Həkimlərin dediyinə görə, əsəb xəstəliyi də vardır. Bütün bunlar səni narahat etməsin. Kefim çox yaxşıdır. Bir iynə vurmuşlar. Hər gün dərman qəbul edirəm. Sabahı da evdə qalıb o birisi gündən çıxacağam. Həkimlərin dediyinə görə ay yarım, iki ay mənə müalicə lazımdır (əlbəttə, sənin yanında). Bu gün Ordubadi yoldaş Bağırovun (Mir Cəfər Bağırov - red.) yanına getmişdi. O, mənim xəstəliyimi danışmışdır. Bağırov ay yarım mənə məzuniyyət vermələrini tapşırmışdır (Biləsən ki o nə qədər həssas adamdır!) Beləliklə, sessiyadan sonra ayın 25-də Kislovodskiyə çıxacağam. Ən geci avqustun əvvəllərində orada olaram. Ah, səninlə nə gözəl günlər keçirəcəyiz.
...Öpürəm səni, Saracan. Anaya və qızlara salam. Adiləyə deginən bizi saysın... a.
Sənin, ancaq sənin Mirzən
 
Mənim Saram!
 
Dünən sənin məktubunu aldım. Dünən də ayağa durmuşam. Sessiyaya getmişdim. Özümü xeyli zəif hiss edirəm. Bir çox xırdaçı adamların əsəbiləşdirici və payız milçəyi kimi zəhlətökücü hərəkətlərinə baxmayaraq əhvalım yaxşıdır. Dünən axşam sessiya üçün flarmoniyada konsert təşkil etmişdik. Əsgərlə Çəmşid və mən getmişdik. Sonradan yoldaş Bağırov gəldi və mən onlardan ayrılmalı oldum. Yoldaş Bağırov mənə “tez ol, müalicəyə çıx get” dedi. Beləliklə, yaxın günlərdə gələcəyəm. Konsert saat birə yaxın qurtardı. Bütün bu müddət bizi yoldaş Bağırov buraxmayır, müxtəlif məsələlər haqqında danışırdı. Bütün danışıqlardan sonra həmişə olduğu kimi məndə yüksək əhval-ruhiyyə əmələ gəlmişdi və mən özüm-özümə deyirdim: Azərbaycan xalqı belə bir qəhrəman oğul yetişdirdiyi üçün fəxr edə bilər, onun nə qədər həssas, kəskin ağıllı, mərd və qəhrəman adam olduğunu təsəvvür edə bilərsən, Saracan.
Konsertin sonunda mən papa (Sara xanımın atası tarzən Qurban Pirimov - red.) ilə görüşdüm. “Çox arıqlamısan” deyə mənə müraciət etdi. Bir qədər söhbətdən sonra o getdi. Biz çörək yeyib evə qayıtdıq.
Bu günlər Bakı, çox da isti keçməyir. Buna baxmayaraq indi, əlbəttə, Kislovodski daha yaxşıdır. Dünən axşam biri məndən soruşur ki, istirahət üçün doktorlar haranı məsləhət görürlər? Mən “Kislovodski” dedikdə, o “afərin doktorlara” dedi. “Bu həm fiziki, həm də ruhi müalicə olar...” Doğrudan da, belədir, Saram, mən gələn kimi yazmağa başlayacağam. Səninlə ən gözəl vaxt keçirməyə, əylənməyə və yazmağa vaxt çatar. Hərgah Kislovodskidə başlamasam, sonra çətin olar. Səni o qədər görmək istəyirəm ki, sanki bir ildən çoxdur ayrılmışıq. Tezliklə mən isti qəlbimi Saranın “soyuq” əllərinə verəcəyəm.
Adilənin otkrıtkası mənə lap ləzzət verib. Sağ olun. Mamaya, Tamaraya, Adiləyə salam.
Öpürəm, mənim Saram.
Sənin Mirzən
 
Qəlbim, ruhum, gözəl Saram!
 
Bu gün işdən gələrək yatmışdım. Sənin təkliflərini gətirdilər. Mənim səhhətimi soruşursan. Qeydimə qalmağın məni çox şad etdi. Lakin yenə də mən özümü söy- məyə başladım. Mən kiçik bir başağrısını boylə sənə yazmaqla gör səni nə qədər narahat etmişəm. Görürsən ki, mən nə qədər düşünülməmiş hərəkət edirəm. Teleqram vuracağam və bu məktubu yola salacağam.
...İndi isə gedirəm. Yaxın günlərdə Kislovodskiyə gələcəyəm. Camalın başı sessiyaya qarışıb. Tezliklə həll olunar.
Səmədlə bir az dalaşdıq və yenə barışdıq. Axı, o, qeyri-adi və böyük bir talantdır. Hərgah bizdə yaxşı qabiliyyət varsa, o, doğrudan da talantdır. O, təpədən - dırnağa hissdir, duyğudur. Buna görə də həqiqi sənətkardır. Bunun üçün mən onu sevir və üz-üzə gəldikdə hər hanki bir acığı ona bağışlayıram.
Uşaqlara, anaya, Nigara (Nigar Rəfibəyli - red.) salam, Saracan. Səni mənim ehtiramımla öpürəm...
Sənin Mirzən
 
Mənim Saram!
 
Neçə gündür ki, “bu gün yola çıxacağam” deyə sənə məktub yaza bilməyirəm. Hər gün bu və digər səbəb çıxmağa mane olur. İki dəfə bilet almışam, lakin yenidən geri qaytarmağa məcbur olmuşuq. Səməd də neçə gün bizi gözlədi və nəhayət, bu gecə yola çıxır. Saracan, sabah şübhəsiz biz də çıxarıq. Əsgər təmamilə azad olunmuşdur. Mənim işim isə Allaha qalıb.
Bərk yorğunam. Ölümcül halda yorğunam. Dincəlmək, həm mehnət, həm ruhən dincəlmək üçün yanına tələsirəm, Saram.
Tezliklə görüşəcəyik.
Hənuz ehtiramımla öpürəm.
Sənin Mirzən
 
Mənim əzizim Saram!
 
Üçüncü gündür ki, Moskvadayam. Böyük səsli-küylü Moskvada. Pəncərəm geniş və iri hərəkətlə dolu olan küçələrə açılır. Maşının və tramvayın səslərinin kəsildiyi bir an yoxdur. Qarışıq, müxtəlif səslər. Qarşıda Xalq Komissarlar Sovetinin böyük, əzəmətli binası yüksəlir. Hündür binanın başında qırmızı bayraq yellənir. Mən də sessiyadan çıxıb pəncərə qabağında oturur, qərib və çox zaman narahatlıqla dolu anlaşılmaz hisslərlə yuxarıdakı mənzərəyə baxıram. Son günlər məndə heç zaman görmədiyim bir hiss oyanmışdır: Bax, bax, sanki bu saət bir şey olacaq. Kitab oxuyuram, ürəyim eyni hisslə çırpınır. Söhbət edirəm yenə. Bir sətir də yaza bilmirəm. Fikrim çox dağınıqdır, çox. Təhtəlşüur bir şey, bir hiss, həm də qorxuya bənzər bir hiss məni əbədi iztirab içində saxlayır. Hərdəm “hanki zamanda yaşadığını düşün, kim olduğunu dərk et!” deyə özü-özümü danlayıram. Bəzən həqiqətən bu və ya digər hadisə məni dərin, çox dərin həyəcana salır. Lakin heyhat! Bu elə tez keçir ki... Yenə bayaqkı duyğu. Özümü analiz etməyə, ögrənməyə çalışıram. Tapdığım bu olur ki vəziyyətim ziddiyyətlidir, bu isə məndə qeyri-müəyyənlik, hətta özünə qarşı etimadsızlıq törədir. Sən biləsən ki, bu üzərimə qoyulan naçalnik vəzifəsi məni necə məhv edir. Bir yazıçı olaraq məhv edir. Min cür yollar, min cür düşüncələrlə özümə münasib gələn vəziyyətlə barışmağa can atıram. Heç şey çıxmayır. Mənim çox pis təbiətim vardır. Oyanan bir fikri, doğulan bir şübhəni heç bir zaman öldürə bilmərəm! Bu mənim işdən qorxmağımdan deyildir. İraq! Bu ondandır ki, qarşıma çıxan hər həyat hadisəsi, hər kitab mənim beynimdə yeni bir dramı, yeni bir düjün sujeti doğurur. Hisslər patetik bir şəkil alır, fikirlər ağacda dəymiş ərik kimi qızarır və... və yazmaq imkanı vaxt olmadığından unudulub gedir. Bu mənə əzab verir. Nə isə. Bu yazdıqlarım çəkdiklərimin mində birisini ifadə etməyir. Oxuduqda dilin kasıblığına təəccüb edir və “bu sarsaqlamalar nə üçündür” deyə yazdığıma da peşiman oluram.
Boş vaxtlarımda Didronu oxuyuram. Onun fikirləri məndə drama haqqında yeni anlayış oyadır. Mümkün olsa, təəssüratımı xatirə dəftərimə yazacağam.
Sessiya, deyəsən, ayın 18-dən tez bitməyəcəkdir. Əsgər Əli Vəliyevi görsə ona desin bəlkə putyovkanın vaxtını 20-nə eləyə bildi. Olmasa, eybi yoxdur. Hələ gəlməyə icazə verəcəklər-verməyəcəklər bilmirəm. Hər halda gələrəm.
Gəz, mənim Saram. Həyata şirin və sevimli nəzərlərlə bax. Qoy Didro bizə yoldaş olsun. Bu dünya çox gözəldir, olduğca gözəldir. Mənim anlaşılmaz kədərlərimi isə gənc Verterin dəlilikləri deyə qəbul et və bağışla.
Anaya, Əsgərə və qızlara salam.
Öpürəm səni.
Sənin Mirzən
 
Əziz Saracığım!
 
Bu gün səkkiz gündür ki, sən evimizdə yoxsan. Mən hər gün tək-tənha evə gəldiyim zaman sanki suyu qurumuş dəyirmana, çiçəkləri solmuş, bülbülü susmuş bağa girirəm. Elə bir yalnızlıq, elə bir tənhalıq hissi məni boğur ki... İlk günləri daha demirəm. İndi isə bəzən məndə elə qəribə, elə anlaşılmaz duyğular oyanır ki, özümü unuduram. Səhərlər işdə oluram. İşin ağırlığını özün bilirsən. Daha əsəblərin yaramaz bir hala gəldiyini təkrar edirəm. Əsəbiləşdirici haldan çıxarıcı, heyrətamiz yaramazlıqlar, kütlüklər, alçaqlıqlar hər gün qarşıma çıxır (bilmirəm bunu nə ilə ifadə edim?). Bütün bunlardan sonra evə gəlirəm. Qapılar, pəncərələr bağlı. Bəzən ağlamaq istəyirəm. Sakit oturub, elə beləcə sakitanə anlamaq ... yenə? Bilmirəm. Sən isə görünür ki, bir teleqram və ya məktubu da artıq bilirsən. Olsun. Köhnələr demişkən, səni öz “Allahına” tapşırıram. Hər gün poçta qutularını açmaqdan yoruldum. Bir şey çıxmadı. Əsgər gələr, kağız gətirər deyə ümid etdim. O da olmadı (hətta üç gün olaraq gəlməsinə baxmayaraq, bir telefon danışığından başqa indiyə kimi Əsgərin üzünü də görməmişəm.) Mən əksini gözləyirdim. Mən gedəndə elə ayrıldığımız üçün yazacağını gözləyirdim. Mən elə bilirdim ki, dostların incikliyi tez keçir və unudulur. Bu da mənim düşündüyüm kimi çıxmadı.
Nə isə, Saracığım, bütün bunları mən pis bir xəyal kimi unutmağa çalışıram. Sənin isə çox əntiqə xasiyyətin var, çox əntiqə!
Əsgərlə bircə dəfə telefonla danışmışam. Evdə az olur. Görünür ki, işləyir. Bu günlər mənim də işlərim çox qarışıqdır. Yoruluram. “Məhəbbət” (M.İbrahimovun 1941-ci ildə tamamladığı pyesin adıdır) yerindən tərpənməyir. Bu, ürəyimdə dərddir.
Siz gedəndən Bakıda havalar çox tez-tez dəyişir. Hətta bəzən soyuq da olur. Papa neçə dəfə zəng vurub. Deyir, gəl kabab bişirim. Mən də sağ ol dedim.
Fikrim iyulun sonlarında gəlməkdir. Görək işlər nə şəkil alır. Mamaya salam de. Öz kədərinlə onu da müxtəlif fikirlərə salma. Qoy orada kin və şübhələrdən təmiz və pak olsun. Dünyada ən böyük səadət və ruhun paklıkdadır.
Sağ ol, mənim Saram, öpürəm səni.
Sənin Mirzən
 
Mənim Saram!
 
Dünən telefonla danışdıqdan sonra bir qədər sakit olmuşam. Yoxsa o qədər darıxırdım ki... Hər gün üç-dörd dəfə yuxudan ayılıram. Mənə elə gəlir ki. yanımdasan. Ayılıb yeri axtarıram. Sonra uzun müddət yuxuya gedə bilmirəm.
Ayın 2-də, mən, Əsgər, Bülbül bağa getmişdik. Bir az sahildə gəzib Rəsulgilə (Rəsul Rza - red.) getdik. Günorta çörəyini orada yedik. Nigar dönə-dönə soruşurdu. Gətir ver, otağın bir hissəsində o qalar, bir hissəsində sən. Mən isə ayrıca bağ tutmaq istəyirəm. Sən ki, mənim xasiyyətimi az-çox (təmamilə hələ yox!) bilirsən:
O gün bağdan daha ağır bir həsrət hissi ilə qayıtdım. Mənim Pirşağıda bağ axtarmağım sənə təəccüblü gəlir. Əntiqə Saracıqsan. Pirşağıda bağ tapmaq daha asandır. Oranın havası və sakitliyi mənə daha xoş gəlir. Ümumiyyətlə, bunun əhəmiyyəti yoxdur. Harada istəsən, orada tutarıq. İndi papaya (Qurban Pirimov - red.) zəng edib deyəcəyəm. Bakıda havalar tez-tez dəyişir. Ayın 24-dən axşam tərəfi yağış yağır. Hələ tamam bir iş olmadı.
Mamaya salam de. Öpürəm.
Sənin Mirzən
 
Mənim ceyran Sarıçkam!
 
Bu gün kağız yoxluğundan atkritkalara yazdığın məktubları aldım. O qədər sevindim ki. Sevinmək heç çox dərin rahatlıq duyuram. Dünən gecəni heç yata bilməmişəm. Lakin daha lunatiklərə dönmüşəm, sərsəm avamlara oxşayıram. Hər gecə 6-7 dəfə oyanıram. Dünən xüsusən rahatsız yatmışdım. Gecəni Əsgər, mən və Ədil bir yerdə idik. Müxtəlif söhbətlər eləmişik. Nəhayət, biri-birini aldadan ər-arvadlardan danışdıq. Söz yox ki, misallar tanıdığımız adamlardan idi... Dünya qəribədir.
Pis nəfəs, iradəsizlik və ruhun pozğunluğu insanın ən böyük fəlakətidir. Dünyada ruhunu başqa birinə verənlərdən də rəzil və alçaq adam ola bilərmi? İstər kişi, istər qadın olsun, məncə birdir.
Saracan, hələ Süleymandan bir xəbər yoxdur. Ayın 5-də, xalq yaradıcılarının iştirakı ilə düzülmüş konserti partiya və hökumət rəhbərlərinə göstərilməsi üçün, bizi Moskvaya göndərəcək. Yoldaş Bağırov da orada olacaqdır. (Saracan, yaxınlarda genə yanında idim. Kişi məni o qədər ləkələrdən saxlayır ki... “Heç bir ata öz oğlunu, mən səni istəyən qədər, istəməz. Özünü gözlə. Səni aldada bilərlər”-deyirdi. Bəlkə, bundan sonra Kislovodskiyə gələm. Onda sizin gəlməniz və ya qalmağınız məsələsini həll edərik. Məncə, Saracan, pula qısqanmayaraq iki otaqlı yaxşı bir ev tutsanız pis olmaz Nə qədər istəyirlər verin. Ağıllı-başlı və şəraitliklə dincəlin. Mən gələndə də rahat olaq.
Sən də hər gün yaz, Sarıçka... Özü də yaxşı istirahət elə. Kitablar oxu. Musiqi ilə məşğul ol. Sənin qutularını tapmışam. Gələndə özümlə gətirərəm. Bu saət Bakıda bərk küləkdir. Tozdan göz açmaq olmur. Amma dünən isti adamı yorurdu. Özümü düşünəndə Bakıya gəlmənizi, səni düşünəndə orada qalmanızı istəyirəm. Görürsən, insan necə eqoistdir. Amma mən yenə sənin üçün xoş olsun istəyirəm.
Mamaya salam de. Öpürəm səni.
Sənin Mirzən
 
Mənim əziz mələyim, ceyran Saracığım!
 
Dünən axşam gəlib Moskvaya çatdım. Məni “Novıy Moskva” adlanan otelə göndərdilər. Orada bizimkilərdən heç kəsi görməyib çıxdım və taksiyə oturub “Moskva”ya gəldim. Nömrə yoxdur. Gecəni Üzeyirgildə (Üzeyir Hacıbəyov - red.) qalmışam. Məlekə xanım və Üzeyir mənə çoxlu hörmət edib utandırdılar. Bu gün nömrə axtarmaqla məşğul olmuşam. 9-cu mərtəbənin müdiri söz verib.
Bakıdan çıxar-çıxmaz yol uzunu çoxlu fikirləşib, min cür hallar keçirdim. Nəhayət, Leninqrada getməyi qərara aldım. Bu gün səhər sənə teleqram vuranda məhkəməyə də məktub yazdım. Bəlkə, mənim oraya getməyim zəruri olmadı. O zaman getməyəcəyəm. Mən bu məsələ ilə sənin fikrini yormaq istəməzdim. Hər dəfə bunu sənə yazanda daxili bir iztirab keçirirəm. Ancaq bu son dəfə olsun. Mən bu böyük günahın qarşısında ancaq bircə şeylə təskinlik tapıram. Bütün həyatım boyu sənə layiq yoldaş olmağa çalışacağam. Sən bilirsən ki, mənim ailəyə baxışım xüsusidir və başqalarından seçilir. Saf, təmiz, həqiqətən müqəddəs ailə, iki ürəyin ən dərin və qarşılıqlı sevgi əsasında birləşməsidir. Hər gün daha da şiddətlənən, daha da atəşin olan məhəbbətim, qəlbim sənə qarşı dərindən bağlandığını bildirir.
Saracan, qoy xırda, keçəri, yaramaz çirkablar, gözümüzdə pozulmaz ləkələr şəklini almasın. Biri-birimizi bağışlamağı və beləliklə, sevməyi bacaraq.
Sevdanın halı məni çox maraqlandırır. Daha doğrusu, narahat edir. Hər gün bir cür yuxu görürəm. Sən nə təhərsən ? O biri dəlimiz sənə çox əziyyət vermir ki? Sən mənə Bakıya məktub yaz. Mən qayıdana qədər gəlib sənin məktubunu görüm. Mütləq yazmağı unutma. Yoxsa, Bakıya gələndə səndən bir şey almasam, pis olaram.
Sevda ilə olan şəklini yanımda götürmüşəm, darıxanda baxır və balası ilə danışıram.
Gəlməyimdən qabaq Əsgərlə Tamara haqqında danışmaq istədim. Lakin imkan olmadı. Nə təhərdirlər?
Yolda Didronun IV tomunu oxumuşam. Xüsusilə, “Jak fatalist və onun ağası” (Bu əsəri 1973-cü ildə qələmə alıb - red.) adlı romanı xoşuma gəldi. “Ramonun qardaşı oğlu”nu (Yazıçı bu əsəri 17 ilə (1762-1779) yazmışdır - red.) tərcümə eləmək fikrindəyəm. Payızda birlikdə tərcüməni başlayarıq. Bu il sən mənə kömək edər və yavaş-yavaş sərbəstcəsinə belə işlərə başlaya bilərsən. Bu əsərin tərcüməsi ədəbiyyatımız üçün çox qiymətli bir zəhmət olar.
Məktubu çox tələsik və əlverişsiz bir şəraitdə yazıram. Ona görə də cümlələr və fikirlər qarışıq, anlaşılmaz çıxır. Sənə yazdığım üçün hamısının anlaşılacağını bilir və təsəlli tapıram.
Öpürəm səni, mənim Saram. Sevdanı mənim ağzımla öp...
Mamaya və uşaqlara salam.
Sənin Mirzən
 
Mənim əziz Saram!
 
Moskvaya gələndən bir sətirlik də şey almamışam. Xüsusilə, Sevdanın və sizin son vəziyyətiniz məni narahat edir. Dünən teleqram vurmuşam, (ikinci dəfə) yenə cavab yoxdur. O biri gecə səni və Sevdanı yuxuda görmüşəm. Sevda tanınmayacaq dərəcədə zəifləmişdi. Son dərəcə narahatam. Sən isə heç bir şey yazmamağı qərara almısan. Və doğrusu, mən bunu yüz cür izah edirəm. Nəhayət, özüm üçün təsəlli verib bir nəticəyə gəlirəm ki, yəqin başısoyuqluqdan yazmayırsan.
Nə etməli? İnsanın taleyi belədir. Böyükdən tutmuş kiçiyə qədər yer üzündə illüziyasız, özünü aldatmadan yaşayan bir adam yoxdur. Ancaq dərəcəsi var. Bəziləri təmamilə yalana qurşanıb yaşayır və onu özlərinə təbiət edirlər. Bəziləri özlərini aldadır və bunu ancaq müəyyən təsəlli və ya zövq alıncaya qədər davam etdirirlər. Ümumiyyətlə, bunsuz insanın istirahətini, ruhi sakitlikliyini təsəvvür etmək çətindir. Fikrət yaxşı deyib ki,
Azmı bir şəfadır aldanmaq da...
Saracan, gecə telefonla Əsgərlə danışdım. Bir qədər rahat oldum. Odur ki, guya sən tapşırmısan ki, teleqram vursun. O da özün bilirsən ki, hərəkət eləyənə qədər il gəlib təhvil olur. Nə isə, Saracığım, hər gah darıxdığın zamanlar olursa, məni də xatirinə sal və yaz.
Sessiya yaxşı gedir. Belə ki, tarixi hadisələrdir. Dünən Moldov respublikasının təşkili haqqındakı qanunu qəbul etdik. Bu gün Litvanın və ya Latviyanın məsələsinə baxacağıq. Mənim ürəyim böyük sürətlə döyünür: tezliklə Cənubi Azərbaycanımızın nümayəndələrini Kremlin işıqlı sarayında görəcəyəm. Tezliklə Şərq xalqları da öz azadlıqları üçün buraya gələcəklər. Tezliklə firdovsilərin, xəyyamların, fikrətlərin (Türk şairi Tofiq Fikrət (1867-1915) - red.) vətənləri də azad olacaqdır.
Hələ sessiyadan çıxanda, Saracan, bu fikirlər mənim başımda qaynayır, bütün varlığıma hakim olur. Mən bu xəyallarımı sevimli bir uşaq kimi bəsləyir. əzizləyirəm.
Saracan, Moskvada havalar olduqca sərindir. Belə ki, pencəklə az qalır ki, üşüyək. Dünən Kənd Təsərrüfat sərgisinə getmişik (Üzeyirgil ilə). Hər tərəfi gəzirəm, sən yadıma düşürsən. Yanımda olmağını istəyirəm. Moskvanın elə gözəl vaxtıdır. Nömrəyə gəlirəm. Sənin oturub məni gözlədiyin zamanlar yadıma düşür. Eybi yoxdur, sağlıq olsa yenə bir yerdə gələrik. İnsan keçirdiyi dəqiqələrin şirinliyini həsrət zamanlarında başa düşür, mənim Saram.
Dünən axşam və bu gün səhər yoldaş Bağırov məni çağırmışdı. Müxtəlif məsələlər haqqında danışdı. Bəzi göstərişlər verdi. Sessiya qurtaran kimi Bakıya gələcəyəm. İlkin istirahət günü Çuxuryurdda olaram. Hərgah bir ehtiyacın varsa, yaz, gətirərəm.
Öpürəm səni çoxlu-çoxlu.
Sənin Mirzən.
 
 
Mənim ceyran Saracığım!
 
İki gündür ki, Bakıda partiya aktivinin iclası olur. Bu gün iclasdan çıxıb yavaş-yavaş Kommunist küçəsi ilə başıaşağı enərkən qeyri-ixtiyari olaraq keçən günlər göz önümdə canlandı. O günlər ki, haman bu küçələrdə duraraq siz gözdən itib gedənə qədər həsrətli baxışlarla ardınızca baxardım. Budur, ilk tanış olduğumuz günlərdən birisində sizi tramvay yolundan keçərkən ötürmək istərkən Validənin qardaşilə tanış olduğumuz və bizim geri qayıtdığımız yer buradır. Budur “Torqovı” küçəsi sakit bir gecədə sizdən xəbərsiz halda gedərək dalınızca baxdığım dəqiqələr. Bütün bunlar, Saracan, romantik bir xəyal kimi gözlərimdə canlanır, nə isə qəribə bir arzu ürəyimdə baş qaldırır. Küçəni doldurmuş adamlar xəyalımda qeyb olurkən “zümzümə” eləyə-eləyə evimizə doğru gəlirəm. Azərbaycanımızın xanım bülbülü Natəvanın sözləri yadıma düşür:
Sənə nə qədər dedim rəhm qıl mənə getmə
Gəl indi gör ki, fəraqın salıb nə halə məni !
Nə vaxtadək qəm-hicrində ahu-zar çəkim ?
Tərəhhüm ilə gətir sən də bir xəyalə məni,
(son misraya yaxşı bax, Saracan!)
Saracan, bu saat işlər yaman ağırlaşıb. Məsuliyyət artıbdır. Mən sabah oraya yola çıxmaq istəyirəm. Sabah da Mərkəzi Komitənin plenumu açılır. Bəlkə ayın 15-də qurtardı. Lap gecə saat 2-də olsa, çıxacağıq. Qurtarmasa, bilmirəm nə təhər olacaq. Mən gələ biləcəyəm, ya yox, bilmirəm. Ancaq, hər halda, Əsgər gələr. İşlər və hadisələrdən sənə nə yazım. Halım köçdən uzaq düşən, yolunu itirib tək qalan bir adamın halı kimidir. Mən küçəyə doğru can atdıqca yol məni daha da uzaqlara aparır. Ömrümlə, həyatımla bağlı olduğum köçdən, ədəbiyyat karvanından hər gün bir az aralı düşürəm.
Nə olacaq? Bilmirəm. Nə qədər qabağa baxıramsa, xoş bir təsadüfə ümid bağlamaqdan başqa yol görmürəm. Həyat isə böyük bir dəyirman daşı kimi hərlənir. Ona qarşı çıxan, qabağına keçən nə varsa, əzib dağıdır. Böyük bir dəyirman daşı kimi, Saracan! Yaratmaq üçün isə təbiətin özü belə sakitliyə möhtacdır.
Bu gurultu və hay-küy içərisində yazmaq, yaratmaq məhal işdir. Aldığın təəssüratı belə dərk etməyə macal tapmırsan.
Nə isə, Saracan, hərdən bir məni yadına sal. Yaz görüm doğrudan da yadına düşürəmmi? Bu sənin üçün bir şey olmasa da, mənim üçün böyük məsələdir. Yaz.
Məktubumu oxuyanda hər halda ürəyində zəif də olsa, xoş bir hiss oyanarsa, Sevdanı öp və məni yadına sal.
Öpürəm səni.
Sənin Mirzən
 
Hörmətli Saracan!
 
Bu gün səhər Təbrizə gəlib çıxdıq. Əvvəl Əsgərlə görüşdük. Sağ-salamatdır. Kefi yaxşıdır. Bütün günü biz vağzalda qaldığımızdan həmişə bir yerdə olmuşuq. İndi gün batmış və yaxşı ay çıxmışdı. Mən Əsgərgilin idarəsində oturub bu məktubu sənə yazıram. Gecəni də elə vağzalda, vaqonumuzda yatacağıq. Sabahdan şəhərə gedib qəzetənin işlərilə məşğul olacağıq. Saracan, bütün fikir və xəyalım sizin yanınızdadır. Siz fikir-flan eləməyin. Hər iş yaxşı bitəcək və yenə bir yerdə səadətli günlər keçirəcəyiz. Aydın və Sevdadan muğayat ol. Özünə yaxşı bax. Mamanı darıxmağa qoyma.
Hərgah bu məktub papagil oradan çıxınca sənə çatsa, mənim göz dərmanlarımı göndərməyi unutma. Reseptlər yadımdan çıxıb, evdə qalıbdır. Birini “Kommunist” küçəsindəki “məşhur” aptekdə, o birini bizim leçkomissiyanın aptekinə vermişəm. Bir də ki, Əsgərin tarını göndərməyi yadından çıxarma.
Öpürəm səni əzizim. “Evimin taxtı, könlümün baxtı” əziz arvadım və sevimli dostum.
Hamıya salam. İ.Mirzə
Hələlik, həmişə sənin İ.M
 
Əziz Saracan!
 
Ayın 6-sında sağ-salamat və heç bir əziyyət çəkmədən gəlib Tehrana çatdıq. Bizi aerodromda çox təntənə ilə qarşıladılar. Ayaq yalın, çır-çılpaq, lüt, yoxsul qardaşlar bizim gəlişimizdən çox şadlanır və sevinirlər.
Sovet İttifaqına onların məhəbbəti, doğrudan da sözsüz səmimidir. Çünkü ağır həyat və ehtiyacdan qurtuluş və ümidi bizim məmləkətdə görürlər.
Tehran çox gözəl şəhərdir. Hündür ağacları çoxdur. Asfaltlı küçələri var. Eyni zamanda çirkli, uçuq və tozlu evlər və küçələr də olduqca çoxdur. Ümumiyyətlə, ziddiyyətlərlə dolu bir şəhər...Təfərrüatı uzundur.
Saracan !
Mama necədir? Ondan çox nigaranam. Sən necəsən, tək nə cür baş çıxarırsan? Uşaqlar yəqin səni çox incidir.
Bu məktub sənə çatsa, bacarsan Əhəd vasitəsilə mənə cavab yaz. Məndən təmamilə arxayın olun. Hələlik Tehrandayıq. Sonra başqa şəhərlərə gedəcəyik. Solıçka yenədəmi çox ağlayır? Uşaqların üçünü də mənim tərəfimdən möhkəmcə öp. Aydına çox acıqlanmayın, onlara de ki, ağıllı olsunlar.
Hamıya salam.
Öpürəm. Sənin Mirzən
Saracan!
Papaya, mamaya və uşaqların hamısına məndən xüsusi salam deyərsən...
Məndən heç narahat olmayın. Sizdən başqa bir fikrim yoxdur.
Saracan, səni və balaları çoxlu-çoxlu öpürəm.
Sizin Mirzə
 
Saracan!


Məktubunu aldım. Uşaqların şəklini göndərməkdə lap yaxşı iş görmüsən. Sevıçka köpəkqızı niyə elə qaş-qabağını sallayıb. Aydın balası da lap ağıllı olub. İkisi olan şəkli yazı stolumun qabağına, Aydının şəklini kravatımın üstə asmışam. Hər görən “qiyamət qızdır” deyir. Məndə deyirəm ki, hələ ondan qiyaməti də var...(amma öz aramızdır Sevıçkaya heç çatmaz...) Solıçka böyüyürmü, kökəlirmi? Yenə özündən gedir ya yox?
Saracan, burada soyuqlar başlamışdır. Hətta iki gün bərk kulək əsib qar-yağış da yağdı. İndi bir balaca müla- yimdir. Otağımızda peç yandığından yerimiz isti olur. Bilmirəm Bakıda siz necəsiniz ? Evimizdə peçlər yanırmı? Gözlə, uşaqları soyuğa vermə.
Eldar bəyə də məndən salam de. Anasına da, atasına da. De ki, tez böyüsün. Yekə oğlan olsun. Burada işlər getdikcə qızışır və mürəkkəbləşir. Ancaq xarici radioların dedikləri 90% yalan və uydurmadır. Qulaq asmayın.
Bəlkə, bu yaxınlarda bir Bakıya gəldim. Onda görüşərik. “Nakam məhəbbət” yazılmaqdadır. Onun çap olunmuş hissələrini sənə göndərirəm. Sən də vaxt tapıb işlə. Mən belə qənaətə gəlmişəm vaxtı tutub saxlamayanda o çox bərk qaçır və heç bir az da buraxmır. Odur ki, heka- yə də olsa yazıram. Piano çalanda həmişə məni yadına sal. Bil ki, hər gün saat 11-dən sonra (gecə) məndə burada tək oturub yazır və çalğına qulaq asıram. Mamaya, papaya, Adiləyə, Tamaraya, Əsgərə, Nimtaca, Balakişiyə salam de.
Uşaqları öp.
Sənin Mirzən
 
Mənim əziz Saram!
 
Sağ-salamat gəlib çıxdığımı teleqramla xəbər vermişəm. İndi necə yaşadığımı və vəziyyətimi müfəssəl olaraq bildirirəm.
1947-ci ildə yaşadığım sanatoriyada oluram. O zaman bu sanatoriya balaca həyət-baxçadan, iki balaca evdən ibarət idi. İndi sanatoriya çox böyümüşdür. Pəncərələrindən uzun və çox zəngin kurjuva pərdələr asılmış, həm adi reproduktor, həm də radio cihazı var. Yorulanda gözəl konsertlərə qulaq asıram. Azca əvvəl Varşavadan Şopenin əsərlərini verirdilər. Bütün bunlar səni yadıma salır. Deyirəm çatmayan bircə mənim Saramdır. İnşallah, gələn dəfə daha məzuniyyətimi elə götürəcəyəm ki, (yayda) sizinlə bir yerdə istirahət edə bilim.
Müalicə və işim haqqında: dünən həkim baxdı. Bu gün səhər mədə şirəsini və qan götürdülər. Analiz edəcəklər. Sabahdan palçıq vannalarına başlayıram. 4 və 17 nömrəli Yessentuki içirəm. Narzan vannalarını saxlayıram Kislovodskiyə. Gələn gündən “Mayak” stolumun üstündədir. Yazdığım hissələri bir də oxuyur və düşünürəm. Yavaş-yavaş fikrim, xəyalım, hissiyatım sujetin içinə daxil olur. Qəhrəmanlarım mənə yaxınlaşırlar. Mən onların üz-gözünü görməyə, nəfəslərini duymağa başlayıram.
Belə getsə, bir beş-altı gün sonra zor yazmağa girişərəm...
...Balası, uşaqlar barədə son sözlərimi yadına sal: onların uşaqlıqdan, təcrübəsizlikdən, bilməzlikdən doğan hər cürə səhv və yanlış addımları səni darıxdırmasın. Hər şey düzələr. Səbrli olmağımız birinci şərtdir. Sevda və Solmaz qızımı sənə tapşırıram, səni də Aydına. De ki, hamısı anasının gül balaları olsun, ona layiq olsunlar!
Öpürəm səni, mənim Saram. Öpürəm balaları, siz də mənə müvəffəqiyyət arzu edin. “Mayak” işıqlı olsun!
Sənin Mirzən
 
Əzizim Mirzəm!
 
Oktyabrın 8-də yazmış olduğun məktubu aldım. Sanatoriyada yaxşı şəraitlə işlə və dincəl. Özünü çox da yorma. Bilirsən ki, yorğunluğun nəticəsi necə olur. Sağlam bədənlə qocalanda da yazmaq olar.
(Çox dərman içmə. Vannalardan sonra özünü soyuqdan gözlə) Özüm də, uşaqlar da yaxşıdır. Bizdən arxayın ol. Balaların öz fəaliyyətindədirlər. Aparat almaq münasibətilə səni təbrik edirəm. Gələndə şəkillərimizi daha özün çəkərsən.
Hələlik sağ ol. Öpürəm səni, mənim Mirzəm.
“Mayak”ın da işıqlı olacağına əminəm.
Bizim ailədən çoxlu salam.
Sənin Saran. 11.X.55
 
Mənim əziz Saram!
 
17-də yazdığın məktubu aldım. Sağ ol, balası, Primovların söz məsələsində nə qədər xəsis olduqlarını bildiyim üçün sənin bu qədər tez-tez məktub yazmağını çox qiymətləndirirəm. Yaz əzizim, çünki sizdən gələn hər bir cümlə mənə köməkdir. Mənim Saram, artıq təmamilə işə girişmişəm. Dünən romanın bütün bir fəslini qurtardım. İndi “Mayak”ın qəhrəmanları məni mühasirəyə almışlar. Otağımda oturub hərəsi bir pozada mənə baxır. Biri oyandan, biri bu yandan danışır. Leyla xanım isə (mənim Saram kimi) sakit və ağır-ağır kənarda durub baxır və ürəyimi hərarətlə doldurur. Gecə yuxuma da girirlər. İndi bir daha başa düşürəm ki, yaradıcılıqda tənəffüs nə böyük bir bədbəxtlikdir. Hər gün, hər gün yazmaq lazımdır, heç olmazsa üç-dörd saat. Burada mən elə qızışmışam ki, həkimlər və şəfqət bacıları başımın üstünü alıb deyirlər bəsdir, bir az da havaya çıx. Ancaq baxma, gündə azı iki saət havada oluram. Yorulmuram, özümü yaxşı hiss edirəm. Bircə sizi, mənim əziz Saramı və uşaqları düşünəndə bir az darıxıram. Elə bilirəm ki, qabağımdakı iki ay sizi məndən ayıran, bitməz-tükənməz uzun bir yoldur...
Saracan, “Bakraboçi” və “Kommunist”in neft sənayesinə aid məqalələr çap olunan bütün nömrələrini elə o gün mənə göndər (həm istismara, həm qazmaya, həm də elmi tədqiqata aid) indilik 11 oktyabr tarixli “Kommunist”, 13 və 14 oktyabr tarixli “Bak.raboç”ini göndər. Bir də 16-da hansısa material var idi (neftə aid) onu da göndər. Mən deyən materiallar əsasən 3-4-cü səhifələrdə çap olunur, bəzən də birinci səhifədə. Belə materiallar mənə çox lazımdır. Zəhmət çək, çıxan kimi bax və göndər.
Papanın yubileyinin keçirildiyini bilirəm. Teleqram vurmuşdum. Yəqin almısınız. Eyb etməz, bir də vuraram.
Uşaqlara gəldikdə, əminəm ki, sən bacarıqla, səbrlə onları düz yola istiqamətləndirirsən. Qayıdandan sonra bu zəhmətini bir qədər azaldacağıma söz verirəm. Onları öp, mənim Saram. Qohumların hamısına salam de.
Öpürəm səni, əzizim.
Sənin Mirzən
 
Əziz Mirzəm!
 
21-də yazdığın məktubu aldım. Hər dəfə məktubun gələndə elə o dəqiqə cavab yazıram. Daha bu da bir xəstəlik oldu ki?
Romanın bir fəslini qurtarmağın məni sevindirir. Qəhrəmanların səni mühasirəyə almağı yaxşıdır. Ancaq özünü yoracaqdır. İşləməyin məni narahat edir. Bilirsən ki, çox xəstəliklər yorğunluqdan əmələ gəlir. Ona görə də gündə iki yox, üç saat gəzməlisən.
Bizim üçün darıxma. İşlərimiz öz qaydası ilə gedir. Papanın yubleyi 30-da keçiriləcək. Teleqramını almışıq. Sağ ol. Yubiley gecəsi Solmazın çalmağını dedilər. Mən icazə vermədim (Bülbül papaya zəng vurub xəbər vermişdir. O gecə Polad oxuyacaq). Yubiley papanındır və bizim o gecədə çıxışımız bir az yüngül olar, elə deyilmi? Əsgər, əlbəttə, Nimtac xanımın rəhbərliyi ilə yubiley gecəsindən sonra papagilə yığışmağımızı dedi. Papa buna razı olmadı. Çünki böylə bir yığıncağın evdə keçirilməsi mümkün deyil. Papanın xasiyyətini bilmirsənmi? Hay-küy xoşuna gəlmir. 26-da Eldarın anadanolması münasibətilə Əsgərgilə gedəcəyik. Bizim yoldaşın il doğumunu isə 29-da keçirəcəyik.
Bakıda havalar bu gündən sərinləndi.
Mirzəm, 22-də Əziz (Əziz Şərif - red.) uşaqları görməyə gəldi. Sənə çoxlu salamı var. Bir aylıq anasının yanına getdi (görürsənmi anasını necə çox istəyir.) Əgər məsləhət görsən Əziz qayıdanda Mariya Arkadiyevnaya bir banka varenya göndərim. O sənə bir banka varenya və malinovka göndərmişdi.
Papa, Əsgər, Tamara, Adilə də çoxlu salam deyir. Tanıyanlardan sənə salam var.
Öpürəm səni, mənim əzizim.
Keçən gecə otaqda tək bir saat çalmışam. Divanda sənin yerin boş görünürdü. Ancaq mən çaldıqca elə bil sən həmişəki kimi gəzirdin.(Balası, deyəcəksən, Saraya nə olub, dəli olmamısan ki?)
Sənin Saran.
 
Mənim əziz Saram!
 
Bu məktubum sənin üçün göznənilməz olduğu qədər də, məncə, sevindirici olacaqdır. Məsələ belədir ki, mən noyabrın 5-də uçub Bakıya qayıtmağı qərara almışam. Bunun da bir neçə səbəbi var: biriunci budur ki, doğrusu, sənsiz və uşaqlarsız mənə çox ağır keçir, getdikcə darıxmağım artır, onlara çatdır ki, özümü cismən pis hiss etməyə başlayıram, yuxusuzluq əmələ gəlir və sairə. Bilirəm ki, sənin üçün də orada çətin olur. İkinci səbəb odur ki, roman elə vəziyyətə çatır ki, mən gərək Bakıda olam: ara-sıra mədənlərə gedəm, həm qəhrəmanlarımın üzünü tez-tez görəm, həm də onların şəraiti gözümün qabağında olsun. Axı, mən naturadan yazan, həyatda ancaq hiss edib duyduğumdan danışan bir yazıçıyam. Üçüncü səbəb də odur ki, doğrusu, bu quru iş şəraiti məni yorur, səs-küy və sairə. Adamların niyə görünmürsən, niyə kinoya gəlmədin, niyə konsertdə yox idin və sairə suallarına cavab verməkdən yorulmuşam. Beləliklə ayın 5-də məni gözlə, əzizim. Evimizdə oturaraq, məzuniyyətin ikinci ayını da evdə işlərəm. Məncə, o daha səmərəli olar. Hər halda, noyabr, dekabr aylarında romanı əsasən qurtararam sağlıq olsa bir az da işləyib, aprel ayında jurnalda çap etdirərəm. Orada sənin məsləhətlərin də mənə kömək edər.
Balaları öp. Ayın birinə qədər nə sözünüz var yazın. Birindən sonra məktub göndərməyin. 4-də teleqram vuraram.
Öpürəm səni, mənim Saram
Sənin Mirzən
 
Əzizim Mirzə!


Salam!
26-dakı məktubunu aldım. Mənə elə gəlir ki, orada qalmağın hər cəhətdən yaxşıdır. Əlbəttə, mən istərdim ki, bir dəqiqəm də sənsiz olmasın. Ancaq yazmaq da lazım olduğundan bütün bunlara dözmək lazımdır. Həm də gələcəyi düşünən yoldaşlardan geri qalmamalısan. Bura gəlsən, səni hər dəqiqə narahat edəcəklər. İşləmək üçün aramsız telefon zəngləri. Hay-küy yarayarmı?
Bizdən arxayın ol. Uşaqlardan nə yazım, gələrsən, görərsən. Məktubu yazarkən Solmaz dərsini hazırlayır. Sevda nə isə çalır, yeni mahnı bəstələyir. Aydın yoldaş da sənin otağında yatmışdır. Həmişəki kimi heç bir dərs yoxdur. Doyunca yuxusunu alandan sonra caza qulaq asacaqdır.
Dünən papanın yubileyi keçdi. Gələndə ətraflı danışarıq. Olduqca gözəl düzəltmişdilər.
Jurnalın 9-10-cu nömrəsini göndərdim.
Öpürəm səni, mənim Mirzəm
Sənin Saran

P.S. Balası, bəlkə, Aydına tapşırasan ki, tək çox bir yerə getməsin. Ancaq bilməsin ki, mən sənə yazmışam. Guya idarədən sənə xəbər veriblər. Əvvəldən mənim səhvim olubdur. Tək gəzməyi yaxşı deyildir.

Sara
 
Əzizim Saracan!
 
Gəldiyim günlərə nisbətən özümü çox yaxşı hiss edirəm. Bel ağrılarım kəsilib. Gündə beş-altı saat işləyirəm, qətiyyən yorğunluq hiss etmirəm. “Kəndçi qızı” qurtarmaq üzrədir. Dünən 8-ci şəklin axırına çıxdım. Bu gün bir dəfə oxuyub düzəldəcək, əlavələr və qeydlər edəcəgyəm. Bəlkə, elə bu gün 9-cu şəklə başladım. Cəmi 10 şəkil olacaq. Artıq mənim üçün hər şey aydındır. Elə bil ki dağın zirvəsinə çıxmışam və oradan bütün cığırları görürəm. Gərək 9-10-cu şəkilləri üç-dörd günə qurtaram. Beləliklə, komediya hazırdır, Saracan! Mən bunun üzərində “Həyat” və “Gələcək gün” kimi qəribə bir daxili həvəslə və ağırlıq hiss etmədən işlədim. Elə bilirəm ki, maraqlı çıxacaqdır. Burada həm komik, həm də lirik ünsürlər üzvi vəhdət təşkil edir. Sən bilisən ki, indiki komediyaların çoxunda dərin fikir, nəcib duyğuları ifadə edən insani lirikaya az-az rast gəlmək olur. Farsı andıran boş və mənasız hırıltılar çox zaman komediyanın canını təşkil edir ki, bu da haman janrın ictimai, tərbiyəvi əhəmiyyətini xeyli azaldır. Məncə, “Kəndçi qızı” bu cəhətdən bir yenilik təşkil etməlidir. Hər halda, mən onun üzərində böyük ləzzətlə işləmişəm.
 
Əziz Saram!
 
Burada havalar yenə xeyli yaxşılaşıb. Ağaclar pöhrələnib, qaysı gül açıb, quşların cəh-cəhi aləmi başına götürüb. Yazın gəlməsi nə qədər gözəl və füsünkardır! Bağ yadıma düşəndə burnumun ucu göynəyir. Ancaq çox yaxşı sanatoriyadır. Hündür yerdədir. Təpələrin üstündə park, parkın o tərəfində yamaclar, bütün şəhər şamlıq meşədir. Qırmızı daşlar, qırmızı günəş və bütün ətraf görünür. Səhərlər və günbatan çağı bu mənzərələrə baxıb təmiz, səliqəli zövqlə düzülmüş xiyabanlarda gəzir və xəyallara dalıram. Əlbəttə, əsasən, qəhrəmanlarımla söhbət edir və sonra da gəlib yazıram. Buna görə də iş böylə yaxşı gedir.
Saracan, sizin üçün, Solmaz və Sevda xanım üçün, Aydın bala üçün və bütün Primovlar üçün yaman ürəyim darıxıb. Papaya de ki, tezliklə gələcəyəm. Bir yaxşı “Rast” və “Şur” hazırlasın.
Əşrəfin Moskvadakı telefonunu və adresini mənə yazsın.
Öpürəm səni, Saracan. Solmazı, Sevdanı, Aydını mənim dodağımla öp. Gəlin xanıma və bütün qohumlarına salam yetir, həm də atəşin salam!
Sizin Mirzə
Kislovodski
 
Əzizim Mirzəm!
 
Məktubunu və qəzeti aldım. Qəzetdəki məqalə çox xoşuma gəldi. Səhhətinin tədricən yaxşılaşması məni çox sevindirir. Komediyanı qurtardığın üçün səni təbrik edirəm. Əlbəttə, elə ləzzətlə işlədiyin əsər pis olmaz. Həm də sən elə yazırsan, hamısı gözəldir.
Burada havalar qəribə keçir. İki-üç gün bərk küləkdən sonra, iki gün qəşəng yaz havası olur. Hər halda, sən gedəndən bəri havalar xeyli istiləşib. Sevda hərdənbir gəlir. Solmaz xanım martın 26-da konsertdə çaldı. Müəllim Solmazı xeyli tərifləyibdir. Həftədə bir neçə gün heç çalmadığına baxmayaraq, belə gözəl fikir söyləyirlər. Solmaz xanım bir az hərəkətə gəlsə, daha yaxşı olmazmı?
Papa və Əsgər tez-tez gəlir. Bütün ailə üzvlərindən çoxlu-çoxlu salam.
Uşaqlar üçün isə heç darıxma, vaxta az qalıb. Gəlib görərsən.
Öpürəm səni, sənin Saran
 
Mənim əziz Saram!
 
Sağ-salamat gəlib Yaltaya çatdım. İndi yaradıcılıq evində 14 nömrəli otaqda oluram. Birinci mərtəbədədir. Çarpayı, yazı stolu, paltar şkafı, tumbuçka və əlüzyuyanı (bu çox yaxşıdır) var. Adama bundan artıq nə lazımdır? Ümumiyyətlə, yaradıcılıq evi çox gözəldir. Dağın döşündə, ərik, alça, alma ağaclarının arasındadır. İndi bu ağaclar gül açıb, tamaşalı mənzərəsi var, hər tərəf ətir qoxuyur. Əlbəttə, şam və sərv ağacları daha çoxdur. Şəhər bizim evin cənubuna düşüb. Orada Qara dənizin mavi suları parıldayır. On dəqiqəyə şəhərə dəniz sahilinə enmək olur. Qayıdanda maşınla gəlirəm. Çünki həm çox dikdir, həm də adam şəhəri gəzib yorulanda, qalxmağa həvəsi olmur. İçkiləri də çox yaxşıdır. Nə desən, verirlər. (düyü, balıq, toyuq və sairə). Sənin orada üç manata aldırdığın almalar burada bazarda bir manat otuz qəpikdən bir manat əlli qəpiyədir. Dövlət dükanlarında isə o cür seçmə almalar bir manata satılır. Bir az növbə olduğundan durub almağa hövsələm gəlmir. Şəhər dükanlarında istədiyin qədər ağ çörək var. Ümumiyyətlə buralar çox təmiz və səliqəlidir. Dükanlarında da nə istəsən rahat almaq olur, Bakı kimi basırıq deyil.
Əlbəttə, birinci gecə (buraya axşam saat 10-da gəlib çatdım) çox darıxdım. Özümü danlayırdım ki, niyə şəhərdə hər cürə şəraitim ola-ola durub evimdən-eşiyimdən uzaq düşürəm, elə eləmirəm ki, yazı saatlarımda heç kəs məni narahat etməsin...
...Hər halda... bu gün işləməyə başlamışam. “Yaxşı adam”ın hazır hissələrini oxudum, qeydlərimin bir hissəsinə nəzər saldım. Nə isə, Saracan, bu komediya məni çox incidir və yorur, hər oxuyanda böyük bir narazılıq duyuram. Bunun əsas səbəbi odur ki, hadisələr çoxdur, tiplərin taleyi paralel şəkildə inkişaf edir, hamısını vahid bir xəttə tabe edə bilmirəm. Özü-özlüyündə hər tip və hər hadisə mənasız deyil, maraqlıdır, lakin bu hadisə və tipləri bir yerə yığıb vahid bir orqanizmə çevirən fəqərə sütunu mənə çox zəif görünür. Ona görə də hey pozuram, yazılan hissələri kənara qoyub, pyesi təzədən başlayıram (pozulan və kənara qoyulan hissələr iki pyesdən çoxdur) nə isə xoşum gələn şəklə salmayınca üzə çıxarmayacağam. İstədiyimə nail ola bilməsəm bir kənara qoyub yeni əsər başlayacağam.
Saracan, zəhmət çək Bakı qəzetələrinin mənim üçün maraqlı olan nömrələrini yığ və həftədə bir dəfə ( şənbə və ya bazar günləri, “Ədəbiyyat” qəzetəsi alınandan sonra) mənə göndər. Bütün nömrələri və hər gün göndərməyə ehtiyac yoxdur. Ancaq mənim üçün maraqlı olanları həftədə bir dəfə göndərsən, kifayətdir. Mərkəzi qəzetələri burada alırıq.
Öpürəm sizi mənim əzizlərim
Sizin Mirzə
Tamara, Nimtac, Adilə xanımlara salam söylə.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə