![]() |
![]() ![]() |
Fevralın 5-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda xalq şairi Vaqif Səmədoğlunun anım günü ilə əlaqədar “Kaspi” qəzetinin Vaqif Səmədoğlu yaradıcılığına həsr etdiyi xüsusi buraxılışının təqdimatı keşirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açaraq Vaqif Səmədoğlu yaradıcılığı haqqında fikirlərini səsləndirib: “Bu gün Vaqif Səmədoğlu üçün bura təşrif buyurmuş hər kəsə təşəkkür edirəm. “Kaspi” qəzetinə və bu layihənin əziyyətini çəkmiş Fərid Hüseynə təşəkkür edirəm ki, Vaqif Səmədoğlu haqqında xüsusi buraxılış hazırlayıblar. Vaqifin itkisi həm onun dostları, həm oxucuları, həm də ədəbiyyatımız üçün ağır itki oldu. Vaqifin yaradıcılığı yeni şeirin təntənəsi, yeni ədəbiyyatın təntənəsi, zövqün təntənəsidir”. Sonra söz “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadəyə verilib. İntiqam Qasımzadə Vaqif Səmədoğlunun ədəbiyyata gəldiyi illərdən söz açıb: “Vaqif Səmədoğlu ilk dəfə Rəsul Rzanın təqdimatı ilə dərc edilib. İndi mənim əlimdə tutduğum kitab isə onun ilk kitabı, həmin o məşhur “Yoldan teleqraf” kitabıdır. O vaxtlar bu kitab satışa çıxan kimi qərar çıxarılmışdı ki, satışdan yığışdırılsın və doğranılsın. Vaqif buna görə çox məyus olmuşdu. Amma kitaba olan tələbat bu kitabın qeyri-rəsmi yollarla çap olunub yayılması ilə nəticələndi. Bax bu “Günün baxtı” adlı ikinci kitabı isə Vaqif Səmədoğlunun qısa bir zamanda tanınmasına səbəb oldu. Bu kitab Vaqifin elə öz baxtı idi bəlkə də”.
Tədbirdə çıxış edən professor Tofiq Məlikli, millət vəkili Elmira Axundova, tənqidçi Vaqif Yusiflii və başqaları Vaqif Səmədoğlunun həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatındakı önəmindən, yaradıcılığındakı yeniliklərindən, fərqliliyindən söz açıblar.
AYB.az