Noyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Ulduz” jurnalı və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti "Variasiya” müsabiqəsinin qalibləri mükafatlandırıldı. AYB.az xəbər verir ki, təqdimat mərasimində "Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs çıxış edərək müsabiqə haqqında geniş məlumat verib. Qeyd etdi ki, budəfəki müsabiqəyə təqdim olunan şeir Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu tərəfindən seçilib. Əvvəlkilərdən fərqli olaraq, bu müsabiqə haqqında ekspert rəyi və seçim səbəbi "Ulduz”un yeni buraxılışında təqdim olunub. Qulu Ağsəs müsabiqənin informasiya dəstəyini həyata keçirmiş AYB.az saytına da öz təşəkkürünü bildirib.

Daha sonra çıxış edən S.Babullaoğlu "Variasiya”ya təqdim olunmuş polyak şairi, Nobel Mükafatı laureatı (1980) Çeslav Miloşun poeziyası, üslubiyyəti haqqında məlumat verib. Qeyd edib ki, polyak ədəbiyyatını bütün dünyaya tanıdan Çeslav Miloş şeiriyyatı Azərbaycan oxucusu üçün yaddır. Buna baxmayaraq, onun şeirlərindəki fərqlilik, düşündürücülük oxucunun diqqəni çəkir: "Çeslav Miloş XX əsrin kulturoloji mövzusuna təsir etmiş şairdir. Maraqlıdır ki, katolik şair olan Miloş öz şeirində Quran-Kərimin "Şüəra” (şairlər) surəsini təsdiq edir. Ümumiyyətlə Miloş şeirlərində digər peyğımbərlərə və dini fikirlərə eyhamlar özünü göstərir”.

S. Babullaoğlu diqqətə çatdırıb ki, Çeslav Miloşun müsabiqəyə təqdim olunmuş "Ars Poetica" (Poeziya sənəti) şeirinin tərcüməsinə 7 nəfər qatılıb. Onların arasından orijinal mətnə daha yaxınlığı ilə seçilən şairə Xatirə Xatun 1-ci yerə layiq görülüb. Bundan başqa, Hicran Hüseynova da xüsusi mükafatla təltif edilib. Qaliblərə diplom və "Ulduz” jurnalının son nömrəsi ilə yanaşı pul mükafatı da verilib. Qalan beş nəfər – Əvəz Nəbioğlu, Nəsir Əhmədli, Nilufər Şıxlı, Könül Həsənqulu və Həyat Şəmiyə isə fəxri diplom təqdim olunub.

Xatırladaq ki, "Variasiya” müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. Müsabiqənin şərtlərinə əsasən təqdim olunan xarici müəllifin əsəri müxtəlif variantlarda tərcümə olunur, onların içərisindən ən yaxşısı seçilir.  

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə