Quba bölməsinə yeni sədr seçildi

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın, Yazıçılar  Birliyinin katibi Çingiz Abdullayevin, sədr müavini Nazim İbrahimovun və “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlının iştirakı ilə Quba rayonunda geniş toplantı keçirilib. Toplantıda Quba rayonu ilə yanaşı Qusar, Xaçmaz və Şabran rayonlarından olan AYB üzvləri də  iştirak ediblər. Toplantını AYB Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı açaraq Quba bölməsinin fəaliyyəti ilə bağlı heasbat xarakterli çıxış edib. Ramiz Qusarçaylı başqa bir işə keçməsi səbəbilə Quba bölməsinin sədrliyindən öz ərizəsilə istefa vermək istəyində olduğunu bildirib. AYB sədri, xalq yazıçısı Anar çıxışında Quba bölməsinin sədri Ramiz Qusarçaylının fəaliyyətini mübət qiymətləndirdiyini, onun istefa ərizəsinin katiblik tərəfindən anlayışla qarşılandlğını və ona gələcək fəaliyyətində uğurlar arzulaqdıqlarını bildirib. Katbiliyin qərarı ilə , “Qobustan” jurnalının baş redaktoru, nasir, dramaturq, tərcüməçi  Vaqif Əlixanlı Yazıçılar Birliyinin Quba bölməsinə yeni sədr təyin edilib. Vaqif Əlixanlıya isə şair Zakir Məmməd müavinlik edəcək.

Qeyd edək ki, Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Azərbaycan SSR-nin Quba rayonunun Yerfi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub. Universitet illərində hərbi xidmətini başa vurub, universiteti bitirərək, 1968-ci ilin avqustundan Azərbaycan SSR-sı Televiziya və Radio Verilişləri Komitəsinin əvvəlcə Radionun Ədəbi-Dram baş redaksiyasında redaktor, sonra şöbə müdiri kimi ədəbi-incəsənət fəaliyyətinə başlayıb. “Bulaq” və “Dünyanı bəzəyənlər” radio verilişinin yaradıcılılarından biri olan Vaqif Əlixanlının o illərdə müəlliflik etdiyi etnoqrafik hekayələr və “XX əsr İncəsənət” və “Palitra” televiziya verilişinə yazdığı "Rənglər" silsilə hekayələri populyarlığı, yüksək peşəkarlığı ilə seçilib. 1976-cı ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə Bədii şuranın üzvü kimi, həm də direktor müavini vəzifəsini icra edib. 1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə “İncəsənət və Teatr” şöbəsinə baş redaktor, bir il keçmədənsə, Nazirliyin “Teatr və Konsert müəssisələri” idarəsinə rəis təyin olunub. O vaxtkı Azərbaycan SSR-in Teatr truppaları və musiqi heyətləri ilə ölkəmizi Yaponiya, Norvec, Türkiyə və başqa ölkələrdə, eləcə də İttifaqın müxtəlif yerlərində təmsil edib. 1991-ci ildə SSRİ-ın süqutundan sonra yenidən – AzTV-yə qayıdır. Televiziyanın “Xəbərlər”, daha sonra isə “Ədəbi-Dram” studiyasının direktoru vəzifəsini ləyaqətlə yerinə yetirir. Vətənpərvər ruhlu, yaddaqalan – “Qırxıncı otaq”, “Sarı sim”, “Nəbz” verilişlərilə tamaşaçı rəğbətini qazanıb. 1993-cü ildə Radioda Xalq yaradıcılığı baş redaksiyasını yaradır və orda baş redaktor kimi yaradıcılığına davam edir. Sonrakı illərdə “Space”, ABBA, “Lider”, hətta qısa müddət “ANS” TV-də də baş redaktor vəzifəsində çalışıb. 2008-ci ildən indiyəcən “Space” TV-də Dublyaj redaksiyasında baş redaktorudur. Hal-hazırda həm də Yazıçılar Birliyinin orqanı olan “Qobustan” incəsənət jurnalının Baş redaktorudur. Yazıçılar, Jurnalistlər Birliyinin, Teatr Xadimləri İttifaqının üzvüdür. “Bulaq” verilişinə görə 1972-ci ildə “Qızıl qələm” mükafatı alıb. Dünya ədəbiyyatından tərcümələri, teatr və tele-radio üçün səhnələşdiriləmələri ictimayyətin, peşəkar söz-sənət adamlarının xüsusi diqqət və rəğbəti ilə qarşılanıb. 1991-ci ilin yanvarında AzTV-nin “Vətənpərvərlik” ruhunda yazılan ən gözəl əsər-müsabiqəsinin laureatı olub. Daha sonra “Mövlanə” Beynəlxalq müsabiqəsində “Dünyanın Mövlanəsi” pyesi II yeri tutub və əsər Türkiyənin “GÜAM” Beynəlxalq dərgisində çap olunub. Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Erix Mariya Remark, Çingiz Aytmatov, Ernest Heminquey və başqa yazarların əsərləri əsasında televiziya və radio pyesləri mavi ekranda və efirdə verilmişdir. Onun bədii tərcüməsində V.Rasputinin "Axır zaman", T.Uilyamsın "İstək tramvayı", A.Kondratyevin "Saşka", Rüstəm İbrahimbəyovun "Biganələr oteli" və Alber Kamyunun "Qismət" pyesləri teatrlarda tamaşaya qoyulmuşdur. 2011-ci ilə Gənc Tamaşaçılar Teatrı Vaqif Əlixanlının “Əcəl atı” əsərini tamşaya qoyub. Əsər Azərbaycan televiziyasında da nümayiş etdirilib. 2000-ci illərdə Çingiz Aytmatovun “Qiyamət” (“Plaxa”) əsərini tərcümə və çap etdirən yazıçının, 2013-cü ildə “Əkmə qəm ağacı” kitabı işıq üzü görüb. 2013-cü ilin sonunda yazıçının 70 illik yubileyi AzTV-də təntənəli surətdə qeyd edilib.

AYB Mətbuat Xidməti

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə