ANAR; (Anar Rzayev Rəsul oğlu) 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olmuşdur. Anarın atası xalq şairi Rəsul Rza, anası xalq şairi Nigar Rəfibəylidir. Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk Səhiyyə Naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.


Rəsul Rza
1910-cu il mayın 19-da Göyçay şəhərində dünyaya gəlmiş, 1981-ci il aprelin 1-də Bakıda vəfat etmişdir. Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmasından sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.

1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli- el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan «Difai» partiyasının yaradıcılarındandır.

Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.

1918-ci ildə Gəncədə ilk müstəqil AzərbaycanCümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökümətində ilk Səhiyyə Naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.

1945-ci ildə indi Bülbülün adını daşıyan musiqi məktəbinə daxil olmuş, 1955-ci ildə həmin məktəbi Gümüş medalla bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsinə daxil olmuşdur. 1960-ci ildə Universiteti bitiridikdən sonra Nizami adına Ədəbiyyat müzeyində kiçik elmi işçi (1960-1961), Dövlət Radio və Televiziya Komitəsində redaktor (1961-1962) işləmişdir. 1962-1964-cü illlərdə Moskvada Ali Ssenari kurslarında, 1972-1974-cü illərdə Rejissor emalatxanasında təhsil almışdır. 1964-1967-ci illərdə Dövlət Radio və Televiziya komitəsində Uşaq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

İlk mətbu əsərləri 1960-cı ildə «Azərbaycan» jurnalının dekabr nömrəsində dərc olunmuş «Keçən ilin son gecəsi» və «Bayram həsrətində» hekayələridir. «Bayram həsrətində» adlı ilk kitabı 1963-cü ildə Bakıda nəşr edilib. Sonrakı illərdə Azərbaycan dilində və başqa dillərdə 120 dən artıq nəsr, dram, publisistika, şeir və elmi-bioqrafik kitabları nəşr edilmişdir. Bakıda Azərbaycan dilində yeddi cildliyi, rus dilində beş cildliyi çap olunmuşdur. Türkiyədə 15, Moskavada 10, İranda 5, Macarstanda, Özbəkstanda və Estoniyada 3, Polşada 2, Çexoslovakiyada 2 (çex və slovak dillərində), Rumıniyada 2 (rumın və alban dillərində), Bolqarstanda 2, Gürcüstanda 2, eləcə də Almaniya Demokratik Respublikasında, Federativ Almaniyada, Avstriyada, İsveçrədə, İsveçdə, Kubada, Qazaxstanda, Tacikistanda kitatbları nəşr edilmişdir. Hazırda ABŞ da ikicildiliyi, Yünanstanda və Ukraynada kitabları çapdadır. Ayrı-ayrı povestləri, hekayələri, məqalələri ABŞ-da, Kanadada, Fransada, Finlandiyada,Hindistanda, Yaponiyada, Misirdə, İrakda, İzraildə, keçmiş sovet respublikalırının hamısında dövrü mətbuat səhifələrində dərc edilmişdir. Əsərləri qırxa yaxın dilə çevrilmişdir.

Səkkiz pyesi Azərbaycanın bütün teatrlarında, Moskvada, İstambulda, Polşada, Bolqarstanda, Moldaviyada, Özbəkstanda, Qırğızstanda, Türkməstanda, Ermənstanda, Tatarstanda tamaşya qoyulmuşdur. Ssenariləri əsasında 15 tam metrajlı bədii film, onlarla televiziya və sənədli filmlər çəkilmişdir. «Dantenin yubileyi», «Üzeyir ömrü», «Qəm pəncərəsi» bədii filmlərinin quruluşçu rejissorudur. «Mən, sən, o və telefon» hekayəsi əsasında «Mosfilm»də «Hər axşam 11-də» filmi çəkilmişdir, bu hekayə əsasında Türkiyədə də bədii film çəkilmişdir. Türkiyədə «Dantenin yubileyi» povesti əsasında «Aktyorun əsgisi» adlı bədii film çəkilmişdir. Moskva Mərkəzi Dövlət televiziyaşı «Mən, sən, o və telefon» hekayəsini və iki müxtəlif quruluşda «Keçən ilin son gecəsi» hekayəsini ekranlaşdıraraq 1 proqramla nümayiş etdirmişdir. Bu telekanalın 1-ci proqramıyla Moldaviya Dövlət teatrının «Səhra yuxuları» tamaşası da göstərilmişdir.

Yazıçının yaradıcılığı haqqında Bakıda Azərbaycan və rus dillərində onlarla kitab, Türkiyədə, Rumıniyada da kitablar nəşr olunmuşdur. Anara həsr olunmuş iki televiziya filmi çəkilmişdir.

Anar 1968-ci ildə "Qobustan» incəsənət toplusunu yaratmış və 19 il ərzində onun Baş redaktoru işləmişdir. 1987-ci il iyunun 18-də Azərbaycan Yazıçılar İttifaqının rəhbəri seçilmiş və 28 ildir ki, bu vəzifəni daşıyır. SSRİ Yazıçılar Birliyinin katibi və Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi seçilmişdir. Bir müddət Azərbaycan Teatr Xadimləri Cəmiyyəti Sədrinin birinci müavini vəzifəsində işləmişdir. Azərbaycanın Asiya və Arfrika ölkələriylə həmrəylik Komitəsinin rəhbəri və SSRİ həmrəylik Komitəsinin sədr müaviniydi.

1993-cü ildə İstambulda Memar Sinan Universitetində Azərbaycan ədəbiyyatından dərs demişdir. İki qitənin ictimai xadimlərini bir araya gətirən Dialoq Avrasiya platformunun ilk Başqanı seçilmiş, sonra bu təşkilatın Fəxri Başqanı olmuşdur.

1987-ci ildə Azərbaycan SSR Ali sovetinin deputatı seçilmişdir. 1989-1991-ci illərdə SSRİ Xalq deputatı və SSRI Ali Sovetinin üzvü olmuşdur. 1995-2005-ci illərdə Azərbaycan Respubilkası Milli Məclisinin deputatı, məclisin daimi Mədəniyyət Komissiyasının və Azərbaycan - Türkiyə dostluq qruppunun sədri olmuşdur. Anara Müstəqil Azərbaycanın Milli Məclisnin ilk toplantısını açmaq və aparmaq şərəfi nəsib olmuşdur. Sovet dövründə Azərbaycan KP MK-nın üzvü, Azərbaycan və Ümumittifaq partiya Qurultaylarının və Konfranslarının nümayəndəsi seçilmişdir. Azərbaycanın Konstitutsiya Komissiyasının üzvü, Azərbaycan Ensiklopediyası Baş redaktorunun müavinidir. Azərbaycanın yüksək ordenləriylə «İstiqlal» və «Şərəf» ordenləriylə təltif edilmişdir. Heydər Əliyev mükafatının laureatı və Prezident təqaüdçüsü, Əməkdar İncəsənət xadimi və Xalq yazıçısıdır. Professordur, Nizami adına Ədəbiyyat İnstitutunun, Nəsimi adına Dilçilik İnstitutunun, bir neçə Türkiyə üniversitetlərinin fəxri doktorudur.Türkiyənin və Balkan ölkələrinin bir neçə nüfuzlu ödüllərinə layiq görülmüşdür. 2012-ci ildə Türk dünyasında "İlin Ədəbiyyat adamı” seçilmişdir. 2014-cü ildə türkdilli ölkələri Yazıçılar Birliyinin ilk sədri seçilmişdir. 2014-cü ildə MDB ölkələri Parlament Asşambleyası Anarı Çingiz Aytmatov mükafatına layiq görmüşdür.

Ayiləlidir. Həyat yoldaşı Zemfira Səfərova musıqişünas, sənətşünaslıq doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm və Əməkdar incəsənət xadimidir. MEA-nın Memarlıq və İncəsənət institutunun Musiqi tarixi şöbəsinin müdiridir.

Oğulları Tural Azərbaycanın Küveytdə Fövqəladə və səlahiyyətili səfiridir, Yazıçılar Birliyinin üzvüdür, Bakda çıxan hekayələr kitabının və Türkiyədə, Küveytdə dövrü mətubatda dərc olunmuş onlarla məqalənin müəllifidir.

Qızları Günel yazıçı, publisistdir, bir neçə populyar jurnalın əsasını qoymuş və Baş redaktoru olmuşdur. Kitabları Bakıda Azərbaycan və rus dillərində, habelə Türkiyədə nəşr olunmuş, hekayələri rus, ingilis, fransız, alman, macar, polyak dillərinə çevrilmişdir. Turalın iki oğlu, Günelin iki qızı var.

Anarın bir bacısı Fidan Dövlət Universitetində ərəb dili müləlimi, o biri bacısı Təranə Pedaqoji İnstututda ingilis dili müəllimidir.

Anar əsasən Azərbaycan dilində yazır. Amma bəzi mətnləri rus dilində qələmə alıb və bir neçə əsərini özü rus dilinə çevirib. Onun yaradıcılığına və ömür yoluna Bakıda, Azərbaycan və rus dillərində, habelə Moskvada, Türkiyədə, İranda, MDB, Avropa və ərəb ölkələrində ümumi sayı yüzlərlə ölçülən məqalələr, retsenziyalar, dissertasiyalar və monoqrafiyalar həsr edilib. İnternetdə Veb saytı var.

2008-ci ildə yetmiş illiyi, 2013-cü ildə yetmiş beş illiyi Bakıda, Moskvada (Mərkəzi Ədəbiyyatçılar evində), İstambulda, Ankarada, Şimali Kiprtürk Respublkasında, Buxarestdə, Tbilisidə geniş qeyd edilib.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə