![]() |
![]() ![]() |
Mart ayının 5-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şairə Nurəngiz Günün anım mərasimi keçirilib.
Nuirəngiz Gün “Ağ qanadlar”, “Günəşə dua”, “Tanrı bəşər övladıdır”, “Yol gedirəm”, “Xocalı simfoniyası” kitablarının müəllifidir. Şairənin yaradıcılığında ən çox diqqəti cəlb edən məqam onun yalandan, riyadan uzaq olması, həqiqəti yazmasıdır. Daxilən azad bir şairə olan Nurəngiz Gün bütün əsərlərində, hətta ən kiçik şeirlərində belə sərbəstdir, səmimidir. O, cəmiyyətdə baş verən naqislikləri, əyintiləri daxili intellektual bir narahatlıqla, bir vətəndaş həssaslığı ilə ürəyindən qələminə köçürərək onları oxucuya təqdim etmişdir.
Tədbiri giriş sözü ilə açan şair Elçin İsgəndərzadə çıxışında ədəbiyaşar Nurəngiz Günün anım mərasimini insanlığın müqəddəs bayramı kimi səciyyələndirib: ”Nurəngiz Gün mənim sevgi, azadlıq, doğmalıq simvolum, ən azad müəlliməmdir”.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxışında 8 mart Beynəlxalq Qadınlar Bayramı ərəfəsində Azərbaycanın görkəmli şairəsi Natəvanın adını daşıyan klubda Nurəngiz Günün anım mərasiminin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib, şairə ilə birgə çalışdığı günləri xatırlayıb: ”Onun xatirəsi bizim hamımız üçün həmişə əzizdir”.
“Müasir Azərbaycan poeziyasının mənzərəsində onun özünəməxsus Səsi, Yeri, Məkanı, Zamanı var idi. Səsi şeirlərində, şeirləri səsində olan Nurəngiz xanım poeziyamızın Ağ Çiçəyi idi. Bu çiçək illər keçdikcə poetik təravətini itirmədi. Şeirlə başladığı ilk gündən sona qədər yönü, üslubu, deyim və duyum tərzi başqalaşmadı, amma hər bir şeirində, poemalarında o çiçəyin saçdığı işığa bürünmək olar” – bu fikirləri “Azərbaycan” dərgisinin redaktor müavini, f.e.d. Vaqif Yusifli səsləndirib.
Anım mərasimində Azadə Taleh, Bahar Bərdəli, Narıngül, Sevil Gültən, Zərəngiz Dəmirçi Qayalı, Oqtay Rza, Dilarə Nağıyeva, Maşallah Məftun çıxış edərək Nurəngiz Gün haqqında xatirələrini yada salıblar, şairənin yaradıcılığından, ona ithaf etdikləri şeirlərdən, esselərdən bəzi nümunələri səsləndiriblər.
Tədbirin sonunda Nurəngiz Günün qızı, millət vəkili Jalə Əliyeva çıxış edərək anasının xatirəsini əziz tutduqlarına, yad etdiklərinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, onun işığına toplaşanlara təşəkkürünü bildirib.
AYB.az
Məlahət Qənbərova