![]() |
![]() ![]() |
AYB.az saytı xəbər verir ki, dekabrın 9-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr olunan Elman Quliyevin “Türk xalqları ədəbiyyatı”, Leyla Faiqqızının “Milli istiqlal şairi Mehmet Akif Ersoy” və Sona Çərkəzin “Ölüm hələ son deyil” kitablarının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid qonaqları salamladıqdan sonra kitabların çapına göstərdiyi köməyə görə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan bəyə təşəkkür edib, onun ədəbi-mədəni əlaqələrin inlişafı yolundakı xidmətlərindən söz açıb, təqdim olunan kitablar haqqında danışıb.
Eıman Quliyevin “Türk xalqları ədəbiyyatı” kitabında ilk dəfə olaraq türk xalqları ədəbiyyatının (Türkiyə, türk, özbək, türkmən, qazax, qırqız, tatar) yaradıcılıq mərhələləri, ayrı-ayrı görkəmli sənətkarların həyat və yaradıcılıqları geniş şəkildə tədqiq və təhlil olunmuşdur. Əvvəlki nəşrlərdən fərqli olaraq dərslikdə Mahmud Kaşqarlı və Dövlətməmməd Azadiyə ayrıca yer ayrılmış, C.Rumi, N.Kamal, T.Fikrət, İ.Qaspiralı, Ö.Seyfəddin və s. sənətkarların həyat və yaradıcılıqlarına müəyyən əlavələr edilmişdir. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Himalay Qasımovdur.
Leyla Faiqqızının “Milli istiqlal şairi Mehmet Akif Ersoy” kitabında böyük türk mütəfəkkiri Mehmet Akif Ersoyun həyat və yaradıcılığı tədqiqata cəlb edilmiş, təhlil prosesində sənətinin milli-vətənpərvərlik xüsusiyyətlərinə daha çox yer ayrılmışdır. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Elman Quliyevdir.
Sona Çərkəzin “Ölüm hələ son deyil” kitabına ön sözü AMEA-nın müxbir üzvü Nizami Cəfərov yazıb. Kitabda Sona xanımın ömür-gün yoldaşı Çərkəz həsrətli, Çərkəz nisgilli şeirlər toplanmışdır. Şeirlər Azərbaycan və Türkiyə türkcəsindədir. Kitabda dost təsəllilərinə də xüsusi yer ayrılıb.
Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan bəy, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, f.e.d., professor Himalay Qasımov, yazıçı, millət vəkili Hüseynbala Mirələmov, Tənzilə Rüstəmxanlı, f.e.d., professor İfrat Əliyeva, f.e.d., professor Aysəba Əlizadə, f.e.d., professor Qəzənfər Paşayev, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Türksoyun baş katibi Firat Gültac, Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Nihat Gül müəllifləri yeni kitablarının nəşri münasibətilə təbrik ediblər, Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrindən bəhs ediblər.
Sonda kitab müəllifləri çıxış edərək kitabların nəşrinə göstərdiyi dəstəyə görə Türkiyənin Azərbaycandakı səfirliyinə, həmçinin təqdimat mərasiminin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkür ediblər.
AYB.az
Məlahət Qənbərova