Bu yaxınlarda akademik İsa Həbibbəylinin qələmə aldığı “Bütün yönləri ilə yaradıcı” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub. Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev, redaktoru filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

 

     Kitabda ən yeni dövr Azərbaycan ədəbiyyatının və publisistikasınnı əsas yaradıcılarından biri olan Rəşad Məcidin çoxcəhətli fəaliyyətindən, onun sənətinin fərdi özünəməxsusluqlarından bəhs edən məqalələr toplanıb.

    İsa Həbibbbəyli  “Bir yüngülvari müqəddimə”sində Rəşad Məcidin ədəbi-publisist yaradıcılığının səciyyəvi cəhətlərini ön plana çəkir: “Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan, şeir də, hekayə də yazan, publisistik məqalələrini də, ədəbi-tənqidi yazılarını və müsahibələrini də geniş ictimaiyyətə təqdim edən Rəşad Məcidin fəaliyyətində ən uzunömürlü sahə publisistikadır. Özünün də etiraf etdiyi kimi, o, hələ 1988-ci ildən Qarabağa həsr olunmuş məqalələrini çap etdirdikdən bu günə qədər publisistika ilə ardıcıl şəkildə məşğul olmaqda davam etməkdədir. Çap olunan kitablarında da digər janrlarla müqayisədə publisistika üstündür. Artıq müstəqillik dövründə Azərbaycan müstəqil mətbuatının mükəmməl bir əsərinə çevrilmiş “525-ci qəzet”-in Baş redaktoru kimi də Rəşad Məcid cəmiyyət miqyasında mətbuat mühitində daha qabarıq görünür. Əgər 1993-cü ildə “Mərhəmət” jurnalının əlavəsi, yaxud xüsusi buraxılışı olaraq çap etdirdiyi “Hələ ki vaxt var” adlı şeirlər kitabında toplanan və bir qədər də sonralar yazıb uzun illər mətbuata çıxarmadığı şeirlərini 2004-cü ildə nəşr olunan əsərlərinin “10 sentyabr” adlı külliyyatında oxuculara çatdırmasaydı, Rəşad Məcidin şeir yaradıcılığı keçici bir ovqatın ifadəsi kimi düşünülərək hər halda arxa planda qalmalı olacaqdı”. İsa Həbibbəyli  Rəşad Məcidin bədii yaradıcılığın və publisist fəaliyyətin bütün istiqamətlərində səmərəli xidmət göstərərək orijinallıq nümayiş etdirdiyini, ən əsası isə məşğul olduğu yaradıcılıq sahələrinin hər birində professional olduğunu qeyd edərək yaradıcılığının əsas istiqamətlərini oxucuların diqqətinə çatdırır:

–       Rəşad Məcid coxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. Və o, məşğul olduğu bütün yaradıcılıq sahələrində professionaldır.

–       Publisistika Rəşad Məcidin yaradıcılıq fəaliyyətinin əsas, aparıcı tərəfidir, onun gündəlik işidir. Azərbaycanda “525-ci qəzet” səviyyəsində müstəqil mətbuat yaratmaq və bu qəzetin nəşrini uğurla davam etdirmək Rəşad Məcidin xidmətidir. Rəşad Məcid müstəqillik dövrü Azərbaycan publisistikasının əsas yaradıcılarından və görkəmli nümayəndələrindən biridir.

–       “10 sentyabr” hekayəsi ilə Rəşad Məcid həm də nasirlik səlahiyyəti qazanmışdır.

–       Ədəbi tənqid sahəsində də Rəşad Məcid mükəmməl “yazıçı sözü” deməyi bacarır.

–       Rəşad Məcid tam orijinal bir şairdir. Müstəqillik dövrü Azərbaycan şeirinin yaradıcıları sırasında onun özünəməxsus görkəmli yeri vardır. Rəşad Məcidin şeirləri mövzu, janr, üslub-yanaşma, bədii təsvir vasitələri etibarilə bənzərsizdir”. 

    Kitabın “Lirizm + epik notlar” başlıqlı bölməsində müəllif müstəqillik dövrü Azərbaycan şeirinin tanınmış nümayəndələrindən biri olan Rəşad Məcid poeziyasnın bədii-sənətkarlıq xüsusiyyətləri haqqında fikir və düşüncələri ilə oxuculara bələdçilik edir. İsa Həbibbəyli şairin şeir yaradıcılığını özündə lirik və ictimai motivləri cəmləşdirən bir poeziya kimi xarakterizə edir.

    “Rəşad Məcidin 21 il bundan əvvəl, 1993-cü ildə nəşr edilən ilk şeirlər toplusu olan “Hələ ki vaxt var” kitabındakı şeirlərində dərin bir lirizm müşahidə olunurdu. Bu şeirlər “vaxt var ikən şeir də yazım” – məntiqindən deyil, yazmaya bilməmək zərurətindən meydana çıxmış  xalis lirika nümunələridir.

    “Hələ ki vaxt var” kitabından görünür ki, Rəşad Məcid üçün şeir “bir dolu ürəyin püskürmə çağı”dır, “dikəlib asfaltı deşən bənövşə”dir, “sinədə boğmaq olmayan bir qəfil hönkürtü” kimi təbii proseslərin nəticəsində yaranmış bədii düşüncənin ifadəsidir. Rəşad Məcidin lirikası içərisində olduğu cəmiyyətlə və doğma təbiətlə birgə nəfəs alan cavan bir qəlbin həyata şairanə şəkildə vurğunluğudur. Onun şeirlərində dünya da, Vətən də, ictimai motivlər də, milli duyğular da, sevgi də, təbiət də, tale də öz şeiriyyətini təqdim edir. Mövzusundan asılı olmayaraq Rəşad Məcidin şeirləri daşdan süzülüb keçən bulaq suyu qədər saf, təmiz və təbiidir. O, cəmiyyətə də, təbiətə də, tarixə də, müasir həyata da şeirin gözü ilə baxır. Onun hər misrasının “göyərçin qanadı” kimi bənzərsiz  obrazlı görkəmi, hər bəndinin bayatılarda olduğu kimi lirik-fəlsəfi mənası vardır. Rəşad Məcidin şeirləri həyata şairanə baxışın özünəməxsus ifadəsidir”.

    Kitabda İsa Həbibbəyli XX əsrin əllinci illərindən ədəbiyyat meydanında olan Məmməd Arazla bədii yaradıcılıqda səksəninci illərdə özünü tapmış Rəşad Məcidin arasında “altmışıncılar” gerçəkliyinin də dayandığını diqqətə çatdırır. Rəşad Məcidin şeirlərinin təpədən dırnağa qədər həyat və insan haqqında lirik düşüncələrdən yoğrulmuş təbii  bir daxili poetik monoloq olduğunu söyləyən müəllif onların dünyadan, həyatdan və insandan danışan işıqlı və obrazlı düşüncələrdən yoğrulduğunu qeyd edir: “Rəşad Məcidin lirikası müasir Azərbaycan şeirinin inkişafında fərqli hadisədir... “At, saz, qılınc”, “Bir sona keçdi”, “Yanmayan şeir”, “Göy üzü”, “Qəfil yağış”, “Mən əlini buraxmazdım”, “Bir kəlmə yalanım”, “Kibrit qutusuna yazılan şeir”, “Unuda bilməyəcəksən”, “Ağ işıq” kimi şeirlərində Rəşad Məcidin poetik dünyasının incəlikləri və zənginliyi bütün aydınlığı ilə görünür... Rəşad Məcidin şeirlərində dərin lirizm, obrazlı düşüncə, aydın mövqe, bədii ümumiləşdirmələr bir-birini tamamlayır...Rəşad Məcidin peyzaj nümunəsi olan şeirlərində poetik cazibədarlıqla yanaşı, həm də canlı, yaşayan ana təbiətin obrazı canlandırılır...Bütövlükdə Rəşad Məcidin şeirlərində təkcə təbiətin deyil, milli-mənəvi dünyamızın daxili mahiyyəti, işıqları bütün təbiiliyi ilə sayrışır. Bu, Azərbaycan ədəbiyyatında zaman-zaman “Bakının sayrışan işıqlarından”, “Közərən ocaqlar”dan, yollara çıxan “işıq qatarlarından” sonra yaranmış yeni bir işıq dalğasıdır. Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Bəhmənli, Elman Həbib, Rüstəm Behrudi və başqaları həmin yeni şeir axınına hərəsi bir hadisə olaraq gəlmişlər. Rəşad Məcidin şeirləri bu böyük dalğanın içərisində özünəməxsus bir poetik hadisədir... Rəşad Məcid şeirinin qayəsində “Arazlaşan, Kürləşən Vətənin” bütövlüyü və qüdrəti, “At belində, döşündə saz, əlində qılınc” nər oğulların daim ayıq-sayıq ölkənin keşiyini çəkməsinin müqəssəsliyi, obanın, elin tarixi yaddaşı olan Cıdır düzünün timsalında torpağımızın bölünməzliyinin qorunması ideyaları müsəlləh əsgər qüruru ilə dayanır... Rəşad Məcidin vətənpərvərlik mövzusunda yazdığı şeirlər şair-vətəndaş mövqeyinin poetik ifadəsidir...Rəşad Məcid şeirlərində dərin, zəif duyğularını, həyata və insana baxışlarını tərənnüm etmir, elə bil nağıl kimi danışır... Bu şeirlərin əksəriyyətinin mahiyyətində lirik-romantik düşüncə, təqdimatında isə epik təhkiyə diqqəti cəlb edir...Rəşad Məcidin lirikasında lirik-romantik düşüncə ilə realist əlamətlər birləşir...

    Bənzərsiz lirik-romantik cazibədarlıq və üstəgəl gerçəkçi realist baxış – Rəşad Məcidin fərdi yaradıcılıq üslubunun düsturudur. Onun “Ay işığında,  “Çay yanında”, “Unuda bilməyəcəksən”, “Mən əlini buraxmazdım”, “Qalib”, “Qəfil yağış”, “Qarşıdan bir sona keçdi”, “Dəmir yolu kənarında bir kənd”, “Yuxuda nə görüb bu qız” və sair şeirlərində dərin lirika ilə kiçik epik əlamətlərin mənalı sintezi romantik-realist tipli orijinal bir yaradıcılıq üslubunu meydana çıxarmışdır... Rəşad Məcidin  yaradıcılığındakı millilik amili öz kökləri etibarilə real həyati qavrayışla yanaşı, həm də zəngin şifahi xalq ədəbiyyatı ənənələrinə bağlıdır...Nağılvari poetik təhkiyənin diqtə etdiyi lirizm Rəşad Məcidin şeirlərində həm həyata şairanə baxışın, həm də müdriklik və müasirliyin ifadəsinə çevrilir...

    Kitabda yer alan “Roman” və poetikası” bölməsində İsa Həbibbəyli Rəşad Məcidin “Roman” adlandırdığı poeziya serialını tədqiq edir, bu əsəri janr baxımından liro-epik poema adlandırır. Əsərin lirik şeirlərlə və epik təhkiyə ilə ifadə olunan hadisələrin nəzərəçarpacaq süjet əsasında poetikləşdirilməsi üzərində qurulduğunu nəzərə çatdıran akademik yaradıcılığının birinci dövrünə aid şeirlərində olduğu kimi, 1996-cı ildə tamamlanmış “Roman”da da əslində süjetin qabarıq şəkildə olmadığını qeyd edir, iki gəncin məcərasının ayrı-ayrı məqamlarını, təfərrüatlarını, düşüncələrini və iztirablarını əks etdirən bu əsərdə şeirdən-şeirə keçidin əhvali-ruhiyyənin, ovqatın dəyişməsini, münasibətlərin inkişafını əhatə edən mənəvi proseslərin inkişafını izləməyə imkan yaratdığını nəzərə çatdırır.

    “Roman” liro-epik poeması 56 adda şeir əsasında yaranıb. Rəşad Məcidin şeir yaradıcılığındakı “gözəgörünməz” süjetləri  özündə daşıyan bəndlərin funksiyasını “Roman”da ayrı-ayrı şeirlər yerinə yetirir. Bu şeirlər ilk növbədə süjetin inkişafından doğan poetik düşüncələr və qənaətlərdir... Ümumiyyətlə, “Roman”dakı şeirlərin çoxu mətndən kənarda ayrıca şeir nümunəsi kimi qəbul oluna bilər. “Gəldim”, “Ağla”, “Sənə görədir”, “Səndən bir söz çıxanacan”, “Sənsiz”, “Getdinsə”, “Məni”, “Saatım qurulub sənin vaxtına” və sair şeirlər Rəşad Məcidin lirikasının da, yeni Azərbaycan şeirinin də dəyərli nümunələri sayılmağa layiqdir. Eyni zamanda bu şeirlər “Roman”da süjetin imkişafını, tərəflərin əhval-ruhiyyəsini, anların – həyatın, sevginin, iztirabların da mənasını açmağa, aydnlaşdırmağa, inkişaf etdirməyə xidmət edir. Azərbaycan ədəbiyyatında poema yaradıcılığında lirik ricətlər, haşiyələr kimi şeirlərdən istifadə olunması ənənəsi zəngindir. Lakin özünəməxsus nazik bir süjetə malik olan poemanın əsasən biri digərinin davamı olan şeirlər üzərində qurulması nadir hadisədir.  Rəşad Məcidin “Roman”ı ədəbiyyatımızda lirik şeirlərin aparıcılığı, ağırlığı əsasında yazılmış ilk liro-epik poemadır...

     İsa Həbibbəyli xüsusi olaraq vurğulayır ki, poema janrında yazılmış “Roman” mövzu və mahiyyət etibarilə insanın mənəvi bütövlüyünün və ucalığının romanıdır. ”Roman” Rəşad Məcidin ədəbiyyatda, şeirdə bədii möhürüdür və özünütəsdiqidir...

     “Dastan”a doğru bölməsində Rəşad Məcidin yaradıcılığının yeni bir dövrü əhatə olunur. İsa Həbibbəyli Rəşad Məcidin 2011-ci ildən sonra qələmə aldığı şeirləri üç yerə ayırır:

    1. “Roman” liro-epik poeması ilə səsləşən yeni şeirlər;

    2. “Dastan” qrupu şeirləri;

    3. Lirikasında yeni mərhələ;               

    Müəllif yeni silsiyə daxil olan “Sənsən”, “Bəsdi”, “Bəsdi nədir”, “Əlac”, “Çıxmışam”, “Məni anla”, “Daha”, “Mələyim, iblisim”, “Sənə sarı”, “Məni”, “O” şeirlərinin “Roman”a yazılmış əlavələr kimi göründüyünü deyir.

    “Dastan” əsəri “Roman” liro-epik poemasındakı hadisələrin davamı yox, həmin əsərlə səsləşən, lakin qəhrəmanı fərqli ampluada təqdim edən yeni romandır... “Roman”da olduğu kimi, 2014-cü ilin “Dastan” qrupuna aid olan poetik sovqatı da müəyyən süjet xətti ətrafında cəmləşən lirika nümunələri olmaqla bərabər, həm də hər biri ayrıca, müstəqil şeirlərdən ibarətdir... İnanırıq ki, Rəşad Məcidin “Dastan”ı onun “Roman”ı ilə qoşa dayana biləcək”.

    “İdealın bədii təcəssümü” bölümündə İsa Həbibbəyli şairin estetik idealının mahiyyətinin Vətən torpağı ilə dövlət bayrağının vəhdəti olduğunu oxucuya bədii nümunələrlə çatdırır. Bütövlükdə Rəşad Məcidin şeir yaradıcılığını torpaq qoxulu, Vətən ətirli poeziya adlandıran akademik Rəşad Məcidin estetik idealını mərdanəliyin, bütövlüyün, milli düşüncənin, vətənpərvərliyin və müstəqil dövlətçiliyin daşıyıcısı olan lirik-romantik qəhrəman kimi səciyyələndirib.

    Kitabda növbəti bölmə “Nasirlik səlahiyyəti” adlanır. Bu bölmədə İsa Həbibbəyli Rəşad Məcidin nəsr sahəsindəki fəaliyyətindən bəhs edib.  Müəllif məqaləsində “10 sentyabr” hekayəsini müstəqillik dövrü Azərbaycan ədəbiyyatında hekayə janrının ən yaxşı nümunələrindən biri kimi dəyərləndirib. “10 sentyabr” hekayəsində dövrün böyük mətləblərinin bədii boyalarla öz əksini tapması, həmçinin “Cənnət dərəsi”ndə ifadə olunan kəndə qayıdışa çağırış,  təhkiyə və təsvirlərindəki doğmalıqdan başqa, vətənpərvərlik notları da bu hekayələri yaxınlaşdırır. “10 sentyabr” hekayəsi ilə Rəşad Məcid böyük ənənəsi olan Azərbaycan nəsrinə layiqli bir əlavə gətirə bilmişdir.

    Rəşad Məcid bir hekayə ilə – “10 sentyabr” hekayəsi ilə müasir Azərbaycan ədəbi mühitində nasirlik səlahiyyəti qazanmışdır”.

   “Publisistikada özünəməxsusluq” bölməsində Rəşad Məcidin daha çox mətbuat aləmindəki geniş jurnalistlik fəaliyyəti ön plana çəkilir. İsa Həbibbəyli məqalədə Rəşad Məcidin Baş redaktoru olduğu “525-ci qəzet”i müstəqillik dövrü Azərbaycan mətbuatının inkişafının mükəmməl bir göstəricisi adlandırır. Müəllif həmçinin qeyd edir ki, Rəşad Məcid publisistikaya qəzetçiliklə bədii yaradıcılıq arasında xüsusi bir fəaliyyət növü kimi yanaşır.

    Rəşad Məcidin “yazıçı tənqidi”nin tanınmış nümayəndəsi, esselər müəllifi kimi fəaliyyəti “Yazıçı tənqidi: Esselər” bölməsində şərh olunub. İsa Həbibbəyli yazısında Rəşad Məcidin qələmə aldığı “Doğma adamın “köhnə və təzə Bakı nağılı”, “Hamıya çatası işıq”, “Gördüyüm ilk diri şair”, “A” romanı”, “Şair və nasir Fəhmi”, “İki 5”, “Ləqəbli Ağsaqqal”, “Əsəd bəy və Nuridə xanım” məqalələrini tədqiqata cəlb edir,  onların esse janrında yazılmış, ədəbiyyata dair maraqlı yazıçı düşüncələri, özünün də xəbəri olmadan ədəbiyyatşünaslıq nümunələri olduğunu nəzərə çatdırır.  Rəşad Məcidin həyat və yaradıcılığı haqqında görkəmli ədəbiyyat və elm xadimlərinin maraqlı yazıları da məqalədə yer alıb.

    Kitabın son bölməsi “Bütün yönləri ilə yaradıcı” adlanır. Məqalədə Rəşad Məcidin – bir ədəbi şəxsiyyət olaraq bütün yönləri ilə yaradıcı olan, kamil və professional Azərbaycan ziyalısının yaradıcılığı ümumilikdə nəzərdən keçirilir.

    İnanırıq ki, akademik İsa Həbibbəylinin qələmə aldığı “Bütün yönləri ilə yaradıcı” kitabı tanınan və sevilən Rəşad Məcidi daha bir addım da öz oxucularına yaxınlaşdıracaq, onun şəxsiyyətinə və yaradıcılığına işıq salacaqdır.

 

AYB.az

Məlahət Qənbərova       



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə