![]() |
![]() ![]() |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akt zalında AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli qərarı ilə yaradılmış “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının növbəti iclası keçirilib.
İcalsı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyasının işini müasir tələblər səviyyəsində təşkil etmək üçünbu qurumun nəzdində ayrı-ayrı istiqamətlər üzrə elmi bölmələrin yaradılmasının zəruriliyindən söz açıb. Müzakirələrdən sonra “Azərbaycanlılara qarşı soyqırımların tarixi” (rəhbəri müxbir üzv Yaqub Mahmudov), “Azərbaycanlılara qarşı soyqırımı siyasəti” (rəhbəri professor Musa Qasımlı), “Azərbaycanlıların deportasiyası tarixi” (rəhbəri tarix elmləri doktoru Kərim Şükürov), “Azərbaycanlılara qarşı soyqırımlar tarixi sənədlərdə” (rəhbəri professor Ataxan Paşayev),“Azərbaycanlılara qarşı soyqırımlar ədəbiyyatda və incəsənətdə” (rəhbəri akademik İsa Həbibbəyli), “Azərbaycanlılara qarşı soyqırımlar internetdə” (rəhbəri akademik Rasim Əliquliyev) bölmələrinin yaradılması qərara alınıb.
Bundan başqa, iclasda “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının 2015-ci il üçün fəaliyyət planının müəyyənləşdirilməsi məsələsi də müzakirə olunub. Müzakirələr əsasında 2015-ci ildə Milli Elmlər Akademiyasında “Azərbaycanlılara qarşı soyqırımı faciələri: tarixin yaddaşı və müasir baxışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilməsi qərara alınıb. Eyni zamanda, AMEA-nın elmi-tədqiqat institutlarında azərbaycanlılara qarşı soyqırımlara, Dağlıq Qarabağ, Xocalı soyqırımı, Naxçıvanda və Qubada soyqırımların tarixinə dair nəşr olunmuş kitabların müzakirələrinin keçirilməsi təklif edilib. Bundan başqa, “Azərbaycanlılara qarşı soyqırımlar sənədlərdə” adlı arxiv sənədlərini, fotoşəkilləri və dövri mətbuat materiallarını əks etdirəcək çoxcildli nəşrin hazırlanması məsələsi də nəzərdən keçirilib.
Komissiya Azərbaycanın qaçqınların məskunlaşdığı rayonlarında və döyüş bölgələrində elmi konfranslar və görüşlər keçirməyi də qərara alıb.
AYB.az