![]() |
![]() ![]() |
Ölkəmizdə səfərdə olan Türkiyədən təşrif buyurmuş qonaqlar bu gün Azərbaycan Yazıçılar Birliyində olublar.
Türkiyə Cumhuriyyəti Baş Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqraba İcmalar Departamentinin rəhbəri Qüdrət Bülbül, Türkiyə səfirliyinin ikinci katibi Abdullah Tüylü və başqa qonaqlar AYB sədri, xalq yazıçısı Anarla görüşüblər. Görüşdə ədəbi əlaqələr, yeni layihələr, əməkdaşlıq məsələləri müzakirə edilib. “Türk dünyasının ortaq dili, ortaq tarixi, ortaq ədəbiyyat tarixi kitabları nəşr olunmalıdır. Yaxşı olar ki, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycanda isə Tükiyə Mədəniyyət Mərkəzi yaradılsın. Bu olduqca vacib məsələdir. Bundan başqa türk yazarların ensiklopediyasının yaradılması çox yaxşı olardı.” – deyə AYB sədri qonaqlarla fikirlərini bölüşüb. Təklifləri dəstəklədiyini bildirən Qüdrət Bülbül görüş üçün AYB sədrinə öz minnətdarlığını bildirib.
AYB Mətbuat Xidməti