![]() |
![]() ![]() |
Məlumat verdiyimiz kimi Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu və “Ulu Çinar” jurnalının baş redaktoru Elxan Zal sentyabrın 16-22-si tarixlərində dünya yazıçılarının 51-ci Beynəlxalq Belqrad Görüşündə iştirak ediblər. Səfər porqramı çərçivəsində həmkarlarımız bir sıra tədbirlərə - görkəmli serb yazıçısı, Nobel mükafatçısı İvo Andriçi anma mərasiminə, görkəmli ingilis dramaturqu Vilyam Şekspirin 450 illik və görkəmli rus şairi M.Y. Lermontovun 200 illik yubiley tədbirlərinə, habelə Serbiya Yazıçılar Birliyində, Milli Teatrda (Paşa Plaoviç səhnəsi),Milli Kitabxanada, Çayetina Mədəniyyət Mərkəzində keçirilən toplantılarda, Zaltibor və Siroqoyno şeir gecələrində iştirak ediblər. Səfər zamanı Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Serbiya Yazıçılar Birliyi arasında əməkdaşlıq Memorandumu imzalanıb. Mərkəzin sədri Səlim Babullaoğlunun AYB.az-a eksklüziv müsahibəsini təqdim edirik:
-Səfər nə məqsəd daşıyırdı və təəssüratlarınız necədir?
-Ordan başlayım ki, bu səfər Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarla Serbiya Yazıçılar Birliyinin sədri Radomir Andriç arasında olan münasibətin, eyni zamanda şifahi anlaşmanın nəticəsi idi. Yəni, dəvət üçün müraciət Anar müəllimə edilmişdi və onun təklifi ilə mən və həmkarım Elxan Zal getdik tədbirə. Kifayət qədər əhəmiyyətli, nüfuzlu bir tədbirdi. Adından görünür ki, 51-ci görüş idi, demək ki, ənənəsi olan bir toplantıydı. Burda vaxtilə Anar müəllim də iştirak edib. Dünyanın bir çox nüfuzlu yazıçıları iştirak edib. Günter Grass, Tadeuş Rujeviç, Vole Şoyinka, İvo Andriç, Çeslav Miloş, İosif Brodski, Derek Uolkott,Vasil Aksyonov, Srlyanski, Milorad Paviç və bir çox nüfuzlu ədiblərin adı ilə bağlı olan tədbir idi. Yəqin ki, yaxın zamanlarda mən təəssüratlarım və görüşlər barədə ətraflı bir yazı yazacam. Amma onu deyim ki, həm səfərin təşkil olunmasında, həm də bütövlükdə bəzi proqramdan kənar, amma bizim üçün, ədəbiyyatımız üçün vacib olan bir sıra görüşlərin keçirilməsində bizim Belqraddakı səfriliyimizin xüsusi rolu və zəhməti oldu ki, mən buna görə onlara, səfirmiz Eldar Həsənova, bizi bir çox görüşlərdə müşayiət edən-səfirliyimizin birinci katibi Azad Paşayevə, ümumiyyətlə səfirliyin hər bir əməkdaşına dərin təşəkkür edirəm.
- Serbiya Yazıçılar Birliyi ilə əməkdaşlıq Memorandumu imzaladınız...
- Bəli, bizim yazıçılar biriliyi tərəfdən mərkəzin sədri kimi mən, Serbiya tərəfdən isə Serbiya Yazıçılar Birliyinin katibi Branislav Velkoviç bir Memorandum imzaladıq. Həmin sənəddə bu sözlər var idi: “ “İmzalanan bu Memorandum hər iki xalqın ədəbiyyatlarının qarşılıqlı tərcüməsini, klassik irsi və ya müasir ədəbi prosesi təmsil edən müəlliflərin ayrı-ayrı kitablarını, habelə tematik antologiyaları və ya xüsusi buraxılışların nəşrini, eyni zamanda bu işdə peşəkar əməkdaşlığı- görüşlərin, yaradıcılıq emalatxanalarının keçirilməsini, mühazirələrin təşkilini nəzərdə tutur. Tərəflər 2014-2016-cı illər arasında hər bir xalqın ədəbiyyatlarına aid ən azı üç nəşri gerçəkləşdirməyi planlaşdırır və bu istiqamətdə gerçəkləşdiriləcək hər işi konkret layihə və müqavilələrlə dəqiqləşdirməyi öz öhdəsinə götürür...”
Bu isə o deməkdir ki, yaxın 2-3 il üçün serblərlə görüləcək xeyli işimiz olacaq.
AYB.az