Sentyabrın 16-da tanınmış naşir, şair-publisist Elçin İsgəndərzadənin 50 yaşı tamam olur. Çoxillik səmərəli fəaliyyətində Türk Dünyası ayrıca xətt təşkil edən Elçin İsgəndərzadə ilə yubileyi ərəfəsində söhbətləşdik.

 

 

- Elçin bəy, həyat bioqrafiyanıza nəzər saldıqda görünür ki, bu 50 illik ömrünüz heç də hədər getməyib. Bir insanın maksimum nail ola biləcəyi qədər uğur qazana bilmisiniz. Elmi adlarınız və titullarınız o qədər çoxdur ki... Bəlkə özünüz sadalayasınız...

- Çox təşəkkür edirəm! Elmi və ədəbi fəaliyyətlərim həm xarici ölkələrdə, həm də öz vətənimdə yetərincə dəyərləndirilib. Dünyada Texnika və Filologiya elmləri doktoru ünvanını daşıyan yeganə adam olmamdan qürur duyuram. 2010-cu ildə Dünya Böyük Şeir Mükafatına sahib olmuşam. Avropanın əməkdar elm və mədəniyyət xadimi, Avropanın Fəxri İxtiraçısı, Roma şəhərinin Fəxri alimi, bir çox şəhərlərin fəxri vətəndaşı olmamdan 50 yaşıma fərəhlə hesabat verirəm. 200-dən çox elmi məqalənin, 47 ixtiranın, 14 monoqrafiya və dərs vəsaitinin, 85 bədii kitabın, 125  tərcümə kitabının mütərcimi olmaq, dünyada çap olunan iyirmiyədək qəzet və jurnalın redaksiya heyətində yer almaq da bu ömrün sevincli anlarındandır. 20-dən çox ölkədə 35 kitabım yayınlanıb. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvüyəm. Bütün bunların fövqündə elə hesab edirəm ki, qazandığım ən böyük titulum türklüyümdür.

- Necə oldu ki, ali təhsil üçün, məhz  Texniki Universiteti seçdiniz?

- Atam mühəndis idi. Sovetlər Birliyinin mühəndisləri içərisində böyük nüfuzu vardı. Ona olan sonsuz sevgim sayəsində anamın həkim olmam istəyi ürəyində qaldı. Məmnuniyyətlə mühəndisliyi seçdim. Bu gün bir şair olaraq mühəndisliyimdən qürur duyuram.

- Demək olar ki, dünyanın əksər ölkələrində olmusunuz. Bəlkə də, elm və incəsənət adamları arasında ən çox səyahət edən insan sizsiniz desək,  mübaliğə etmiş olmarıq.  Bu ölkələr arasında daha çox yadda qalanı hansılardır? Yadınızda qalan, daha çox diqqətçəkən hadisə...

 - Təbii ki, Türkiyə. Mən Azərbaycanda yox, bütün dünyada ən çox səyahət edən, uçan insanlardan biriyəm. Bir həftədə 16 dəfə təyyarə dəyişdiyim olub. Səfərlərimin demək olar ki, bütün yol biletlərini saxlayıram. Maraqlı hadisələr çox olub. Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Rauf Denktaşın şəxsi fotoaparatı ilə mənim 20-yədək fərqli kadrlarda şəklimi çəkməsi, Makedoniya pezidentinin bir ziyafətdə gözəl şeir söyləməmə görə 250 şair içərisində qoluma girərək viski içə-içə mənimlə 5-6 dəqiqə gəzişərək söhbət etməsi, Bəşir Əsədin mənə, üzərində rəsmi olan qızıl saat hədiyyə etməsi. O qədərdi ki…

- Dünyanın ən uzaq ölkələrindən geriyə - vətənə qayıdarkan Azərbaycan sizə necə görünür, iİk təəssüratlarınız necə olur?

- Azərbaycan hər yerdən mənə dünyanın ən gözəl ölkəsi olaraq görünür. İnsanlarımız bu gözəlliyi necə dəyərləndirir, bu başqa mövzudur.

-Xudu Məmmədov adına Beynəlxalq Elm mükafatı və Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı təsis etmisiniz. Eyni zamanda xeyriyyəçiliklə də məşğul olursunuz. Təsisçisi olduğunuz "VEKTOR" Beynəlxalq Elm Mərkəzi tərəfindən bir çox istedadlı yazarın kitablarını öz hesabınıza nəşr etmisiniz. Bu zərurət necə yarandı?

- Mən, bəlkə də dünyada millətini sevməkdən və ona xidmət etməkdən ən çox zövq alan 3 adamdan biriyəm. Son iki ilədək maddi qazancımın 30 faizini ailəmə, 70 faizini türkçülüyümə xərcləmişəm. İndi bu rəqəmlər bəlkə də, 10-nun 90-dır. 50 ildə bir loxma haram tikə yemədiyimə, bir kimsəyə iynənin ulduzu boyda pislik etmədiyimə, ömrümdə bir qəpik belə rüşvət almadığıma və əxlaq məsələlərində kristal olduğuma görə özüm-özümlə həmişə içimdə fəxr etmişəm. Kitab məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, ağlım kəsəndən Dünyada kitabdan üstün heç nə tanımamışam. Bu, ölüncəyə qədər belə olacaq. Ona görə kitaba belə bir sevgi sərgilədim və bu, Tanrının çox xoşuna gəldi. İndi dediyiniz o kitabların sayının 700-ü ötməsi, mənim Azərbaycanın, təxminən hər evində olmam deməkdir.

 - Şeirləriniz bir türkü kimi insanın ruhuna axır. İşıqlı və lirizmlə dolu  misralardan həm də kövrək bir nisgil, yurd həsrəti süzülür. Qarabağ həsrətini bütün ağrı-acısıyla yaşayanlardan biri də sizsiniz. Bir qədər yurd yerləriniz, uşaqlıq illəriniz barəsində söz açardınız.

- Haqlısınız, biri yox, birincisi də söyləsəniz günah etməzsiniz. Mənim bütün yaradıcılığım bu mövzu üzərindədir. İstənilən misramı oxusanız, bu suala cavab taparsınız.

- Bu qədər gərgin işlərin arasından yaradıcılığa necə vaxt ayırırsınız? Elçin İsgəndərzadə üçün zaman anlayışı nə deməkdir?

 - 50 ilin 35-i elə yaradıcılığa xərcləndi. Təbii ki, Allah verən nə olacaqsa, o da yaradıcılığa sərf olunacaq. Mən indi elmdə də, ədəbiyyatda da çoxlu dənizlər üzərək okeana çıxmışam. Dənizin bir günü okeanda bir saat kimi keçir. İndi zaman mənim üçün Dünyada ən çox sevdiyim 9 yaşlı oğlum Əli üçün belə tapa bilmədiyim məhfumdu!!! Görək taleyimizdə zamandan çıxıb, zamana boylanmaq səadəti olacaqmı?

- Son işləriniz, yeniliklər…

- Dünən 4 dildə yayınlanan “Eşq” kitabım işıq üzü gördü. Akademiya yubileyimə töhfə olaraq, 5 cildlik seçilmiş əsərlərimi çap edir. Türkiyədə 2 kitabım bu həftə işıq üzü görəcək. Yaxın günlərdə Almaniya və Rusiyada da kitablarım çap olunacaq. Ən sevindiricisi, yubileyimlə bağlı çox hörmətli professorlarımız və yazarlarımız bu günlərdə haqqımda 7 kitab yazıb hazırlayıblar. Əvvəlki illərdə bu rəqəm 8 idi. Türkiyədə 2 nəfər tədqiqatçı yaradıcılığımla bağlı dissertasiya üzərində çalışır.

Narıngül Nadirqızı
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə