![]() |
![]() ![]() |
Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, AYİ-də beynəlxalq əlaqələr üzrə məsul katib olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən AYB-nin katibidir.
Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şerlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, – qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.
Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Şerlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşdur (1995).
Bu gün xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocanın 79 yaşı tamam olur. Qocaman şair bu gün də AYB-də öz fəaliyyətini davam etdirir və yeni kitab üzərində çalışır.
Doğum günü təəssüratını Modern.az-la bölüşən xalq şairi bu yaşında hər günü elə özünə ad günü hesab edir: "Yaşımın elə vaxtıdır ki, hər gün gözünü açıb görəndə ki sağsan elə o günü öz ad günün kimi qeyd edirsən.
Görürsən ki, hələ yaşayırsan, dünyanın gözəlliyini duyursan həyatı insanları çiçəkləri quşları görürsən. Bu gözəllikləri görməyin özü bir xoşbəxtlikdir. Həyatı ikinci dəfə görmək adama qismət olmur. Günlər bir birinə nə qədər oxşasalar da barmaq izi kimidilər.
Yəni hər gün tamam başqadır. Adam hər günü görmək istəyir. Yaşın bu vaxtında ad günü qeyd etmək həm kədərli olur həm də sevindirici. Kədərlidir ona görə ki bir yaş da qocaldım. Sevindiricidir, ona görə ki, bu yaşı da qeyd etmək mənə qismət oldu".
AYB.az saytı Fikrət Qocanı doğum günü münasibətilə təbrik edir, uzun və sağlam ömür arzulayır.
AYB.az