![]() |
![]() ![]() |
“Yayım” Assosiasiyası piratçılığın və saxta kitabların qarşısının alınması məqsədi ilə “Pirata yox” layihəsinin icrasına başladığını elan edir. Layihə çərçivəsində bir zamanlar müəlliflər tərəfindən nəşr edilmiş, satılıb qurtarmış, lakin müəllifin və ya onun varisinin məlumatı olmadan piratlar tərəfindən çap edilərək mağazalarda satılan kitabların yenidən qanuni şəkildə çapı nəzərdə tutulmuşdur.
Layihənin rəhbəri, “Yayım” Assosiasiyasının prezidenti Yaşar Zeynalovun bildirdiyinə görə layihə çərşivəsində 100-ə yaxın kitabın yenidən çap edilməsi nəzərdə tutulur. Burada söhbət təkcə rəhmətə getmiş müəlliflərin kitablarının çapından getmir, əlbətdə biz onların da kitablarını yenidən çap edəcəyik. Bunun üçün müəllifin varisinə qonarar da veriləcəkdir. Lakin biz çalışırıq ki, o kitabları tezliklə çap etdirək ki, onların müəllifləri bu gün piratçılıqdan əziyyət çəkirlər. Təsəvvür edin, illər öncə cəmi 500 nüsxə ilə kitabı çap edilən müəllifin kitabı hər il bir o qədər pirat yolla çap edilərək satılır. İşbazlar pul qazanır, həmin o kitaba gözünün nurunu vermiş müəllif isə bu qazancdan kənarda qalır.
Hal-hazırda ədəbiyyatların seçilməsi və müəlliflərlə görüşlərin keçirilməsi prosesi gedir. Bizə dəstək verən partnyorlarımızı da müəyyən etmişik. Layihənin məqsədinin vacibliyini nəzərə alan partnyorlarımız bu işə ilkin maliyyə qoyulmasına razılıq veriblər. Nəşriyyatda kitabı çap olunacaq müəllifə kitabına əlavə və dəyişiklik edilməsi üçün şərait də yaradılacaqdır. Kitablar nəfis tərtibatda, yüksək poliqrafik keyfiyyətdə olacaqdır. Müəllif kitabın çapı və yayımı ilə bağlı heç bir ödəniş etməyəcəkdir. Əksinə, biz müəllifə kitabın dəyərinin 20%-i civarında qonorar veriləcəkdir. Amma bu kitab satışa çıxarılan gündən bir ay müddətində veriləcəkdir. Kitabın qiyməti və digər məsələlər müəllifin və ya onun varisinin razılığı ilə təyin ediləcəkdir.
Nəşr edilən kitablar sentyabr ayının ilk ongünlüyündə Beynəlxalq Mətbuat Mərkəzində müəlliflərin və aidiyyatı qurumların iştirakı ilə ictimayyətə təqdim edildikdən sonra satışa çıxarılacaqdır. Sentyabr ayına qədər isə hansı kitabların yenidən nəşr edilməsi barədə tələbələrə, müəllimlərə və geniş oxucu kütləsinə məlumat veriləcəkdir ki, onlar piratlardan köhnə kitabları almasınlar.
“Yayım” Assosiasiyası