![]() |
![]() ![]() |
Bugünlərdə “Ulduz” jurnalının iyun buraxılışı işıq üzü görüb.
Dərgi Yazıçılar Birliyinin katibi Rəşad Məcidin “Ulduz”: 5-2-5” adlı ekspert yazısı ilə açılır: “Qeyd elədiyim kimi, jurnalın ötən sayının dizaynı məni də bir xeyli sevindirmişdi. Amma vərəqləyəndən sonra ilk reaksiya kimi “bəs nəsr hanı?” sualını vermişdim. Ağsəs “yönnü” nəsr tapmadığını desə də razılaşmamışdım. Bir yandan da “Ulduz”un yeni sayı barədə müxtəlif yerlərdə söhbət düşəndə fikrim bu olmuşdu ki, ədəbi jurnalı keyfiyyətli bədii nəsr olmadan sanballı etmək mümkün deyil! Nə qədər eksperimentlər edirsən et, nə qədər “hoqqa” çıxarırsan çıxar, ədəbi-bədii jurnalın mayası, özəyi bədii materiallardı...” R. Məcid Pərvinin “Benefis” layihəsindəki növbəti yazısı, Təranə Vahidin aparıcılığında “Naşir” jurnalıyla birgə “Diskussiya klubu”, Fərid Hüseynin essesi, eləcə də nəsr əsərləri ilə bağlı fikir və rəyini ifadə edib: “Üzvü olduğum jurnalist qurumlarının keçirdikləri yazı müsabiqələrində ara-sıra ekspert oluram. Yazıları 10 ballıq sistemlə qiymətləndiririk. İndi ürəyimdən keçdi ki, adət etdiyim kimi, “Ulduz”un bu sayını da 5 balla qiymətləndirim! Sərlövhənin məntiqində də bu var. Amma arzulayıram ki, bu “5”i neçə ballıq şkalayla verdiyimi daha vacib ekspertlər –oxucular ayırd etsinlər!”
Ekspert rəyini Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Elşad Ərşadoğlunun “Özüylə söhbət”i izləyir.
Pərvin Nurəliyeva bu dəfə “Benefis” layihəsində Xalq yazıçısı Anarla “Film kimi” söhbətini təqdim edib.
Jurnalın “Ədəbiyyat qəzeti” ilə birgə layihəsi – “Variasiya”da Alla Axundovanın “Qısqanc” şeirinin dilimizə ən yaxşı tərcüməçisi yazıçı Yaşarın dəyərləndirməsi ilə məlum olub: Nəsir Əhmədli. Jurnalda qalibin tərcüməsi ilə yanaşı “Qısqanc”ın digər tərcümələri də öz əksini tapıb.
Təranə Vahidin təqdimatında “Yerdə axtardığımız göy şairi” yazısında Hüseyn Cavidin ev-muzeyindən reportaj qələmə alınıb.
Dərginin bu sayında Varisin “Apokalipsis”, Günel Treunun “Böhtan” hekayələri çap olunub.
Sevinc Mürvətqızının “Sənə olan eşqimi sənə də alçaltmaram” yazısında bu il 40 yaşını tamamlayan “Baladadaşın ilk məhəbbəti” filmi ilə bağlı ekran əsərinin yaradıcı heyəti – baş rol ifaçıları Şamil Süleymanov, Ruhəngiz Musəvi, rejissor Fikrət Əliyev və kinoşünas Aygün Aslanlı ilə söhbətlər təqdim edilib.
Əyyub Qiyasın “Darıxmaq...və adamı darıxmağa qoymayan adamın portreti” yazısı dərginin “Rəngarəng” rubrikasında oxucuların ixtiyarına verilib.
İlqar Fəhminin tərcüməsində Jan de Labruyerin aforizmləri, maksimaları və düşüncələri əsasında variasiyalar “Qısa fikirlər xəzinəsi” başlığı altında yer alıb.
“Ulduz” jurnalı ilə ayb.az saytının birgə layihəsində İlham Abbasov bu dəfə ədəbiyyat üzrə Nobel mükafatçısı Karl Şpittelerdən bəhs edib.
“Dərgidə kitab” layihəsində Şəhriyar del Geraninin yaradıcılığı oxuculara təqdim olunub.
S.ABDULLAYEVA