![]() |
![]() ![]() |
Gənclər Şurası üzvlərinə vəsiqələr təqdim olunmuşdur
Bakı, 6 fevral (AzərTAc). Fevralın 6-da Azərbaycan Yazıçılar Birliyində (AYB) qurumun Gənclər Şurasının üzvlərinə AYB-in yeni vəsiqələrinin təqdim edilməsi mərasimi keçirilmişdir.AzərTAc xəbər verir ki, AYB-in katibi Rəşad Məcid Birliyin tərkibində yaradılmış Gənclər Şurasının onların püxtələşməsinə müsbət təsir göstərəcəyini bildirmişdir.
AYB-in sədri, Xalq Yazıçısı Anar bu müqəddəs ocağın üzvü olan hər kəsin Azərbaycan dilinin qorunması yolunda fədakar əməyindən söhbət açmışdır. Xalq Yazıçısı ədəbiyyatımızın gələcəyinin gənclərin əlində olduğunu söyləmiş, onlara sələflərinin şərəfli yolunu uğurla davam etdirmək üçün səmimi və tələbkar olmağı arzulamışdır.
Birliyin sədr müavini Nazim İbrahimov, qurumun katibləri-Xalq Şairi Fikrət Qoca, Arif Əmrahoğlu gənclərə uğurlu yol arzulamışlar.
Xalq Yazıçısı Anar Gənclər Şurasının hər bir üzvünə AYB-in yeni vəsiqələrini və “Azərbaycan Yazıçılar Birliyi -75” kitabını təqdim etmişdir.
Gənclər Şurasının sədri Elşad Ərşadoğlu, sədr müavini Xəyal Rza, qurumun üzvü Elnarə Akimova və başqaları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, etimadı doğrultmağa çalışacaqlarını söyləmişlər.
Sonda xatirə şəkli çəkdirilmişdir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır