İctimai həqiqətləri daha mükəmməl və müfəssəl inikas etdirən, dövrün və mühitin canlı təsvirini verən portretlər qalereyası ilə konkret ümumiləşdirmə və fərdiləşdirməyə nail olan Cəlil Məmmədquluzadə, təkcə, müasirlərinə deyil, özündən sonrakı qələm sahiblərinə də güclü təsir etmiş, onlara xalqı—xalqa tanıtmağın, yalnız düşməni deyl, yeri gələndə dostu da islah və tərbiyə etməyin ən qısa və düzgün yolunu göstərmişdir. Son onilliklərdə C.Məmmədquluzadə irsinin tədqiqində böyük işlər görülmüş, həyatı, dövrü və mühiti kompleks təhlil edilmiş, yaradıcılığı ən müxtəlif aspektlərdən tədqiqat obyektinə çevrilmişdir. Lakin “Cəlil Məmmədquluzadə yaradıcılığında bədii portret” adlı tədqiqat mövzusu ilə bağlı araşdırmalar apararkən böyük ədibin, təkcə ədəbiyyatşünaslığın diqqət çevrəsində məhdudlaşmadığını müşahidə etdik. Onun özü və yaradıcılığı ilə bağlı maraqlı nəsr və nəzm nümunələri, memuarlar, publisistik əsərlər meydana çıxmışdır. Müasir ədəbiyyatımızda Atif Zeynallı, Kərim Faiq, Zeynal Vəfa, Qulam Feyzulla, Məstan Günər, Məhərrəm Qasımlı, Rüstəm Behrudi və s. kimi şairlərin Mirzə Cəlilə həsr edilmiş onlarla maraqlı şeirləri, poemaları olsa da, fikrin ağır tutumu, ideyanın dərinliyi, Mirzə Cəlil fövqünə qalxması baxımından Rəsul Rzanın “Anlamaq dərdi”, “Ölülər”, “Zeynəbin qisası”, “Anamın kitabı”, “Bəlkə də qaytardılar”, “Kamança”, “Nazlılar”, “İskəndər, Çatski, Çayld Horold” şeirləri daha çox fərqlənir. C.Məmmədquluzladə yaradıcılığında metaforalaşmış simvol portretlər mövcuddur ki, artıq onlar xalqın dilində zərb-məsələ çevrilmişdir. Ustad sənətkar buna yalnız obrazlarının xarakterini açmaq, zahiri və daxili aləmini, hissi təlatümlərini, ruhi çırpıntılarını verməklə deyil, həm də dövrün, mühitin konkret portretini yaratmaqla nail olmuşdur. R.Rzanın adı çəkilən şeirlərində diqqət çəkən önəmli cəhət, şairin, Mirzə Cəlil sənətkarlığındakı bu keyfiyyətlərdən nəsr qədər geniş imkanı olmayan bir janrda lazımınca və yerli-yerində yararlana bilməsidir. Bu şeirlərdə bütövlükdə görünən və görünməyən, aysberq timsallı Mirzə Cəlil və personajlarının ümumiləşmiş portreti var ki, bunlar da Rəsul Rza qələmiylə bir rəssam palitrasında olduğu qədər aydın rəsm edilmişdir. Örnək: Səhnədə tək Nazlı Körpə Nazlı. Bikömək Nazlı. Ölü Hacı Həsənin qızı, Diri İskəndərin bacısı İçi özünü Çölü özgələri yandıranlardan Biri – İskəndərin bacısı. (“Nazlılar”)1 Eyni zamanda R.Rza sələfinin qəhrəmanlarını müasirləşdirə, cari dövrlə əlaqələndirə bilir. İskəndər çağırdı məni, uzaq, İşığı, qaranlığı qarışıq

Havası bürkü, Özü bədqılıq bir yerə. İskəndər əlində modern elektrik fənəri bir – bir işıqlandırdı üzləri. Bu, Hacı Həsən əmi! Bu, Şeyx Nəsrullah! Bu Mir Bağır ağa Bəs bunlar!... Aman Allah, bunlar ki, lap yaxından tanışdır mənə. İskəndər baxdı üzümə, İstehzalı qəhqəhələrlə Dedi: - Görürsən, ölülər ölüb, qurtarmayıb hələ. (“Ölülər”) C. Məmmədquluzadənin “Ölülər” pyesində İskəndərin son sözü “Söndürün işıqları” – olur. Və həqiqətən adama elə gəlir ki, “bu sönən işıqların qaranlığında ən yaxın keçmişin bəlkə də ən qara, rəzil bir səhnəsi slinib görünməz olur.”2 Lakin “vahiməli, səksəkəli, qorxulu bu mənzərəyə” – İskəndərin işıqlandırdığı yeni dünyanın adamlarına baxan şair başa düşür ki, heç nə dəyişilməyib, ölülər ölülüyündə, Kefli İskəndər diri ölülərin dərdini çəkməyində qalıb. “Ölülər ölüb qurtarmayıb hələ” – bu ideyadan indi çıxış etmək asandan asandır.Lakin insanların canından qorxu – hürkünün çıxmadığı, gedər-gəlməzə göndərilənlərin bəraət almasından cəmi 10 il ötən bir zamanda bu sözləri söyləmək üçün şairdən Prometey hünəri, Mirzə Cəlil cəsarəti tələb olunurdu. Digər şeirlərdə də xalqın sinəsinə dağ çəkmiş, sağalmayan yara açmış o müdhiş illərin ağrısını şair Mirzə Cəlilin “möhürlənmiş” ifadələri ilə belə səsləndirilir: ...dərdi dərdlər dərdi Ümidə haqqlı neçə ata, ana, qardaş, bacı qucaqlayıb dizlərini, yola dikib gözlərini, neçə qış, neçə bahar inlədilər: Bəlkə də qaytardılar! Bəlkə də qaytardılar! (“Bəlkə də qaytardılar”) Psixoloji yolla oxucu qəlbini ehtizaza gətirən şair, fikrini incələyərək göstərir ki, bu dərd

Umudbəyov, Hacı Həsən ağa, Tələfxanbəyzadə kimi portret tiplərin “Bəlkə də qaytardılar”ından deyil: Bu nə mülk – maaş, Nə yatır, Nə dəyirman dərdi idi. Bu, sorağı qanlı yollarda itən İnsan dərdi idi. “İnsan dərdi” – insanlığı olanları daim ağrıtmış, göynətmişdir. Sanki insanlıq üçün qorxu, səksəkə, nigarançılıq çəkənlərin diliylə şair haray çəkir: İnsanlığın qəzəbi, sədd çəkməsə, o ağır, o acı günləri bəlkə də qaytardılar, bəlkə də qaytardılar. Nədənsə, R.Rza tədqiqatçıları onun yaradıcılığında Füzuli, Sabir, Mayakovski, N.Hikmət nəfəsinin varlığından söz açsalar da, Mirzə Cəlilin şairin poetik irsində təzahür formalarından ya danışmamış, ya da çox az danışmışlar.3 Xüsusilə, Mirzə Cəlillə bağlı portret şəkillərinə toxunmamışlar. Məlumdur ki, dünya ədəbiyyatında mühitindən narazı gənc obrazları ən məşhur əsərlərin baş qəhrəmanları kimi az işlənməmişdir. Hamlet, Çayld Harold, Çatski, Peçorin, İskəndər və s. bu kimi qəhrəmanların ölkələri ayrı, dövrləri başqa- başqa olsa da, onlar bir aləmdə yaşamışlar: Ölülər aləmində. Bu aləmin adında heç bir izahsız və təfsilatsız bir lövhə var. Burada fikrən ayıq olanlar dövrün dərd - bəlasından şüşəyə sarılmağa məcburdurlar. İskəndərin kefliliyini onun əsas qüsuru hesab edənlər unudurlar ki, “Ölülər mühitinə Herakl da düşsəydi, yarı ölüyə -- İskəndərə çevrilərdi”.4 Zamanın İskəndərini modern bir tərzdə -- qoltuq cibində “Göygöl” markalı konyak şüşəsi ilə təqdim edən R.Rza da qəhrəmanının dili ilə ona qüsur tutanlara cavab verir: Şüşələri sındırmaqla Sağalmaz insan dərdi...

Eyni zamanda şair kefindən yox, dərddən içən İskəndərə haqq qazandırır: Gecə - gündüz düşündürürdü onu Diri ölülərin dərdi. Yoxsa, o da, bir poçt məmuru olar,

Nə dərdlənər, nə içərdi. Ömrü ölülər içində sakit, səssiz keçərdi. Qınamayın İskəndəri! Yaman olur anlamaq dərdi. (“Anlamaq dərdi”) Deyildiyi kimi, R.Rzanın bu şeirlərində ümumi portretçilik ünsürləri qabarıqdır. Yuxarıdakı nümunələrdə isə psixoloji nüanslar üstünlük təşkil edir. Şairin “İskəndər, Çatski və Sayld Harold” şeirində isə təqdimatlı portret üsulundan istifadə olunmuşdur: Bu gecə qonağım Üçlərdi, Ağlın bəlasını çəkmiş, Əsrin cəfasını çəkmiş, Ölülər aləminin yasını çəkmiş, Üçlər... Bu təqdimatda qonaqlarının portret cizgilərində ən spesifik olan xüsusiyyətləri nəzərə çarpdıran şair, onları müxtəlif fantaziya və təxəyüllü oxucu xəyalında canlandıra, ona qəbul etdirə bilir. Rəsul Rzanın “Zeynəbin qisası”, “Anamın kitabı”, Nazlılar” adlanan digər şeirlərində də bədii portret cizgiləri qabarıqdır. Şair, Zeynəbin alınan qisasını, Nazlıların yaşadığı qaranlığı, əsrlər qarşısında alnı damğalı qalmış xudayarları, yazıları dağ cığırına bənzəyən Anamın kitabını xarakterik portret ştrixləri ilə şeirlərindən boylandıra bilir. Bu şeirlərdə diqqətçəkən bir məqam da var: Mirzə Cəlil yaradıcılığında adıçəkilən qəhrəmanların və ictimai mühitin portretləri , tam, bütöv, hərtərəfli işlənmiş, özünü təsdiqləmişdir. R.Rzanın sənətkar qüdrəti ondadır ki, o, bu portret qəhrəmanlarını Mirzə Cəlildə olduğu kimi hazır şəkildə şeirlərinə gətirmir. Onları öz sənət güzgüsündə yeni biçimdə və formada yaradıcı şəkildə proyeksiyalaşdırır. Biz şairin İskəndərinə, Nazlısına, Zeynəbinə, Anamın kitabına, Ölülər aləminə diqqət etdikdə, onlarda müasir aspektdən açıqlama və xasiyyətləri görürük. Bunlar isə R.Rzanın portret şeirlərinin Mirzə Cəlil fövqünə yüksəlməsini şərtləndirir. Ümumiyyətlə, C.Məmmədquluzadə yaradıcılığında portretçilik, “sərrast tənqidi pafosla təsvir ənənəsi” 5 çox güclüdür. R. Rzanın böyük ədibin xatirəsinə həsr etdiyi bu şeirlərdə də təsadüfi təfərrüatla yüklənməyən, lakonik, ifadəli, konkret təsəvvür və təsvir qüvvətlidir. Mirzə Cəlilin portret qəhrəmanları fonuna qalxan və bu fonda daha aydın görünən Rəsul Rzanın portret şeirləri Müasir Azərbaycan ədəbiyyatı xəzinəsinin qiymətli saxlanclarındandır. İstifadə olunan ədəbiyyat: 1. İstifadə olunmuş şeirlər ”Azərbaycan” jurnalının 1967-ci il №5-dən götürülmüşdür .səh.69-71. 2. Yaşar Qarayev. Tənqid: problemlər, portretlər. Azərb.Döv.Nəş.-tı 1976. Səh.96. 3.Anar. Sizsiz. Bakı. Gənclik. 1992. 4.Yaşar Qarayev.Göstərilən əsər.Səh.95.

5.Təhsin Mütəllimov.Əbdürrəhim bəy Haqverdiyevin poetikası.Bakı, Yazıçı, 1998, səh.98.
Günay Şirvan

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə