Sentyabr ayının 29-da Bakı İdman Sarayında təşkil olunan IV Milli Kitab Sərgisi çərçivəsində tanınmış şair, yazıçı-publisist Vahid Aslanın 50 illik yubiley tədbiri keçirildi. IV Milli Kitab Sərgisinin təşkilatçısı, “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu giriş nitqi ilə çıxış edərək tədbiri açıq elan etdi.

Tədbirin aparıcısı, tanınmış jurnalist, Azərbaycan Radiosunun əməkdaşı Ötərxan Eltac Vahid Aslan yaradıcılığının əsas məqamlarına toxunaraq vurğuladı ki, 14 kitab və 350-dən artıq məqalə müəllifi olan yubilyarın fəaliyyəti məhsuldar və çoxşaxəlidir. O, vurğuladı ki, Vahid Aslan yaradıcılığının ana xəttini vətənpərvərlik, ana torpağa bağlılıq və təbiət mövzuları təşkil edir. Eyni zamanda tədbirin aparıcısı Vahid Aslanın jurnalistika sahəsindəki uğurlu fəaliyyətinə də toxunaraq onun təsisçisi və baş redaktoru olduğu “Müəllim sözü” qəzeti haqqında da məlumat verdi.

Tanınmış şair Musa Ələkbərli Vahid Aslanın son dövr yaradıcılığına xüsusi önəm verərək, onun “Gədəbəy rayonunun Şəhidləri” və “Gədəbəydə doğulan şairlər” kitablarının ədəbiyyatımız üçün böyük əhəmiyyətə malik olduğunu vurğuladı.

Filologiya elmləri doktoru, tanınmış şair İslam Sadıq Vahid Aslanı riyaziyyatçı-şair kimi təqdim edərək onun “Riyaziyyat və Poeziya” kitabı haqqında danışdı. Qeyd etdi ki, bu kitab orta məktəblərdə metodik vəsait kimi istifadə olunmaqla indiyədək 3 dəfə təkrar nəşr olunmuşdur.

Türk Ağsaqqalları Birliyinin sədr müavini, sabiq dövlət qulluqçusu, tanınmış ziyalı Eyvaz Hünbətov təmsil etdiyi təşkilat adından yubilyarı təbrik edərək, təşkilat adından hazırlanmış xüsusi mükafatı ona təqdim etdi. Həmçinin  Eyvaz Hünbətov Vahid Aslanın da Türk Ağsaqqalları Birliyinin fəal üzvü olduğunu qeyd edərək bildirdi ki, 44 günlük Vətən Müharibəsində əsgərlərimizə şeirlə çağırışlar edən, onları ruhlandıran şeir və ədəbiyyat nümunələrini təqdir edir və bu mənada Vahid Aslanı da çağdaş ədəbiyyatımızın vətənpərvər mövzularına ən çox müraciət edən şairlərdən biri hesab edir.

Türk Ağsaqqalları Birliyinin daha bir aparıcı siması, tanınmış ziyalı, yubilyarın uzun illər dostu olan akademik Sabir Tağıyev də çıxışında bildirdi ki, Vahid Aslan yüksək əxlaqa sahib, davranış mədəniyyəti ilə seçilən humanist bir insan kimi, hər zaman cəmiyyət və oxucuları tərəfindən sevilib. Yubilyarla bağlı xatirələrinə toxunan Sabir Tağıyev onu da vurğulayıb ki, TAİB rəhbərliyi hər zaman öz üzvlərinə diqqət və qayğıyla yanaşıb, təşkilatın üzvlərinin özəl günlərini təntənəli qeyd edib. Bunun özü də ağsaqqallara verilən yüksək dəyərin təzahürüdür. Onu da qeyd edək ki, Türk Ağsaqqalları Birliyi bu tədbirdə geniş heyətlə iştirak edirdi. Belə ki, Türk Ağsaqqalları Birliyinin İdarə Heyətinin üzvləri Eyvaz Hünbətov, Sabir Tağıyev, Nüsrət Paşayev, Akif Rufullayev, Tapdıq Əlibəyli, Abuzər Məmmədov, Nicat Dağlar, Elnur Eltürk və Sübhan Xıdırzadə tədbirə qatılmışdılar.

ATİAHİ Sabunçu rayon komitəsinin sədr müavini Ramik Xudiyev, Vahid Aslanın 25 illik pedaqoji fəaliyyətindən bəhs edərək, təmsil etdiyi komitənin fəxri fərmanını və qiymətli hədiyyələri yubilyara təqdim etdi.

Azərbaycan Dövlət Neft Şirkəti, “Sağlamlığın Qorunması” İctimai Birliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Dünya Gənc Türk Yazarlar Birliyi, “Zirvə” Hazırlıq Kursları, “Xarıbülbül” Tədris Mərkəzi, “Dünya Musiqi Xəzinəsinin İncisi - Muğam” İctimai Birliyi  adından təbrik və qiymətli hədiyyələr yubilyara təqdim olundu.

311 saylı məktəbin XI sinif şagirdi Aysu Türkel Vahid Aslanın “Türkün yolu – Turan yolu”, 28 saylı məktəbin X sinif şagirdi Gülay Əsgərli isə “Azərbaycan Ordusu” şeirlərini səsləndirdi.

Daha sonra şairlər, Fəxrəddin Meydanlı, Süleyman Abdulla, İntiqam Yaşar, Cavanşir Qənbər, Nizami Qərib, Gülnarə İsrafil, Gəray Göyyurd, Nəsibə İsrafilqızı, mərhum şair Dəmir Gədəbəylinin həyat yoldaşı Rüxsarə Novruzova, bəstəkar-müğənni Çilənay Hüseynova, qonaqlardan  Əbülfəz Tağıyev  və digərləri çıxış edərək Vahid Aslanı 50 illik yubileyi münasibətilə təbrik etdilər.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

 

Nuray Əsgərli,

BDU-nun tələbəsi.

 

 

 

 

           

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə